Prezident İlham
Əliyev Zaqatala şəhərinə içməli suyun
verilməsi mərasimində iştirak etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də
Zaqatala şəhərinə suyun verilməsi mərasimində
iştirak etmişdir.
Azərbaycan
dövləti regionlarda əhalinin güzəranı və
rifah halının yaxşılaşdırılması,
sahibkarlığın daha da inkişafı üçün
yeni imkanların yaradılması baxımından sosial problemlərin
həllinə diqqəti artırır. Bu baxımdan ötən
illərdə həyata keçirilən mühüm tədbirlərdən
biri də ölkəmizdə su və kanalizasiya sistemlərinin
təkmilləşdirilməsi və ya yenidən inşası
ilə bağlıdır.
Dövlət
başçısı əvvəlcə Zaqatala rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşdü.
Əlamətdar
hadisə münasibətilə onları təbrik edən
Prezident İlham ƏLİYEV dedi:
- Bu gün biz
Zaqatalanın su layihəsinin açılışını
qeyd edirik. Təbrik edirəm sizi. Bununla da Zaqatalanın su
problemləri tamamilə həll olunur. Mənə verilən məlumata
görə, artıq 24 saat təmiz içməli su verilməyə
başlamışdır. Böyük layihədir, sosial məna
daşıyır. Əlbəttə ki, bütün işlər
insanların rahatlığı üçün
görülür. Su layihələri indi ölkəmizin
müxtəlif yerlərində icra edilir. Bu günlərdə
biz bir neçə şəhərin su layihəsini istifadəyə
vermişik. Proses davam edir. Növbə Zaqatalaya
çatmışdır.
Bu layihənin icra
edilməsi, əlbəttə ki, sakinlər üçün
bir hədiyyədir. Yəqin ki, başqa yerlərdəki kimi,
burada da su fasilələrlə verilirdi. Gündə bəlkə
də bir neçə saat. Özü də o qədər də
keyfiyyətli deyildi. Amma indi 24 saat keyfiyyətli su verilir.
İndi görülən işləri bizə təqdim edəcəklər.
Çox gözəl hadisədir. Çox böyük məna
daşıyır. Sosial məna daşıyır. Eyni zamanda,
ölkəmizin ümumi inkişafını göstərir. Həmçinin
mən bu gün Zaqatalanın yeni layihələri ilə də
tanış oluram. Görürəm ki, quruculuq işləri
aparılır. Binalar bərpa olunur. Binaların tarixi görkəmi
qaytarılır. Bu park tamamilə yenidən qurulubdur. Gözəl
istirahət zonasıdır.
Digər layihələr
icra edilir. Şəhərin
abadlaşdırılması prosesi gedir, tikinti gedir. Yəni burada hər cür sosial infrastruktur
mövcuddur. İçməli su layihəsinin
icrasından sonra qazlaşdırma olacaqdır. Hələ
ki, lazımi səviyyədə deyildir. Biz
çalışmalıyıq ki, Zaqatalanın
qazlaşdırılmasını təqribən 90-95 faiz təmin
edək. Yəqin ki, növbəti bir il
ərzində biz buna da nail ola biləcəyik. Kənd
yollarının tikintisi gedir. Bu məqsədlər
üçün vaxtaşırı vəsait ayrılır.
Bundan sonra da ayıracağıq. Çünki bu layihələr hər bir şəhərdə,
hər bir rayonda icra edilir. Ona görə də
vəsait məsələsi vardır. Ancaq
çalışırıq ki, hər bir rayonda heç olmasa
bir-iki layihə tezliklə icra edilsin və sonra təbii ki, biz
bu layihələrin geniş vüsət almasına nail
olacağıq.
Zəlzələdən sonra burada bərpa
işləri uğurla gedir, 20-yə yaxın məktəb
yenidən tikilir. Bəziləri tikilib və
yaxud da indi tikinti gedir. Binalar bərpa
edilir. İndi mənə verilən məlumata görə,
3388 ev tikilibdir. Özü də bir il ərzində. İnanılmaz
bir nailiyyətdir. Bir ildə, demək olar
ki, böyük bir qəsəbə, şəhər boyda
işlər görülübdür bir rayonda. Özü də qonşu rayonlarda da bu işlər
görülür - Balakəndə, Qaxda, Şəkidə.
Düzdür, Zaqatala daha çox
dağıntılara məruz qalmışdır. Ona görə də burada bu işlər gedir və əminəm
ki, yaxın zamanlarda qalan evlər də ya təmir olunacaq, ya
da yenidən tikiləcək ki, vətəndaşlar tezliklə
yeni evlərə köçsünlər.
Əlbəttə ki, zəlzələ
böyük təbii fəlakətdir. Xoşbəxtlikdən heç bir bədbəxt hadisə,
heç bir faciə baş verməmişdir. Ancaq insanların evləri
dağılmışdır və xatırlayıram, o vaxt
burada olarkən demişdim ki, daha da gözəl evlər tikiləcək,
geniş və möhkəm. Əvvəlki
evlərin çoxu o qədər də keyfiyyətli olmayan
materiallardan tikilmişdir. Amma indi möhkəm
evlərdir, artıq Allah eləməsin, zəlzələ
baş verərsə, o evlərə heç bir xətər dəyməz.
Bu, Azərbaycan dövlətinin siyasətidir,
öz vətəndaşına olan münasibətidir və
bir daha göstərir ki, Azərbaycan sosial dövlətdir.
Sosial dövlət o deməkdir ki, dövlətin
siyasətinin mərkəzində insan dayanır.
Hər şey insanlar üçün, hər
şey Azərbaycan vətəndaşları üçün
olmalıdır və biz bunu Zaqatala rayonunun timsalında da
görürük. Əvvəlki dövrlərdə
buraya böyük investisiyalar qoyulmuşdur. Olimpiya
Kompleksi, stadion, diaqnostika mərkəzi, digər layihələr.
Bu gün Heydər Əliyev Mərkəzinin tikintisi ilə tanış oluram. Uşaq
bağçası və nəhayət, içməli su layihəsi
də icra edilir.
İçməli su layihəsi deyə bilərəm
ki, insanların rahat yaşaması üçün
infrastruktur layihələri arasında bəlkə də
birinci yerdədir. Çünki su həyat,
sağlamlıq deməkdir. Keyfiyyətli
içməli su sağlam həyat deməkdir. Artıq Zaqatalanın içməli su ilə təminatı
həll olunub. Bir neçə kənd də
əhatə olunur və gələcəkdə başqa kəndlərdə
də fərdi qaydada bu layihələr icra edilməlidir.
Mən artıq altıncı dəfədir
ki, Zaqataladayam. Hər dəfə burada
olarkən hansısa bir yeniliyi görürəm. Keçən dəfə tarixi pilləkənin ətrafında
gəzirdik və icra başçısı da məlumat
vermişdi ki, planlar vardır. O vaxt bərpa işləri
gedirdi. İndi artıq tamamlandı. Qala düzü kompleksi də tikilmişdir. Zaqatalanın tarixi binaları da bərpa
olunacaqdır. Biz bu işlərə də
diqqət verəcəyik. Çünki biz
bu məsələlərə hərtərəfli
yanaşırıq. Biz tariximizi, tarixi
irsimizi qorumalıyıq.
Eyni zamanda, hər bir şəhər
inkişaf etməlidir. Tarixi
qorumaqla müasir şərait yaratmalıyıq və
yaradırıq. Bakıda da belədir.
Burada da belədir. Azərbaycanda bir
çox şəhərlər var ki, orada çox zəngin
tarixi irs və mədəniyyət
vardır. Zaqatala da onların arasındadır.
Ona görə də bax, bu ətrafda yerləşən
binaların qədim tarixi vardır.
Biz öz tariximizi bilirik, bilməliyik.
Gənclər də bilməlidir. İndi isə yeni tarix yazılır - müstəqillik
tarixi. Bu, xalqımızın həyatında
bütün dövrlərdə ən şanlı tarixdir.
Əsrlər boyu heç vaxt Azərbaycan
xalqı bu qədər rahat yaşamamışdır, Azərbaycan
dövləti möhkəm olmamışdır. Bu müstəqillik əsl müstəqillikdir.
Keçən əsrin əvvəllərində iki il Azərbaycan müstəqil ölkə kimi
yaşadı. Ancaq biz hamımız bilirik ki, o
müstəqillik tam deyildi və ona görə müstəqilliyin
ömrü uzun olmadı. İki ildən
sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Ondan əvvəlki dövrlərdə də,
tariximizdə müxtəlif dövrlərdə dövlətçilik
ənənələri olmuşdur. Onlar
bizim üçün çox vacibdir. Amma
bu qədər azad və müstəqil Azərbaycan heç
vaxt olmamışdır. Bunu bilməliyik -
biz də, gənc nəsil də bilməlidir. Bunu biz qorumalıyıq, möhkəmləndirməliyik.
Hər bir şəhərin inkişafı, hər
bir kəndin abadlaşdırılması, eyni zamanda, müstəqillik
binamıza möhkəm bir daş, möhkəm bir təməldir.
Bu layihələr, əlbəttə ki, ancaq
müstəqil Azərbaycanda reallaşa bilərdi. Çünki müstəqil Azərbaycan Azərbaycan
xalqının dövlətidir və müstəqil Azərbaycanın
siyasəti də insan amilinə hesablanıbdır. İnsan hər şeydən üstündür.
Azərbaycan vətəndaşı, onun təhlükəsizliyi,
rahat yaşaması, rifahı ön plandadır. Ona görə də bu gün doğrudan da çox əlamətdar
bir gündür. Biz gözəl mərasimdə
görüşürük. Amma mən əminəm
ki, gələcəkdə belə açılışlar hələ
çox olacaqdır. Biz hələ
çox görüşəcəyik və bir yerdə bu
gözəl yeniliklərə sevinəcəyik. Sizi təbrik edirəm.
SAKİNLƏR: Çox sağ
olun!
Zaqatalanın inkişafına göstərdiyi
diqqət və qayğıya görə rayon ictimaiyyətinin
minnətdarlığını çatdıran müəllim
Vəfa SÜLEYMANOVA dedi:
- Möhtərəm cənab Prezident!
Sizi Zaqatalada salamlayır, bütün
ictimaiyyətimiz adından Sizə "Xoş gəlmisiniz"
deyirəm.
Bu gün rayonumuzda bayram sevinci, tarixi bir
gün yaşanır. Tərəfinizdən
şəhərimizə və ətraf səkkiz kəndimizə
təmiz içməli su verilir. Hər zaman olduğu
kimi, bu gün də Sizin yenə bizimlə birlikdə
olmağınız sevincimizə bir daha sevinc qatır, cənab
Prezident!
Su həyatdır, su sağlamlıq deməkdir.
Bu gün Siz 48 min sakinimizə yeni həyat bəxş
edirsiniz, cənab Prezidentimiz! Bu, sadəcə, rəqəm
deyildir, cənab Prezident! Biz sevinirik. Bu gün bütün zaqatalalılar, bütün
ictimaiyyət sevinir. Hər evə çəkilən
su xətti və hər bir insan tərəfindən "Allah
cənab Prezidentimizə su qədər ömür versin"
alqışları Sizə olan sonsuz məhəbbətin təcəssümüdür.
Möhtərəm cənab Prezidentimiz! Bu gün bir ziyalı kimi deyə bilərəm ki,
Siz onillik fəaliyyətiniz dövründə
respublikamızda sayı-hesabı olmayan irimiqyaslı layihələr
həyata keçirmisiniz. Ölkəmizin
enerjiyə, qaza, suya olan tələbatlarını bu gün də
Siz təmin edirsiniz. Bayaq Siz söylədiniz
ki, Zaqatalanın qaza olan tələbatı, bundan sonrakı tələbatı
ödəniləcəkdir. Bütün bunlar Sizin sayənizdə, Sizin rəhbərliyiniz
altında həyata keçirilir, cənab Prezident!
Bu gün bir zaqatalalı kimi qəlbim
qürur hissi ilə döyünür.
Bu gün rayonumuzda aparılan abadlıq-quruculuq,
tikinti işləri Zaqatalamızın simasını
başdan-başa dəyişib bir cənnət məkanına
çevirmişdir.
Möhtərəm cənab Prezident! Şəhərimizin tarixi mərkəzinin yenidən
bərpası, küçələrimizin abadlaşması
bizi çox sevindirir. Bu gün sakinlərimiz
deyirlər ki, şəhərimizi, meydanımızı
heç zaman belə gözəl, belə yaraşıqlı
görməmişdik, cənab Prezident.
Möhtərəm cənab Prezident! Siz hər zaman bizimlə birlikdə, bizimlə bərabər
olursunuz. Biz bunun şahidi olmuşuq.
Ötən il zəlzələdən bir
gün sonra - mayın 9-da rayonumuza gəldiniz, vəziyyətlə
tanış oldunuz. Əhali ilə
görüşüb ümidsiz insanlara ürək-dirək
verdiniz. Onların arzu və istəklərini
nəzərə alaraq tapşırıqlar verdiniz. Yenidən
rayonumuza gəlib tapşırıqların icrası vəziyyəti
ilə
tanış oldunuz. O zaman Gözbarax kəndində
uşaq bağçasının, beş
yüz yerlik məktəbin açılışını
etdiniz. Sakinlərə fərdi evlərin
açarlarını təqdim etdiniz. O mənzillərdə
yaradılmış şəraitlə tanış
oldunuz, cənab Prezident!
Bütün bu işlər bu gün də
sürətlə davam etdirilir. Bundan əlavə,
minlərlə insana daha geniş, daha yaraşıqlı, daha
möhkəm evlər, mənzillər bəxş etdiniz, cənab
Prezident! O zaman zaqatalalıların gözündə qorxu, təlaş,
sarsıntı duyulurdusa, bu gün o insanların üzlərində
sevinc və təbəssüm, qəlblərində Sizə
çox böyük məhəbbət hissi vardır, cənab
Prezident. Biz bir daha əmin olduq ki, bu gün Azərbaycan
xalqının arxasında qüdrətli bir dövlətimiz, Sizin kimi müdrik bir Prezidentimiz vardır.
Bütün zaqatalalılar adından Sizə "Çox sağ olun!" deyirəm, cənab Prezident.
Möhtərəm cənab Prezidentimiz! Bu gün doğma Azərbaycanımız Sizin rəhbərliyiniz
altında gündən-günə qüdrətlənir,
inkişaf gedir. Siz bizim həmişəlik
Prezidentimizsiniz. Biz açılan hər bir
sabahımızı Sizinlə təsəvvür edirik, Sizinlə
yaşayırıq, Sizinlə bağlayırıq, cənab
Prezident!
Biz bundan sonrakı gələcəyimizi də
bugünkü kimi firavan, xoşbəxt görürük, cənab
Prezident!
Biz Sizə inanırıq, Sizə güvənirik,
Tanrı Sizi qorusun, cənab Prezidentimiz!
Prezident İlham ƏLİYEV: Çox sağ olun!
***
Sonra Prezident İlham Əliyev Zaqatala şəhərinin
su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması layihəsini əks etdirən stendlərə
baxdı.
Ərazilərin Bərpası və Yenidən
Qurulması üzrə Dövlət Agentliyinin direktoru Əli
Məmmədov Zaqatala şəhərinin su təchizatının
yenidən qurulması və kanalizasiya sisteminin
yaradılması layihəsinin icrası barədə Prezident
İlham Əliyevə məlumat verdi. Bildirildi ki, layihənin icrasına 2010-cu ilin
noyabrında başlanmış, birinci mərhələ
üzrə işlər yerinə yetirilmişdir. İkinci və üçüncü mərhələlər
üzrə işlər davam etdirilir.
Qeyd edildi ki, layihə əhalinin 2031-ci ilə
qədər olan artım proqnozu nəzərə alınaraq
işlənmişdir. Rayonda icrada olan su təchizatı
sisteminin yenidən qurulması nəticəsində Zaqatala
şəhərinin 22 min, 7 kəndin isə 26 min nəfər əhalisinin
gün ərzində suya olan tələbatı tam ödəniləcəkdir.
Bildirildi ki, tikintisi başa
çatdırılan su mənbələrinin potensialı 75
min əhalinin suya olan tələbatını tam ödəyəcəkdir
ki, bu da Zaqatala rayon əhalisinin 50 faizinin 2031-ci ildə
içməli su ilə tam təmin edilməsi deməkdir. Laboratoriya araşdırmaları indiki mərhələdə
suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli
standartlara tam uyğunluğunu təsdiq etmişdir.
Məlumat verildi ki, Zaqatala şəhərinin
su təchizatının yenidən qurulması və kanalizasiya
sisteminin yaradılması işləri üç mərhələdə
aparılır. Birinci mərhələdə
Talaçay su mənbəyinin, magistral boru xətti, su
anbarları, xlorlama təsərrüfatı, laboratoriya və
digər struktur obyektlərinin tikintisi başa
çatdırılmışdır. Bu mərhələdə
6,65 kilometr uzunluğunda magistral su xətti
çəkilmişdir. Suqəbuledici qurğular
meydançasında keçid məntəqəsi, suqəbuledici
kamera, xlorlama və laboratoriya binaları tikilərək
avadanlıqla təchiz edilmişdir. Bundan
başqa, bir yeni su anbarı tikilmiş, bir anbar isə bərpa
olunmuşdur. İkinci mərhələdə
Zilbançay su mənbəyi inşa edilmiş və beş kilometr uzunluğunda magistral su xətti
çəkilmişdir. Şəhərin iki
zonasında su anbarları sahəsi yaradılmışdır.
Bu sahələrdəki su anbarları bərpa
edilmiş, bir yeni su anbarı inşa olunmuşdur. Həmçinin şəhərin su və kanalizasiya
şəbəkələri, kanalizasiya kollektor xətti, yerli
Sukanal İdarəsinin istehsalat bazası tikilmişdir. Bütün abonentlər su sayğaçları ilə
təmin ediləcəkdir.
Üçüncü mərhələdə
çirkab sutəmizləyici qurğular kompleksinin tikintisi və
texnoloji sistemlərin quraşdırılması işləri
aparılır. Məhsuldarlığı
gün ərzində 10 min kubmetrə çatan çirkab sutəmizləyici
qurğular kompleksinin potensialı Zaqatala şəhərini və
7 kəndi əhatə edir.
Prezident İlham Əliyevin diqqətinə
çatdırıldı ki, müasir texnologiyanın tətbiq
olunduğu çirkab sutəmizləyici qurğular kompleksi
2014-cü ilin birinci rübündə istismara veriləcəkdir.
Stendlərlə tanışlıqdan sonra
Prezident İlham Əliyev Zaqatala şəhərinə
içməli suyun verilməsini bildirən düyməni
basdı.
***
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan. - 2013.- 18 avqust.- S. 7.