Misirdə yaşayan Azərbaycan vətəndaşları
Prezident İlham
Əliyevin tapşırığına əsasən xüsusi təyyarə ilə Bakıya gətirilmişlər
Xəbər
verdiyimiz kimi, Misirdə
baş verən hadisələrlə əlaqədar
bu ölkədə yaşayan
Azərbaycan vətəndaşlarının təxliyəsinin
həyata keçirilməsi üçün
Prezident İlham
Əliyev tərəfindən respublikamızın Xarici İşlər və Fövqəladə
Hallar nazirliklərinə təlimat verilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına əsasən, Fövqəladə
Hallar Nazirliyinə (FHN) məxsus təyyarə
avqustun 18-də Bakıdan Qahirəyə yola düşmüşdü.
AzərTAc xəbər
verir ki, Misirdə yaşayan, işləyən və təhsil alan 48 Azərbaycan vətəndaşını
gətirən FHN-ə məxsus təyyarə avqustun
19-da saat 14:20-də Bakıda yerə enmişdir.
Heydər
Əliyev Beynəlxalq Aeroportunda təyyarəni
Azərbaycanın fövqəladə hallar
nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə və digər şəxslər
qarşılamışlar.
Azərbaycanın
Misirdəki səfirliyinin müşaviri Rafael Bağırov jurnalistlərə bildirmişdir ki, Misirdə
yaranmış gərgin şəraitlə əlaqədar Prezident İlham
Əliyevin təlimatı əsasında avqustun
18-də xüsusi təyyarə Azərbaycan
vətəndaşlarının Misirdən təxliyə
olunması üçün Qahirə
şəhərinə gəlmişdir.
Ölkədə
fövqəladə vəziyyət rejiminin
olduğunu bildirən Rafael
Bağırov demişdir ki,
axşam saat 19:00-dan səhər
saat 6:00-dək komendant
saatıdır. Buna baxmayaraq,
biz çətinliklə də olsa, vətəndaşlarımızı
aeroporta yığa bildik.
Şükürlər olsun ki, sağ-salamat gəlib
ölkəmizə çatdıq. Bakıya gələn təyyarədə
ümumilikdə 48 Azərbaycan vətəndaşı
vardır.
O demişdir ki, səfirlik
hazırda Qahirədə fəaliyyətini davam
etdirir. Səfirlikdə "qaynar xətt" telefonları da
elan olunmuşdur və
açıqdır. Azərbaycan vətəndaşlarından orada qalanlar vardır.
Misirdə qalan digər vətəndaşlarımızın
da hissə-hissə gətirilməsi nəzərdə
tutulmuşdur. Həmin vətəndaşlar
səfirliyə müraciət etdikcə onların da ölkədən
çıxarılmasına yardım göstəriləcəkdir.
Müşavir
vurğulamışdır ki, vətəndaşlarımızın
böyük əksəriyyəti yay mövsümü olduğu üçün
artıq Azərbaycana dönmüşdür.
Misirdə qalan vətəndaşlarımızın
bir qismi isə bu ölkə vətəndaşları ilə
nikahları olanlardır.
Misirdən təxliyə
olunanlar onlara göstərilən
diqqət və qayğıya, eləcə də görülən
təhlükəsizlik tədbirlərinə görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını
bildirmişlər.
Azərbaycan. - 2013.- 20 avqust.- S. 1.