«ECO CHRONICLE»
jurnalında ingilis dilində «Azərbaycan-İran
iqtisadi münasibətlərində mövcud vəziyyət: imkanlar
və perspektivlər» sərlövhəli geniş
məqalə dərc edilmişdir
Azərbaycan
Dövlət Teleqraf Agentliyinin
(AzərTAc) İrandakı xüsusi müxbiri Sabir Şahtaxtı
"ECO CHRONICLE" jurnalında ingilis
dilində "Azərbaycan-İran iqtisadi
münasibətlərində mövcud vəziyyət:
imkanlar və perspektivlər" sərlövhəli
geniş məqalə ilə
çıxış etmişdir.
AzərTAc
xəbər verir ki, məqalədə
Azərbaycan ilə İran arasında diplomatik əlaqələrin tarixindən, Azərbaycan-İran
münasibətlərinin keyfiyyət mərhələlərindən,
iki ölkə arasındakı iqtisadi layihələrin
əhəmiyyətindən və digər mühüm
məqamlardan bəhs olunur. Müəllif Azərbaycan-İran
münasibətlərinin möhkəmləndirilməsində,
dostluq əlaqələrinin yaranmasında
və inkişafında ümummilli lider Heydər Əliyevin tarixi
xidmətlərindən söz
açır. Qeyd edilir
ki, ulu öndər tərəfindən
müəyyən edilən xarici siyasət
kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
Azərbaycan-İran münasibətlərində də inkişaf tendensiyasını əzmlə qoruyub saxlayır.
Məqalədə,
həmçinin Azərbaycanın müasir
inkişaf istiqamətləri, ölkədə
həyata keçirilən quruculuq işləri,
əhalinin rifahının
yaxşılaşdırılması sahəsində
görülən tədbirlər, yeni infrastruktur layihələrinin əhəmiyyəti
də öz əksini tapmışdır. Müəllif
İqtisadi Əməkdaşlıq Təşkilatının
həyata keçirdiyi beynəlxalq layihələrdə
Azərbaycan Respublikasının aparıcı tərəf olduğunu vurğulayaraq qeyd edir ki,
Azərbaycanda infrastrukturun beynəlxalq standartlara uyğun
qurulması 2010-cu ilin sentyabrında Tehran-İslamabad marşrutu
üzrə yola çıxan avtomobil karvanının Astara-Bakı-Biləsuvar-Təbriz-Culfa-Sədərək
trayektoriyası ilə hərəkət etməsinə səbəb
olmuşdur.
Məqalədə
təcavüzkar Ermənistanın
işğalçılıq siyasəti nəticəsində
Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasının ağır nəticələri,
Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə
və Azərbaycanın ərazi bütövlüyünün
dəstəklənməsində
İranın rəsmi mövqeyi də oxucuların diqqətinə
çatdırılır.
Tarixi faktlara, Azərbaycanın İrandakı səfirliyindən
əldə edilmiş rəsmi sənədlərə,
habelə AzərTAc vasitəsilə müxtəlif dövrlərdə
yayılmış informasiyalara əsaslanan
məqalə ingilisdilli oxucular
və tədqiqatçılar üçün
əhəmiyyətli mənbədir.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq
Təşkilatının aylıq nəşri olan
"ECO CHRONICLE" jurnalının tirajı beş
min nüsxədir. Əsasən Tehranda fəaliyyət göstərən diplomatik korpus və
ölkənin iqtisadi-siyasi elitası
arasında yayımlanan jurnal
dünyanın 25-ə yaxın ölkəsinə çatdırılır.
Azərbaycan. - 2013.- 20 avqust.- S. 3.