Müstəqil Azərbaycan dövləti inkişafının ən yüksək mərhələsini yaşayır

 

"Hər bir xalq üçün onun dövlət müstəqilliyini əldə etməsi tarixi bir nemətdir". Ümummilli lider Heydər Əliyev bu fikri söyləyərkən Azərbaycan xalqının dövlət müstəqilliyini əldə etməsini çox böyük əhəmiyyətli bir hadisə kimi vurğulamışdır. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən illər ərzində biz bir millət olaraq çox böyük yol keçmişik.

Tarixdə Azərbaycan xalqının iştirakçısı olduğu və birbaşa aparıcı rol oynadığı dövlətlər mövcud olubdur. Hələ qədim dövrlərdəki dövlətlərdə Azərbaycan etnosu çox mühüm yer tutubdur. Lakin tarixin müəyyən mərhələsində xalqımız öz dövlət müstəqilliyini itirib. Müstəqil dövlət qurmaq, müstəqil olmaq istəyi, demək olar ki, həmişə xalqın yaddaşında mövcud olub və bunun uğrunda mübarizə gedib. XX əsrin əvvəllərində - 1918-ci ildə çar imperiyasının süqutundan sonra yaranmış situasiyada Azərbaycan xalqı yenidən öz dövlət müstəqilliyini bərpa edə bilmişdir. Tarixə Azərbaycan Xalq Cümhuriyyəti kimi daxil olan bu dövlət çox təəssüf ki, uzun müddət yaşaya bilməmişdir. Lakin dövlət müstəqilliyimizin bərpa istəyi bizim xalqın genetik yaddaşında həmişə mövcud olmuş, hətta sovetlər imperiyasının tərkibində olduğumuz illərdə belə, Azərbaycan ziyalılarının yaratmış olduğu əsərlərdə, sənət nümunələrində milli müstəlillik istəyi və ideyası təbliğ edilmişdir.

Ötən əsrin 70-ci illərində - Azərbaycana ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi zamanda müstəqillik, milli özünüdərk, milli ədəbiyyat və milli tariximizə qayıdış istiqamətində mühüm işlər həyata keçirilib. Sovet idealogiyasının təzyiqlərinə baxmayaraq, məhz, dahi lider Heydər Əliyevin yaratmış olduğu mühit sayəsində milli ruhlu kadrlar yetişib və Azərbaycan xalqının taleyinə təsir göstərəcək hadisələr baş verib. Ulu öndərin sayəsində gələcək müstəqil dövlətin sosial, iqtisadi, mənəvi, psixoloji bazası yaradılmağa başlanıb.

Sovetlər imperiyasının çöküşü ilə - 1991-ci il oktyabr ayının 18-də - dövlət müstəqilliyimizin bərpası çox mühüm bir hadisə kimi tariximizə daxil oldu. Ancaq müstəqilliyin əldə edilməsi hələ müstəqil dövlətin qurulması demək deyildi. Müstəqil dövlət qurmaq,  qarşıda duran vəzifələri həll edərək onu həyata keçirmək əsas məqsəd kimi qarşımızda dayanmışdı. Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələnmişdir.

1993-cü ildə isə ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı faktiki olaraq milli dövlət quruculuğu üçün üzləşdiyimiz problemlərin həllinə mühüm təsir göstərmişdir. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu  və ulu öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı.

Dahi lider Heydər Əliyevin 1970-1980-ci illərdə gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Kommunist Partiyası sıralarının tərk edilməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməməsi - bütün bu amillər, əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı.

Milli dövlət quruculuğu üçün dahi lider Heydər Əliyev bir neçə mühüm prosesi həyata keçirdi. Ən başlıcası, Azərbaycanın öz milli sərvətlərinə sahib olduğunu dünyaya çatdırmaq və bu yöndə ciddi addımlar atmaq zərurəti idi. İqtisadi müstəqilliyi əldə etmədən siyasi müstəqilliyə nail olmaq və bu müstəqilliklə əlaqədar mövcud olan atributları yaratmaq o qədər də asan olmayacaqdı. Ona görə də Azərbaycanın öz sərhədləri çərçivəsində iqtisadi potensialına nəzarət etməsi və bu yöndə siyasətin həyata keçirilməsi vacib idi. Dahi liderin 1994-cü ildə dünyanın ən aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanmasına rəvac verməsi Azərbaycanın iqtisadi müstəqilliyi yönündə atılmış ən mühüm addımlardan biri idi.  "Əsrin müqaviləsi" Azərbaycanın yeni neft strategiyasının reallaşması üçün imkan yaratdı və Xəzər hövzəsində irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini təmin etdi. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması böyük strateji uğur və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası yolunda həlledici amil oldu. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi ilə ölkədə dövlət quruculuğu üçün zəruri hüquqi baza formalaşdı. Ölkəmizin daxili və xarici siyasət konsepsiyası beynəlxalq hüquq normalarına uyğun olaraq quruldu. Bu illər ərzində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğu prosesi uğurla həyata keçirilmiş, dövlətçilik ənənələri zənginləşdirilmişdir. Heydər Əliyevin neft strategiyası adını almış siyasət sonrakı mərhələlərdə də faktiki olaraq dövlət müstəqilliyimizin bünövrəsinin möhkəmlənməsində həlledci rol oynamışdır.

Ulu öndərin rəhbərliyi ilə Azərbaycan böyük və şərəfli yol keçib. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yadda qalıb. Bu illər ərzində dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dünya birliyinə özünü təqdim edə bildi. Beynəlxalq əlaqələrimiz inkişaf etdi, dünya xəritəsində Azərbaycan özünə layiq yerini tutdu. Siyasi və iqtisadi islahatlar uğurla aparıldı. Azərbaycan bir neçə beynəlxalq təşkilata üzv oldu. Ölkəmizə böyük həcmdə investisiyalar cəlb edildi və bu investisiyalar hesabına Azərbaycan həm o illərdə, həm də bu gün inkişaf edir. Azərbaycan etibarlı tərəfdaş imicini qazandı. Bu da çox vacib məsələdir. Çünki o vaxt Azərbaycan haqqında dünyada kifayət qədər təsəvvür yox idi. Azərbaycanı dünyaya olduğu kimi təqdim etmək ulu öndərin xüsusi zəhməti hesabına mümkün olmuşdur.

Dövlət müstəqilliyimizin bərpasından sonra qarşımızda duran digər riskli vəzifə Ermənistanın davam edən təcavüzünü dəf etmək, onun qarşısını almaq və bununla yanaşı, beynəlxalq miqyasda erməni lobbisinin antiazərbaycan təbliğatını ifşa etmək dururdu. Bunun üçün də ulu öndər mühüm bir siyasi addım atdı. Milli Ordu quruculuğu üçün əsaslı səylər göstərildi, ciddi qərarlar qəbul edildi. Qısa vaxıt ərzində Milli Ordu quruculuğu üçün lazım olan addımlar atıldı. 1993-cü ilin noyabrında Azərbaycanda müstəqil ordu quruculuğu yönündə həyata keçirilən siyasət mühüm nəticələr verdi. Eyni zamanda, hərb cəbhəsində atəşkəs əldə olundu və bu, dinc quruculuq, iqtisadi islahatların aparılması üçün yaxşı zəmin yaratdı. Əks təqdirdə, biz müharibəni apara-apara qarşıda duran vəzifələri yerinə yetirməkdə böyük çətinliklərlə üz-üzə qala bilərdik.

Digər bir mühüm məsələ isə ictimai mühitə əsaslanan iqtisadi modeli dəyişərək yeni bir modeli yaratmaq idi. Sovet dövründə uzun müddət Azərbaycan iqtisadiyyatı ictimai mülkiyyətə söykənmişdi. Bunun özü dövlət-vətəndaş münasibətlərində, digər sahələrdə müəyyən çətinliklər yaradırdı. Yəni yeni dövrə keçid baş vermişdi. O keçidi ağrısız-acısız, daha az itki ilə keçirmək lazım idi. Ona görə də islahatlar aparılmalı və bu islahatlar bir tərəfdən siyasi qurumda baş verməli, digər tərəfdən bazisdə özünü göstərməli idi. 1994-1996-cı illərdə çox ciddi siyasi islahatlar proqramı həyata keçirildi. Azərbaycanın milli dövlətçilik tarixində 1995-ci ildə ilk Konstitusiyası qəbul olundu, ilk parlament seçkiləri keçirildi. Bununla paralel iqtisadi xarakterli islahatlar həyata keçirilməyə başlanıldı. Eyni zamanda, aqrar islahatlar üçün zəmin yaradıldı. Dövlət mülkiyyətinin özəlləşdirilməsi və vətəndaşların mülkiyyət sahibi olması üçün proqramlar həyata keçirildi.

Sadalanan 3 istiqamət Azərbaycanın müstəqil dövlət quruculuğunda çox mühüm rol oynadı. Bunun nəticəsində 1996-cı ildən Azərbaycan iqtisadiyyatı artıq sabitliyə və yüksəlişə doğru irəliləməyə başladı. Hər il dövlət büdcəsində artım özünü göstərdi, yeni iş yerləri açıldı, ərzaq və digər təhlükəsizlik sisteminin qurulması üçün addımlar atıldı. Müstəqilliyimizin ötən illərinə nəzər saldıqda ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin nə qədər uzaqgörən olduğunu və böyük hədəfləri nəzərə aldığını görməkdəyik.

Bütövlükdə müstəqillik dövrünü müəyyən mərhələlərə də ayıra bilərik. Bunu əsasən üç mərhələyə bölsək, birinci mərhələni xaos, geriləmə və qarşıdurma dövrü kimi səciyyələndirilə bilərik. İkinci mərhələ dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi, onun həyata keçirdiyi siyasət sayəsində sabitlik və inkişaf mərhələsidir. Bundan sonrakı mərhələ isə son 10 ili əhatə edən  yüksəliş və Azərbaycanın iqtisadi modelinin yaranması dövrüdür. Bu dövrə nəzər salsaq ulu öndər Heydər Əliyevdən başlamış olan böyük siyasətin uğurla davam etdiyini görə bilərik. Məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu islahatlar növbəti mərhələdə öz bəhrəsini verməyə başladı. Neft strategiyası, 1994-cü ildə imzalanmış neft müqaviləsi və bundan sonra imzalanan neft-qaz sektoru ilə bağlı digər mühüm sənədlər Azərbaycanı uğurlu gələcəyə doğru addımlamağa sövq etdi. Bunların sayəsində 1997-ci ildən başlayaraq bu proqramlar əsasında neft ixracına başlanıldı. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi Azərbaycanın bütövlükdə neft-qaz ixracı ilə məşğul olan ölkələr sırasında mövqelərini möhkəmləndirdi. Bunun sayəsində xaricdən ölkəyə xeyli vəsait daxil oldu və həmin vəsait sayəsində infrastruktur, sosial layihələr həyata keçirildi. Hər il artan büdcə və bunun əvəzində Azərbaycan vətəndaşının rifahının yüksəlməsi ölkəmizi hər gün irəliyə doğru apardı. Yeni proqramlar sayəsində geniş abadlıq-quruculuq işləri həyata keçirildi, məktəblər, səhiyyə mərkəzləri, idman-sağlamlıq kompleksləri tikilib istifadəyə verildi. Həmçinin Azərbaycan bölgədə Cənubi Qafqazın lider dövlətinə çevrildi. Bütün bunlar ilkin dövrdə, ulu öndər Heydər Əliyevin zamanında əsası qoyulmuş və elmi cəhətdən hazırlanaraq həyata keçirilmiş proqramın nəticəsi idi ki, dövlətimiz bu siyasəti yeni mərhələdə daha yüksək keyfiyyətlə, yeni istiqamətlə irəliyə aparmaqdadır.

Son illərə nəzər salsaq, Azərbaycanda yenə də siyasi islahatların davam etməsi, iqtisadi gücün artması və ölkəmizin beynəlxalq təşkilatlarda mövqelərinin daha da güclənməsinin şahidi oluruq. Xalqın bu siyasətə verdiyi dəstək hesabına Azərbaycan inkişaf yolunu seçmiş və bu inkişaf yolu ilə uğurla irəliyə gedir. Bu gün Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edir. Dünya xəritəsində ikinci belə ölkə tapılmaz ki, Azərbaycan qədər uğurlar əldə edə bilsin. Bu uğurlar çoxşaxəlidir, bütün sahələri əhatə edir. Həm beynəlxalq, həm də daxili siyasətlə, iqtisadi və siyasi islahatlarla bağlı hara baxsan Azərbaycan uğurla, inamla, sürətlə inkişaf edir. Bu inkişaf artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın təcrübəsi indi ən müsbət təcrübə kimi öyrənilir.

10 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Bu göstərici heç inkişaf etmiş ölkələrdə baş vermir. Yoxsulluq 6, işsizlik 5,2 faizə düşüb. 1 milyon 180 min yeni iş yeri açılıb. Xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırır. Ölkəmiz artıq rəqabətqabiliyyətliliyə görə dünya miqyasında 46-cı yerdədir. Son 10 il ərzində orta maaş 5, orta pensiya isə 8 dəfə artıb. Bu gün Azərbaycanda orta əməkhaqqı 520, orta pensiya 200 dollar səviyyəsindədir. Sosial rifah, insanların maddi vəziyyətinin yaxşılaşdırılması, müxtəlif sosial proqramlar dövlət siyasətinin əsas istiqamətidir. Sovet dövründən qalmış əmanətlərin qaytarılması da bu siyasətin təzahürü idi. Bu ilin 4 ayında qeyri-neft sektoru 11 faiz artıb ki, bu, bəlkə də dünyada ən yüksək göstəricidir. İlin birinci yarısında ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulub. Valyuta ehtiyatlarımız 48 milyard dollardan çoxdur.

Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında Azərbaycanın yeni neft strategiyası durur desək, yanılmarıq. Çünki bu strategiyanın uğurlarının nəticəsi olaraq ölkəmiz regionun lider dövləti, eləcə də qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınıb.

Azərbaycanın uğurlu enerji siyasəti çoxdan ölkə hüdudlarından kənara çıxıb. Neftimiz xalqın milli maraqlarına xidmət edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən neft strategiyası çox düşünülmüş siyasətlə qeyri-neft sektorunun inkişafına yönəldilib, neft kapitalı insan kapitalına çevrilib. Aparılan uğurlu siyasət Azərbaycanı bu gün dünyanın ən etibarlı tərəfdaş ölkəsinə çevirib. Ölkəmizdə "Əsrin müqaviləsi" çərçivəsində hasil olunan neftin dünya bazarına çıxarılması üçün son dərəcə etibarlı və geniş imkanlara malik ixrac sistemi mövcuddur. Bu da Azərbaycanın dünya arenasında etibarlı tərəfdaş kimi mövqeyinin ilbəil möhkəmlənməsinə səbəb olur, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etməsinə imkan yaradır. Azərbaycan öz qazını Avropaya çatdırmaq üçün "Trans Adriatic Pipeline" (TAP) boru kəməri layihəsini seçib. Azərbaycan qazını Qərbi Avropaya nəql edəcək TAP layihəsinin əsas mənbəyi "Şahdəniz"in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2017-ci ildə başlanacağı gözlənilir və TAP kəmərinin tikintisinə 3 il lazım olacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 milyard kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 milyard kubmetrədək artırılacaq. Uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 1,5 mlrd. avro təşkil edir.

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan getdikcə Avropanın ən önəmli dövlətlərindən birinə çevrilir və regionda ölkəmizin iştirakı olmadan heç bir böyük layihə həyata keçirilə bilməz.

Müstəqilliyimizin qayəsində dayanan məramlara - milli dövlət quruculuğu, Azərbaycan vətəndaşının yüksək rifahı, Azərbaycanın güclü dövlətə çevrilməsi prinsiplərinə nəzər salsaq, görərik ki, həmin prinsiplər bu gün özünü doğrultmaqdadır. Müstəqillik illərində ölkəmizdə bir çox yeniliklər baş verib. İlk dəfə olaraq siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və eləcə də kütləvi informasiya vasitələrinin dövlət tərəfindən maliyyələşdirilməsi prosesi həyata keçirilib. QHT-lərin xarici donorlardan asalılığına son qoyulub. Mətbuat üzərindən senzura götürülüb. KİV-ə müstəqillik verilib. Bütün bunlar Azərbaycanın qüdrətli dövlətə çevrilməsini bir daha sübuta yetirir.

Qarşıda böyük hədəflər var və bunlara çatmaq, yeni-yeni uğurları əldə etmək üçün aparılan dövlət siyasəti sayəsində daha geniş şaxəli proqramlar işlənib hazırlanmaqdadır. Bunların sırasında regionların sosial-iqtisadi inkişafı proqramını xüsusi qeyd etmək olar. Bu proqram 2004-cü ildən başlayaraq həyata keçirilir və hər dəfə başa çatdıqdan sonra yenisi qəbul edilir. Bu proqramlar yeni dövrü, yeni situasiyanı nəzərə alaraq həyata keçirilir. Proqramların həyata keçirilməsi sayəsində Azərbaycanın mərkəzi ilə regionları arasında fərqin azaldığı açıq-aydın görünür. Bu gün regionlarda yeni iş yerlərinin açılması, enerji təchizatı və digər məsələlər uğula həyata keçirilməkdədir. Bölgələrdə quruculuq-abadlıq işləri üstünlük təşkil edir. Rayonlar, kəndlər abadlaşır, böyük sənaye müəssisələri yaradılır. İşsizlik, demək olar ki, aradan qaldırılır. Bütövlükdə bu ilin əvvəlində işsizliyin səviyyəsi 5 faizdən bir qədər çox idi. İşsizliyin aradan qaldırılması 10 il bundan əvvəl qarşıya qoyulmuş ən əsas vəzifələrdən biri idi. On il ərzində 1 milyon 180 min yeni iş yeri açılmışdır.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi böyük aqrar islahat sayəsində indi Azərbaycan kəndində hər bir ailənin torpağa sahib olması nəticəsində kənd təsərrüfatında mühüm irəliləyiş əldə edilibdir. Bunun sayəsində Azərbaycan kəndinin siması dəyişib və bu gün Azərbaycan iqtisadi potensialına görə Cənubi Qafqazda nəinki aparıcı, hətta deyərdik əsas ölkədir. Çünki Cənubi Qafqazın iqtisadi potensialının ən azı 75 faizi Azərbaycanın payına düşür.

Biz bu gün Ermənistanla müharibə şəraitindəyik. Ancaq statistikaya nəzər saldıqda hər şey açıq-aydın görünür. Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından 10 dəfə güclüdür. Azərbaycanın dövlət büdcəsi düşmən ölkənin büdcəsindən dəfələrlə çoxdur. Azərbaycanın geopolitik vəziyyəti və bölgədəki layihələrdə iştirakı Ermənistandan qat-qat üstündür və bizim iştirakımız olmadan bölgədə hər hansı bir layihəni həyata keçirmək mümkün deyil. Bakıda keçirilən hərbi parad Azərbaycan Ordusunun gücünü təsdiqlədi. Paradda nümayiş etdirilən silah-sursat və texnikanın həm də onların ən son modellər, ən güclü texnika olduğuna sübut idi. Helikopterlər,  tanklar, zirehli maşınlar, artilleriya qurğuları, hava hücumuna qarşı qurğular, digər texnikalar bir daha göstərir ki, Azərbaycan Ordusu artıq dünya miqyasında güclü ordular sırasındadır. Eyni zamanda, bu hərbi parad son illər ərzində ordu quruculuğu işində görülmüş işlərin hesabatı idi. Azərbaycan xalqı bu paradı böyük maraqla izlədi və qürur hissi keçirdi ki,  güclü ordumuz var.

Ölkəmizdə gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında lazımi proqramlar həyata keçirilir. Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun əfv olunması da buna bir misaldır. Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyası və onun əfv edilməsi vətənpərvər ruhlu bir zabitimizin azad edilməsi üçün aparılan dövlət siyasətinin məntiqi ifadəsi, bizim milli ruhlu, vətənpərvər insanlarımıza olan diqqətin məntiqi davamıdır. Bu hadisə dövlətin vətənpərvər ruhlu insanlarımıza diqqət və qayğısının nümunəsidir.

Bu gün Azərbaycan, xüsusən də paytaxt Bakı bir çox önəmli beynəlxalq  tədbirlərin, forumların keçirildiyi məkana çevrilib. Dünyanın bir sıra qlobal problemləri Bakıda müzakirə edilir. Bu tədbirlərin keçirilməsi Azərbaycana beynəlxalq təşkilatlar tərəfindən göstərilən yüksək diqqətin ifadəsidir. Amma bu yüksək diqqətin göstərilməsi üçün səbəb Azərbaycanın, Bakı şəhərinin yüksək inkişafıdır, burada lazımi infrastrukturların yaradılmasıdır. Bütövlükdə isə bu, Azərbaycanın dünya siyasətində rolunun yüksəlməsi ilə bilavasitə əlaqədardır.

2012-ci ildə Bakıda Avropanın ən mötəbər mahnı yarışması olan "Eurovision" müsabiqəsi keçirildi. Sayca 57-ci olan bu müsabiqə dünyaya səs saldı. Bu yarışma yüksək səviyyəsinə görə bundan əvvəl keçirilən 56 müsabiqəni geridə qoydu. Bunu Bakıya qonaq gəlmiş bir çox əcnəbi vətəndaş da qeyd etdi. Azərbaycanın ev sahibliyi etdiyi bu müsabiqə öncəsi ölkəmizə qarşı bir neçə qütbdən təxribatlar törədilməyə cəhd göstərildi. Ancaq bütün xoşagəlməz hadisələrin qarşısı vaxtında alındı. Ölkəmiz bir daha sivilizasiyaların birləşdiyi məkan olduğunu sübut etdi. Bu müsabiqədən sonra böyük dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycana olan marağı daha da artdı.

Tarixdə ilk dəfə 2015-ci ildə Avropa Olimpiya Oyunları Bakıda keçiriləcək. Bu isə bir daha sübut edir ki, dünya dövlətləri sırasında nüfuzu artan Azərbaycana inam daha da yüksəlib. Demək olar ki, 2015-ci ildə ilk dəfə keçiriləcək bu oyunlar ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından, Azərbaycanın Avropada artan nüfuzundan xəbər verir. Azərbaycan hökuməti bu tədbiri təşkil etməklə ölkəmizin müasir tarixinin çox şanlı səhifəsini yazacaq. Bütün bunlar Azərbaycanın mənafeyinə xidmət edir. Azərbaycan artıq nəinki beynəlxalq tədbirlərə ev sahibliyi edir, hətta bu sahədə yeni ənənələrin yaranmasının təşkilatçısı kimi də çıxış edir. Azərbaycan Cənubi Qafqaz regionunda həm inkişaf səviyyəsinə, həm ictimai-siyasi sabitliyə, həm də dünyada gedən proseslərə verdiyi töhfəyə görə irəlidə gedən ölkədir.  Ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyması və dünya birliyində etibarlı tərəfdaşa çevrilməsi beynəlxalq aləmin diqqət mərkəzindədir.

Bütün bunlar ölkəmizin dünyada artan nüfuzunun və imicinin, eyni zamanda iqtisadi imkan və potensial baxımından bölgənin aparıcı dövləti olmasının göstəricisidir. Beynəlxalq toplantıların, forumların, sərgilərin, idman yarışlarının Bakıda keçirilməsi həm aparılan uğurlu siyasi fəaliyyətin müsbət nəticəsi, həm də dövlətimizə olan böyük maraq və etimaddır. Artıq dünya dövlətlərinə bəllidir ki, Azərbaycan iqtisadi cəhətdən sabit, inkişaf edən ölkədir. Hökumətin yeni dövrün tələblərinə uyğun, zamanın nəbzini tutmaqla həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq artıq Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub. Bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Bu gün dünyanın ən sürətlə artan iqtisadiyyatı Azərbaycan iqtisadiyyatıdır. Dünyada ən dinamik inkişaf edən ölkə Azərbaycandır. Bu, reallıqdır və bunu artıq bütün qurumlar qəbul edir. Ölkəmizdə müasir informasiya-kommunikasiya texnologiyalarına hər il daha böyük sərmayə qoyulur. Fevral ayında Azərbaycanın "Azərspace-1" adlı ilk süni telekommunikasiya peykinin orbitə buraxılması ölkəmizin bu sahədəki inkişafının ən yüksək göstəricisidir. Bu gün Azərbaycan kosmik ölkələr klubuna daxil olan, texnoloji tərəqqiyə, innovasiyalı iqtisadiyyata sahib ölkə kimi uğurla inkişaf edir.

Bütövlükdə götürdükdə deyə bilirik ki, artıq millətlər içində imzası var millətimizin. Bundan böyük, şərəfli, uğurlu və Azərbaycan xalqında qürur yaradıcı başqa fikir ola bilməz. Bəli, bu gün dünyada 8-9 min xalq var. Lakin bu xalqlardan yalnız Fələstin də daxil olmaqla 194 ölkənin bayrağı Birləşmiş Millətlər Təşkilatının iqamətgahı qarşısında dalğalanır. Onların sırasında Azərbaycanın üçrəngli bayrağı da var və bizim vaxtı ilə imzamızın millətlər arasında olmamasından kədərlənən Məhəmməd Hadinin ruhu şaddır. Bu imzanın qoyulmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidməti vardır. Hazırda bu siyasət uğurla davam etdlirilir. Bu siyasətin növbəti mərhələsi Azərbaycanın yaxın 10 ildə ümumi daxili məhsulunu 2 dəfə artırmaq, Azərbaycanı sənayecə inkişaf etmiş ölkələr sırasına çatdırmaqdır. Keçid dövrünü arxada qoyan Azərbaycan bu gün BMT Təhlükəsizlik Şurasında, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatında aparıcı söz sahibidir. "Güclü lider, güclü Azərbaycan" tezisi ilə biz daha da irəliyə gedəcəyik.

 

Mübariz QURBANLI,

 

Milli Məclisin deputatı,

 

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini

 

Azərbaycan. - 2013.- 21 avqust.- S. 2.