Prezident İlham
Əliyev Zaqatalada Bəhmətli kənd tam orta məktəbinin yeni binasının
açılışında iştirak etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
17-də Zaqatala rayonuna
səfəri çərçivəsində Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbinin yeni binasının
açılışında iştirak etmişdir.
Prezident İlham
Əliyevin ölkəmizdə təhsilin inkişafına
göstərdiyi diqqət və qayğı bir
daha təsdiqləyir ki,
bu mühüm sahə
dövlət siyasətinin prioritetləri
sırasındadır. Bu proses
təkcə paytaxtla məhdudlaşmır,
bölgələri də əhatə edir.
Son illərdə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilmiş, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunmuşdur. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi
istiqamətində mühüm işlər
görülmüş, bütün
orta təhsil ocaqlarında kompyuter
sinifləri yaradılmış, internetə qoşulmuşdur.
Heydər
Əliyev Fondu da
dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına hərtərəfli
dəstəyini əsirgəmir. Fondun təhsillə
bağlı qarşıya qoyduğu əsas
məqsəd Azərbaycanda bu sahənin ən
yüksək standartlar səviyyəsində
qurulmasıdır. Bu istiqamətdə Heydər
Əliyev Fondunun həyata keçirdiyi
"Yeniləşən Azərbaycana yeni
məktəb" layihəsi xüsusi qeyd edilməlidir. Fondun bu
kompleks proqramı təhsilin səviyyəsinə
birbaşa təsir edən problemlərin həllinə
- tədris prosesinin günün
tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb
binalarının inşasına istiqamətlənmişdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə
tikilən təhsil müəssisələrindən biri də Zaqatala rayonunun Ələddin Cavadov
adına Bəhmətli kənd tam orta məktəbidir.
Dövlət
başçısı məktəbin rəmzi
açılışını bildirən lenti
kəsdi.
Azərbaycan
Prezidentinə məlumat verildi ki, məktəbin köhnə binası 2012-ci il mayın 7-də Zaqatalada
baş vermiş güclü zəlzələ nəticəsində
qəzalı vəziyyətə düşdüyündən sökülmüşdü. Həmin il sentyabrın 9-da Prezident
İlham Əliyev Zaqatala
rayonuna səfəri çərçivəsində məktəbin yeni binasının təməlini qoymuşdu. Tikinti işləri
cari ilin avqustunda tam başa çatdırılmışdır.
Bildirildi ki,
600 şagird yerlik məktəb
binasının korpusları iki və
üçmərtəbəlidir. Müasir
üslubda, xüsusi dizaynla inşa olunan binanın ümumi
sahəsi 4 min 520 kvadratmetrdir.
Məktəbin həyətində ümummilli
lider Heydər Əliyevin abidəsi qoyulmuşdur. Həyətyanı sahə
genişləndirilmiş və
abadlaşdırılmışdır.
Qeyd edildi
ki, 480 şagirdin təhsil
aldığı məktəbin binası 9 bal
gücündə zəlzələyə davamlıdır. Məktəbin
foyesində ulu öndər Heydər
Əliyevin, Prezident İlham
Əliyevin və Heydər Əliyev Fondunun
prezidenti Mehriban
Əliyevanın təhsilə göstərdikləri diqqət
və qayğını əks etdirən fotostend
yaradılmışdır. Bina müasir havalandırma sistemi
ilə təchiz olunmuşdur. Məktəbin
sinif otaqlarında, laboratoriyalarında və
müxtəlif təyinatlı digər otaqlarda
hər cür şərait
yaradılmışdır.
Prezident İlham
Əliyev informatika otağında yaradılan şəraitlə
tanış oldu. Bildirildi
ki, bütün
kompyuterlər internetə qoşulmuşdur.
Məktəbin akt salonunda
müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür
şərait vardır. Şagirdlərin nəzəri bilikləri
laboratoriyalarda tətbiq etmələri üçün də zəruri avadanlıq
quraşdırılmışdır. Məktəbdəki inzibati otaqlar da rahatlığı ilə diqqəti cəlb
edir.
Təhsil
ocağının idman zalı da müasirliyi ilə diqqəti
cəlb edir. Kitabxanada
üç mindən çox
vəsait toplanmışdır. Məktəbin həyətyanı
sahəsində yaşıllaşdırma işləri
aparılmış, şagirdlərin asudə
vaxtlarının səmərəli təşkili təmin olunmuşdur. Məktəbin açıq futbol, voleybol və basketbol meydançaları da
vardır.
Prezident İlham
Əliyev görülən işlərdən
razılığını bildirdi,
kollektivə uğurlar arzuladı.
AzərTAc
Azərbaycan. - 2013.- 18 avqust.- S. 8.