Kətan üzərində
neftlə yaradılan qeyri-adi əsərlər
Məzmun
etibarilə rəssamlıq sənəti tarixi,
mifoloji, məişət, portret,
mənzərə rəssamlığı və s. kimi janrlara
bölünür. Bütün
bunların əsasında isə obrazlıq və
emosionallıq dayanır. İndi
haqqında danışacağımız rəssam isə öz yaradıcılıq potensialı ilə
sənətin bütün
janrlarını özündə birləşdirir. Onu adi rəssamlardan fərqləndirən
və eşidənlərdə təəccüb yaradan əlaməti isə çəkdiyi əsərləri
fırçasız, qələmsiz işləməsidir. Sabir Çopuroğlu
imzası ilə tanınan bu rəssamın
əmək aləti yalnız barmaqlarıdır.
Onun
emalatxanası Azərbaycan Rəssamlar Evində yerləşir.
Rəssam özü çox
kiçik, eyni zamanda zəngin emalatxanasında bizi qarşılayır və öz
əl işləri barədə sevə-sevə məlumat verir. Öncə özü
barədə və sənətə marağının necə
yaranmasından danışır. Sabir Çopuroğlu 1956-cı ildə Gürcüstanda anadan olub. Uşaqlıq illəri də orada keçib: "Uşaq idim, gördüm evdə şüşənin
içində qara boya
var, götürdüm
onu və başladım divara
yaxmağa. Belə-belə
uşaqlıqdan daxilimdə rəssamlığa qarşı
hisslər yarandı. Bunlar elə bil mənə Allah tərəfindən
verilmişdi. Gördüm
ki, artıq məndə bu
sənətə həvəs yaranıb, başladım ciddi məşğul olmağa.
Məktəbdə də bütün dərsləri
atıb ancaq şəkil çəkməklə
məşğul olurdum. Artıq 5-6-cı
siniflərdə oxuyanda bu
işi ciddi olaraq davam etdirirdim.
Məktəbdə çəkdiyim şəkilləri çox bəyənirdilər. Sonra
müəllimlər mənə yazıçı və
şairlərimizin portretlərini çəkməyi sifariş etdilər".
Azərbaycan və Gürcüstan
Rəssamlar ittifaqlarının üzvü
olan Sabir Çopuroğlu uşaq
vaxtı rəssamlığı ona heç kimin öyrətmədiyini
deyir. Orta məktəbi
bitirdikdən sonra 84 saylı rəssamlıq
məktəbinə qəbul olunub. Üç il burada oxuduqdan sonra Tiflisə rəssamlıq kursuna
gedib. Tiflis
Akademiyasında oxuyarkən orada Merak Berdonaşvili
adında çox güclü
bir heykəltəraş bu
sahədə ona böyük
dəstək olub. Nizaminin,
Babəkin və digər mütəfəkkirlərimizin
barelyeflərini də o vaxt
daşdan yonaraq
hazırlayıb. Hazırda onun düzəltdiyi
Babəkin həmin barelyefi İstiqlal
muzeyində saxlanılır. O, təhsil aldıqdan sonra bir neçə
tanınmış rəssamla əlaqə saxlayır və bunun da ona
böyük köməyi olduğunu
deyir: "Rəhmətlik Səttar Bəhlulzadənin
də emalatxanasında olmuşam. Onun işləri ilə yaxından
tanışam. Daha sonra
rəssam Mikayıl Abdullayev var idi. Onlar
mənə müəyyən göstəriş və məsləhətlər
veriblər".
Tiflisdə və Bakıda
keçirilən bütün sərgilərdə
daim iştirak etdiyini deyən rəssam get-gedə
yaradıcılığını daha da təkmilləşdirib. Özünün
ilk fərdi sərgisini 1986-cı ildə
Tiflisdə, M.F.Axundzadənin ev muzeyində
təşkil edib.
Rəssamın öz sənətinə olan münasibəti isə belədir: "Mən
bu sənətdən həzz alıram, mənə
ruh verir, mən bununla yaşayıram. Deyərdim ki, rəssamlıq mənim ikinci
həyatımdır, əlçatmaz bir
zirvədir. Özümü bu sənətsiz təsəvvür edə
bilmirəm. Elə adamlar var,
görürsən ki, rəssamlığı
da bitirib,
akademiyanı da. Amma
qanlarında, ürəklərində rəssamlıq yoxdur, sadəcə, bu sənəti
oxuyublar. Sovetlər dövründə rəssamlar,
həqiqətən, çox yaxşı
qazanırdılar. Ona görə də çox adam rəssamlığa
gedirdi, istəyirdilər rəssam olsunlar. Lakin rəssam olmaq elə bir şeydir ki, bu, adamın daxilindən gəlməlidir,
sırf istedad olmalıdır. Bu hiss daxildə yoxdursa, rəssam olmaq çox çətindir".
Neftlə çəkilən
rəsm 2-3 günə
quruyur və çox keyfiyyətli olur
S.Çopuroğlu sənətin yolunda çox çətinliklər
çəkdiyini deyir. Hazırda rəssamlıqdan
başqa bir işlə
məşğul olmasa da,
əvvəllər müvəqqəti işlərdə
işləyib. Fəhləlik edib,
mühafizəçi işləyib, amma sənətini
buraxmayıb. Çünki təkcə bu sənətlə ailəni saxlamaq
mümkün deyil.
"Neftlə işləmək ideyası sizdə necə
yarandı" sualımıza: "Həmişə nəsə
qeyri-adi bir şey yaratmağı fikirləşirdim.
İstəyirdim ki, bu,
elə bir şey olsun ki, ümumiyyətlə
rəssamlıqda yeni olsun.
Necə oldusa uşaqlıq dövrüm yadıma düşdü
və neftlə şəkil çəkməyi düşündüm. Belə bir
şey hətta yuxuma da girdi - gördüm
ki, neftlə rəsm çəkirəm.
Beləcə, Azərbaycanın da neft ölkəsi olduğunu
düşünərək Bayıl tərəfə getdim. Bilirdim ki, orada keçmiş
neft buruqları və gölməçələri
var. Oradakı neft
qalıqlarından 2-3 litr gətirdim emalatxanaya. Daha sonra bunu qurutmaq
lazım gəldi, öz təcrübəmdən
istifadə edərək bu neftə müəyyən
qatqılar, yağlı boyalar qatdım. Neftin tərkibində çox
maddələr var və çox
gözəl rənglərə çalır. Neftlə olan işlərimi dörd-beş
il heç kimə
göstərmədim. Sonra eksperiment
apardım, bütün detalları
yoxladım. Müəyyən boyalar qatandan sonra gördüm ki, həqiqətən,
alınır. Əmin oldum ki,
neftlə çəkdiyim rəsm 2-3 günə quruyur və çox
keyfiyyətli çıxır, xarab olmur. Bundan sonra
işlərimi neftin üzərində qurmağa başladım", - deyə cavab verdi.
Rəssamın
neftlə işlədiyi əsərləri seyr
edərkən orada Azərbaycanın milli mədəniyyətinin çalarlarına
daha çox rast gəlinir. Rəssam özü
isə bunu mədəniyyətimizin təbliği
ilə əlaqələndirir. 25 ildir neftlə
işləyən rəssamın Qarabağ,
Abşeron, qədim Bakı, qədim
Borçalı və qədim Naxçıvan
mövzularında əvəzsiz əsərləri var. Sonuncu dəfə
Qazaxıstanın Aktau şəhərində
Xəzər neft-qaz sərgisində iştirak
edib.
O,
neftlə işlədiyi əl işlərini ilk
dəfə 2003-cü ildə Bakının Nizami
küçəsində satışa çıxarıb.
Hazırda isə əsərləri dünyanın bir neçə muzeyində sərgilənir:
"Baxanlar çox
maraqlanırdı. Mənim ilk işimi bir alman aldı. O, burada neft şirkətində işləyirdi. Onun əli çox yüngül oldu. Daha sonra həmin alman kömək məqsədi ilə məni Almaniyada sərgidə iştirak
etməyə dəvət etdi. 2006-cı
ildə Almaniyaya getdim,
orada keçirilən 2-ci Beynəlxalq simpoziumda konkurs sərgilər
keçirilirdi. Bu sərgidə,
həqiqətən, mənim işimə maraq
çox idi. Bir çox ölkənin
qatıldığı bu beynəlxalq simpoziumda birinci dərəcəli
diplomu və birinci yeri mən götürdüm.
Sonra auksion sərgidə
işlərim çox yaxşı
satıldı. Amerikanın, Fransanın və digər ölkələrin
kolleksiyaçıları əsərlərimi aldılar. Bir neçə xarici media barəmdə məqalələr dərc etdi. 2008-ci ildə keçirilən növbəti
simpoziumda da fərqlənmə
diplomu aldım". Qeyd
edək ki, Azərbaycanın Naftalan şəhərində "Çinar" Sağlamlıq Mərkəzində
də sənətkarın Naftalan nefti ilə çəkilmiş 200-dən
artıq əsəri yer alıb.
Neft, kətan, adi
və sığallı kağız
Onun sözlərinə görə, neftlə işləyəndən sonra
alıcıları çoxalıb. Dövlət Neft Şirkətindən sifarişlər olub və başqa-başqa
şəxslərin də bu rəsmlərə
marağı oyanıb. Rəssam deyir ki, bu texnologiyanı rəssamlıqda
ilk dəfə o tətbiq
edib. Bu barədə patent də alıb. İndiyə kimi mindən çox əl
işi olub ki, onların da təxminən
500-ü ən yaxşılarındandır. Bu
yeniliyin təbliğat üçün
önəmli olduğunu deyir
Sabir Çopuroğlu:
"Rəssamlıq odur ki,
gərək öz dəst-xəttin ola. Görürsünüz,
dünyada neftin üzərində
qırğınlar gedir. Amma
mən çalışmışam ki, bunu bir sənət əsərində
tətbiq edək, sülh yaradaq.
Bu da Azərbaycan neftinin təbliği üçün,
hesab edirəm ki, təqdirəlayiq
addımdır".
Sənətinə
bağlı olan sənətkar bütün gününü
emalatxanada keçirir.
Çox vaxt gecəni
də burada qaldığını deyir. Onun əsərlərinin
qiyməti isə müxtəlifdir. 100-300-500 manatlıq və daha artıq qiymətə olan
əl işləri var. Müsabiqə üçün olan rəsmləri
çox bahadır. Ayda
5-10 ədəd sifariş də qəbul edir. Rəsmləri isə əsasən kətan
üzərində işləyir. Bundan başqa, adi və
sığallı kağızlarda da qiymətli
əsərləri var. Rəssam bu əsərlərini Azərbaycanda fərdi sərgi
təşkil edərək orada təqdim
etmək fikrindədir.
Elgün MƏNSİMOV
Azərbaycan. - 2013.-
18 avqust.- S. 11.