Neft ölkəsinin
qeyri-neft sektoru
Bu sektorda uğurlar davam edir
Neft (eləcə də təbii qaz) Azərbaycanın əvəzsiz təbii sərvəti və bu gün əksər,
xüsusən sosial-iqtisadi
sahədə qazandığımız
uğurların başlıca
səbəbidir. Ümumiyyətlə, dünyada
qədim neft diyarı kimi tanınan Azərbaycanın
XIX əsrdən üzü
bu yana
iqtisadi tarixi "qara qızıl" adlandırılan bu yeraltı təbii sərvətlə bağlı
olmuşdur. Yeri gəlmişkən, həm
keçmişdə, həm
də hazırkı dövrdə elə bir neft-qaz ölkəsi
yoxdur ki, bir dövlət kimi tarixində, inkişafında (bəzən
də tənəzzülündə)
bu karbohidrogen ehtiyatının az
və ya çox dərəcədə
rolu, təsiri olmasın.
Bu baxımdan Azərbaycan da istisna deyil.
Hələ XX əsrin
əvvəllərində çar
Rusiyasının geridə
qalmış əyalət
şəhəri sayılan
Bakı məhz neft sənayesinin inkişafı nəticəsində
az müddət
ərzində böyük
imperiyanın qabaqcıl
sənaye mərkəzlərindən
birinə çevrilmişdi.
Keçmiş SSRİ dövründə 15 respublikadan biri kimi Azərbaycanın maliyyə-iqtisadi cəhətdən
mərkəzdən asılı
olmamasının (o vaxt
Azərbaycan ittifaq büdcəsindən subsidiya
almayan 4 respublikadan biri idi) əsas
səbəbi də neftlə bağlıydı.
Müstəqillik illərində isə
"Əsrin müqaviləsi"ndən
başlanan Azərbaycanın
yeni neft strategiyasının gənc
ölkəmizə nələr
bəxş etdiyini sadalamağa ehtiyac yoxdur. Təkcə bütün sahələr
üzrə 10 il qabaqkı vəziyyətlə bugünümüzü
müqayisə etmək
kifayətdir ki, həmin strategiyanın xalqımız və ölkəmiz üçün
dəyərini qiymətləndirək.
Lakin bütün təbii və qeyri-təbii sərvətlər
kimi, neft də tükənməz deyil. Bu səbəbdən sabahkı
neft-qazsız günlərimizin
qayğısına bu
gün qalınmalıdır
və sözsüz ki, bunu yetərincə
dərk edən Azərbaycan hökuməti
hələ neft hasilatının "pik"
vaxtında işini tədbirli görüb.
Son bir neçə
ildə ölkədə
qeyri-neft sektorunun artım tempinin davamlı olması, ümumi daxili məhsul istehsalında bu bölmənin xüsusi çəkisinin
dinamik yüksəlişi
məhz həmin tədbirli fəaliyyətin
nəticəsidir.
Bu yerdə Dövlət Statistika Komitəsinin cari ilin 7 ayının makroiqtisadi göstəricilərini
əks etdirən hesabatına nəzər salaq. Hesabata
əsasən, yanvar-iyul
aylarında qeyri-neft sektoru üzrə əlavə dəyər istehsalı 10,5 faiz artmışdır. Söz düşmüşkən
qeyd edək ki, bu dövr
ərzində neft sektorunda ÜDM istehsalının
həcmi 0,6 faiz azalmışdır. Ümumiyyətlə, hesabat dövründə
ölkə üzrə
həm iqtisadi, həm də sosial sahələrin dinamik inkişafı davam etmişdir. 7 ay ərzində məhsul istehsalı artmış, qiymətlərin çeşidi
genişlənmiş, yeni
iş yerləri açılmış, əhalinin
həyat səviyyəsi
yüksəlmişdir.
Yanvar-iyul aylarında ümumi daxili məhsul istehsalının 5 faiz, yaxud müqayisəli qiymətlərlə 1 milyard
563 milyon manat artaraq 32,3 milyard manata çatmasında, təbii ki, qeyri-neft sektorunun payı az olmamışdır.
Təkcə onu göstərmək kifayətdir
ki, bu dövr
ÜDM-in 63,8 faizi məhsul
istehsalı sahələrində,
o cümlədən 47,7 faizi
sənayedə, 10,8 faizi
inşaatda, 5,3 faizi kənd təsərrüftaında
yaradılmışdır. Qeyri-neft sektoruna aid olan xidmət sahələrinin əlavə
dəyərdə xüsusi
çəkisi 29,7, o cümlədən nəqliyyatda
5,6, ticarət və pullu xidmətdə 9,6, rabitədə 1,7, sosial və digər xidmətlərdə 12,8 faiz
təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM istehsalı
isə 3484,7 manat (4441,3 ABŞ dolları)
təşkil etmişdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə,
ÜDM-in tərkibində ən
böyük paya malik olan sənaye
sahələrində 7 ay ərzində
19,6 milyard manatlıq məhsul istehsal olunmuşdur ki, bu da keçən
ilin müvafiq dövründəkindən çoxdur. Düzdür, bu məhsulun xeyli hissəsi - 74,2 faizi mədənçıxarma
bölməsinin payına
düşür. Lakin
nəzərə alsaq
ki, həmin rəqəm bir neçə il
əvvəl daha yüksək idi, onda cari göstəricinin
bundan sonra da sənayenin digər sahələrinə
nisbətdə aşağı
düşəcəyi şübhəsizdir.
Özü də bu azalma neft-qaz
sektorunda hasilatın aşağı düşməsi
ilə yox, qeyri-neft sənaye sektorunda məhsul istehsalının artımı
ilə bağlı olacaq. Elə son hesabatdakı rəqəmlər
də bunu göstərir - yanvar-iyul aylarında məhsul istehsalının mədənçıxarma
bölməsində 0,8 faiz
aşağı düşməsi
fonunda emal sektorunda 8, o cümlədən
qida məhsulları istehsalında 8,3, dəri və dəri məmulatların istehsalında
36,5, kimya sənayesində
12,7, kompyuter və digər elektron avadanlıqların istehsalında
43,1, tikinti materialları
istehsalında 22,5, metallurgiyada
11,4, elektrik avadanlıqları
istehsalında 14,7, mebel
istehsalında 4,2 faiz,
eləcə də avtomobil və qoşquların istehsalında
1,9, digər nəqliyyat
vasitələrinin istehsalında
2,2 dəfə artım
qeydə alınmışdır.
Məlumdur ki, qeyri-neft
sektorunun əsaslı
hissəsini inşaat kompleksi təşkil edir. Son illər Azərbaycanda bu sahədə kifayət qədər böyük layihələrin
həyata keçirildiyi
göz qabağındadır.
Təbii
ki, bütün bunlar külli miqdarda vəsait qoyuluşunun nəticəsində
mümkün olmuşdur.
Sözügedən istiqamətdə həyata keçirilən
tədbirlər yanvar-iyul
aylarında da davam etmişdir. Belə ki, ilin
əvvəlindən ötən
7 ay ərzində inşaat
kompleksində 8,8 milyard
manat vəsaitdən istifadə olunmuşdur ki, onun da
66,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin
icrasına yönəldilmişdir.
Ötən ilin eyni dövrünə nisbətən inşaat işlərinə sərf
edilən vəsaitin həcmi 23,3, tikinti-quraşdırma işlərinə
yönəldilən vəsaitin
miqdarı 37,9 faiz artmışdır. Bu da diqqətçəkən faktdır
ki, əsas kapitala xərclənən
vəsaitin 74,7 faizi daxili investisiyalardır
və qeyd edək ki, həmin
göstərici keçən
ilin müvafiq dövründəkindən 17,3 faiz
çoxdur.
Bu yerdə bir faktı da vurğulayaq.
İnşaat kompleksində istifadə
olunan vəsait hesabına ərsəyə
gələn tikinti obyektlərinin böyük
əksəriyyəti qeyri-neft
sektoruna aiddir. İlin əvvəlindən
ötən müddətdə
istifadəyə verilmiş
1,1 milyon kvadratmerlikdən
çox yaşayış
evləri, 5,5 min şagirdlik
ümumtəhsil məktəbləri,
800 yerliyə yaxın
məktəbəqədər təhsil müəssisələri,
çoxsaylı səhiyyə,
mədəniyyət, idman
obyektləri, iri sənaye müəssisələri,
o cümlədən Bakıda
Gəmi Təmiri və Gəmiqayırma İstehsalat Birliyi, Beynəlxalq Logistika Mərkəzi, Qaz Turbinli İstilik Elektrik Stansiyası, Sumqayıtda "Gilan"
Tekstil Parkı, Şirvan şəhərində
"Cənub Elektrik Stansiyası", Abşeron
rayonunda birdəfəlik
plastik qablar və priforminqlər istehsalı və "Milla" süd məhsulları, Qazaxda sement, Qəbələdə
üzüm emalı, Hacıqabulda seramik plitələr zavodları,
eləcə də paytaxtın simvoluna çevrilən
"Alov qüllələri"
və digər sadalamadığımız onlarla
obyekt buna əyani sübütdür.
Bütün bunlar həm də əhali üçün yüksək
maaşlı və etibarlı iş yerləri deməkdir. Təkcə cari ilin 6 ayında ölkədə 44,7 mini daimi
olmaqla 58,7 min iş yeri açılmışdır
ki, onların da 73 faizə yaxını regionların
və 95,5 faizi qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektorun inkişafını
göstərən digər
fakt - cari ilin 7 ayında ölkədə daşınan
qeyri-neft yüklərinin
həcmi 5,2 faiz artaraq 84,6 milyon tona çatmışdır.
Bu gün ümumilikdə
daşınan yüklərin
73 faizi qeyri-dövlət
bölməsinə aiddir.
Göründüyü kimi, ölkədə
qeyri-neft sektorunun inkişafını sübut
edən faktlar çoxdur. Bu isə o deməkdir
ki, neft ölkəsi olan Azərbaycanda qeyri-neft sektorunun inkişafı dönməz xarakter almışdır. Başqa sözlə
desək, Azərbaycanın
neft-qaz amilindən asılılığına tam son qoyulacağı gün uzaqda deyil.
R.MƏMMƏDOV
Azərbaycan. - 2013.- 20 avqust.- S. 4.