Şəki şəhərinin
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Regionlarının
sosial-iqtisadi inkişafı
Dövlət proqramlarının
icrası çərçivəsində
Şəki şəhərində
iri infrastruktur layihələri həyata keçirilmiş, Mərkəzi
Rayon Xəstəxanası, Olimpiya
İdman Kompleksi, Respublika Atçılıq
İdman Mərkəzi
inşa olunmuş, bir çox tarixi abidələr qədim memarlıq ənənələrinə uyğun
olmaqla müasir şəkildə yenidən
qurulmuş, elektrik stansiyası tikilmiş, yeni istehsal müəssisələri
yaradılmış, abadlıq-quruculuq
işləri görülmüşdür.
"Azərbaycan
Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nda rayon üzrə müəyyən
olunmuş tədbirlərin həyata
keçirilməsinin sürətləndirilməsi,
abadlıq-quruculuq işlərinin davam
etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
Şəki şəhərinin sosial-iqtisadi
inkişafının sürətləndirilməsi məqsədi
ilə Şəki Şəhər İcra
Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni
müəyyən olunmuş qaydada təmin etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 20 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 21 avqust.- S. 1.