Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binası istifadəyə verilmişdir

 

Avqustun 17-də Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binası istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.

Azərbaycanın bugünkü sürətli inkişafında, ölkəmizin beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə tərəqqisində aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının çox mühüm və davamlı rolu vardır. Yeni Azərbaycan Partiyası Vətənin tərəqqisinə, dövlətçiliyin möhkəm təməllər üzərində qurulmasına mühüm töhfələr verir. Bu gün partiyanın sıraları genişlənir və fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə qazandığı böyük nüfuzun nəticəsidir. Ümumi amallar naminə göstərilən uğurlu fəaliyyətdə partiyanın rayon təşkilatlarının rolu danılmazdır. Bu gün Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün tikilən yeni inzibati binalar müasirliyi ilə diqqəti çəkir. Bu binalarda ən yüksək şərait yaradılır. Belə binalardan biriYeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binasıdır.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, binanın inşasına 2013-cü ilin aprelində başlanmışdır. Ətrafda geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq salınmışdır. Tikinti işləri yüksək keyfiyyətlə görülmüş və qısa müddətdə başa çatdırılmışdır. İkimərtəbəli binanın ümumi sahəsi min kvadratmetrə yaxındır. Foyedə Yeni Azərbaycan Partiyasının yaranma tarixini əks etdirən guşə yaradılmışdır. Burada Yeni Azərbaycan Partiyasının banisi, ümummilli lider Heydər Əliyevin və partiyanın sədri, Prezident İlham Əliyevin siyasi fəaliyyətləri ilə bağlı yaradılan fotostendböyük maraq doğurur. Binadakı akt zalında da hər cür şərait vardır. Müasir akustika sistemi və digər zəruri avadanlıqla təchiz edilən 100 yerlik zalda istər partiyanın fəaliyyəti, istərsə də rayonun ictimai-siyasi həyatında baş verən əlamətdar hadisələrlə bağlı tədbirlər keçirmək mümkündür.

Diqqətə çatdırıldı ki, binada 15 nəfərlik konfrans zalı da vardır. Bütün inzibati otaqlarda yüksək şərait yaradılmışdır. Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün belə müasir binaların tikilməsi, ilk növbədə, işçilərin yüksək səviyyədə fəaliyyət göstərməsinə geniş imkanlar açır.

Binanın eyvanından şəhəri seyr edən dövlət başçısına Balakəndə görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Prezident İlham Əliyev binada yaradılmış şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 18 avqust.- S. 5.