Sumqayıt Cənubi
Qafqazın ən güclü sənaye mərkəzlərindən
birinə çevrilir
Dünyanın
hansı qütbündə yerləşməsindən, mövcud iqtisadi
potensialından asılı olmayaraq, hər
bir dövlətin inkişaf
səviyyəsini müəyyən edən ən
başlıca meyarlardan biri
də məhz lider amilidir.
Milli lider fenomeninin müəyyən etdiyi
inkişaf strategiyası ölkənin
potensialını hərəkətə gətirir, bu potensialın realizə edilməsi üçün zəruri əsasları, prioritet istiqamətləri müəyyənləşdirir.
Xalqımızın ümummilli
lideri Heydər Əliyev də məhz belə
fenomen rəhbərlərdən biri olaraq Azərbaycanın
demokratik tərəqqisi üçün
zəruri inkişaf kursunu
irəli sürmüş, bu
kursun alternativsizliyini real addımlar, əməli nəticələrlə
sübuta yetirmişdir.
Özəl
sektora mükəmməl dövlət dəstəyi
Ulu öndər
Heydər Əliyev XX əsr Azərbaycan tarixində təkcə milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş
lider kimi yox, həm də
yaratdığı dövlətin
möhkəmliyini, dayanıqlığını
təmin edən, onun hərtərəfli inkişafı üçün
iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər kimi xalqın qəlbində yaşayır. Xalqın təkidli tələbi və istəyi ilə 1993-cü ilin iyununda Bakıya qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyət
və böyük bacarıqla Azərbaycanın
başı üstünü
almış vətəndaş
müharibəsi alovunu
söndürmüş, ölkədə
baş alıb gedən qanunsuz silahlı dəstələrin
zərərsizləşdirilməsinə,
ictimai-siyasi sabitliyin
tam bərpasına, qanunçuluğun
və hüquq qaydalarının möhkəmləndirilməsinə,
cəbhə bölgəsində
atəşkəs rejiminə
nail olmuş, habelə
demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını
irəli sürmüşdür.
Həmin
dövrdə bir ictimai-iqtisadi
formasiyadan digərinə keçid
dövrünü yaşayan
Azərbaycanın hansı iqtisadi modelə
üstünlük verəcəyi ilə
bağlı çoxlu fikirlər, təkliflər
irəli sürülsə də, böyük
strateq Heydər Əliyev hansısa
dövlətin təcrübəsinin olduğu kimi milli
iqtisadiyyata köçürülməsini
düzgün saymamışdır. Ümummilli lider demokratik həyat tərzinin diktə etdiyi gerçəklik kimi
bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın
yeni dövr üçün inkişaf
prioritetlərini müəyyənləşdirmiş və onu əsaslandırmışdır. Bu zaman
Heydər Əliyev respublikanın özünəməxsus cəhətlərini,
coğrafi-siyasi mövqeyini,
təbii ehtiyatlarını, intellektual və
insan resurslarını ciddiliklə nəzərə
almış, vətəndaşların sosial
mənafeyini əsas götürərək bazar
iqtisadiyyatının prinsiplərinin mərhələlərlə
tətbiqi zərurətini önə
çəkmişdir. 1995-ci ildə ulu
öndərin rəhbərliyi altında hazırlanaraq qəbul
edilmiş müstəqil Azərbaycanın
Konstitusiyası respublikanın gələcək iqtisadi inkişaf
strategiyası üçün fundamental hüquqi baza rolunu oynamış, burada vətəndaşların azad sahibkarlıq, mülkiyyət, mənzil
toxunulmazlığı, eləcə də sosial təminat hüquqları birmənalı
təsbit olunmuşdur.
Ümumiyyətlə,
Heydər Əliyevin böyük
müdrikliklə müəyyənləşdirdiyi iqtisadi inkişaf
strategiyasının əsasının üç
mərhələdə həyata keçirilməsi nəzərdə
tutulan islahatlar təşkil
etmişdir: birinci mərhələdə
güclü dövlət tənzimlənməsi
ilə böhrandan çıxmaq, ikinci
mərhələdə iqtisadiyyatın sabitliyini
təmin etmək, üçüncü mərhələdə
isə iqtisadi dirçəlişə nail olmaq. Hər
bir mərhələyə uyğun
həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildə
respublika iqtisadiyyatında sabitlik
təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda
müsbət meyillər özünü
göstərməyə başlamışdır. 1996-cı
ildə ümumi daxili
məhsulun artım sürəti 1,3, 1997-ci ildə 5,8,
1998-2003-cü illərdə isə orta hesabla 10 faiz təşkil etmişdir.
İqtisadi
islahatların ardıcıl və sistemli
şəkildə aparılmasının tərəfdarı kimi çıxış edən Heydər
Əliyev yeni mərhələdə, ilk növbədə, dövlət mülkiyyəninin
özəlləşdirilməsi vacibliyini
önə çəkmiş, bu proses keçid dövrünün bəzi xırda
çatışmazlıqlarına rəğmən, uğurla başa
çatdırılmışdır. Ümummilli
lider yaxşı başa
düşürdü ki,
dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi
sərbəst bazar rəqabəti prinsiplərinin,
xüsusi mülkiyyətçiliyin bərqərar
olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi
sisteminə inteqrasiyası, insanların şüurunda,
həyat tərzində əsaslı dəyişişiklik deməkdir.
Ölkədə həyata keçirilmiş
özəlləşdirmə prosesinin məqsədi
də məhz hər bir vətəndaşın
iqtisadi islahatlarda
şəxsi marağını təmin etmək, əhalinin həyat
səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün
şərait yaratmaq olmuşdur.
Ümummilli lider respublika
iqtisadiyyatının keyfiyyətcə yeni
mərhələsində məhz özəl sektoru
sosial-iqtisadi inkişafın başlıca
təminatçısı kimi dəyərləndirmiş,
güclü sahibkarlar
təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki
mövqelərinin güclənməsinə çalışmışdır. 1997-2002-ci
illərdə respublikada
sahibkarlığın inkişafı üçün
zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan
qaldırılması üçün
mükəmməl qanunvericilik bazası
formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul
olanların hərtərəfli stimullaşdırılması
məsələsi diqqət mərkəzində
saxlanılmışdır.
Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün
sonrakı mərhələdə "Azərbaycan
Respublikasında kiçik
sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan
Respublikasının Qanununa bir sıra mütərəqqi dəyişiklik
və əlavələr edilmiş,
"Haqsız rəqabət
haqqında", "İnvestisiyaların qorunması
haqqında", "İstehlak bazarı
haqqında" və digər zəruri qanunlar
qəbul edilmişdir. Bu qanunlar
yerli və xarici
sahibkarların təhlükəsiz və xüsusi
risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən
verilən hüquqi təminatı daha da gücləndirmiş,
investisiyaların qarşılıqlı təşviqinə və
qorunmasına əsaslı zəmin
formalaşdırmışdır.
Ümummilli lider Heydər Əliyev daim
iş adamlarının mənəvi hamisi kimi
çıxış edərək mövcud
problemlərin aşkarlanması məqsədilə dövlət-sahibkar
dialoqunun genişləndirilməsində də
maraqlı olmuşdur. 2002-ci il 10 və 25 aprel tarixlərdə
yerli və xarici sahibkarlarla görüşən ulu öndər onları üzləşdiyi problemlər
barədə açıq danışmağa dəvət etmiş, yaxından dinləmiş, mövcud problemlərin aradan
qaldırılması üçün
aidiyyəti dövlət qurumlarına zəruri
tapşırıq və tövsiyələrini vermişdir. Həmin
görüşlərin nəticəsi olaraq
imzalanmış bir sıra vacib fərmanlar sahibkarlığın dəstəklənməsi
və ölkədə investisiya mühitinin daha da təkmilləşdirilməsi
baxımından keyfiyyətcə yeni mərhələnin
təməlini qoymuşdur.
Siyasətdə
və dövlət idarəçiliyində mütərəqqi
ənənələrin qorunub
saxlanılması hər bir xalqın sabit və davamlı inkişafı
baxımından vacib əhəmiyyət
daşıyır. Ümummilli lider Heydər Əliyev böyük
müdrikliklə müəyyənləşdirdiyi milli inkişaf kursunu özündən sonra inamla
davam etdirə biləcək layiqli siyasi varis yetişdirmiş lider kimi xalqının qəlbində
yaşayır. Ötən 10 ildə ölkəyə inamla rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyev
çoxşaxəli fəaliyyəti ilə ona
bəslənilən ümidləri tam doğrultmuş, cəmiyyətin bütün gözləntilərini
gerçəkləşdirməyə çalışmaqla, hər
bir fərdin marağına cavab verən qətiyyətli qərarlar qəbul
etmişdir. Həyata
keçirilən uğurlu sosial-iqtisadi
siyasət nəticəsində son 10 ildə
Azərbaycan iqtisadiyyatı yüksək dinamizmlə inkişaf etmiş,
xalqın mənafeyinə cavab verən bir sıra qlobal layihələr
uğurla gerçəkləşdirilmiş,
infrastrukturun müasirləşdirilməsi,
biznes mühitinin daha da
sağlamlaşdırılması, iş
adamlarının dəstəklənməsi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.
Sahibkarlığın inkişafı iqtisadi modernləşmənin
vacib şərtidir
Prezident İlham Əliyevin ötən müddətdə sahibkarlığın
inkişafı istiqamətində
həyata keçirdiyi
tədbirlər ardıcıllığı,
səmərəliliyi və
sistemliliyi ilə diqqəti cəlb etmişdir. Hələ
2004-cü il 1 fevral
tarixdə Bakı Biznes Mərkəzində
yerli sahibkarlarla
görüşən dövlət başçısı
onları narahat edən məsələləri
diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini,
iş adamlarına gələcəkdə
də lazımi köməyi göstərəcəyini bəyan etmişdir.
Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin
yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə
müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla
müşayiət olunmuşdur. Antiinhisar fəaliyyətinin
gücləndirilməsi, inflyasiyanın
qarşısının alınması üçün
əsaslı tədbirlərin görülməsi, qeydiyyat sisteminin sadələşdirilməsi,
yerlərdə regional iqtisad
məhkəmələrinin yaradılması və s. tədbirlər bunun əyani
təcəssümüdür. Dövlət
başçısı iqtisadiyyatın
liberallaşdırılması, bazarın inhisardan,
haqsız rəqabətdən azad
olunması, özəl sektorun dəstəklənməsi,
sahibkarlara güzəştli kreditlərin
verilməsi sahəsində ciddi
addımlar atmış, verdiyi bütün vədlərə sadiqlik
nümayiş etdirmişdir.
Cənab
İlham Əliyevin 2009-cu il
14 aprel tarixli "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı", Korrupsiyaya qarşı
mübarizə üzrə Dövlət Proqramı
(2004-2006-cı illər), "Sahibkarlığa dövlət
maliyyə dəstəyinin göstərilməsi sahəsində
əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi
qaydalarının təkmilləşdirilməsi
haqqında", "Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların
yaradılması haqqında", "Azərbaycan
Respublikasında sahibkarlığın inkişafı ilə
bağlı bəzi tədbirlər haqqında" və
s. fərman və sərəncamlar, qanunlar, dövlət proqramları
sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını
stimullaşdırmışdır. Respublikamızda
sahibkarlığın inkişafına mane
olan süni maneələrin
aradan qaldırılması istiqamətindəki
fəaliyyətinin ardıcıl və davamlı səciyyə
daşıdığını Prezident İlham Əliyevin 2007-ci il
30 aprel tarixdə imzaladığı
"Azərbaycan respublikasında sahibkarlığın
inkişafı ilə bağlı bəzi tədbirlər haqqında"
fərman bir daha təsdiqləmişdir.
Bu fərmanla indiyə qədər
çoxpilləli biznesə başlamaq sahəsində
mövcud problemlər həllini
tapmış, o cümlədən
süründürməçilik halları, bürokratik
əngəllər aradan
qaldırılmışdır. Sərəncam əsasında vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının "bir
pəncərə" - vahid qeydiyyat orqanı tərəfindən qeydə
alınması məsələləri uğurla
tətbiq edilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi altında
həyata keçirilən iqtisadiyyatın şaxələndirməsi
tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da
yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam edir və onun real artım tempi neft sənayesinin artım tempini
üstələmişdir.
2013-ci ilin yanvar-may
aylarında qeyri-neft sənayesinin 11 faizlik artım tempi bunu bir daha
təsdiqləyir. Sevindirici haldır ki, qeyri-neft sektorunun inkişafında və bu sahədə istehsal olunan məhsulların həm kəmiyyət, həm
də keyfiyyət etibarilə yüksəlişində sahibkarlar daha böyük rol oynamağa başlayırlar. Bütün bunlar
faktiki olaraq Azərbaycan
Prezidentinin ölkədə biznes mühitinin daha da
yaxşılaşdırılması, bu
sahəyə dövlət dəstəyi tədbirlərinin
genişləndirilməsi, iqtisadiyyata yerli və xarici
investisiyaların, müasir
texnologiyaların, idarəetmə təcrübəsinin cəlb
edilməsi, bu yolla yüksək
keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi istiqamətində həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.
Prezident İlham Əliyev regionların sosial-iqtisadi
inkişafına dair Dövlət
Proqramının icrasının dördüncü
ilinin yekunlarına həsr olunmuş
konfransda sahibkarlığın
inkişafının dövlət üçün
prioritet məsələ olduğunu
bir daha vurğulayaraq iş
adamlarının fəaliyyətinə qanunsuz
müdaxilə hallarının
yolverilməzliyini önə çəkmişdir. "Mən
daim sahibkarlarla
görüşürəm, həm Bakıda, həm bölgələrdə
açılışını etdiyim
müəssisələrin sayı bəlkə də indi yüzlərlə, minlərlə ölçülür. Ancaq
hər bir yerdə yerli
icra orqanlarının rəhbərləri,
icra başçıları, vəzifəli
şəxslər sahibkarlara kömək
göstərməlidirlər. Onların fəaliyyətinə
dəstək verməlidirlər, onları incitməməlidirlər,
onların işinə müdaxilə etməməlidirlər",
- deyən Prezident İlham
Əliyevin bu qətiyyətli mövqeyindən
sonra sahibkarların qanuni
mənafelərinin qorunması, onların fəaliyyətinə
müdaxilələrin qarşısının alınması
istiqamətində tədbirlər bir qədər
də gücləndirilmişdir.
"Sahibkarlıq
sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında" qanunun Milli
Məclisdə qəbulu bunu bir daha təsdiqləyir.
10 fəsil, 38
maddədən ibarət layihədə sahibkarların risk qrupları üzrə bölgüsü
aparılmış və bu bölğünün nəticəsindən
asılı olaraq yoxlamaların
aparılması tezliyi müəyyən edilmişdir. Sənədə əsasən,
yüksək risk qrupuna
aid sahibkarların fəaliyyəti ildə
bir dəfədən çox
olmayaraq, orta risk qrupuna aid
olanlar iki ildə bir dəfədən çox
olmayaraq, kiçik risk qrupuna aid
sahibkarlar isə üç
ildə bir dəfədən çox olmayaraq
yoxlanacaqdır. Plan üzrə
yoxlamanın müddəti orta və kiçik sahibkarlara
münasibətdə 5 iş günündən,
iri sahibkarlara
münasibətdə isə 10 iş
günündən artıq olmamaqla
aparılacaqdır. Plandankənar yoxlama isə
müvafiq olaraq iri sahibkarlara münasibətdə
5 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə 3 iş günündən artıq
olmamalıdır.
Göründüyü kimi,
belə bir qanunun qəbulu
ilə sahibkarlıq subyektlərində aparılan
yoxlamaların vahid qaydaları müəyyənləşdirilmişdir.
Məqsəd sahibkarlıq subyektlərində çoxsaylı
yoxlamaları azaltmaq, qanunsuz
müdaxilələri aradan
qaldırmaqdır. Yeni qanunda
bir sahibkarın bir
neçə qurum tərəfindən
yoxlanmasının qarşısını almaq
üçün vahid
məlumat reyestrinin yaradılması da nəzərdə tutulmuşdur.
Qanun sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə hallarının qarşısının
alınmasına, bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsinə,
habelə institusional-təşkilati tədbirlərin həyata
keçirilməsinə hesablanmışdır. Sənəd dövlət
başçısının 2010-cu il aprelin 13-də imzaladığı
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların nizama salınması və
istehlakçıların hüquqlarının
qorunmasının təmin edilməsinə dair
bəzi tədbirlər haqqında" fərmanda əksini
tapmış məqsədlərin reallaşdırılması
baxımından da yeni
imkanlar açır.
Qanuna görə, plandankənar
(növbədənkənar) yoxlamalar
yoxlayıcı orqanın istəyi ilə deyil,
məhz konkret qanunun tələb
etdiyi hallarda
keçirilə bilər. Bu cür yoxlamalar
yalnız sonuncu yoxlama
nəticəsində aşkar edilmiş pozuntuların aradan
qaldırılmasına dair qərar yerinə
yetirilmədikdə, sahibkarın fəaliyyətinin məhdudlaşdırılması
barədə qərarın icra vəziyyətinin
yoxlanılmasına ehtiyac yarandıqda və
konkret faktlara əsaslanan
rəsmi müraciətlər olduqda,
habelə sahibkar plandankənar
yoxlamanın keçirilməsi barədə yoxlayıcı orqana müraciət etdikdə həyata
keçirilə bilər.
Ümumilikdə
hesab edirik ki, belə bir qanunun qəbulu Azərbaycanda
sahibkarlığın inkişafına ölkə
başçısı səviyyəsində diqqət və
qayğının qabarıq təzahürüdür.
"Yeni Sumqayıt" - arzuların gerçəyə
çevrildiyi məkan
Son 10 ildə
sahibkarlığın, qeyri-neft sektorunun dinamik
inkişafı, ümumilikdə regionların malik
olduğu tarixi məşğulluq
ənənələrinin bərpası istiqamətində
atılan addımlar paytaxtla yanaşı,
iri şəhər və rayonların da yüksəlişini təmin etmişdir. Respublikamızın ən
böyük sənaye şəhərlərindən
biri olan
Sumqayıtın timsalında bu inkişaf və yüksəlişi, mənəvi
tərəqqini daha qabarıq görmək
olur. İndi Bakı
şəhəri ilə yarışa girən Sumqayıtın
inkişaf göstəriciləri burada əksər standartların paytaxtla uyğunlaşdırılmasına yol açır.
Ölkə
başçısı 2011-ci ilin dekabrında
Sumqayıta səfəri zamanı şəhərin sənaye
potensialının bərpasını qarşıda mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir:
"Sumqayıt ölkəmizin sənaye mərkəzinə
çevrilməlidir. Bunu etmək üçün də imkanlar
vardır. Yenə də deyirəm, Sumqayıt sənaye şəhəri,
kimyaçılar şəhəri kimi
yaranmışdır. Ancaq indi
Sumqayıt gərək müasir sənaye
şəhəri kimi inkişaf
etsin. Bunun üçün bizim konkret planlarımız vardır. Birinci növbədə, hər bir şəhərin sənaye
potensialının inkişafı üçün
vacib olan infrastruktur layihələri icra
edilməlidir. Onların bir hissəsi
reallaşıb. Bir müddət bundan əvvəl böyük
elektrik stansiyası tikilmişdir.
İndi elektriklə problem
tamamilə yoxdur və o
stansiyanın gücü gələcəyə
də hesablanıbdır".
Təqdirəlayiq
haldır ki, Sumqayıtın
inkişafı konkret sahə üzrə məhdudlaşmayaraq
çoxcəhətli xarakterə malikdir.
Həmçinin şəhər rəhbərliyinin düzgün, məqsədyönlü və səmərəli
idarəçiliyi, dəstəyi nəticəsində
Sumqayıtın inkişafında hərtərəfli modernləşmə
təmin olunur. Son illər
şəhərdə sənaye obyektlərinin yenidən qurulması
və modernləşdirilməsi işinə xüsusi
diqqət yetirilir. Eyni
zamanda, sənaye potensialının
inkişafı üçün vacib olan infrastruktur
layihələrinin icrası diqqət mərkəzində
saxlanılır. Bütün bunlar isə öz
növbəsində şəhərdə
sahibkarlığın inkişafını daha
da sürətləndirir. Əldə olunmuş yüksək inkişaf
statistik rəqəmlərdə bir daha dolğun
ifadəsini tapır. Ümumi məhsul
buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə
20,7 faiz artmışdır. Məhsul
istehsalının 72 faizi özəl sektorun payına düşür.
Şəhərdə iqtisadiyyatın müxtəlif sahələrində
çalışan işçilərin orta
aylıq əməkhaqqı 470 manat olmuşdur.
Şəhərin
kimya və neft-kimya
müəssisələrində ardıcıl şəkildə
həyata keçirilən səmərəli müasirləşdirmə
tədbirləri istehsalat nailiyyətlərində
də özünü qabarıq şəkildə
büruzə verir. Artıq kimya müəssisələrinin istehsalat göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən
çox artmışdır.
Ölkə
başçısının 2011-ci il 21 dekabr tarixli sərəncamı
ilə Sumqayıtın sənaye zonasında Kimya
Sənaye Parkının yaradılması günümüzün
ən aktual layihələrindən biridir. Yeni müəssisənin inşası ilə ölkə
sənayesinin özəl sektorunun, kiçik və orta biznesin inkişafına, nəticə etibarilə
müasir texnologiyalar əsasında
rəqabətqabiliyyətli sənaye məhsulları
istehsalına, əhalinin yeni iş yerləri ilə təmin edilməsinə
nail olunacaqdır. Magistral və dəmiryol xətlərinin
Sumqayıt Kimya Sənaye Parkına
yaxın olması, bu şəhərcikdə
yerləşəcək emal müəssisələrinin
müasir və dünya
standartlarına cavab verən texnoloji avadanlıqlarla, xammal
və yarımfabrikat məhsullarla təmin edilməklə son məhsulun istehsalına bilavasitə Azərbaycanda
nail olunması iqtisadiyyatın daha da inkişaf
etməsi üçün yeni
və əlverişli perspektivlər açır.
Azərbaycan
Prezidentinin 2012-ci il 5 noyabr tarixli fərmanı
ilə informasiya və kommunikasiya
texnologiyaları, kosmos, enerji
səmərəliliyi sahələrində tədqiqatların
aparılması, yeni və yüksək
texnologiyaların hazırlanması üçün
zəruri infrastrukturu, maddi-texniki
bazası və idarəetmə qurumları olan
Yüksək Texnologiyalar Parkının
yaradılması istiqamətində müəyyən olunmuş
tədbirlər davam etdirilir.
Bundan başqa, şəhərdə "Azərboru"
ASC-də boru istehsal fəaliyyəti
genişləndirilməsi istiqamətində bir
sıra işlər həyata keçirilmiş,
müəssisədə işləyənlərin sayı
ötən ilin müvafiq
dövrü ilə müqayisədə
artmışdır. Şəhərin iri yüngül sənaye müəssisələrindən
olan "İntertextil"
ASC-də pambıq iplik və trikotaj məhsullar istehsalı davam
etdirilmiş, işin
həcmi əvvəlki illərlə müqayisədə
artmışdır. Hazırda müəssisədə işləyənlərin
sayı 400 nəfərdən çoxdur və
onların əksəriyyətini qadınlar təşkil edir.
Azərbaycan Prezidenti İlham
Əliyevin diqqət və qayğısı sayəsində
Sumqayıtda elektroenergetika sahəsində
yeni infrastruktur layihələrinin
həyata keçirilməsi də diqqətdə
saxlanılır. Sumqayıt Texnologiyalar
Parkında respublika üçün
mühüm əhəmiyyət kəsb edən
və ixrac potensialına malik
elektroenergetika və maşınqayırma
sənayesi məhsulları istehsalının həcmi
genişlənir. Texnologiyalar Parkında respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o
cümlədən müxtəlif tip kabellər,
transformatorlar, yüksək gərginlikli
avadanlıqlar, hidroturbinlər, su
nasosları, elektrik mühərrikləri,
borular, texniki qazlar istehsal edilir. Texnologiyalar Parkı yüzlərlə iş
yerinin açılmasına şərait yaratmaqla yanaşı, ölkə və
Sumqayıt şəhərinin iqtisadiyyatının
inkişafında mühüm rol oynayır və əhalinin sosial
həyat səviyyəsinin əhəmiyyətli dərəcədə
yaxşılaşdırılmasına kömək edir.
Hazırda
Sumqayıt Texnologiyalar parkında metal konstruksiyaların hazırlanması və
quraşdırılması, bioloji təmizləmə
qurğusunun inşası yekunlaşmaq
ərəfəsindədir. Kabel zavodunun ikinci mərhələsinin,
Alüminium və mis
profillərin istehsalı, Sendviç
panelləri istehsalı, Transformatorların istehsalı
zavodlarının inşası davam etdirilir. Texnoparkda səmərəli
texnologiyaların istehsalı üzrə binaların
işıqlandırılması üçün
LED lampaların və akkumulyator
batareyalarının istehsalı sahələrinin tikintisi başa
çatdırılmışdır.
Sənayeləşmə
istiqamətində həyata keçirilən tədbirlərin
nəticəsi kimi 2013-cü ilin birinci yarısında
şəhərdə 1900 yeni iş yeri
açılmışdır. Möhtərəm
Prezident Sumqayıta, onun
əməksevər adamlarına daim xüsusi qayğı göstərir, şəhərin
inkişaf perspektivlərini diqqət mərkəzində
saxlayır, abadlaşdırma, yenidənqurma,
yaşıllaşdırma işlərinə lazım olan vəsaitləri əsirgəmir. Çoxmərtəbəli
binaların lift təsərrüfatının
maddi-texniki bazasının möhkəmləndirilməsi
məqsədilə 2013-cü il 3 aprel tarixli sərəncamla
Sumqayıt Şəhər İcra hakimiyyətinə
1 milyon manat vəsaitin
ayrılması da sumqayıtlılara olan yüksək diqqət və
qayğıdan xəbər verir.
Bütün bunlar
hazırda şəhər rəhbərliyinin xüsusi
diqqəti və nəzarəti altında abadlıq-quruculuq
işlərinin də geniş vüsət
almasına imkan yaratmışdır. Hazırda şəhərə dəvət olunmuş bir neçə
qrup yüksək ixtisaslı memarların
iştirakı ilə ümummilli liderin adını daşıyan "Heydər
parkı"nda "Heydər Əliyev Mərkəzi"nin və
Nəsimi adına Mədəniyyət və istirahət
parkının abadlaşdırılaraq yenidən qurulması,
ərazidə yeni yaşıllıqların salınması, dekorativ kol və bitkilərin
əkilməsi məqsədilə müvafiq
layihələrin icrası yekunlaşır. Şəhərdə
yenidənqurma və abadlıq işlərinin davam
etdirilməsi məqsədilə mərkəzi küçələrin
və prospektlərin simasının müasir
dövrün tələblərinə uyğun dəyişdirilməsi,
yaşıllaşdırılması, sıxlıq yaratmaqla günün tələblərinə
cavab verməyən, şəhərin estetik görünüşünə xələl
gətirən müxtəlif ölçülü
köşk və quraşdırma obyektlərinin
digər ərazilərə köçürülməsi,
bardür və işıq
sütunlarının yenidən qurulması, binaların dam örtüklərinin və fasad
hissələrinin təmiri işləri aparılır.
Hazırda şəhərin H.Əliyev, Koroğlu
prospektləri, N.Nərimanov və 20 Yanvar
küçələri böyük tikinti meydanını xatırladır.
Görülən işlərin isə bir
məqsədi var: ölkə
başçısının irəli sürdüyü
"Yeni Sumqayıt" layihəsinin ən
qısa zamanda gerçəkləşdirilməsinə
nail olmaq!
Bir sözlə, Azərbaycanın
dinamik inkişafının əsas
ünvanlarından birinə çevrilən Sumqayıt bu gün sürətli intibah dövrünü
yaşayır. Abadlıq və quruculuq
işlərinin daha geniş
vüsət aldığı gənclər şəhəri
simasını günü-gündən gözəlləşdirir,
təkcə daimi sakinlərinin yox, şəhərə gələn
qonaqların xatirəsində də silinməz izlər
buraxır. Möhtərəm Prezident İlham
Əliyevin diqqət və qayğısı ilə həyata
keçirilən tədbirlər qarşıdakı dövr ərzində Sumqayıtda daha böyük xarüqələrin
yaradılacağına, "gənclər şəhəri"nin
təkcə Azərbaycanın yox, regionun ən gözəl şəhərlərindən
birinə çevriləcəyinə şübhə yeri qoymur.
Aslan
MANAFOV
Azərbaycan. - 2013.- 20 avqust.- S. 2.