Qax şəhərinin su təchizatı və kanalizasiya
sistemləri kompleksi istifadəyə verilmişdir
Avqustun 16-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Qax şəhərinin
su təchizatı və kanalizasiya
sistemləri kompleksinin istifadəyə
verilməsi mərasimində iştirak etmişdir.
Dövlət
başçısı Qax şəhərinin
su təchizatı sistemlərinin baş planını və şəhərin 1
nömrəli su anbarının
görüntülərini əks etdirən stendlərə
baxdı.
"Qax şəhərinin su təchizatı
və kanalizasiya sistemlərinin yenidən
qurulması" layihəsi barədə məlumat verən
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri
Qorxmaz Hüseynov bildirdi ki, kompleksin
təməli dövlət başçısının
iştirakı ilə 2011-ci il noyabrın
17-də qoyulmuşdur.
Qeyd edildi
ki, Qax şəhərinin
su təchizatı sistemi
1960-cı illərin sonlarında yaradılmışdır. Yeni layihənin icrasına qədər şəhər
sakinləri Kürmük və Qumçay çaylarının, həmçinin
subartezian quyularının sularından
istifadə edirdilər. Mövcud 25 kilometr magistral
və 52 kilometrlik paylayıcı su xətləri istismara
yararsız vəziyyətdə olduğundan
əhalinin içməli su təchizatında
fasilələr yaranırdı. Qax şəhərinin
13 min sakininin 9 mini mərkəzləşmiş qaydada gün ərzində
4-6 saat olmaqla cədvəl
əsasında içməli su ilə
təchiz edilirdi. Mərkəzləşmiş
su təchizatı sistemi
olmayan yerlərdə isə əhali tələbatını
fərdi qaydada ödəmək məcburiyyətində
idi.
Layihəyə
əsasən, İlisu kəndinin
yaxınlığındakı bulaqlardan Qax şəhərinə gətirilən su həm yeni qurulmuş, həm də mövcud
şəbəkə vasitəsilə əhaliyə verilir. Bunun nəticəsidir
ki, artıq şəhər yeni mənbədən 100 faiz
fasiləsiz su ilə təmin olunur. Bulaq sularının
toplanması məqsədilə ərazidə məhsuldarlığı
saniyədə 80 litr olan
suqəbuledici qurğu tikilmiş
və buradan Qax şəhərinə
qədər 6,7 kilometr uzunluğunda
magistral su kəməri
çəkilmişdir. Qax şəhərini fasiləsiz rejimdə içməli
su ilə təmin etmək üçün
hər birinin tutumu min kubmetr olan
altı anbar tikilmişdir.
İnşası nəzərdə tutulan
119 kilometrlik şəhərdaxili su şəbəkəsinin 90 kilometrlik
hissəsində işlər yekunlaşmış, iki mindən artıq ünvan
şəbəkəyə qoşulmuşdur. İçməli sudan istifadənin dəqiq uçotunun
aparılması məqsədilə "smartkart"
tipli sayğacların
quraşdırılması da davam etdirilir və indiyədək
5,9 min abunəçinin 1500-ü sayğacla təmin olunmuşdur.
Diqqətə
çatdırıldı ki, yeni layihə həyata keçirilənədək
Qax şəhərində kanalizasiya
şəbəkəsi, ümumiyyətlə, mövcud
olmamışdır. Layihəyə uyğun
olaraq Qax şəhərində
ilk dəfə kanalizasiya
sistemi yaradılır. Bu
məqsədlə 17 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilmiş, 89,5 kilometrlik kanalizasiya şəbəkəsinin 35 kilometrlik hissəsində işlər başa çatdırılmışdır. Yaranacaq tullantı suları şəhərin
kənarında tikiləcək və məhsuldarlığı
sutkada 8 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya
ötürüləcəkdir.
Bildirildi ki, "Qax şəhərinin
su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması layihəsi" 2035-ci ilə
qədər perspektiv inkişaf
nəzərə alınmaqla, Qax şəhərində
14 min nəfərin su
təchizatı və kanalizasiya xidmətlərinin,
Qaxbaş və Qaxingiloy
kəndlərində isə 7,5 min nəfərin
içməli
su təchizatının
yaxşılaşmasına hesablanmışdır.
Dövlət
başçısı Qax şəhərinə
içməli suyun verilməsini bildirən
düyməni basdı.
Sonra Prezident
İlham Əliyev "Azərsu" ASC-nin əməkdaşları və
inşaatçılarla görüşdü.
Sonda xatirə şəkli
çəkdirildi.
AzərTAc
Azərbaycan. - 2013.- 18 avqust.- S. 3.