İlk təəssüratın
yarandığı məkan
Goranboy hər sahədə inkişaf edir,
abadlaşır, ölkənin müxtəlif bölgələri
ilə əlaqələri genişlənir. Möcuzəli
Naftalanın, səfalı Ağcakəndin, qartallar
məskəni Tap kəndinin də yolu buradan keçir.
Bu yerlər ilin hər
çağında qonaqlı-qaralı olur.
Turistlərin də sayı aybaay, ilbəil
artır. Ona görə də müasir quruluşlu vağzal binasının inşası ilə
hamı maraqlanır. Az qalıb, bu gün-sabah istifadəyə
veriləcək. Bununla da
yaxın-uzaq ellərə uzanan
avtomarşrutların sayı artacaq,
gediş-gəliş asanlaşacaq.
Hər
hansı bölgə barədə ilkin təəssürat
yolda yaranır, vağzalda
formalaşır. Avtovağzal hər bir bölgənin qapısıdır. Ona görə də goranboylular
bu orijinal vağzal kompleksinin
yaraşıqlı, rahat və
baxımlı olmasına xüsusi fikir verirlər.
İnşaaat işləri demək olar ki, başa
çatıb. Hazırda vağzalın geniş
sahəsində təmizlik və abadlıq işləri
aparılır. Avtomobillərə dayanacaq
yerləri, sürücülər üçün
istirahət guşələri yaradılır.
Bu yeni,
yaraşıqlı avtovağzal binası son vaxtlarda goranboylulara
ən gözəl tövhələrdən biridir.
Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrası çərçivəsində
rayonda bu cür dəyərli işlər çox görülmüşdür.
Əhalini narahat edən problemlərin həlli
və infrastruktur layihələrin yerinə
yetirilməsi sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, o
cümlədən təhsil, mədəniyyət, idman və digər sosialyönümlü
obyektlər istifadəyə verilmişdir.
Bu günlərdə 6
aylığın yekunları və cari ilin vəzifələri müzakirə olunarkən
bu barədə geniş
söhbət getdi. Əvvəlcə RİH-in başçısı Nizaməddin Quliyevin məruzəsi dinlənildi. Sonra ayrı-ayrı idarə və müəssisələrin
nümayəndələri görülən işlər barədə
məlumat verdilər. Yekdilliklə qeyd edildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı uğurla yerinə yetirilir. Təkcə cari ilin 6 ayı ərzində rayon
üzrə 118 milyon manatlıq məhsul istehsal edilmişdir.
Ən önəmli
cəhət budur ki, son vaxtlar rayonda
abadlıq və quruculuq işlərinə
xüsusi fikir verilir. Goranboy əsl tikinti meydanına bənzəyir. Hesabat
dövründə 49 milyon manatlıq inşaat işləri görülmüşdür
ki, bu da
ötən ilin müvafiq
dövründəkinə nisbətən 2 dəfə çoxdur. Şəhərin mərkəzində
küçələr genişləndirilir, səkilər
düzəldilir, işıq sistemi təzələnir,
istinad divarları çəkilir. Gəncə,
Goran və Qızılhacılı səmtindən
şəhərə gələn giriş
yolları başdan-başa yenidən qurulur.
Qaz İstismarı Sahəsi,
Su-Kanal İdarəsi, Paylayıcı Elelktrik Şəbəkəsi üçün
müasir quruluşlu binalar tikilib. Rayonda beton zavodu və
heyvandarlıq kompleksi, eləcə də
şəhid ailələri və Qarabağ
əlilləri üçün altımərtəbəli 54 mənzilli bina
inşa olunur, səhiyyə
və mədəni maarif ocaqlarında əsaslı
təmir işləri aparılır. Bunlardan
əlavə, Aşağı Ağcakənd qəsəbəsinin
ərazisində Qala kompleksi
inşa edilir. Bu yaxınlarda isə Faxralı kəndində
480 yerlik məktəb binası istifadəyə
verilib. Ən əsası budur
ki, Murovdağdan Goran torpağına içməli su xətti çəkilib. Ballıqayada 2 su təmizləyici qurğu,
Safgül kəndində isə 3 su anbarı tikilib. Şəhər
daxilində 109,6 kilometr paylayıcı xətlərin,
habelə 81,7 kilometr kanalizasiya
sisteminin çəkilişi başa çatıb.
Tap və Tapqaraqoyunlu
kəndləri Goran torpağının ən
ağrılı yerləridir. Bu kəndlər
sərhəd bölgəsində, namərd qonşularla
təmas xəttində yerləşir. Bu
yerlərin mərd sakinləri
gecə-gündüz düşmənlə üz-üzədir.
Amma
dövlət onları tək qoymur.
İndiyəcən atəşlərə məruz
qalmış 63 ev dövlətin
hesabına yenidən tikilmiş, 28 ev əsaslı təmir olunmuş,
əhalinin təhlükəsizliyi üçün
792 metr uzunluğunda,
4 metr hündürlüyündə
mühafizə divarı tikilmişdir.
Əlavə olaraq 500 metr
mühafizə xəttinin inşasına
başlanılıb. Murov-Goranboy
magistralı su xəttindən kəndə
su çəkilmiş, həyətlərdə
bulaqlar inşa olunur.
Bu günlər yeni avtovağzal
binasının istifadəyə verilməsi gözlənilir. Goranboylular deyirlər ki, təzə
vağzaldan gül-çiçəklə
bəzədilən birinci avtobus
sərhəd bölgəsindəki Tapqaraqoyunlu
kəndinə yola düşəcək. Qoy namərd düşmənlər bilsinlər
ki, Azərbaycan inkişaf
edir, gücü-qüvvəti
günü-gündən artır. Bu gün-sabah işğal
altındakı torpaqlar da
azad olunacaq, Goranboy vağzalından başlanan
ünvanların sayı artacaq.
Əhməd
İSAYEV
Azərbaycan. - 2013.- 20 avqust.- S. 5.