Şeyxülislam Allahşükür
Paşazadə Əmmanda keçirilən beynəlxalq
konfransın işində iştirak edir
Əmmanda
"Əhl əl-Beyt" Kral İslam Akademiyasının himayəsi ilə islam dövlətlərinin davamlı
inkişafı məsələlərinə həsr edilmiş beynəlxalq konfrans
açılmışdır. Bu tədbirdə
dünyanın 30-dan çox dövlətini
təmsil edən fəxri qonaqlar
arasında Qafqaz Müsəlmanları
İdarəsinin sədri, "Əhl əl-Beyt" İordaniya Kral
Akademiyasının həqiqi üzvü Şeyxülislam Allahşükür
Paşazadə də iştirak edir.
Kral
Akademiyasının rəhbəri Əmir Qazi
İbn-Məhəmməd konfrans
iştirakçılarını salamlayaraq
tədbirin məqsəd və vəzifələri, islam təfəkkürünün inkişaf meyilləri, islam
dünyagörüşlü müasir müsəlman dövlətlərində
demokratik proseslərin qarşılıqlı təsiri barədə
söhbət açmışdır. Onun
fikrincə, son üç
ildə bir sıra müsəlman ölkələrində
baş verən hadisələrlə əlaqədar,
belə bir konfransın keçirilməsi
zəruridir. Bu konfrans
müsəlman ölkələrində yaranmış vəziyyəti
daha yaxşı anlamağa
və vahid mövqe
barədə fikir mübadiləsi aparmağa imkan verəcəkdir.
İordaniya Haşimilər
Krallığının Kralı zati-aliləri II Abdullanın
himayəsi altında fəaliyyət göstərən,
Əmir Qazi İbn-Məhəmmədin rəhbərlik
etdiyi bu nüfuzlu akademiya
islamın təbliği, mühüm
ümumbəşəri dəyərlərin öyrənilməsi
üzrə qiymətli araşdırmalar, habelə dinlərarası əməkdaşlıq
və konfessiyalararası yaxınlaşma istiqamətində uğurlu səyləri sayəsində bütün dünyada məşhurdur.
Vətəndaş
cəmiyyətinin formalaşmasında islami
dəyərlərin roluna həsr edilmiş tədbirdə Şeyxülislam
A.Paşazadənin məruzə ilə çıxış
edəcəyi gözlənilir.
AzərTAc
Azərbaycan. - 2013.- 20 avqust.- S. 7.