Tarixin daş nəğmələri

 

Goran torpağının tarixi qədimdir. İpək yolu üstündə yerləşən bu bölgə qiymətli abidələrlə, qalalarla, türbələrlə, kurqanlarla zəngindir, ən çox diqqəti cəlb edən türbələrdir. Onlar dövrün görkəmli şəxslərinin xatirəsini əbədiləşdirmək üçün qəbirlərin üzərində tikilib. Əsasən dördbucaqlı, hərdən çoxbucaqlıya da təsadüf edilir. Türbələrin inşasında əhəngdaşıdan, bişmiş kərpicdən, yaxud çay daşından istifadə olunur, divarlara nəbati rəsmlər çəkilirdi. Çoxbucaqlı türbələrə Səfikürd, Borsunlu, Mollavələdli kəndlərində rast gəlmək olur. Xüsusən Rəhimli abidələri daha çox diqqəti cəlb edir.

Adıgözəlbəy türbələri eyni görkəmlidir. Hərəsi bir-birindən təqribən on metr aralı qurulub. Hamısının üstünü günbəz bəzəyir. Dördü də qırmızı kərpiclə tikilib. Hər türbənin tağ şəkilli "qapısı", "pəncərəsi" var. Bu türbələr kompleksi tarixin əvəzsiz yadigarlarıdır. Xəttatlıq, həkkaklıq, memarlıq, epiqrafika, rəssamlıq, sənətşünaslıq baxımından çox maraqlıdır. Üzərlərindəki qısa qeydlər, məlumatlar Azərbaycan tarixi üçün də mühüm əhəmiyyət kəsb edir. Türbələr kompleksi məşhur Mirzə Adıgözəlbəyin ailəsinə, qohumlarına mənsubdur.

Mirzə Adıgözəlbəy əslən qazaxlıdır. 1799-cu ildə Qarabağda anadan olub. Şuşada təhsil alıb. Gəncliyi burulğanlı illərə düşüb. XVIII əsrin sonunda Ağa Məhəmməd şah Qacar Şuşa qalasını mühasirəyə alanda Mirzə Adıgözəlbəy böyük çətinliklə Tiflisə köçür. Rus nazirinin yanında xidmət etməli olur. Az bir vaxtda rus dilini öyrənir. Ən məxfi məktublar, diplomatik sənədlər tərcümə üçün ona verilirdi. Savadına, davranışına görə yüksək rütbəli şəxslər yanında böyük nüfuz qazanır. İş elə gətirir ki, 1816-cı ildə Qarabağa gəlir. Xurşudbanu Natəvanın atası Mehdiqulu xanla dost olduğundan əvvəlki torpaqları özünə qaytarılır, üstəlik ona yeni malikanələr də bağışlanır. "İyirmi dörd" mahalına naib təyin olunur.

Sonralar Mirzə Adıgözəlbəy bir neçə il general Yermolovun tapşırığı ilə Qarabağ sərhədlərinin mühafizəsi işində çalışır. Rus-İran müharibəsində iştirak edir. Müəyyən səbəblər üzündən İrana qaçmış Mehdiqulu xanla danışıqlar aparır, onun Qarabağa qaytarılmasına nail olur.

1830-cu ildə Mirzə Adıgözəlbəy kapitan rütbəsində istefaya çıxır   əyalət məhkəməsində çalışır. Ömrünün son illərində isə tale onu Goranboy torpağına gətirir. O, burada neçə il yaşayıb, - bəlli deyil. Bəlli olan odur ki, Gəncəbasar torpağı Mirzə Adıgözəlbəy nəslinin əbədi məskəninə çevrilir.

Mirzə Adıgözəlbəy qocalmış, səhhəti pisləşmiş, gözünün nuru zəifləmişdi. O, dərin müşahidələri əsasında memuar yazmaq istəyirdi. Mirzə Hüseyn Salariylə məsləhətləşir. Söylədiklərini kağıza köçürməyi ondan xahiş edir. Razılaşırlar. 1845-ci il yanvarın 10-da işə başlayırlar. Dekabrın 29-da isə son nöqtə qoyulur. Azərbaycan tarixşünaslığının ən qiymətli abidələrindən biri olan "Qarabağnamə" əsəri belə yaranır.

Əsər 1736-cı ildən 1828-ci ilə kimi geniş bir dövrü, az qala yüz illik tarixi əhatə edir. Mütəxəssislər deyirlər ki, bəzi qüsurlarına baxmayaraq, bu əsər Qarabağın və ümumən Azərbaycanın tarixini öyrənənlər üçün qiymətli məxəzdir.

Hələ 1848-ci ildə Tiflisdə yaşayan Mirzə Şəfi Vazeh məşhur "Qarabağnamə"nin əlyazmasını nəstəliq-şikəstə xətti ilə nəfis şəkildə köçürmüşdü. Hazırda həmin nadir nüsxə Sankt-Peterburq şəhərindəki şərqşünaslıq institutunun kitabxanasında saxlanılır.

Türbələrin üçü Mirzə Adıgözəlbəyin ailəsinə və yaxın qohumlarına, biri isə özünə məxsusdur.

Mirzə Adıgözəlbəyin türbələrinə heç də yaxşı baxılmırdı. Mətbuatda məsələ qaldırdıq. Bundan sonra abidələrin tədqiqi, təbliği və mühafizəsi üçün müəyyən  işlər görüldü; türbələr qeydiyyata götürüldü, göstərici lövhələr vuruldu, qismən təmir-bərpa işləri aparıldı, məzarlığın ətrafı bərkidildi.

Kurqanlar əsasən mühüm strateji əhəmiyyət kəsb edən və mühafizə olunan yerlərdə yaradılardı. Varlı tayfa başçıları və nəslin adlı-sanlı insanları öləndə böyük təntənə ilə dəfn edilər, hörmət əlaməti olaraq onların məzarları üzərində möhtəşəm kurqan-abidələr, yəni torpaq təpələr ucaldılardı.

İstər sayına və istərsə də zənginliyinə görə Goranboy kurqanları xüsusilə fərqlənir. Onlar heç də pərakəndə deyil, ərazi boyunca düzülüb. Kurqanlara daha çox dağətəyi yerlərdə, qədim "Dəvəçi" ticarət-karvan yolu boyunca təsadüf olunur.

Qazıntılar zamanı müxtəlif əmək alətləri, sadə silah növləri, binaların forması, dəfn ayini, qədim insanların antropoloji görkəmi, istehkam tikmə üslubu və s. haqqında geniş təsəvvür üçün zəngin məlumatlar əldə edilir. Müxtəlif rəngli, müxtəlif formalı saxsılar, oxlar, qolbağlar, xəncərlər, dövrün yaşayış tərzi, məişəti, adət-ənənələri haqqında ətraflı məlumat verir.  Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Hacıyev dedi ki, son vaxtlar Azərbaycan arxeoloqlarının türk mütəxəssisləri ilə birgə apardıqları axtarışlar zamanı Səfikürd, Qaradağlı və Şadılı  bölgəsində yüzlərlə kurqan aşkar edilmişdir. Goran torpağında kurqanların düzümü böyük bir şəhərin ünvanını nişan verir.

Şətəl şəhəri rayonun Rəhimli kəndinin cənub-şərq hissəsində, Gəncə-Bərdə yolunun üstündə yerləşir. Bütövlükdə ərazisi 40 hektardan çoxdur.

Şəhər nə vaxt və necə yaranıb? Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında yazılır ki, Harun hökmdarının oğlu Şəddad tərəfindən Gəncə yaxınlığında Şətəl adlı qala tikdirilib.

Arxeoloq Arif Məmmədovun tədqiqatlarından aydın olur ki, Şətəl qalası üçüncü, beşinci yüzilliklərdə kiçik yaşayış məntəqəsi kimi mövcud olmuş, sonralar xeyli böyüyərək on üçüncü yüzillikdə özünün ən gur inkişaf dövrünü yaşamışdır.

Şətəl şəhərinin strateji mövqeyindən xəbər verən bir faktı xatırlatmaq istəyirik. 1231-ci il Gəncə üsyanı zamanı Xarəzmşah Cəlaləddin öz katibi əl-Nəsəvini usta Bəndərlə danışıqlar üçün Şütur (Şətəl) şəhərinə göndərmişdi.

Şətəlin açılmamış sirləri çoxdur. Onun tədqiqi Azərbaycanın qədim yurd yerlərinin neçə-neçə səhifəsinə işıq saçar.

Goran torpağı həm də ulu keçmişimizdən xəbər verən möhtəşəm qalaları ilə də fəxr edə bilər. Biz yalnız Kürəkçay qalaları haqqında danışmaq istəyirik. Birinci qala Hazırəhmədli kəndinin yaxınlığındadır. Mütəxəssislər onu  II-IX əsrlərə aid ilk şəhərtipli yaşayış yeri hesab edirlər. Gəncədən 15 kilometr  şimalda, Hazırəhmədli və Göynüyən kəndləri arasında, alçaq təpəlikdə yerləşir. Qala divarının uzunluğu 500, eni 100 metrdir. Ətraf yerləri nəzarətdə saxlamaq, əhalinin təhlükəsizliyini qorumaq, Gəncəni müdafiə etmək üçün salınıb.

1988-ci ildə aparılan arxeoloji qazıntılar zamanı ümumi qalınlığı 25 metr olan iki mədəni təbəqə aşkara çıxarılıb. Təsərrüfat quyuları, iri küplər, təndir, ocaq yerləri, dəmir (oraq, kəsici alət, ox ucluğu) və daş (kirkirə) alətlər, saxsı qablar, sərnic tipli qablar, su qabları, tuncdan və sümükdən hazırlanan bəzək əşyaları tapılıb. Görünür, əhali əkinçilik, maldarlıq, dulusçuluqla məşğul olurmuş.

İkinci qala Qaradağlı kəndi yaxınlığında Kürəkçayın sağ sahilində yerləşir. Alimlər onu III-XIII əsrlərə aid edirlər. Qalanın uzunluğu 200, eni 120-130 metr olmaqla ikiqat divarla əhatə olunub. Qalanın ortasında otlaqlara və tunelə açılan qapı yerləri görünür. Hündürlüyü 3, eni 3,5 metrdir. Dağın altında tunel üç qola ayrılır. Birinci qolu çayın altından keçərək sağ və sol sahili birləşdirir.

Adı dillərdə gəzən Gülüstan qalası isə Murovdağın ətəyində Ağdərə və Ağcakəndin sərhədində, İncəçayın qovuşduğu sahədə dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşir.

Qala öz formasına görə gəmini xatırladır. Mənbələrdən birində göstərilir ki, bu qədim qala hələ eramızdan əvvəl Xaldey hakimləri tərəfindən tikilib. Divarları boyunca 4 gözətçi məntəqəsi, 12 mazğal (müşahidə gözcüyü) var. Şərq-qərb və cənub-qərb tərəflərdən sıldırımlı dərə, şimaldan isə sərt enişli meşəliklə əhatə olunub. Qalaya daxil olmağın ən əlverişli yolu cənub-şərq tərəfdəndir. Qalanın təxminən iki kilometrliyində Gülüstan kəndi yerləşir.

Həmsöhbətim Gündüz deyir ki, bu yerlərdən nankor qonşuların biryolluq çıxarılması ilə əlaqədar olaraq Goranboy ziyalılarının  təşəbbüsü ilə Gülüstan dağının ətrafında simvolik "Qələbə" qalası inşa edildi. Bu maraqlı, məzmunlu abidə gənclərin and yerinə çevrilib.

İndi zaman başqadır. Müstəqil dövlət maddi-mədəni irsimizin mühafizəsinə xüsusi qayğı göstərir. Bu mənada tarixi abidələr həmişə diqqət mərkəzindədir. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda birmənalı şəkildə bildirilir ki, onları qorumaq hər kəsin borcudur. Gərək bu borcu hər birimiz şərəflə, ləyaqətlə, əsl vətəndaşlıq qeyrəti ilə yerinə yetirək.

Bəxtiyar Vahabzadə demişkən: "Qədim abidələr onları yaradan xalqın keçib gəldiyi yollardan, bu yollarda çatdığı fikir və xəyal məqamlarından xəbər verən nişangahlardır. Özünü neçə-neçə nəsillərə göstərir. Əsrlərin burulğanından keçib gələn bu abidələr susa-susa danışır, danışa-danışa susur. Bu baxımdan abidələr susan daş nəğmələrdir".

Gəlin bu nəğmələri dinləyək, sevək və qayğı ilə qoruyaq.

 

Əhməd İSAYEV

 

Azərbaycan. - 2013.- 18 avqust.- S. 11.