Azərbaycan
tolerantlıq baxımından bir sıra
ölkələr üçün uğurlu nümunədir
Qafqaz Müsəlmanları
İdarəsinin sədri, "Əhl əl-Beyt" İordaniya Kral
Akademiyasının həqiqi üzvü Şeyxülislam Allahşükür
Paşazadə "Əhl əl-Beyt" Kral
İslam Akademiyası tərəfindən
təşkil edilmiş, islam
dövlətlərinin davamlı inkişafı məsələlərinə
həsr olunmuş beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir.
A.Paşazadə
öz çıxışında Kral Akademiyasının təşəbbüsü
ilə bu mühüm
mövzuda konfrans
keçirilməsinin əhəmiyyətini
vurğulamışdır. Onun sözlərinə görə, Kral
Abdullanın ali himayəsi altında
"Əhl əl-Beyt" Akademiyası tərəfindən bütün dünya
miqyasında islamın təbliğ edilməsi, onun ümumbəşəri dəyərlərinin
tədqiq edilməsi, müsəlman elmləri sahəsində mühüm araşdırmalar, dinlərarası
əməkdaşlıq, məzhəblərin
yaxınlaşdırılması işində uğurlu
səylər çox böyük
əhəmiyyət kəsb edir.
A.Paşazadə
çıxışında qeyd etmişdir ki, Azərbaycanda
din layiqli yer tutur. O xüsusi vurğulamışdır ki, dahi siyasi
xadim və ümummilli
lider, mənəvi irsimizin
həqiqi himayədarı Heydər Əliyev ölkəmizdə
mənəvi ənənələrin dirçəldilməsində
və inkişafında mühüm rol oynamışdır. Şeyxülislam
onu da qeyd
etmişdir ki, Azərbaycanın
indiki Prezidenti İlham Əliyev bu ənənəni
uğurla davam etdirir, o, uzun
illər ərzində din məsələlərinə,
ölkədə konfessiyalararası sülhə və həmrəyliyə
çox böyük
diqqət yetirir. Bunu
xatırlatmaq kifayətdir ki, dövlət
başçısı İlham
Əliyevin təşəbbüsü ilə Bakıda mədəniyyətlərarası
və dinlərarası dialoq üzrə ənənəvi
forum keçirilir.
Allahşükür Paşazadə demişdir: "Etnik və
dini tolerantlıq Azərbaycan cəmiyyətinin
həyat tərzidir. Müxtəlif millətlərin
və dinlərin nümayəndələri arasında
tolerantlıq, dostluq, qardaşlıq və
əməkdaşlıq - bütün bunlar bizim dini
icmaların fəaliyyətinin yekunu olan reallıqlar, ənənəvi dini icmaların bütün
problemlərini kompleks şəkildə həll
edən dövlətimizin siyasətinin həyata
keçirilməsinin nəticəsidir. Sevindirici
haldır ki, bu gün Azərbaycan bütün
başqa sahələrdə olduğu kimi,
tolerantlıq baxımından da bir sıra ölkələr üçün
uğurlu nümunədir".
Ruhani lider A.Paşazadə konfrans
iştirakçılarına Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
barədə də məlumat vermiş,
belə bir fakta diqqəti
cəlb etmişdir ki,
təcavüzkar ölkə BMT-nin işğal edilmiş Azərbaycan
ərazilərinin danışıqsız azad
olunmasını təkidlə tələb edən 4 qətnaməsini
yerinə yetirmir. Onun sözlərinə
görə, Azərbaycan ərazi bütövlüyü
və sərhədlərin toxunulmazlığı çərçivəsində
beynəlxalq hüquq normalarına əsaslanan
ədalətli və davamlı sülhə nail
olmaq üçün
bu gün də hər
cür səy göstərir. O, Azərbaycanın
ədalətli mövqeyi ilə həmrəylik
nümayiş etdirən müsəlman
dövlətlərə təşəkkürünü bildirmişdir.
Qeyd etmək lazımdır ki, konfransın işində 30-dan çox dövlətin nümayəndələri
iştirak edir.
Asya
HACIZADƏ,
AzərTAc-ın
xüsusi müxbiri
Əmman
Azərbaycan. - 2013.- 20 avqust.- S. 7.