Qax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Qax rayonunda mühüm tədbirlər görülmüş, o cümlədən Olimpiya İdman Kompleksi tikilmiş, rayon Mərkəzi Xəstəxanası, rayon Mədəniyyət evi əsaslı təmir edilmiş, "İçəri Bazar" Mədəniyyət Turizm Mərkəzi bərpa olunmuş, Qax şəhərinin su təchizatı yenidən qurulmuş, genişmiqyaslı abadlıq işləri həyata keçirilmişdir.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Qax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Qax Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.- 22 avqust.- S. 1.