Modernləşmə
prosesini sürətləndirəcək sistem islahatları
Yeni dünya
gerçəklikləri xalqın iradəsi əsasında
dövlət idarəçiliyi missiyasını üzərinə
götürmüş liderlər qarşısında
mühüm şərtlər müəyyənləşdirir.
Bu şərtlərin düzgün dəyərləndirilməsi,
ölkənin davamlı və sabit inkişafına xidmət
edən uğurlu strategiyanın həyata keçirilməsi hər
bir siyasi liderdən yüksək peşəkarlıq,
uzaqgörənlik, ən əsası, xalqına, vətəninə
dərin mənəvi bağlılıq tələb
edir. Müstəqil Azərbaycanın milli
inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev təkamülə
əsaslanan demokratik tərəqqi yolunun alternativsizliyini real əməli
nəticələrlə sübuta yetirməklə bərabər,
müəllifi olduğu dövlətçilik irsinin
davamlılığını təmin edəcək qüdrətli
siyasi varis də yetişdirmişdir.
Əsl siyasətin
uğurları
Azərbaycan Prezidenti İlham Əliyev
ötən 10 ildə ümummilli liderin əsasını
qoyduğu çoxşaxəli islahatları uğurla davam
etdirərək yeni siyasi situasiyanın tələblərinə
uyğun zənginləşdirmiş, hər bir vətəndaşın
mənafeyinə xidmət edən iqtisadi siyasət həyata
keçirmişdir. Bu
müddətdə Heydər Əliyev siyasi kursuna inam daha da
möhkəmlənmiş, yürüdülən
strategiyanın alternativsizliyi birmənalı etiraf
olunmuşdur.
Prezident
İlham Əliyevin "Azərbaycanı qüdrətli
dövlətə çevirmək üçün ən
başlıcası ölkədə Heydər Əliyevin siyasəti
davam etdirilməlidir. Bu gün yüksək
kürsüdən çıxış edərkən mən
Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə
sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm"
- deməklə Azərbaycanın inkişafının bu siyasətlə
bağlılığını bir daha ifadə etmişdir. Ötən 10 il ölkə həyatı
üçün strateji əhəmiyyət kəsb edən
inkişaf proqramlarının hazırlanması və işlək
mexanizmlər əsasında həyata keçirilməsi, ən
müxtəlif sahələrdə intibah və tərəqqi
prosesinin geniş vüsət alması ilə səciyyəvidir.
Ötən
dövrün reallıqları deməyə əsas verir ki, cənab
İlham Əliyev hər bir mərhələdə hökumətin
qarşısında hansı əsas problemlərin, prioritet vəzifələrin
durduğunu aydın təsəvvür edir və onların həlli
üçün konkret planlara, proqramlara, mobil, peşəkar,
yüksək iş qabiliyyətli komandaya malikdir.
"Əsl siyasət konkret, real iş görməkdən ibarətdir"
- tezisini irəli sürmüş Azərbaycan Prezidenti bu siyasəti
hər bir ölkə vətəndaşının həyatında
gerçəkliyə çevirmək üçün ciddi
siyasi iradə, qətiyyət və əzmkarlıq
nümayiş etdirmişdir. Praqmatizm, səmimilik,
siyasi iradə və qətiyyətlilik, məqsədyönlülük,
mütərəqqi islahatlara meyillilik, öz siyasətini
reallaşdırarkən hər bir fərdin, qrupun, ümumilikdə,
toplumun maraqlarını nəzərə almaq qabiliyyəti
kimi mühüm keyfiyyətlər Prezident İlham Əliyevin
fenomen siyasi lider obrazını şərtləndirən
mühüm elementlər sırasında xüsusi vurğulana
bilər.
Monolit,
işlək, çevik komandaya malik dövlət
başçısı keyfiyyətcə yeni mərhələdə
qarşıda duran əsas vəzifələri düzgün
müəyyənləşdirərək, ilk növbədə,
milli iqtisadiyyatda kəmiyyət dəyişikliklərinin keyfiyyət
müstəvisinə keçirilməsini təmin etmişdir. Respublikamız
2009-cu ildə MDB məkanında ilk dövlət olaraq iqtisadi
sahədə keçid dövrünü başa vurmuşdur. Azərbaycanın investisiya və
sosialyönümlü mahiyyət daşıyan milli inkişaf
modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin
əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə
regionların tarazlı və davamlı inkişafının
sürətləndirilməsi, əhalinin sosial rifah
halının daha da yaxşılaşdırılması,
faydalı məşğulluğunun təmin edilməsi, yeni
iş yerlərinin açılması üçün milli
sahibkarlığın hərtərəfli dəstəklənməsi
kimi vacib məsələləri özündə ehtiva
etmişdir. Yeni neft strategiyasının
uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr
üçün cəlbediciliyinin qorunması, milli
iqtisadiyyatın müxtəlif sferalarına yönələn
sərmayələrin qeyri-neft sektoruna, regionların
inkişafına doğru istiqamətləndirilməsi,
"qara qızıl"dan əldə olunan gəlirlərin
respublikada güclü insan kapitalının
formalaşdırılması məqsədinə yönəldilməsi
iqtisadi siyasətin əsas prioritetləri kimi diqqət çəkir.
Bunun nəticəsidir ki, ötən 10 ildə
müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş,
qüdrətlənmiş, sosial-iqtisadi yüksəliş, ilk
növbədə, insanların gündəlik həyatında
özünü daha qabarıq büruzə vermişdir.
Şübhəsiz,
planlı iqtisadiyyatın fəsadlarını aradan qaldıran
yeni bazar münasibətlərinin
formalaşdırılması kifayət qədər
ağrılı və çətin prosesdir. Yeni
iqtisadi sistem heç də mütərəqqi ruhlu
qanunların qəbulu hesabına formalaşmır, bunun əsas
şərtlərindən biri də azad rəqabət mühitinin
yaranmasını təmin edən dərin institusional dəyişikliklər
və mülkiyyət münasibətlərinin tamamilə yeni
xarakter almasıdır. Bu şəraitdə formalaşan
yeni iqtisadi sistemdə sosial-iqtisadi statusundan asılı
olmayaraq hər bir insanın əmək və innovasiya potensialından
səmərəli istifadəyə imkan verən sosial
müdafiənin yüksək təminatı da xüsusi
çəkiyə malik olur.
Azərbaycanda
keçid dövrünün başa çatmasını
xarakterizə edən əsas cəhətlər bazar
iqtisadiyyatı üçün müvafiq qanunvericilik
bazasının yaradılmasında, sahibkarlıq institutunun
formalaşmasında, mülkiyyətin
çoxnövlülüyünün təmin olunmasında,
özəlləşdirmə prosesinin başa
çatdırılmasında, bazar və maliyyə institutlarının
formalaşdırılmasında, daxili və xarici iqtisadi fəaliyyətin
liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən
müəyyənləşdirilməsində, ümumilikdə,
dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsində,
institusional islahatların həyata keçirilməsində və
bu qəbildən olan digər məsələlərdə
özünü göstərir.
İnkişafın
dəyişməz formulu
Ümumilikdə, 2003-2013-cü illərdə
qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar
möhtərəm Prezident İlham Əliyevin daim xalqın mənafeyindən
çıxış etdiyini, habelə verdiyi vədlərin
sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini,
reallığa adekvat olduğunu deməyə ciddi əsaslar
verir. Bu
mərhələnin statistikası keçilən yolun möhtəşəmliyini,
Azərbaycanı müasir dövlətə çevrilməsinə
xidmət edən siyasətin səmərəliliyini bir daha təsdiqləyir:
2003-2012-ci illərdə ümumi daxili məhsulun orta illik
artımı 13 faiz artmış, qeyri-neft sektorunda bu göstərici
10,6 faiz təşkil
etmişdir. ÜDM 3 dəfə, onun adambaşına
düşən həcmi 2,7 dəfə, qeyri-neft sektoru 2,3 dəfə
artmışdır. Əsas kapitala yönəldilən
investisiyaların həcmi 7,3 dəfə artmışdır.
Bu dövrdə ölkənin iqtisadiyyatı 3 dəfədən
çox artmış, onun inkişafına 132 milyard dollar məbləğində
sərmayə qoyulmuşdur. Dövlət
büdcəsi 19 dəfə, strateji valyuta ehtiyatları 29 dəfə,
iqtisadiyyatın kreditləşməsi 24,5 dəfə
artmışdır. Əhalinin gəlirləri, orta aylıq əməkhaqları
və pensiyaların orta məbləği müvafiq olaraq
6,9, 6,3 və 6,4 dəfə
yüksəlmişdir. Bu müddətdə
yoxsulluq səviyyəsi 44,7 faizdən 5,6 faizə, işsizliyin
səviyyəsi 28 faizdən 5,2 faizə enmişdir. Əldə
olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın
"yuxarı orta gəlirli" ölkələr
sırasında mövqeyi daha da möhkəmlənmişdir.
2003-2013-ci
illlərdə Azərbaycanın iqtisadi inkişafının əsas
hədəfi rəqabət qabiliyyətliliyinin yüksəldilməsini
və dünya təsərrüfat sisteminə səmərəli
inteqrasiyası yolu ilə uzunmüddətli perspektivdə
ölkədə dinamik sosial-iqtisadi inkişafın
davamlılığını təmin etməkdən ibarət olmuşdur. Azərbaycan
Prezidenti İlham Əliyevin imzaladığı fərmanlarda,
təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin
reallaşdırılması üçün yerinə yetirilməsi
zəruri olan vəzifələr müəyyənləşdirilmişdir.
Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi
və bu potensialın kompleks şəkildə səmərəli
reallaşdırılması; qeyri-neft sektorunun inkişaf
etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan
iqtisadiyyatının formalaşdırılması); hər bir
regionun potensialından tam və səmərəli istifadə
olunması, onların inkişafının
tarazlaşdırılması; çoxlu sayda yeni iş yerlərinin
açılmasına şərait yaradılması;
sahibkarlığın inkişaf etdirilməsi; sosial xidmətlərin
həcminin, keyfiyyətinin və
ünvanlılığının əhəmiyyətli dərəcədə
artırılması; yoxsulluğun azaldılması və s.
mühüm vəzifələri aid etmək olar.
Prezident
İlham Əliyev hələ 2003-cü ildə verdiyi
bütün vədləri inamla həyata keçirmiş,
ölkədə 1 milyondan çox iş yeri
açılmış, çadır düşərgələri
ləğv olunmuş, sosial problemlərin böyük qismi həllini
tapmış, işsizliyin, yoxsulluğun aradan
qaldırılması istiqamətində mühüm uğurlar əldə
olunmuşdur. Son 10 ilin ən mühüm göstəricilərindən
biri də Azərbaycanın dünyada ən az borcu olan ölkələr
sırasında qərarlaşmasıdır. Beynəlxalq maliyyə
qurumlarının hesabatları göstərir ki, nəinki
inkişaf etməkdə olan, hətta inkişaf etmiş bir
çox dövlətlərin də xarici borcu idarəolunmaz həddə
çatmışdır. Azərbaycanın
strateji valyuta ehtiyatları 2013-cü ilin birinci yarısında
daha da artaraq 48 milyard ABŞ dollarına
çatmışdır. Ölkə üzrə xarici dövlət
borcunun ÜDM-ə nisbətinin aşağı səviyyədə
saxlanılması və 6 ayın nəticələrinə
görə ölkəmizin məcmu valyuta ehtiyatları məbləğindən
9 dəfəyədək az olması mili iqtisadi inkişaf
modelinin səmərəliliyini bir daha təsdiqləyir. Mərkəzi
Bank hesab edir ki, strateji valyuta ehtiyatları respublikanın 3
illik əmtəə və xidmət idxalının maliyyələşməsinə
kifayət edir. Respublikanın ÜDM-in təxminən 70 faizi həcmində
strateji valyuta ehtiyatlarına malik olması respublikada
makroiqtisadi vəziyyətin sabitliyini şərtləndirən
əsas amillərdən sayılır.
Müqayisə
üçün qeyd etmək lazımdır ki, Ermənistan
Respublikasının xarici borclarının məbləği
2013-cü il üçün müəyyənləşdirilmiş
dövlət büdcəsini xeyli üstələmişdir. Kənar donor yardımları olmasa, cari büdcə
vəsaiti bu ölkənin əhalisinin minimal
ehtiyaclarının ödənilməsinə kifayət etməyəcəkdir.
İlk dəfə olaraq Ermənistanın büdcəsində
investisiya layihələrinin reallaşdırılması nəzərdə
tutulmamışdır. Yaranmış
böhran vəziyyətinin, kütləvi
narazılığın artaraq sosial partlayış həddinə
çatdırılmasının əsas səbəbləri rəsmi
Yerevanın yürütdüyü
işğalçılıq siyasəti, qonşu dövlətlərə
əsassız ərazi iddiaları üzündən regional və
qlobal layihələrdən kənarda qalması, iqtisadi tərəfdaş
kimi nüfuzunu itirməsi, xarici investisiyaların qoyuluşu
üçün əlverişsiz ölkəyə çevrilməsidir.
Dövlətimizin başçısı yaranmış
situasiyanı belə dəyərləndirmişdir: "Bu
gün Azərbaycan iqtisadiyyatı güclü iqtisadiyyatdır
və bizim gözəl gələcəyimiz vardır. Ermənistanın
iqtisadiyyatı tənəzzülə uğrayır, bu ölkənin
gələcəyi böyük sual altındadır.
Çünki onların işğalçı siyasəti
özlərini bu vəziyyətə qoyubdur. Nə qədər
ki bu münaqişə davam edəcəkdir, onların vəziyyəti
daha da ağırlaşacaqdır. Biz isə öz növbəmizdə
bütün imkanlardan istifadə edib gələcəkdə də
Ermənistanı sıxışdırmalıyıq".
Azərbaycan
Dünya İqtisadi Forumunun dərc etdiyi "Qlobal rəqabətədavamlılıq
hesabatında" dünyanın 144 ölkəsi arasında
46-cı yeri tutmaqla, MDB-də ən rəqabətədavamlı
iqtisadiyyata malik olduğunu sübut etmişdir. Hesabata görə,
respublikamız ötən il dövlət borclarının həcminin
azlığına görə dünya dövlətləri
sırasında 12-ci yeri tutmuşdur.
Ümumilikdə,
20 il əvvəl Azərbaycan ilə eyni səviyyədə qərarlaşan
postsovet ölkələri indi iqtisadi inkişaf səviyyəsinə
görə respublikamızla rəqabətə davam gətirə
bilmirlər. Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə
resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin
nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə
malikdir. Bəzən ölkəmiz dünya iqtisadiyyatında
yeni təmayülləri hətta Avropa ölkələrini
qabaqlamaqla mənimsəyir. Məsələn, Azərbaycan
resursla zəngin olan ölkələr sırasında enerji səmərəliliyi
sahəsində ən yüksək nailiyyət qazanmış
və Şərqi Avropada "yaşıl
iqtisadiyyat"ın tədqiqini aparan ilk ölkə
olmuşdur.
Sistem islahatları umumi rifaha xidmət edir
Azərbaycanda insan yönümlü
islahatların davamlı və ardıcıl səciyyə
daşıdığını, dövlətin
sosialyönümlü siyasətinin investisiya sferasında da
özünü qabarıq göstərdiyini Prezident İlham
Əliyev bir müddət əvvəl Kürdəmir rayonuna səfəri
zamanı bir daha bəyan etmişdir.
Dövlət başçısı bir daha
vurğulamışdır ki, ölkəmiz bazar
iqtisadiyyatı prinsipləri əsasında inkişaf etməsinə
baxmayaraq, dövlət səviyyəsində sosial problemlərin
həllinə xüsusi diqqət yetirilir: "Biz indi müxtəlif
yerlərdə baş verən hadisələri izləyərkən
görürük ki, sosial məsələlərə fikir
verilmədiyi halda böyük problemlər yaşanır. Çünki bazar iqtisadiyyatı, əlbəttə
ki, hər bir ölkənin iqtisadi inkişafı
üçün əsas şərtdir. Ancaq
bəzi hallarda islahatlar çətinliklərə də gətirib
çıxarır. Bu çətinliklərin
qarşısını almaq və islahatları daha da inamla
aparmaq üçün güclü sosial siyasət
olmalıdır. Bu sosial siyasət müxtəlif
formalarda özünü göstərir - tikilən məktəblər,
xəstəxanalar, yollar, sosial obyektlər, maaşların,
pensiyaların qaldırılması, infrastruktur layihələrinin
icra edilməsi, yəni, insanı narahat edən bütün
problemlər aradan qaldırılmalıdır.
Son illər ərzində bu istiqamətdə
nailiyyətlər hesab edirəm ki, kifayət qədərdir.
Gələcək illərdə biz bu işləri
davam etdirəcəyik. Çünki hələ
görüləsi işlər çoxdur. Biz həm iqtisadi sahədə, sosial məsələlərin
həllində bundan sonra da islahatlar aparacağıq. İslahatlara böyük ehtiyac vardır. Çünki burada söhbət təkcə
investisiyalardan getmir, investisiya qoyuluşu Azərbaycanda yüksək
səviyyədə həll olunur, eyni zamanda, sistem xarakterli
islahatlar aparılmalıdır".
İqtisadi sahədə keçid
dövrünü başa vuran Azərbaycanda sistem
islahatının aparılması, ilk növbədə, cəmiyyətin
inkişafında ümumi harmoniya və tarazlığın
qorunması zərurəti kimi dəyərləndirilməlidir.
Başqa sözlə, sosial-iqtisadi, siyasi və
digər sahələrdə həyata keçirilən
islahatlar bir-birini tamamlamalı, modernləşmə prosesinin
sürətlənməsinə təkan verməli, son nəticədə
Azərbaycan qarşıda mili ideya kimi müəyyənləşdirdiyi
daha bir hədəfə çataraq 2020-ci ilədək
inkişaf etmiş ölkələr sırasına daxil
olmalıdır. Ölkə
başçısı həmçinin 2018-ci ilədək Azərbaycanda
sosial-iqtisadi sahədə bütün problemlərin öz həllini
tapacağını bildirmişdir. Söhbət,
ilk növbədə, Azərbaycanda özünü göstərən
bəzi sosial-iqtisadi problemlərin həllindən, həyat
keyfiyyətinin yüksəldilməsindən, sosial məsələlərin
həllində inkişaf etmiş ölkələrin təcrübəsinin
tətbiqindən gedir.
Sosial yönümlü siyasət son 10 ildə
Azərbaycanın milli inkişaf yolunu səciyyələndirən
mühüm istiqamətlərdən birinə
çevrilmişdir. Dövlət
başçısı insan və şəxsiyyət amilini
ucaltmaqla, hər bir vətəndaşın maraqlarının
dövlət üçün üstün olduğunu nümayiş
etdirmişdir. Cənab İlham Əliyevin hər iki prezidentlik dövrünün ən
böyük uğurlarından biri də Azərbaycan kəndinə
şəhər simasının gətirilməsi olmuş, cənubdan
şimala, şərqdən qərbə çoxsaylı
yaşayış məntəqələrində yeni sosial-mədəni
obyektlər - ən müasir tələblərə cavab verən
yeni məktəblər, səhiyyə ocaqları,
körpülər, yollar tikilmişdir. Hazırda
Azərbaycanın bütün rayonlarında su və
kanalizasiya sistemi yenidən qurulur, qazlaşdırma işi
başa çatdırılır. Bütün
bunlar regionlarda mənəvi ab-havanın yaxşılaşmasına
səbəb olmaqla, Azərbaycan insanının dövlətə,
onun rəhbərinə etimadını, sevgi və rəğbətini
daha da artırır.
Məlumdur ki, iqtisadi cəhətdən
inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə
və vətəndaş cəmiyyəti quruculuğuna yönələn
cəhdlər uğursuzluqla nəticələnir,
çünki tətbiqinə cəhd göstərilən
mütərəqqi yeniliklər vətəndaşların real
yaşayış səviyyəsi, həyat tərzi ilə
uzlaşmır. Bu mənada, yüksək
sosial-iqtisadi inkişafla yanaş demokratikləşmə
prosesinin sürətləndirilməsi, vətəndaş cəmiyyəti
quruculuğu prosesinin başa çatdırılması,
hüquqi dövlətin, sözün həqiqi mənasında,
bərqərar olması müasir Azərbaycan milli
ideyasının tərkib hissələri kimi nəzərdən
keçirilir. Dövlət hakimiyyətinin
möhkəmliyi isə bir çox cəhətdən
iqtidarın cəmiyyətin müxtəlif təbəqələrinin
mənafelərini müdafiə etmək, ictimai qüvvələrin
tarazlığını qoruyub saxlamaq və cəmiyyətə
xas olan mülki, demokratik, özünüidarə meyillərinin
mütərəqqi inkişafını təmin etmək
qabiliyyəti ilə müəyyən olunur. Bu mənada, ölkədə demokratik təsisatların
rolunun yüksəldilməsi, insan hüquqlarının
müdafiəsi sisteminin təkmilləşdirilməsi istiqamətində
atılan addımlar nəinki respublikamızda, həmçinin
beynəlxalq arenada yüksək qiymətləndirilir. Hüquqi-siyasi sahədə aparılan islahatlar Azərbaycanın
Avropa hüquq məkanında fəaliyyət göstərən
beynəlxalq standartlara tam uyğunluğunu təsdiqləyir.
Təcrübə göstərir ki, liberalizm,
demokratiya və bazar münasibətləri prinsipləri məcmu
halda çıxış edir. Baza postulatını hər bir insanın
doğulandan yaşamaq, azadlıq və mülkiyyətə
malik olmaq kimi ayrılmaz hüquqlarının olduğunu
özündə ehtiva edən liberalizm ideyasında göstərilən
triada arasında əslində, qırılmaz əlaqə
mövcuddur. Çünki özəl
mülkiyyət fərdi azadlığın əsasını
təşkil edir və bu da öz növbəsində,
ayrıca götürülmüş fərdin
özünütəsdiq, ifadənin zəruri şərti kimi
çıxış edir. Həqiqətən
də iqtisadiyyat sferasında sərbəst bazar prinsiplərində
ifadə olunan bu postulatla siyasi demokratiya arasında
qarşılıqlı əlaqə mövcuddur. Məhz demokratik dövlət bazar münasibətlərinin
və azad rəqabətin mövcudluğunun və səmərəli
fəaliyyətinin təminatı kimi çıxış
edir.
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev
"Müasir Azərbaycan mili ideyanın təcəssümü
kimi" əsərində haqlı olaraq yazır: "Azərbaycan
cəmiyyətinin demokratikləşməsi sonsuz prosesdir və
milli xüsusiyyətlər gözlənilməklə, müstəqil
dövlət quruculuğu və milli identikliyin qorunub
saxlanması şərti ilə həyata keçirilir. Prezident İlham Əliyevin anlamında demokratiya milli
inkişaf və şüurun ayrılmaz atributudur. Lakin o, cəmiyyətin siyasi və iqtisadi inkişaf
səviyyəsi ilə ahəngdar olmalıdır".
Maraq və mənafeyini etibarlı
müdafiə edən ölkə
Dövlət başçısı
İlham Əliyevin siyasi mühitin
liberallaşdırılması, demokratik proseslərin dərinləşdirilməsi
istiqamətində mütərəqqi islahatları uğurla
gerçəkləşdirməsi Azərbaycanı maraq və
mənafeyini qətiyyətlə müdafiə edən dövlətə
çevirmişdir. Sivil dünyanın qəbul etdiyi meyarlara
cavab verən balanslı xarici siyasət yeridən
respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli
ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən
maksimum faydalı şəkildə yararlanmış, diplomatik
fəaliyyət sahəsində hər bir mərhələ
üçün qarşıda duran hədəfləri
düzgün müəyyənləşdirmişdir.
Prezident İlham Əliyev ötən illərdə
dünya siyasətinə əsaslı təsir imkanları olan
dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı
genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda
Azərbaycanın mövqelərini gücləndirmək
istiqamətində sistemli fəaliyyət göstərir.
"Azərbaycanın coğrafi mövqeyi
özü onun xarici siyasətini müəyyən edir" -
deyən dövlət başçısı
respublikamızın necə həssas və mürəkkəb
geosiyasi məkanda yerləşməsinin fərqindədir və
özünün xarici siyasət doktrinasında bölgənin
özəlliklərini nəzərə alır. Rəsmi
Bakı daim Cənubi Qafqaz regionunun müxtəlif güc mərkəzləri
arasında "bölüşdürülməsi" cəhdlərini
yolverilməz saymış, bölgə dövlətlərinin
ərazisində xarici qoşun və hərbi bazaların yerləşdirilməsinin,
bir sözlə, Qafqazın militaristləşdirilməsinin əleyhinə
çıxış etmişdir. Dövlətlərin
suveren bərabərliyi prinsipinə əsaslanan respublikamız
beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün
ölkələrə münasibətdə - onların ərazi
böyüklüyü, hərbi gücü və iqtisadi
potensialından asılı olmayaraq - müstəqil xarici siyasət
həyata keçirir.
Ərazisinə, iqtisadi və hərbi
qüdrətinə rəğmən, bütün dövlətlərlə
bərabərhüquqlu və qarşılıqlı
faydalı əməkdaşlıq munasibətləri qurmuş
ölkə rəhbərliyi Şərqlə Qərbin iqtisadi
tərəfdaşlığını, mədəni dialoqunu
möhkəmləndirən səmərəli təşəbbüslərlə
çıxış etmiş, regionda sabitlik, sülhə və
təhlükəsizliyə layiqli töhfəsini vermişdir. Bu baxımdan respublikamızın Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynadığını da xüsusi
vurğulamaq lazımdır. Hələ
2012-ci ildə Azərbaycanla Türkiyə arasında
imzalanmış tarixi razılaşma ilə 2025-ci ilədək
Azərbaycandan nəql olunan qazın əsas hissəsinin
qardaş ölkənin ərazisi ilə Avropa ölkələrinə
ixracı nəzərdə tutulmuşdur. 2012-ci il iyun ayının 26-da İstanbulda Azərbaycan
və Türkiyə hökumətləri arasında
Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi ilə
bağlı imzalanmış iki saziş bu baxımdan
xüsusi əhəmiyyətə malikdir.
Bir neçə ay öncə TAP kəmərinin
seçilməsi ilə bağlı tarixi qərarın qəbulu
isə Azərbaycanın Avropa Birliyi ölkələri ilə
münasibətlərində keyfiyyətcə yeni mərhələ
açmışdır. Bunu
İtaliya Respublikası Nazirlər Şurasının
Prezidenti Enriko Lettanın avqustun 11-də Bakıya rəsmi səfəri
də təsdiqləmişdir. Səfər
zamanı Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin və İtaliya Respublikası Nazirlər
Şurasının Prezidenti Enriko Lettanın enerji sahəsində
əməkdaşlığa dair birgə bəyannaməsi qəbul
olunmuşdur. Bəyannamədə "Şahdəniz"in
ikinci fazası çərçivəsində
çıxarılacaq Azərbaycan qazının Trans-Adriatik və
Trans-Anadolu təbii qaz boru kəmərləri ilə Avropaya
çatdırılmasına dair "Şahdəniz"
konsorsiumunun qəbul etdiyi qərarın önəmi qeyd
olunmuşdur. Həmçinin, sənəddə
Azərbaycanın İtaliyanın əsas neft təchizatçılarından
biri olduğu vurğulanaraq ölkəmizin, həmçinin
qaz sektorunda da İtaliya üçün önəmli tərəfdaşlardan
biri olacağına əminlik ifadə edilmişdir.
İtaliya Respublikası Nazirlər
Şurasının Prezidenti Enriko Lettanın səfəri
ümumən Avropa ölkələrinin Azərbaycanın
tarixi seçiminə pozitiv münasibətini əks etdirir.
Cənab Enriko Lettanın bildirdiyi kimi, enerji sahəsindəki əməkdaşlıq
ölkələr arasında siyasi münasibətləri də
möhkəmləndirir: "Burada olmaq fürsəti və
Sizinlə, hökumətinizlə ikitərəfli əməkdaşlığın
möhkəmləndirilməsinə dair müzakirələr
aparmaq bizim üçün çox əhəmiyyətlidir. Bu gözəl fürsət TAP boru kəmərinə
dair qərarın verilməsindən sonra yarandı. Bu qərar İtaliya və Avropanın böyük
bir hissəsi üçün çox vacibdir. Fürsətdən istifadə edərək bu qərarın
qəbul olunması sayəsində bu gün bizim ikitərəfli
münasibətlərimizin və təkcə enerji sahəsi ilə
məhdudlaşmayan əməkdaşlığımızın
gücləndirilməsinin necə vacib olduğunu qeyd etmək
istərdim. Lakin biz enerji sahəsində əməkdaşlıqdan
yararlanaraq əlaqələrimizi iqtisadi və siyasi sahələrdə
də gücləndirir, daha da yüksək səviyyəyə
qaldırırıq".
Ümumən səfərin yekunları deməyə
əsas verir ki, qloballaşan dünyanın əsas güc və
siyasət mərkəzlərindən biri kimi kifayət qədər
geniş arealda iqtisadi, siyasi və sosial birlik modelinə
çevrilmiş Avropa Birliyi əlverişli coğrafi
mövqeyinə, zəngin təbii resurslarına və
demokratik inkişaf səviyyəsinə görə Cənubi
Qafqazın lokomotiv dövləti sayılan Azərbaycanla əməkdaşlığın
daha da dərinləşməsinə, respublikamızın
avrostrukturlara daha dinamik inteqrasiyasına xüsusi maraq göstərir.
Əvvəllər Azərbaycanla sadəcə,
üç Qafqaz respublikasından biri kimi əlaqələr
quran Avropa Birliyi son illər respublikamızla ikitərəfli əməkdaşlığın
gücləndirilməsi niyyətini açıq ortaya
qoymuşdur. Bu maraq həm də ölkəmizdə
sosial-iqtisadi inkişafın yüksək dinamikası, habelə
demokratik islahatların sürətlə aparılması ilə
şərtlənir.
Avropa Birliyi ölkələri ilə
yanaşı, dünyanın əsas fövqəlgüc
dövlətlərindən sayılan Rusiya da Azərbaycandakı
mövcud siyasi kursun regionda sabitlik və inkişaf, habelə
ikitərəfli münasibətlərin gələcəyi
baxımından müstəsna əhəmiyyətini dərk
edir. Bunu Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana son səfərinin
yekunlarına nəzərən əminliklə söyləmək
olar. Qonşu ölkənin prezidentinin Azərbaycana
səfəri tarixən bir-birinə bağlı olmuş iki
dövlət arasında münasibətlərin bütün
sahələrdə inkişaf etdiyini, qarşılıqlı
etimad mühitinin daha da möhkəmləndiyini göstərir.
Şübhəsiz, Rusiya və Azərbaycan
arasında hərtərəfli əməkdaşlığın
dərinləşdirilməsini zəruri edən başlıca
amillərdən biri də məhz ölkələr
arasında tarixən formalaşmış iqtisadi və mədəni
əlaqələrdir. Məhz cənab
İlham Əliyevin son 10 illik prezidentliyi dövründə
Rusiya-Azərbaycan münasibətləri tamamilə yeni
müstəviyə qədəm qoymuş, psixoloji-siyasi gərginlik
tamamilə azalmış, iqtisadi-siyasi, humanitar və hərbi-texniki
sahələrdə əməkdaşlıq üçün
real imkanlar açılmışdır. Azərbaycanla
Rusiya arasında 100-dən çox müqavilə
imzalanmışdır və bunların 70-i dövlətlərarası
və hökumətlərarası sənədlərdir. Son səfər zamanı imzalanmış ikitərəfli
sazişlər də münasibətlərin müxtəlif
aspektlərini özündə ehtiva edir.
Rusiya-Azərbaycan hökumətlərarası
komissiyasının intensiv fəaliyyətinin nəticəsi
olaraq ölkələrimiz arasında iqtisadi münasibətlər
yüksək dinamizmlə inkişaf edir.
Müxtəlif iqtisadi layihələr həyata
keçirilir, idxal-ixrac əməliyyatlarının səviyyəsinə
görə Rusiya Azərbaycanın əsas tərəfdarı
olaraq qalır. Hazırda Azərbaycanın
İtaliyadan sonra ən böyük ticarət tərəfdaşı
məhz Rusiyadır. Ölkədə 500-dək
Rusiya şirkəti fəaliyyət göstərir. Bu şirkətlər Azərbaycanın neft-qaz layihələrində,
bir neçə beynəlxalq konsorsiumda paya malikdir. Rusiya Federasiyasının ayrı-ayrı vilayətləri,
quberniyaları, muxtar respublikaları da ölkəmizlə
iqtisadi əlaqələri gücləndirməkdə
maraqlı görünürlər. Son bir
neçə ildə Rusiya regionları ilə Azərbaycan
arasında 40-a yaxın əməkdaşlıq sazişi
imzalanmışdır.
Ümumilikdə, Rusiyanın dövlət
başçısının Azərbaycana səfər etməsi
deməyə əsas verir ki, bu ölkənin rəhbərliyi
respublikamızın Cənubi Qafqazdakı strateji yerini və
rolunu düzgün qiymətləndirir.
Keçmiş SSRİ-nin süqutundan sonra Rusiya
ilə Azərbaycan arasında münasibətlər heç
zaman indiki kimi yüksək səviyyədə
olmamışdır. Cənab İlham Əliyevin son 10
ildə Rusiyaya dəfələrlə səfər etməsi təsdiqləyir
ki, rəsmi Kremlin Azərbaycanla bərabərhüquqlu və
qarşılıqlı faydalı əməkdaşlığa
olan marağı kifayət qədər səmimidir. V.Putinin son səfəri Rusiya siyasi rəhbərliyinin
Azərbaycanın siyasi rəhbərliyinə münasibəti
ilə bağlı səslənən bəzi qərəzli
iddiaları puça çıxarmışdır.
Ümumilikdə, Prezident İlham
Əliyevin son 10 ildəki fəaliyyəti ölkənin təkcə
sosial, iqtisadi, intellektual-mənəvi yüksəlişinə
təkan verməmiş, eyni zamanda, dünya arenasında layiqli
yerini tutmasını, regionun aparıcı dövlətinə
çevrilməsini təmin etmişdir. Məhz
bu baxımdan mövcud hakimiyyətin uğurları həm
daxildə, həm də ölkə hüdudlarından kənarda
obyektiv şəkildə dəyərləndirilir.
Əlican
BABAYEV,
Azərbaycan
Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə-1"
kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, Azərbaycandan
Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatının
Ali Məclisinin sədri
Azərbaycan. - 2013.- 18 avqust.- S. 9.