Rabitə və informasiya texnologiyaları naziri Şabranda vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

AzərTAc xəbər verir ki, avqustun 17-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Şabranda bu rayondan, eləcə də Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların şikayət və müraciətləri dinlənilmişdir.

Qəbul zamanı zəruri məqamlarda ətraf rayonların telekommunikasiya qovşaqlarının rəhbər şəxsləri ilə də telekörpü yaradılmışdır.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, məsələlərin bəziləri yerindəcə həllini tapmışdır.

Qəbuldan sonra nazir Əli Abbasov jurnalistlərə bildirmişdir ki, müraciətlərin əksəriyyətini ucqar kəndlərdə rabitə ilə bağlı mövcud problemlər təşkil etmişdir. Nazir əlavə etmişdir ki, artıq ən ucqar kəndlərdə də əhalinin internet xidmətlərindən yararlanmaq istəməsi sevindirici haldır.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata alınmışdır.

 

 

Azərbaycan. - 2013.- 18 avqust.- S. 8.