Arzular və gerçəkliklər
işığında
Azərbaycanın
zirvəsindən bəyaz qarı, pənbə buludları heç vaxt əskik olmayan vüqarlı dağlar
qoynundakı bənzərsiz gözəlliklər diyarı Qəbələ
möhtəşəm beynəlxalq tədbirlərə böyük məhəbbətlə qucaq açmaqda davam edir. Bunu sözgəlişi
yazmırıq, çünki Qəbələyə
gələn adi turistdən tutmuş, tədbir
iştirakçısına, sənət adamına, dövlət
başçısına qədər hər kəs əsrarəngiz
təbii gözəlliklərin ovsununa
biganə qala bilmir,
heyranlığını məhəbbətlə dilə
gətirir. Qəbələnin son illərdəki
sürətli inkişafı, burada həyata
keçirilən tikinti-quruculuq işləri
füsunkar təbiət gözəlliklərini
özünəməxsus şəkildə tamamlayır. Geniş və
rahat yolları, müasir
milli memarlıq tikililəri, beynəlxalq aeroportu, turizm mərkəzləri,
dünya standartları səviyyəsində
hotelləri və digər infrastruktur
obyektləri, həmçinin mehriban və
qonaqpərvər insanları ilə bu qədim
Azərbaycan şəhəri müsafirlərin qəlbində
unudulmaz xatirəyə dönür.
Qəbələdə
keçirilən beynəlxalq tədbirlər bir daha sübut edir ki, son 10 ildə
iqtisadiyyatı üç dəfədən
çox artan və ən
mötəbər beynəlxalq qurum olan Davos Forumunun
hesabatına görə rəqabət qabiliyyətliliyi
baxımından dünyada 46-cı yeri tutan Azərbaycanın təkcə paytaxtı deyil, bütün bölgələri
də sürətlə inkişaf edir. Qəbələ son iki-üç ay ərzində Üçüncü
Azərbaycan-Gürcüstan-Türkiyə Biznes
Forumu, Qəbələnin 2013-cü il üçün MDB-nin mədəniyyət paytaxtı
seçilməsi ilə əlaqədar dövlətlərarası
proqramın təntənəli açılış mərasimi
və Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının III zirvə
toplantısı və digər beynəlxalq tədbirlərə
ev sahibliyi edib.
...Qəbələ
Beynəlxalq Aeroportu ilin
ən qələbəlik günlərini yaşadı.
Türkiyə Prezidenti Abdullah
Gül, Qırğızıstan Prezidenti Almazbek Atambayev,
Qazaxıstan Prezidenti Nursultan
Nazarbayev və digər rəsmi qonaqlar Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının III zirvə
toplantısında iştirak etmək üçün
Qəbələyə gəldilər. Azərbaycan
Prezidenti İlham
Əliyevin Türkiyə, Qırğızıstan və
Qazaxıstan prezidentləri ilə toplantıdankənar
ayrı-ayrı görüşləri keçirildi
və bu görüşlərdə ölkələr
arasında ikitərəfli münasibətlərin bir çox sahələr
üzrə inkişafından və perspektivlərindən bəhs
olundu.
Avqustun 15-də Qəbələdə
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının III zirvə toplantısı çərçivəsində
keçirilən Xarici İşlər
Nazirləri Şurasının iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri
Əhməd Davudoğlu, Qazaxıstanın xarici işlər naziri Erjan Kazıxanov,
Qırğızıstanın xarici
işlər naziri Erlan
Abdıldayev, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının baş
katibi Xəlil Akincı, Milli
Məclisin deputatı, respublika Ağsaqqallar Şurasının sədri Fəttah
Heydərov TürkPA-nın baş katibi Ramil Həsənov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk
Akademiyasının direktoru Şakir İbrayev
çıxış etdilər. Türkdilli ölkələr arasında müxtəlif sahələrdə
əməkdaşlığın gücləndirilməsi üçün gələcək fəaliyyət
perspektivlərinin müzakirəsi, səslənən fikirlər
və təkliflər bir daha
sübut etdi ki, məqsəd ortaq mədəniyyəti,
ənənələri, maddi və
xüsusilə, mənəvi dəyərləri qorumaqla türkdilli
xalqların tarixini təbliğ etməkdir.
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının III zirvə
toplantısı avqustun 14-də Prezident İlham
Əliyevin açılış mərasiminə
qatıldığı Heydər Əliyev Konqres
Mərkəzində keçirildi. Müasir və geniş imkanlara malik mərkəz
qonaqların da diqqətini cəlb etdi.
Qeyd edək ki,
Azərbaycanda belə zirvə görüşü
2009-cu ildə Naxçıvanda keçirilib.
Bu dəfə
isə bu möhtəşəm tədbirin
Qəbələdə keçirilməsi ölkəmizin və
onun bölgələrinin sosial-iqtisadi
inkişafını göstərməklə yanaşı, həm
də gözəl təbliğat imkanıdır.
İştirakçılar bir daha gördülər ki,
Azərbaycan sürətli inkişaf
tempinə malik bir
ölkədir.
Onu da
xatırladaq ki, məhz Naxçıvan
görüşündə yeni format yaradıldı -Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurası
çərçivəsində yeni mərhələ
başlandı.
Toplantıda
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasına sədrliyin Qırğızıstan
Respublikasından Azərbaycan Respublikasına
ötürülməsi ilə əlaqədar təşəkkürünü
bildirən Prezident İlham
Əliyev Qırğızıstan Respublikasının və Prezident Almazbek Atambayevin uğurlu fəaliyyətini
qeyd etməklə
yanaşı, xüsusi vurğuladı ki, bundan sonrakı illərdə
də türkdilli dövlətlər
arasında əməkdaşlıq dərinləşəcək,
genişlənəcək və yeni pilləyə
qalxacaqdır: "Hesab edirəm ki, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının başlıca vəzifəsi
xalqlar və ölkələr
arasındakı birliyi daha
da möhkəmlətməkdir".
Azərbaycan
torpaqlarının 20 faizinin erməni
işğalında olduğunu, Azərbaycanın
ərazi bütövlüyünün pozulduğunu bildirən Prezident
İlham Əliyev qeyd
etdi ki, bu münaqişə beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həllini tapmalıdır:
"Bu gün qəbul
olunacaq birgə bəyannamədə məhz
bu prinsiplər öz əksini
tapıbdır və buna görə öz həmkarlarıma minnətdarlığımı
bildirmək istəyirəm".
Azərbaycanın
dövlət başçısı TÜRKSOY-un
fəaliyyətini, türk
dünyasının birləşməsinə xidmətini də
yüksək qiymətləndirdi və əlavə etdi ki, Azərbaycan tərəfdən
irəli sürülmüş təşəbbüs
də reallaşır - Türk Mədəniyyətinə
dəstək
və Türk İrsinin
Qorunması Fondunun yaradılması çox önəmli hadisə olacaqdır.
Ayrı-ayrı
infrastruktur layihələrindən,
onların təkmilləşməsindən,
reallaşmasından, neft-qaz sektorundakı
əməkdaşlığın ölkələrimizi birləşdirməsindən,
ixrac imkanlarından, bütün
bunların türk dünyasının
güclənməsinə gətirib
çıxaracağından söz açan Azərbaycanın dövlət
başçısı Bakı-Tbilisi-Ceyhan neft
kəmərinin və Avropanı Asiya ilə
birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini də xüsusi vurğuladı: "Bu
dəmir yolu vasitəsi ilə qitələr
birləşəcək, ölkələrimiz tranzit
ölkələrə çevriləcəkdir. Bu dəmir yolu bundan sonra 100 illiklər ərzində
xalqlarımıza xidmət edəcək. Bu,
böyük geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsidir.
Əminəm ki, biz
yaxın zamanlarda, gələn il bu layihənin istifadəyə
verilməsini qeyd edəcəyik və beləliklə,
tarixi "İpək yolu"nu bərpa etmiş
olacağıq".
Danılmaz
faktdır ki, dünyada
hələ də maliyyə və iqtisadi böhran davam edir. Qarşıdurmalar, vətəndaş
müharibələri böyük mənəvi
uçurumlar və iqtisadi
sıxıntılar yaradır. Bu məqama
diqqət çəkən Azərbaycan Prezidenti
türk diyarlarındakı sabitliyi, inkişafı, nailiyyətləri xüsusi qeyd etməklə
yanaşı, mövcud uğurların
birgə səylərlə qorunmasının və inkişaf etdirilməsinin vacibliyini
də vurğuladı: "Biz bu sərvəti qorumalıyıq, inkişaf etdirməliyik. XXI əsr türk dünyasının əsri olmalıdır.
Bizim ölkələrimizin potensialı,
birgə fəaliyyəti, Əməkdaşlıq
Şurası kimi çox
önəmli əməkdaşlıq formatı vardır. Biz bütün müsbət
meyilləri gücləndirməliyik. Hesab
edirəm ki, bugünkü
zirvə görüşü bu amallara xidmət edir, zirvə görüşünün
çox gözəl nəticələri
olacaqdır".
Toplantıdakı
çıxışında Qırğızıstan Prezidenti Almazbek Atambayev də türk
dövlətləri birliyinin gələcəkdə
çox yaxşı nəticələr
verəcəyini bildirdi: "Bu gün biz
türk xalqları, bütün
dünya üçün
iqtisadi inkişaf
nümunəsinə çevrilməkdə olan
Türkiyə, Qazaxıstan, Azərbaycan ilə fəxr edirik. Sizin dövlətləriniz
çox böyük uğurlara nail olmuşdur. Biz bununla fəxr edirik və sevinirik".
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev isə çıxışında çox maraqlı statistika
təqdim etdi: "Qardaş
xalqlar və qonşu
ölkələr arasında qarşılıqlı
faydalı əməkdaşlığı möhkəmlətmək
lazımdır. Bu gün
6 müstəqil türkdilli dövlətin
ümumi daxili məhsulunun
həcmi 1 trilyon 150 milyard
dollara çatır. Bununla
belə, ölkələrimiz arasında əmtəə
dövriyyəsinin həcmi bizim potensiala uyğun deyildir. Məsələn, 2012-ci ilin məlumatlarına görə,
Qazaxıstanın türkdilli dövlətlərlə
ticarətinin həcmi cəmi 8 milyard dollar olmuşdur. Bu, bizim əmtəə
dövriyyəsinin cəmi 6 faizi deməkdir".
Göründüyü kimi,
reallıqlar, perspektivlər daha geniş fəaliyyət tələb edir. Düzdür, iqtisadi sahədə gözəl əməkdaşlıqlar
mövcuddur, beynəlxalq təşkilatlarda
bu ölkələr bir-birinə dəstək
verir, arxa olur. BMT, İslam Əməkdaşlıq
Təşkilatı və digər təşkilatlarda bir çox hallarda vahid mövqe nümayiş etdirilir. Şübhəsiz, güclər birləşəndə
daha böyük
qüvvə yaranır. Ancaq qarşıda
həlli vacib işlər də çoxdur. Problemləri və çətinlikləri
birgə mübarizə aparmaqla və imkanlardan bərabər faydalanmaqla
aradan qaldırmaq olar.
Qlobal iqtisadi
potensial mərkəzinin Atlantik
okeandan Sakit okeana keçməsinin danılmaz həqiqət
olduğunu vurğulayan
Türkiyə Prezidenti Abdullah
Gülün dediklərindən: "Bu vəziyyət təbiəti ilə türk dünyasının geoiqtisadi
əhəmiyyətini artırmışdır. Türkiyənin,
Azərbaycanın, Türkmənistanın,
Qırğızıstanın, Qazaxıstanın və Özbəkistanın
iqtisadi və demoqrafik
potensialı bütünlükdə 4,8 milyon
kvadratkilometrlik sahədə dünyada yeddinci, 140 milyon əhalisi ilə doqquzuncu,
1,5 trilyon ABŞ dolları dəyərində
ümumi hasilatı ilə 13-cü yerdədir.
Bu sıralamalarda türk
dünyası qlobal ölçüdə
sahib olduğu coğrafi demoqrafik potensialdan aşağı bir
iqtisadi göstəriciyə malikdir. Bu da
iqtisadi inkişaf həmlələrimizi
durmadan davam etdirməyimizin
vacibliyinə işarə edir".
Tarix boyu türk dövlətlərinin
güclü və təsirli olduğu dövrlərdə "İpək yolu"nun dünya
ticarətinin ana xətti olduğunu
vurğulayan Türkiyə Prezidenti
Abdullah Gül bir daha xatırlatdı ki, türk dünyası qlobal iqtisadiyyatdan və dünya ticarət yollarından kənarda qaldıqda siyasi
və mədəniyyət sahəsinə təsiri
azalmışdır: "Bunları tarixi oxuyanlar bilirlər. Bu mənada
"İpək yolu" türk
dünyasının iqtisadi
rifahının və siyasi təsirinin
açarıdır. Ona görə
"İpək yolu"nu
yenidən bərpa etmək prioritet
olmalıdır".
Qarşıdakı
bir neçə il ərzində
reallaşdırılacaq layihələrlə əhəmiyyətli
bir mərhələ keçiləcəyinə
əmin olduğunu bildirən Türkiyə
Prezidenti Azərbaycanın işğal
olunmuş torpaqlarından da
söz açdı: "Türk
dünyasının prioritet xarici siyasət məsələlərinin
önündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dayanır. Azərbaycan
torpaqlarının 20 faizinin işğal altında olduğu
mövcud vəziyyət qəbuledilməzdir.
Münaqişənin ən qısa zamanda sülh yolu ilə və
Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll olunması üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Bu işğalın, qəsbkarlıq siyasətinin
qarşısı alınanadək sizə dəstək vermək
bizim qardaşlıq borcumuzdur".
Abdullah Gül
növbəti zirvə görüşlərinin birinin işğaldan azad edilmiş Qarabağda keçirilməsi arzusunu
da dilə gətirdi: "Əminəm ki, oralar da
belə gözəl yaşıllıqdır".
Toplantıda
Türkmənistanın Nazirlər Kabineti
sədrinin müavini Sapardurdu
Tayliyev mədəni-humanitar əməkdaşlığın
genişlənməsinin vacibliyindən danışdı.
Əlbəttə, bu da
prioritet sahələr
sırasındadır.
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının baş
katibi Xəlil Akincı
qarşıdakı vəzifələri belə ümumiləşdirdi:
universitetlər birliyinin yaradılması,
idman, mədəniyyət, nəqliyyat və
gömrük sahələrində məsələlər
müzakirə olundu, gömrük
sahəsində əməkdaşlıq
üçün
yükdaşımaların təşviqi də
planlaşdırıldı. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
isə həmişə diqqətdə saxlanılacaq.
Qəbələdə
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının III zirvə toplantısı uğurla başa
çatdı. Toplantıda səslənən
işıqlı fikirlər, arzular və ideyalar hər yana
yayıldı, türk
dünyasının uğurlarına sevinənlərin yolunu daha da
aydınlaşdırıb
nura qərq etdi, sevinməyənlərin
gözlərini isə daha da
qamaşdırdı.
Telman
NƏZƏRLİ
Azərbaycan. - 2013.- 20 avqust.- S. 1.