İki əsrin sirli savaşları

 

Bütün Avropanı və Rusiyanı cənginə alan fəhlə hərəkatının birləşməsi, mütləqiyyətə, istismara qarşı çıxması, yeni dövlətlərin, yeni sosialist dünyasının yaranması erməni millətçilərinə "Böyük Ermənistan" dövlətini yaratmaq üçün daha yeni, daha ciddi ümidlər verir. Onlar bir tərəfdən çar Rusiyasına əyilməkdə davam edir, digər tərəfdən isə beynəlxalq aləmlə sərbəst əlaqələrini qurur, çar hökumətinin devrilməsinə çalışan eserlərdən tutmuş bolşeviklərə kimi rus inqilabçılarının hamısı ilə əməkdaşlıq edirlər. Erməni separatizminin açıq təhlükələrini hiss edən Rusiya Qriqoryan kilsəsinin nəzdindəki erməni məktəblərini kilsənin təsirindən çıxarmaq üçün Rusiyanın təhsil nazirliyinin tabeçiliyinə keçirir, kilsənin əmlakının idarə olunmasının yeni qaydalarını təsdiq edir.

Bundan qəzəblənən ermənilər Rusiyaya qarşı açıq çıxışlara başlayır. Həmişə ruslara sədaqət andı içən Eçmiədzin göz qırpımında mövqeyini dəyişərək, imperiyaya diş qıcayır, "Daşnaksütyun" və "Qnçak" kimi erməni terror dəstələri çar mütləqiyyətinə qarşı açıq mübarizədə birləşirlər.  Kilsə və inqilabçılarla kəbinə gedən erməni terror dəstələri Qafqaza köçür, Bakıda varlanan ermənilərin hesabına fəaliyyətlərini gücləndirmək üçün neft səltənətinə üz tuturlar. Ona görə ki, bura artıq əsrin sonunda dünyanın diqqətini özünə cəlb edən neft səltənətinə çevrilirdi. Bütün dünyadan Bakıya kapital çay kimi axırdı və bu axın öz arxasınca müxtəlif millətləri, adamlarını Bakıya qazanc dalınca cummağa vadar edirdi. Eyni zamanda neft səltənətinə dünyanın hər yerindən canilər, oğrular, peşəkar qatillər, müxtəlif millətlərdən ən qədim peşənin təmsilçiləri belə ağlı çaşdıran asan qazancın qoxusuna gəlirdilər. Bakı ilə bağlı internet resurslarında yerləşdirilən bir neçə məlumatı nəzərdən keçirsək, görəcəyik ki, 1851-ci ildə Bakının əhalisi 7400 nəfər müsəlmandan ibarət idisə, 1863-cü ildə bu rəqəm iki dəfədən çox artır və 1897-ci ildə 112 minə çatır! Müsəlmanların sayı Bakı qəzasında həm Rusiyanın apardığı köçürmə siyasətinin, həm də neft səltənətinə bütün dünyadan vüsət alan fəhlə və kapital axını nəticəsində 56,2 %-ə düşür,  ruslarla ermənilərin sayı isə artaraq qəza əhalisinin  36,3%-ni təşkil edir. Yəhudilər və almanlar əhalinin 3%-ə yaxın hissəsini təşkil edirlər. 

Birinci Dünya müharibəsinin əvvəlinə kimi Bakının əhalisinin sayı iki dəfə artır. Əgər 1903-cü ildə şəhərin özündə və onun ətraf kəndlərində 143 min nəfər yasayırdısa, 1913-cü ildə bu rəqəm 244 mini ötmüşdü.

Bu ərəfədə ermənilər eyni zamanda çar hökumətinin məmurlarına qarşı terror aktlarına rəvac verir. Erməni kilsəsi isə bütün cinayətləri bilavasitə və ya dolayısı ilə dəstəkləyir. Halbuki bu kilsə cəmi yüz il əvvəl müsəlman ölkələrində ermənilərin zindanda yaşadıqlarına, yalnız rus imperiyasının təbəəliliyində, rus qanunlarına itaət etməkdə öz xoşbəxtliklərini gördüklərinə, rus taxt-tacına and içməkdən yorulmurdu. Çar idarə üsulu zəiflədikcə, tədricən proletariatın nüfuzu gücləndikcə, beynəlmiləl fəhlə hərəkatı vüsət aldıqca erməni ideoloqları bir an belə düşünmədən Rusiyaya arxa çevirir, Avropa dövlətlərində dayaqlarını gücləndirir, dərnəklərini yaradır, təbliğatını qurur, Bakı neftinin qoxusunu alan vəhşilər kimi ruslarla didişməkdən belə çəkinmədən Azərbaycan ərazilərinə cumur, qırğınlar törədirdilər. Bu, bitməyən qanlı erməni savaşları idi.

Ermənilərin öz maraqlarına uyğun yeni siyasi portnyorlar tapmaları və öz kurslarını 180 dərəcə altında dəyişmələri, Rusiyadan daha çox Avropaya istinad etmələri, əlbəttə ki, rusları narahat etməyə bilməzdi. Yeni ideologiyanın yayılmasında böyük varidatlara sahib olan erməni kilsəsinin və onun nəzdindəki erməni məktəblərinin qızışdırıcı mövqeyini açıq görən Rusiyaya, təbii ki, sırf müşahidəçi mövqeyində qala bilməzdi. Onu da qeyd etmək lazımdır ki, erməni kilsəsinin əmlakına həbs qoyulduqdan, erməni məktəbləri Rusiya Təhsil Nazirliyinin tabeliyinə keçirildikdən sonra erməni terror dəstələri özlərini gözlətmədən qətllərə start verdilər. "Daşnaksütyun"un terrorçuları vəzifədə olan çar məmurlarından erməni maraqlarının əksinə gedənlərinin hamısını qara siyahıya alır, terrora rəvac verir.  General Əlixanov, Bakı Qubernatoru knyaz Nakaşidze, Yelizavetpolun vitse-qubernatoru Andreyev, qəza rəislərindən Boqoslavski, Şmerlinq, Neşanski, Pavlov, polismeystrlərdən Çavaxov, Çumakeviç, sərhəd keşiyinin polkovniki Bıkov və onlarla başqaları erməni daşnakları tərəfindən qətlə yetirilirlər. Rus taxtı-tacına 200 il and içən, rus təbəəliyini qəbul edən, yalnız Rusiyanın qanunlarının himayəsində yaşamaqdan yana balalarını başının üstünə qaldırıb qurban vermək istəyən ermənilər kölgəsinə sığındığı xalqa maraqları tapdanan kimi bütün yaxşılıqları unudaraq diş qıcaması erməni xislətinin mahiyyətini açır. İmperiyaya qarşı gözlənilmədən baş qaldıran erməni aqressivliyi onların Rusiyadan daha çox "Böyük  Ermənistan" ideyasına sadiq olduğunu bir daha sübut etdi.

Azərbaycan ərazilərinə köçməyə ermənilər üçün bütün şərait yaradılsa da, Qafqaza digər xristian millətlərinin, o cümlədən rusların köçürülməsi də diqqət mərkəzində dururdu. Çox güman ki, bu da rusların ermənilərə əmin olmamaları ilə bağlı idi. Bu baxımdan neft sənayesi inkişaf etdikcə Bakıda əhalinin milli tərkibi də sürətlə dəyişirdi. Artıq XX əsrin əvvəlində Bakının  214 minlik əhalisinin  76 mini rus, ukraynalı və belarus, 46 mini azərbaycanlı (Qafqaz tatarları), 42 mini erməni, 25 mini fars, 9,7 mini dağ yəhudiləri, 4 mini gürcü, 3,3 mini Azərbaycan almanları, 2,3 mini isə Kazan tatarları idi. Təxminən bir neçə onillikdən sonra, 1926-cı ilin siyahıyaalınmasına görə Bakıda əhalinin sayı iki dəfədən çox artaraq 453,3 min nəfərə çatır. Onlardan 159,5 mini rus, 118,7 mini azərbaycanlı, 76,7 mini erməni, 19,6 mini yəhudi, 9,2 mini tatar, 8,9 mini ukraynalı, 7,5 mini fars, 6,3 mini alman, 3 mini tat,  3,7 mini ləzgi, 2,6 mini gürcü, 2,1 mini belarus, 1,9 mini dağ yəhudiləri, 1,9 min polyaklar idi.

Çar Rusiyası ilə Avropa dövlətlərinin müstəmləkə siyasətini müqayisə edəndə  fərqli və təəccübləndirici faktlara rast gəlmək olur. Avropada müstəmləkəçiliyin əsasını qoyan Portuqaliya ilə İspaniya Cənubi və Şimali Amerikada yerli əhali sayılan hinduları qəddarcasına istismar edərək qırdılar. İspaniya koloniyalarında ən ağır işlərdə qul kimi amansızcasına istismar edilən hindular 3 il ərzində ölürdülər. Təxminən 50 il ərzində ispan müstəmləkəçiləri bu minvalla milyon yarım hindunu məhv edərək yerini Afrikadan daşınan qullarla doldurdular. Ona görə də rus müstəmləkəçiliyinin xüsusi qəddarlığı ilə seçilən Avropa müstəmləkəçiliyindən nisbi həlimliyi ilə fərqlənməsində əsas amil rusların özlərinin də 300 il tatar-monqol əsarəti altında yaşaması ola bilər.monqollar, nə də ki, ruslar bir-birinə qarşı avropalılar qədər qəddar və barışmaz mövqedə olmayıblar. Azərbaycana gəldikdə isə bütün qırğınlara rəvac verən, təhrik edən ermənilərin vəhşiliklərində avropalı müstəmləkəçilərdən geri qalmaması aydın görünürdü.

Bolşevik Rusiyası üçün ən vacibi nefti ələ  keçirmək idi. Məsələ burasındadır ki, hələ əsrin əvvəllərindən Bakıda bolşeviklərin müxtəlif dəstələri fəaliyyət göstərirdi. Stalin, Şaumyan kimi nüfuzlu bolşeviklər artıq neftin dadını və qiymətini bilirdilər.  Bakıda cinayətkar mühiti ələ keçirmək istəyən Stalin neft şəhərinin cinayətkar aləmində nüfuzlu qoçulardan sayılırdı. O, Bakıda talanlar törətməklə, quldurluq etməklə, böyuk soyğunçuluqla bolşeviklərin qara kassasını idarə edən nüfuzlu  avtoritet idi. Belə çıxırdı ki, bütün bolşevik partiyası üçün Stalin məharətlə Bakıdan pul çıxarmağı bacaran nüfuzlu şəxsiyyət idi. Stalin isə öz növbəsində bilirdi ki, Şaumyanın Bakı fəhlələrinin yanında siyasi lider, natiq kimi nüfuzu ondan qat-qat artıqdır. Ona görə də azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilən daşnakın Bakıda karyerasını qurması ermənilərə hava-su kimi lazım gəlsə də, Stalinə, ümumiyyətlə, onun məhv edilməsi daha sərfəli görünürdü. Bakıda 10 minlərlə dinc müsəlmanı qətlə yetirən, ölkə ərazilərində saysız qırğınlara rəvac verən Şaumyanı 26-larla birlikdə Mikoyanın Kislovodskiyə daşıması, ingilislərə təhvil verməsi, bir ilə yaxın orda həbsdə qaldıqdan sonra Bakıya dönməsinin arxasında ehtimal etmək olar ki, bu gün də sirlər dolaşır. Rəsmi sovet versiyasına görə, 26-larla birlikdə Ağcaqum çölündə güllələnən, başqa bir versiyaya görə isə Hindistana ötürülən Şaumyanı Stalin özünə təhlükəli rəqib sayırdı. Belə ki, hələ ötən əsrin əvvəllərində Stalin nüfuzlu Bakı qoçusu  və həm də fəhlə tətillərinin və etirazlarının mahir təşkilatçısı sayılsa da, Şaumyan siyasi lider, natiq kimi ondan daha nüfuzlu idi. Bir çox mənbələrdə hələ gənclik illərindən Stalinlə Mikoyanın sirli və müəmmalı münasibətlərinə eyham vurulur. Stalinin seçilmiş əsərlərində isə Mikoyanın cinsi mənsubiyyətindən şübhələnənlərə sərt cavab da var: "Yoldaş Mikoyan kim olursa-olsun,  hətta o filankəs olsa belə, bizim silahdaşımız və döyüş dostumuzdur", - yazaraq onu müdafiə edir. Belə fərziyyə irəli sürmək olar ki, Stalinə Bakıda Şaumyan kimi ağıllı, qəddar və təhlükəli rəqibdən özünün fərdi rəqqası kimi ad qazanan Mikoyan daha sərfəli idi.  Ona görə Mikoyanın 26-ları müşayiət edərək sağ-salamat Bakıya dönməsinin özüsirli və müəmmalıdır. Onun Bakıdan qeyb olaraq Moskvadan Azərbaycana bolşeviklərin valisi kimi göndərilməsi də Kremlin yenə də ermənilərə etibarının müəyyən həddədək mümkün olduğunu izah edir. Lakin ermənilər kimliyindən və hansı vəzifədə oturmasından asılı olmayaraq, həmişə Rusiyadan öz mənafeləri naminə problemsiz faydalana biliblər. Moskvada 50-ci illərdə aparılan araşdırmalara görə, Mikoyan hakimiyyətdə olduğu son illər ərzində 30 mindən yuxarı ermənini şəxsi zəngləri ilə Sovet İttifaqında müxtəlif səviyyəli məsul vəzifələrə yerləşdirə bilmişdi. 

Bütün bunlar belə bir qənaətə gəlməyə əsas verir ki, iki dövlətin münasibətlərində ermənilərin dağıdıcı rolunun tədqiqatları davam etdirilməli və perspektiv münasibətlərin qurulmasında vacib faktor kimi hər iki dövlətin siyasiləri tərəfindən nəzərə alınmalıdır.

 

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan. - 2013.- 21 avqust.- S. 4.