YENİ
QƏLƏBƏLƏRƏ DOĞRU
Xalqımız,
millətimiz genetik xüsusiyyətlərinə
görə fiziki cəhətdən sağlam insanlardan ibarət
olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki
güc, mənəvi sağlamlıqla bərabər
Azərbaycan xalqına, millətinə xas
olan xüsusiyyətdir.
Heydər
ƏLİYEV
Bu gün
Azərbaycan inamla ən uca
zirvələrin fəthinə doğru gedir və bütün sahələrdə
olduğu kimi, idmanda da böyük
nailiyyətlərə imza atır. Azərbaycan
Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə respublikada
başlanan milli olimpiya hərəkatının siyasi və sosial əhəmiyyəti
xüsusi qeyd
olunmalıdır.
Hazırda
ölkənin hər tərəfində müasir
və beynəlxalq standartlara cavab verən olimpiya idman kompleksləri, idman
sağlamlıq mərkəzləri tikilərək peşəkar
idmançıların, habelə həvəskarların istifadəsinə
verilir. Çünki
həm fiziki, həm də mənəvi cəhətdən sağlam
nəslin yetişdirilməsi dövlətimizin gənclər və
idman siyasətinin başlıca prinsipidir və bu işdə
idmanın kompleks təşkilinin çox böyük rolu var. Məşhur bir ifadədə deyildiyi kimi: "Sağlam bədəndə
sağlam ruh olar".
Son illər paytaxt Bakı ilə yanaşı, regionlarda da inşa olunan nəhəng
idman mərkəzləri Azərbaycanın
idman potensialının nümayişi,
eləcə də gənclərin bu sahəyə
meylinin artmasının göstəricisidir.
Ölkəmizdə bu cür
idman obyektlərinin tikilib
istifadəyə verilməsinin bir məqsədi var - gənc nəslin sağlam
böyüməsi və yetişməsi. Həmçinin Azərbaycanın
yüksək səviyyəli beynəlxalq yarışların,
mötəbər turnirlərin keçirildiyi
idman ölkəsi kimi
nüfuzunun genişlənməsi.
Azərbaycan Prezidenti İlham
Əliyevin imzaladığı sərəncamla həyata
keçirilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə
Dövlət Proqramı"nda da gənclərin
sağlamlığının qorunması prioritet
məsələ olaraq öz
əksini tapıb. Gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən
tərbiyəsi və idman vasitəsilə
geniş təbliğ edilməsi, bu sahədə maarifləndirmə işinin genişləndirilməsi kimi görülən işlər Dövlət
Proqramının başlıca müddəalarındandır.
Dövlət başçısı tərəfindən
hətta 2012-ci ilin "İdman
ili" elan edilməsində,
yeni idman-sağlamlıq mərkəzlərin
istifadəyə verilməsində və s.
əsas məqsəd gənclərin
sağlamlığının qorunması, buna
xidmət edən təşviqedici və təbliğat xarakterli tədbirlərin keçirilməsidir.
Çünki sağlam
gənclik həm də sağlam gələcək
deməkdir.
Azərbaycanda idmanın müxtəlif növləri üzrə,
o cümlədən futbol,
bədii gimnastika,
tennis, boks, güləş, həmçinin
əlbəyaxa döyüş
üsullarından karate-do, dzü-do,
taekvando və s. federasiyalarının yaradılması,
respublikada idmanın maddi-texniki bazasının
daha da möhkəmləndirilməsi
istiqamətində görülən
işlər idmanda bu gün qazanılan
və gələcək
uğurların stimulu
və rəhnidir.
Respublikamızın
müxtəlif dövlət qurumlarında, güc
strukturlarında, o cümlədən Milli Təhlükəsizlik Nazirliyində də
əməkdaşların döyüş
hazırlıqlarının yüksək səviyyədə
saxlanılmasına, fiziki
sağlamlıqlarının qorunmasına və möhkəmləndirilməsinə, idmanla mütəmadi məşğul
olmalarına xüsusi önəm verilir. Bu məqsədlə Milli Təhlükəsizlik
Nazirliyində ən müasir imkanlara malik İdman və Sağlamlıq Mərkəzi
yaradılmışdır. İdman və
Sağlamlıq Mərkəzində mütəmadi olaraq müxtəlif idman
növləri üzrə yarışlar və turnirlər keçirilir. Mərkəzdə
idmanın əksər kütləvi növləri, o cümlədən əlbəyaxa döyüş, güləş, futbol, voleybol, həndbol, basketbol, tennis üzrə yay və qış meydançaları, 25 metrlik üzgüçülük
hovuzu, gimnastika, trenajor zalları, məşqçi və təlimatçı,
həkim, soyunub-geyinmə
otaqları və duşxanalar
vardır. Ən qabaqcıl standartlara
cavab verən texniki ləvazimat
və avadanlıqlarla təmin edilən mərkəzdə MTN-in Heydər Əliyev adına
Akademiyasının kursant və dinləyicilərinin,
eləcə də nazirliyin əməkdaşlarının
idmanla məşğul olmaları, fiziki sağlamlıqlarını möhkəmləndirmələri
üçün hər cür şərait
yaradılmışdır. Belə sosial təyinatlı
obyektlərin istifadəyə verilməsi Azərbaycanın
güclənməsinə xidmət edəcək səriştəli
və sağlam gənc kadrların
yetişdirilməsi məqsədi daşıyır.
Bu gün
Azərbaycan idmançıları ilə yanaşı, MTN İdman və Sağlamlıq Mərkəzinin
"Titan" idman klubunun üzvləri də respublika
və beynəlxalq səviyyəli yarışlarda iştirak edirlər. Onların əldə
etdikləri uğurlu nəticələr,
dövlət himnimizin sədaları
altında Azərbaycan bayrağının
qaldırılması hər birimizə qürur,
fəxarət hissi bəxş edir. Son illər milli təhlükəsizlik
orqanlarında aparılan təşkilati-struktur islahatlar, maddi-texniki və
təlim-tədris bazasının möhkəmləndirilməsi,
şəxsi heyətin sosial müdafiəsinin
gücləndirilməsi və iş şəraitinin
yaxşılaşdırılması ilə yanaşı, əməkdaşların
peşəkarlığının, döyüş
və fiziki hazırlığının artırılmasına
xüsusi diqqət yetirilir.
Ölkə rəhbərinin gündəlik diqqət və
qayğısı, milli təhlükəsizlik
naziri Eldar Mahmudovun təşkilatçılığı,
nəzarət və tələbkarlığı həm əməliyyat-xidməti
fəaliyyətdə, həm də əməkdaşların idman göstəricilərində öz müsbət əksini tapır, uğurlarla müşayiət olunur.
Müxtəlif, o cümlədən beynəlxalq
idman yarışlarında Milli
Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının
qələbələri artıq ənənəyə çevrilir, ildən-ilə çoxalır.
Azərbaycanın
idman nüfuzunun
yüksəlməsinə xidmət edən milli
təhlükəsizlik orqanları əməklaşlarının
qazandıqları qələbələrin oxucularımız üçün maraqlı olduğunu
nəzərə alaraq, onlardan
bəzilərinin qeyd edilməsi yerinə
düşərdi:
İlk dəfə
beynəlxalq yarışlarda qüvvələrini sınayan, bu ilin iyun
ayında Türkiyənin İstanbul şəhərində
keçirilən Kyukşin kaykan karate üzrə 9-cu
beynəlxalq turnirdə MTN-in "Titan" idman klubunun üzvləri - C.Əhmədov
qızıl, M.Həsənzadə isə gümüş
medal qazanmışlar.
2013-cü
il iyunun 9-dan 16-dək
İspaniyanın Barselona şəhərində
"W.A.S.C.O" - Ümumdünya döyüş növləri təşkilatının
keçirdiyi Dünya
Çempionatında kunq-fu üzrə
yarışda A.Axundov iştirak
edərək 2-ci yerə layiq görülmüşdür.
Elə həmin
ayın 24-dən 29-dək Ukraynanın İliçevsk
şəhərində universal-döyüş
üzrə Avropa Çempionatında M.Fərzəliyev,
S.Salmanov və T.Məsimov iştirak
etmişlər. M.Fərzəliyev Avropa çempionu adını qazanmışdır.
T.Məsimov 2-ci, S.Salmanov isə 3-cü yeri tutmuşlar.
Böyük Britaniya
Krallığı Şimali İrlandiyanın
Belfast şəhərində cari ilin avqust
ayının 1-dən 11-dək güc
strukturları arasında IV Dünya
Oyunlarında T.Quliyev, M.Hacımuradov,
A.Əmirli, P.Ağayev və S.Salmanov iştirak
etmişlər. M.Hacımuradov və S.Salmanov
qızıl, A.Əmirli və P.Ağayev gümüş, T.Quliyev
isə bürünc medallar
qazanmışlar.
A.Menyayev və E.Həbibov isə avqustun 1-dən 13-dək İtaliyanın Torino şəhərində veteran
idmançılar arasında I Dünya
Oyunlarında iştirak etmişlər. E.Həbibov
cüdo növündə gümüş,
A.Menyayev şüvüllə tullanmada bürünc medal qazanmışlar.
Qeyd
olunmalıdır ki, Azərbaycanın idman nüfuzunun
qorunmasına və möhkəmləndirilməsi işinə
layiqli töhfələrin verilməsi məqsədilə
"Titan" idman klubunun üzvlərinın nüfuzlu
beynəlxalq yarışlarda iştiraklarının təmin
edilməsi daim Milli Təhlükəsizlik
Nazirliyi rəhbərliyinin diqqət mərkəzində
olmuş və və bütün lazımi təşkilati məsələlər
yüksək səviyyədə həyata keçirilmişdir.
Məhz bunun bariz nəticəsidir
ki, beynəlxalq yarışlarda iştiraka buraxılmış Milli
Təhlükəsizlik Nazirliyinin əməkdaşları
- "Titan" idman klubunun üzvlərinın hamısı həmin
turnirlərdən Azərbaycana medallarla
qayıtmışlar. Təkcə 2011-ci ildən 2013-cü ilin hazırki dövrünədək olan müddət ərzində MTN "Titan" idman klubunun üzvləri 14 qızıl, 13 gümüş və 13 bürünc
medal qazanmışlar. Onlardan
V.İskəndərov "Əməkdar məşqçi",
M.Fərzəliyev "İdman
ustası" fəxri adlarına, T.Quliyev
isə "İdman ustalığına
namizəd" dərəcəsinə layiq
görülmüşlər.
Milli təhülkəsizlik naziri, general-leytenant Eldar Mahmudov beynəlxalq
yarışlarda və turnirlərdə qələbələr
qazanmış MTN-in "Titan"
idman klubunun üzvləri
ilə görüşmüş,
onları nail olduqları yüksək mükafatlar münasibətilə təbrik etmişdir. Nazir idmançılarımızın əldə etdikləri
uğurların, ümumilikdə Azərbaycan Prezidenti
İlham Əliyevin ölkəmizin
inkişafı və tərəqqisi naminə inamla
və məqsədyönlü surətdə həyata keçirdiyi strategiyanın tərkib hissəsi
olan idman və gənclər
siyasətinin parlaq nümunəsi olduğunu qeyd etmişdir. Milli təhlükəsizlik naziri Eldar Mahmudov Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə
bundan sonra da idmançılarımıza diqqət və
qayğı göstəriləcəyinə əminliyini bildirmiş, onlara bütün turnirlərdə və
yarışlarda yeni-yeni qələbələr
qazanmağı, ölkəmizin idman imicini uca tutmağı və
Azərbaycanın bayrağını daim
yüksəklərdə saxlamağı arzulamışdır.
Sonra qaliblərin
mükafatlandırılması mərasimi
keçirilmişdır. 2013-cü ildə Dünya
və Avropa çempionatlarında, habelə
güc strukturları arasında dünya oyunlarında yüksək yerlərə
layiq görüldüklərinə, Azərbaycanın
idman uğurlarına verdikləri töhfələrə,
həmçinin şəxsi heyətin idman
hazırlığındakı səylərinə görə
bir qrup əməkdaşın
və məşqçilərin təltif edilmələri barədə
Milli Təhlükəsizlik Nazirliyinin əmri elan olunmuşdur. Nazir Eldar Mahmudov MTN-in "Titan" idman klubunun üzvlərinə
fəxri fərmanları təqdim etmişdir.
Xatirə şəkli cəkdirilmişdir.
Birincilik
kürsüsünə layiq görülmüş idmancılarımız
Azərbaycanın dövlət himninin səsləndirilməsi
və dövlət bayrağının qaldırılması
anlarının hər bir azərbaycansevərin
qəlbində dərin izlər buraxmasından ürəkdolusu
danışmışlar:
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına
Akademiyasının əməkdaşı, "Titan" idman klubunun üzvü
M.Hacımuradov 1998-ci ildən Şərq əlbəyaxa döyüş növü
ciu-ciutsu ilə məşğul olur. Beşqat respublika çempionudur.
2006-cı ildə Bakıda MDB-yə üzv
dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının əməkdaşları
arasında əlbəyaxa döyüş
növü üzrə keçirilən
yarışlarında qüsursuz, ədalətli
hakimliyinə və təşkilatçılığına
görə Rusiya Federal
Təhlükəsizlik Xidmətinin xüsusi
diplomu ilə təltif olunub.
M.Hacımuradov Bolqarıstanın paytaxtı Sofiya
şəhərində ciu-ciutsu və xüsusi özünümüdafiə üzrə
beynəlxalq turnirdə birinci yerə
çıxaraq qızıl medala layiq görülüb.
Xidmətdə və idmanda əldə etdiyi müsbət nəticələrə
görə Azərbaycan Respublikası Milli
Təhlükəsizlik Nazirliyinin əmri
ilə mükafatlandırılıb və "Hərbi xidmətdə
fərqlənməyə görə" medalı ilə təltif
edilib.
M.Hacımuradov
deyir ki,
idmançılarımızın müxtəlif beynəlxalq
turnirlərdə əldə etdiyi uğurlar məhz idmanın inkişafına
dövlətimiz, şəxsən Ali Baş Komandan İlham Əliyev tərəfindən göstərilən
diqqət və qayğının bariz nəticəsidir:
"Ölkəmizdə idman-sağlamlıq infrastrukturunun
yenidən qurulması, yeni idman
obyektlərinin, Olimpiya İdman
komplekslərinin inşa edilməsi bu sahənin inkişafı ilə bağlı
möhkəm təməl yaradıb. Bundan başqa,
idmançıların daim qayğı ilə
əhatə olunması, onların problemlərinin həll edilməsi,
yüksək səviyyəli təlim-məşq
toplanışlarının keçirilməsi
idmançılarımızın beynəlxalq
yarışlarda yüksək nəticələr əldə
etməsini təmin edir".
MTN-in "Titan"
idman klubunun daha bir üzvü
S.Salmanov gənc idmançı
olmasına baxmayaraq, artıq bir çox uğurlara imza atıb. O, 2012-ci ildə Avstriyanın Vyana
şəhərində ciu-ciutsu üzrə
Dünya Çempionatında bürünc medala sahib çıxmışdır. Əldə etdiyi nailiyyətlərlə kifayətlənməyən,
özünün fiziki
hazırlığını daha da möhkəmləndirməyə
çalışan S.Salmanov əzmlə
gündəlik məşqlərini davam etdirir. O, gələcək
yarışlarda da qələbələr
qazanacağına, milli təhlükəsizlik
orqanlarının və Azərbaycanın adını yüksəkliklərə
ucaldacağına əmindir.
A.Axundov idmanda
əldə etdiyi uğurlarla
ölkəmizdən uzaqlarda da şöhrət qazanıb. O, 2011-ci ilin iyulunda digər Şərq
əlbəyaxa döyüş növü olan uşu-sanda üzrə respublika
çempionatında bürünc
medalın sahibi olub. Həmin
ilin oktyabr ayında isə
Ukraynanın Yalta şəhərində
qarışıq döyüş növləri
üzrə Dünya Çempionatında
65 kq çəki üzrə
yarışlarda dünya çempionu
adını qazanıb. A.Axundov Azərbaycanın
idman şərəfinin qorunması üçün bundan sonra səylərini əsirgəməyəcəyini
bildirir: "Cənab Prezident
İlham Əliyev idmanın
inkişafını daim diqqətdə
saxlayır, idmançılara dəstəyini idman
obyektlərinin açılışında və beynəlxalq
yarışlarda iştirakı, xeyir-duası ilə ifadə edir. Bu amil həm
idmançılarımızın beynəlxalq
yarışlarda qazandığı uğuru
şərtləndirir, həm də idmanın təbliğini,
gənclər və yeniyetmələrin marağını
artıraraq, onun kütləviliyini təmin
etməklə yanaşı, biz
idmançıları yeni-yeni qələbələrə
həvəsləndirir".
Vətənə
medallarla qayıtmış bütün idmançılarımız əldə
etdikləri qələbələrdən iftixarla
söz açdılar. "Qələbə
sevincini sözlə ifadə etmək çox çətindir. Demək olar ki, həyatımızın
ən möhtəşəm anını yaşadıq. Himnimiz çalınanda, bayrağımız
yüksəklərdə dalğalananda
sevincdən göz
yaşlarımızı saxlaya bilmədik.
Həmin an xoşbəxtlik deyilən
anlamın bizim üçün
nə olduğunu bütün
varlığımızla hiss etdik. Dövlətimizi, xalqımızı dünyada layiqincə tanıtmaq üçün bundan sonra da əlimizdən gələni
əsirgəməyəcəyik", - dedilər.
Biz də
inanırıq ki, bu gün hər sahədə uğurlara
doğru cəsarətlə və qətiyyətlə
addımlayan Azərbaycanın bütün
idmançıları, o cümlədən
milli təhlükəsizlik
orqanlarının əməkdaşları -
idmançıları bundan sonra da yüksək nəticələr əldə edəcək,
dövlətimizin şöhrətini dünyanın hər tərəfinə
yaymağa nail olacaqlar.
MTN-nin
İctimai Əlaqələr Mərkəzi
Azərbaycan. - 2013.- 21 avqust.- S. 3.