Azərbaycanlı
olmağın fəxarəti
Bakıda
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasına üzv ölkələrin diaspor təşkilatları
rəhbərlərinin I Forumu işini başa
çatdırdı. Forum belə bir həqiqəti bir daha təsdiq
etdi ki, türkdilli cümhuriyyətlər arasında hərtərəfli
əlaqələr,
əməkdaşlıq münasibətləri
günü-gündən güclənməyə
başlayıb. Artıq türkdilli ölkələrin
beynəlxalq səviyyədə tanıdılması,
onların qarşılaşdıqları problemlərin həlli
istiqamətində siyasi və qeyri-hökumət qurumları
ilə yanaşı, ayrı-ayrı ölkələrdə fəaliyyət
göstərən diaspor təşkilatlarının da rolu
get-gedə artmaqdadır. Toplantıda iştirak edən nümayəndələrin əksəriyyəti
Azərbaycan, Türkiyə, qazax və qırğız diaspor
təşkilatlarının rəhbərləri və təmsilçiləri
idi. Ona görə forumun işində həmçinin
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və
Türkiyənin dövlət və hökumət nümayəndələri,
qeyri-hökumət təşkilatlarının, elm və mədəniyyət
qurumlarının təmsilçiləri də qonaq qismində
iştirak edirdilər.
Toplantıda türkdilli ölkələrin
diaspor təşkilatları arasında əməkdaşlığın
istiqamətləri, bu il mayın 14-də
Ankarada imzalanmış "Türkdilli ölkələrin
diaspor təşkilatlarının ortaq fəaliyyət
strategiyası"nın həyata keçirilməsi məsələləri,
türk dünyasının problemlərinin həlli sahəsində
birgə fəaliyyət perspektivləri müzakirə edilərək
qərarlar qəbul edildii, fikir mübadiləsi
aparıldı. Toplantıda
iştirak edən, doğma yurdun problemləri,
qayğıları ilə yaşayan 556 nümayəndənin
hərəsi bir ölkədən idi, hər birinin öz taleyi, öz qisməti
vardı və dünyanın harasında olmasından, harada
yaşamasından asılı olmayaraq onları öz evinə,
kökünə çəkən hisslər nəinki
azalır, əksinə, dünyanın yeni düzənində
daha da artaraq güclənir. Aralarında müxtəlif ölkələrə səpələnən
azərbaycanlıların sayı az deyil və onları bir
araya gətirən vətən sevgisidir.
Məhz
belələrinin səyi nəticəsində son illər
dünyanın hər yerində Azərbaycanla bağlı
silsilə tədbirlər həyata keçirilir, ölkəmizin
bənzərsiz mədəniyyəti, tarixi insanlara təqdim
olunur, Qarabağ faciələrindən, Xocalı dərdindən, millətimizin ağrı-acılarından daha tez-tez söhbət
açılır.
Münəvvər Vahabova Şəkidəndir.
1992-ci ildə Slavyan Universitetini bitirib. Bir
neçə il Bakıda orta məktəbdə
çalışıb. Qardaşı Nəsib Kaşiyev
Qarabağ savaşında Şuşada həlak olan ilk şəhidlərdəndir:
"Qardaşımın dostu yaralı halda xəstəxanada
yatırdı, anam dedi ki, get onu tap. Gör Nəsibin
son sözü nə olub? Çətinliklə
axtarıb tapdım. Dostu dedi ki, qardaşım çox
qan itirdiyindən huşu özündə olmayıb, tez rəhmətə
gedib və son sözünü deyə bilməyib.
2007-ci ildən ailəsilə birlikdə
ABŞ-da yaşayan Münəvvər Vahabova orada yenidən təhsil
alıb, bizim sözlə desək, ibtidai sinif müəllimidir.
İctimai-siyasi həyatda fəallığı
ilə seçilən Münəvvər xanım Əli Nəsibovun
rəhbərlik etdiyi "Ana" (Azərbaycan Nyu-York
Assosiasiyası) cəmiyyətinin üzvüdür. O, həm
də cəmiyyətin nəzdində fəaliyyət göstərən
həftəsonu məktəbində Azərbaycan dili, tarixi ilə
əlaqədar fənləri həvəslə
balalarımıza öyrətməklə məşğuldur:
"Mənim 11 yaşlı qızım Nərmin də həmin
uşaqların arasındadır. Oğlum
Anarın artıq 19 yaşı var. Bizim səhərimiz onun Azərbaycanla
bağlı xəbərlərilə açılır.
"Azerbaijan revyu" ("Azərbaycana
baxış") adlı qəzet də nəşr olunur,
"Radio türküm"də 2 saatlıq Azərbaycana dair
məlumatlarla çıxış edirik".
Çətinlik hər yerdə var,
xüsusilə yeni mühacirlər üçün.
Həyat yoldaşı Mirhüseynlə qəribçiliyi
uşaqlarına, anasına hiss etdirməməyə
çalışır. O, uşaqlarının
"amerikalı" olmasını istəmir. İzahı isə
çox sadədir: "Amerikalı olmaq bizdən fərqli
olaraq soyuq (soyuqqanlı yox) və həddən artıq sərbəstlik
deməkdir. Biz bunu istəmirik. Ona görə
yeni bir cəmiyyət yaratmışıq: Nyu-York Azərbaycanlı
Amerikan Qadınlar Cəmiyyəti. O cəmiyyətin xəttilə
müxtəlif tədbirlər həyata keçirirk. Bu yaxınlarda 1 iyun Uşaqlar və 15 iyun Qurtuluş
günləri münasibətilə tədbirlər
keçirdik. Həmyerlimiz, uzun müddətdir
ABŞ-da yaşayan əməkdar rəssam İsmayıl Məmmədov
uşaqlarımızla rəsm yarışması apardı.
Hamının ürəyincə oldu. Biz yaxşı bilirik ki, diasporun gücü vətənə
xidmətə bağlıdır. Ona
görə qürbətdə vətənlə bağlı
bütün irili-xırdalı tədbirlərdə
yaxından, ürəklə iştirak edirik".
Yaşar Musayev Almaniyada yaşayır.
Azərbaycan Texniki Universitetinin (Az.TU) məzunudur.
Xeyli vaxtdır bu ölkədədir və burada
nanotexnologiyalar üzrə güclü mütəxəssislərdən
biri hesab olunur. Yaşar Musayev 2006-cı ildən
hər yerdə məşhur olan "Schetfier" şirkətində
çalışır. Dünyanın 70
ölkəsində müəssisələri və 75 min
işçisi olan bu şirkət sənaye yastıqları və
avtomobil hissələrinin istehsalı ilə məşğuldur.
Hamıya məlumdur ki, markasından asılı olmayaraq hər
bir avtomobil 100-dən çox "Schefier" hissəsi ilə
hərəkət edir və onların hazırlanmasında həmyerlimizin
də zəhməti az deyil. Yaşar Musayev
7 il əvvəl həmin şirkətdə
baş elmi işçi kimi fəaliyyətə
başlayıb. Hazırda o, nanotexnologiyaların
istehsalata tətbiqi məsələlərilə məşğul
olan bölməyə rəhbərlik edir. Onun
təşəbbüsü və fəal iştirakı ilə
şirkətdə Sənaye Texnikumu adlı qurum
yaradılıb və iyirmidən çox alim və mütəxəssis
burada həmyerlimizin rəhbərliyi altında elmi araşdırmalar
aparır, yeniliklərə imza atırlar. Bu ixtiralar bir
neçə tanınmış təyyarəqayırma sənayesi
müəssisəsində, "BMV", "Volkswagen",
"Toyota", "Nissan", "Hunday" kimi iri şirkətlərdə
tətbiq edilir.
Bu yaxınlarda Yaşar Musayevin
başçılıq etdiyi qurum "Bosh",
"Siemens", "Daimler" kimi məşhur şirkətlərin
də qatıldığı müsabiqənin qalibi olub.
Alim hazırda maşın və mexanizmlərdə
çox yüklənmiş hissələrin yeyilməyə
davamlılığının artırılması,
sürtünmənin azaldılması imkanlarını
araşdırır. Bu sahədə yeni
texnologiyaların tətbiqi Almaniya kimi sənayesi inkişaf
etmiş bir ölkənin büdcəsində hər il 8 faizlik artım deməkdir. Alman
dövləti onun araşdırmalarını dəyərləndirərək
müvafiq proqramlar qəbul edib.
Ölkəmizdən uzaqlarda vətənini,
xalqını ləyaqətlə təmsil edən Yaşar
Musayev, eyni zamanda, Erlangen- Nümberq Universitetində elmi
işlərə rəhbərlik edir, həmçinin
Nümberq ətrafında yaşayan azərbaycanlıları
birləşdirən "Xəzər" Təhsil və Mədəniyyət
Mərkəzinin idarə heyətinin sədridir.
Maisə Ağamirzəyeva Ağdamda doğulib. Pedaqoji
institutun Şuşa filialında təhsil
alıb. İndi kəndi, eli-obası
işğal altındadır. Arzusu tezliklə
o yerləri ziyarət etmək, əzizlərinin qəbirlərinə
baş çəkməkdir.
Maisə xanım on ildən artıqdır
ki, Hollandiyada yaşayır.
Qısa həyat hekayəsi belədir: ali məktəbi
bitirdikdən sonra bir neçə il Bakı məktəblərindən
birində müəllim kimi çalışıb. Günlərin
bir günü bir təsadüf onun və
yaxınlarının həyatını tamamilə dəyişib:
uzun illər Hollandiyada yaşayan bir türk vətəndaşı
ilə tanış olub və
yaxınlarının xeyir-duası ilə taleyini onunla
bağlayıb. Bu evlilikdən hər ikisi
razıdır. İki övladları var.
İctimai fəallığı ilə
seçilən Maisə xanım xeyli vaxtdır Hollandiyada fəaliyyət
göstərən qadın cəmiyyətinin sədridir və
nəinki Hollandiyada, eləcə də ona yaxın ölkələrdəki
diaspor təşkilatları ilə daim təmasdadır.
Xalqımızın həyatındakı
bütün əlamətdar hadisələri
yaşadıqları regionun diqqətinə çatdırmaq,
onlarda Azərbaycan gerçəklikləri barədə
obyektiv fikir formalaşdırmaq, musiqimizi, mədəniyyətimizi
təbliğ etmək onun rəhbərlik etdiyi cəmiyyətin
əsas vəzifələrindən biridir. Holland
dilini yaxşı bilməsi və yerli xalqın adət-ənənəsini,
psixologiyasını gözəl mənimsəməsi
onların işini uğurla aparmasına böyük kömək
göstərir. Bununla bağlı Maisə xanım deyir:
"Hollandlar yaxşı xalqdır. Amma bütün Avropada
olduğu kimi, burada da bir incəliyi gərək gözdən
qaçırmayasan: onlar birbaşa təbliğatdan uzaq
durmağa çalışırlar, qanlı, faciəli
kadrları izləməyi xoşlamırlar. Onlarla
danışanda gərək ehtiyatlı olasan. Biz, adətən, onları bayram tədbirlərimizə,
konsertlərə dəvət edirik, həmin tədbirlər
arasında öz sözümüzü deməyə, həqiqətləri
başa salmağa çalışırıq. Yoxsa işimiz getməz. Həm də
buradakı bütün işimizi qardaş xalqların,
xüsusilə türklərin çoxdan fəaliyyət
göstərən, artıq holland ictimaiyyəti arasında
nüfuzu olan təşkilatları ilə əlaqəli şəkildə
qururuq. Bütün xeyrimiz-şərimiz də
bir yerdədir".
Təranə Tağıyeva ailəsi ilə birlikdə
iyirmi ildən artıqdır ki, Almaniyada yaşayır. Əslən Tovuz rayonundandır. Həyat
elə gətirib ki, Almaniyaya köçməmiş uzun illər
Rusiyada yaşamalı olublar.
"Qürbətdə ən əsası
özünü, kimliyini qoruyub saxlamaqdır.
Bunun üçün birinci növbədə
dilimizi və adət-ənənəmizi qoruyub
saxlamalıyıq. Uşaqlarımız Avropanın
xoş həyatına aldanıb ana yurdu, doğmalarını
unutmamalıdır, - deyən Təranə xanım öz
uşaqlarının timaslında bunları dilə gətirir:
- Arada gördük ki,
uşaqlarımız bir-birilə almanca
danışır. Başa saldıqdan sonra hər
şey dəyişdi. İndi bütün
tədbirlərimizdə uşaqlarım hamıdan öndədirlər.
Belə demək mümkünsə, Azərbaycanla
yatıb-durur, onun bütün problemləri ilə
maraqlanır, uğurlarına sevinirlər".
Təranə xanım həddən
artıq fəaldır və bu, onun hərəkətlərində
hiss olunduğu kimi, fəaliyyətində də
özünü göstərir: "Hər il
yaşadığımız şəhərdə Xocalı
hadisələrinin ildönümünü yüksək səviyyədə
qeyd edirik. Yadımdadır, ilk vaxtlar şəhər
rəhbərliyi, polis bizim tədbirlərə ehtiyatla
yanaşırdı. Mən özüm polis rəisi ilə
görüşdüm, həqiqətləri ona başa
saldım: "Dedim, dünyanın hansı bir nöqtəsində
bir xristian ölürsə, onu öldürəni dərhal
terrorçu adlandırırsınız. Bəs Xocalıda,
Qarabağda bu qədər günahsız insan qətlə
yetirilir, evlərimiz dağıdılır, abidələrimiz,
məscidlərimiz yerlə yeksan edilir, niyə susursunuz? Bunun adı nədir?"
Təranə xanım deyir ki, artıq əksəriyyət
bu acı həqiqətləri anlayaraq qəbul edib.
Hətta şəhər polis rəisi
özü bizim bu tədbirlərə rəğbətlə
yanaşır, tez-tez bizimlə görüşür.
Arzu Oqtay uzun illərdir Finlandiyada Espoo
şəhərində yaşayır. Bakı Dövlət Universitetini bitirib. Rus və
fin dillərini əla mənimsəyib. Türk
xalqları ilə yaxın qohumluq əlaqələri olan,
öz ölkələrini Suomi - yəni sular ölkəsi
adlandıran finlərin arasında Arzu xanım və onun ailə
üzvləri özlərini çox rahat hiss edirlər.
Bu şimal ölkəsində digər ölkələrlə
müqayisədə hələlik azərbaycanlıların
sayı az olsa da, onlar həmişə
ictimai-siyasi hazırlıqları və fəallıqları
ilə seçilirlər. Xalqımızın qədim
mədəniyyətinin təbliği, erməni
yalanlarının ifşası onlar üçün də əsas
vəzifələrdəndir. Çünki
harada yaşamasından asılı olmayaraq erməni ermənidir
və onların diaspor təşkilatları da çirkin fəaliyyətlərini
davam etdirməkdə, hətta musiqimizə, ədəbi abidələrimizə
sahib çıxmaqdadırlar. Onların
qarşısını isə ancaq birgə səylərimizlə
ala bilərik. Arzu xanım bir hadisəni yada salır:
"Bayram günlərinin birində mənə xəbər
çatdırdılar ki, erməni qızları "Uzundərə"
xalq rəqsimizi məşq edərək özlərininki kimi
təqdim etmək istəyirlər. Dərhal həmin
yerə getdim. Qızlar məni görən
kimi məşq zalını tərk edib qaçdılar.
Bunlar tez-tez rastlaşdığımız hadisələrdir.
Bizim orada yaşamağımız, həqiqəti
cəmiyyətə olduğu kimi
çatdırmağımız, təbii ki, onları narahat
edir. Amma bu bizi daha da ruhlandırır, qətiyyətli
olmağa, inadla çalışmağımıza səbəb
olur. Orada,
vətəndən uzaqlarda kimliyimizi, özümüzü daha
yaxşı görürük".
Bəxtiyar
QARACA
Azərbaycan. - 2013.- 20 avqust.- S. 6.