Davamlı uğurlara təminat yaradan
iqtisadi inkişaf modeli
Biz müstəqil dövlət qurmuşuq.
Ulu öndər canı hesabına müstəqil
dövlət qurmuşdur. Biz müstəqilliyi
qoruyuruq, saxlayırıq. Müstəqillik
bizim üçün ən böyük sərvətdir, ən
böyük dəyərdir. Müstəqillik,
sadəcə olaraq, dövlət atributlarına malik olmaq
deyildir. Müstəqillik müstəqil
siyasət aparmaq, öz maraqlarını müdafiə etmək,
öz milli maraqlarını hər şeydən üstün
tutmaqdır. Bu gün Azərbaycan həm
iqtisadi, həm də siyasi cəhətdən, sözün əsl
mənasında, müstəqil dövlətdir. Biz bu müstəqilliyi möhkəmləndirməliyik.
İlham
ƏLİYEV
Hər bir ölkənin inkişaf proseslərinin
davamlılığını təmin edən başlıca
amillərdən biri də qarşıda duran strateji hədəflərin
düzgün müəyyənləşdirilməsidir.
Məhz bu cür məqsədyönlü, uzaq
perspektivlərə hesablanmış strategiya iqtisadi sahədə
qazanılan uğurların ardıcıllığını
təmin edərək ölkə əhəmiyyətli qlobal
layihələrin reallaşdırılmasına imkan verir.
Bu gerçəkliyə nəzərən əminliklə demək
olar ki, müstəqil Azərbaycanın son illərdə
ictimai həyatın bütün sahələrində əldə
etdiyi möhtəşəm nailiyyətlər konkret məqsədlərə
yönəlmiş çevik və praqmatik iqtisadi siyasətin
nəticəsidir.
Ölkə rəhbərliyi hər bir
konkret mərhələdə respublika qarşısında
hansı əsas problemlərin, vəzifələrin
dayandığını yaxşı bilir və onların həlli
üçün mükəmməl konsepsiyaların
hazırlanaraq icra
olunmasını təmin edir. Hərtərəfli
müasirləşməyə zəmin yaradan bu strategiya son illərdə
həm də milli inkişaf modelinin formalaşmasını təmin
edən başlıca amilə çevrilmiş, iqtisadi, siyasi
və hüquqi islahatların paralelliyi prinsipinin gözlənilməsi
səmərəli nəticələrə yol
açmışdır.
2003-cü ildən ölkəyə inamla rəhbərlik
edərək onu davamlı tərəqqi və yüksəliş
yoluna çıxarmış Prezident İlham Əliyev fəaliyyətini
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş möhkəm zəmin üzərində
qurmuşdur. Cənab İlham Əliyev
müasir düşüncəli siyasi lider kimi modernləşməyə
xidmət edən islahatları uğurla həyata
keçirmişdir. Dövlət
başçısı keyfiyyətcə yeni mərhələdə
Azərbaycanın müasir dövlətə çevrilməsini,
tam müstəqil siyasət yürütməsini, inkişaf
etmiş ölkələr səviyyəsinə yüksəlməsini
milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir.
Milli ideya hər bir cəmiyyətin
inkişafının ümumi məqsədi və
strategiyasıdır: onu praktik gerçəkləşdirməyə
imkan verən mütərəqqi ideologiyası olmayan dövlətin
daimi inkişaf və uğurlarından söhbət belə
gedə bilməz. Milli ideya dövlətlərin
sosial-iqtisadi və intellektual resurslarını konkret siyasi məqsədlər
naminə səfərbərliyə alır, milli ideologiya isə
bu prosesdə, bir növ, vasitəçilik edir. Heydər Əliyev siyasi kursunun ən layiqli
davamçısı olan cənab İlham Əliyevin ötən
illərdəki çoxşaxəli fəaliyyətinin qayəsində
məhz milli ideyaların gerçəkləşdirilməsi
dayanır. Dövlət
başçısı ulu öndər Heydər Əliyevin
müəyyənləşdirdiyi inkişaf
strategiyasını inamla davam etdirməklə yanaşı,
yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş,
sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin
paralel şəkildə aparılmasına, birinin digərini
tamamlamasına çalışmışdır. Prezident İlham Əliyevin prezidentliyi dövründə
məhz bu postulat əsas götürülmüş,
iqtisadiyyat həyata keçirilən çoxşaxəli
islahatların əsas ağırlıq mərkəzini,
nüvəsini təşkil etmişdir. Başqa
sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik
möhtərəm İlham Əliyev keyfiyyətcə yeni mərhələdə
Azərbaycanın müasir dövlətə çevrilməsini
və tam müstəqil siyasət yürütməsini milli
ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir.
İqtisadi məsələlərə xüsusi
diqqətin ayrılması da əsaslı yanaşma olaraq
dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək,
cəmiyyətin davamlı inkişafı üçün zəmin
hazırlamaq məqsədindən irəli gəlmişdir.
Hər bir ölkənin davamlı
inkişaf və tərəqqisi yüksək idarəçilik
keyfiyyətlərinə malik rəhbərlə, eyni zamanda
qarşıda duran vəzifələrin məsuliyyətini dərk
edən və səylə çalışan hökumətin
səmərəli fəaliyyəti sayəsində
mümkün olur. Dəqiq sosial-iqtisadi strategiya əsasında
qarşıda duran hədəfləri düzgün müəyyənləşdirən
liderlər həm də ümumilikdə cəmiyyəti
inkişafa yönəltmək məqsədlərini gerçəkləşdirməyə
nail olurlar. Bu mənada, dövlət
başçısı İlham Əliyevin 10 illik
prezidentliyinin ən uğurlu göstəricisi Azərbaycanın
iqtisadi sahədə keçid dövrünü uğurla
başa vurmasıdır. Azərbaycan bu
prosesdə hansısa dövlətin təcrübəsini
heç də olduğu kimi tətbiq etməmiş, milli
xüsusiyyətləri, siyasi və iqtisadi özəllikləri,
sosial-demoqrafik amilləri nəzərə almışdır.
Şübhəsiz, planlı iqtisadiyyatın fəsadlarını
aradan qaldıran yeni bazar münasibətlərinin
formalaşdırılması kifayət qədər
ağrılı və çətin prosesdir. Yeni
iqtisadi sistem heç də mütərəqqi ruhlu
qanunların qəbulu hesabına formalaşmır, bunun əsas
şərtlərindən biri də azad rəqabət
mühitinin formalaşmasını təmin edən dərin
institusional dəyişikliklər və mülkiyyət
münasibətlərinin tamamilə yeni xarakter
almasıdır. Bu şəraitdə
formalaşan yeni iqtisadi sistemdə sosial-iqtisadi statusundan
asılı olmayaraq hər bir insanın əmək və
innovasiya potensialından səmərəli istifadəyə
imkan verən sosial müdafiənin yüksək təminatı
da xüsusi çəkiyə malik olur.
Azərbaycanda keçid dövrünün
başa çatmasını xarakterizə edən əsas cəhətlər
bazar iqtisadiyyatı üçün müvafiq qanunvericilik
bazasının yaradılmasında, sahibkarlıq institutunun
formalaşmasında, mülkiyyətin
çoxnövlülüyünün təmin olunmasında,
özəlləşdirmə prosesinin başa
çatdırılmasında, bazar və maliyyə
institutlarının formalaşdırılmasında, daxili və
xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında,
qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsində,
ümumilikdə dövlətin iqtisadiyyata müdaxiləsinin
minimuma endirilməsində, institusional islahatların həyata
keçirilməsində və bu qəbildən olan digər məsələlərdə
özünü göstərir.
Ümumilikdə 2003-2013-cü illərdə
qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar
möhtərəm Prezident İlham Əliyevin daim xalqın mənafeyindən
çıxış etdiyini, habelə verdiyi vədlərin
sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini,
reallığa adekvat olduğunu deməyə ciddi əsaslar
verir. Bu mərhələnin statistikası keçilən yolun
möhtəşəmliyini, Azərbaycanın müasir
dövlətə çevrilməsinə xidmət edən
siyasətin səmərəliliyini bir daha təsdiqləyir:
2003-2012-ci illərdə ümumi daxili məhsulun orta illik
artımı 13 faiz, qeyri-neft sektorunda 10,6
faiz təşkil etmişdir. ÜDM 3 dəfə, onun
adambaşına düşən həcmi 2,7
dəfə, qeyri-neft sektoru 2,3 dəfə artmışdır.
Dövlət büdcəsi 19 dəfə,
strateji valyuta ehtiyatları 29 dəfə, iqtisadiyyatın
kreditləşməsi 24,5 dəfə
artmışdır. Əhalinin gəlirləri, orta aylıq əməkhaqları
və pensiyaların orta məbləği müvafiq olaraq 6,9, 6,3 və 6,4 dəfə yüksəlmişdir.
Bu müddətdə bir milyondan artıq yeni iş yeri
açılmış, yoxsulluq səviyyəsi 44,7 faizdən 5,6 faizə, işsizliyin səviyyəsi
28 faizdən 5,2 faizə enmişdir. Əldə
olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın
"yuxarı orta gəlirli" ölkələr
sırasında mövqeyi daha da möhkəmlənmişdir.
Son illərin ən mühüm göstəricilərindən
biri də Azərbaycanın dünyada ən az
borcu olan ölkələr sırasında qərarlaşmasıdır.
Müqayisə üçün bildirək ki,
beynəlxalq maliyyə qurumlarının hesabatları göstərir
ki, nəinki inkişaf etməkdə olan, hətta inkişaf
etmiş bir çox dövlətlərin də xarici borcu idarəolunmaz
həddə çatmışdır. İlin əvvəlində
nüfuzlu "Bloomberg" agentliyində dərc olunan
materialda qeyd olunurdu ki, Gürcüstanın xarici dövlət
borcunun ümumi daxili məhsula nisbəti 77,7, Ermənistanda
60, İspaniyada 68,5, Yunanıstanda 160, İtaliyada 120,
ABŞ-da 100 faiz həddindədir. Azərbaycanın
strateji valyuta ehtiyatları isə 2013-cü ilin birinci
yarısında da artaraq 48 milyard ABŞ dollarına
çatmışdır. Ölkə üzrə xarici
dövlət borcunun ÜDM-ə nisbətinin aşağı
səviyyədə saxlanılması və 6 ayın nəticələrinə
görə ölkəmizin məcmu valyuta ehtiyatları məbləğindən
9 dəfəyədək az olması mili
iqtisadi inkişaf modelinin səmərəliliyini bir daha təsdiqləyir.
Mərkəzi Bank hesab edir ki, strateji valyuta
ehtiyatları respublikanın 3 illik əmtəə və xidmət
idxalının maliyyələşməsinə kifayət
edir. Respublikanın ÜDM-in təxminən
80 faizi həcmində strateji valyuta ehtiyatlarına malik
olması ölkədə makroiqtisadi vəziyyətin
sabitliyini şərtləndirən əsas amillərdən
sayılır.
Azərbaycanın strateji valyuta
ehtiyatlarının böyük bir qisminin hələ 1999-cu
ildə yaradılmış Dövlət Neft Fondunda
saxlanılaraq idarə olunması da ölkədə
makroiqtisadi tarazlığı qorumaq məqsədinə xidmət
edir. Fond neft sazişlərinin həyata
keçirilməsi ilə bağlı əldə edilən gəlirlərin
toplanması və səmərəli idarə edilməsi
mexanizmidir. Belə bir qurumun yaradılması dövlətin
neft-qaz ehtiyatlarının işlənməsindən əldə
edilən gəlirlərin istifadəsində
israfçılığa səbəb ola
biləcək halların qarşısının
alınması, eləcə də şəffaflığın
tam təmin edilməsi istəyi ilə əlaqədardır.
2013-cü il iyulun 1-nə fondun aktivləri 2013-cü ilin əvvəlinə
(34129,4 milyon ABŞ dolları) nisbətən
1,6 faiz artaraq 34678,4 milyon ABŞ dollarına bərabər
olmuşdur. Dövlət Neft Fonduna toplanan vəsaitlərin
müəyyən hissəsi ölkə üçün
müstəsna əhəmiyyət kəsb edən sosial-iqtisadi
layihələrin gerçəkləşdirilməsində
istifadə olunur. Fond müntəzəm
olaraq ictimaiyyət qarşısında hesabatla
çıxış edir, onun fəaliyyəti yerli və
xarici auditorlar tərəfindən yoxlanılır.
Ölkənin strateji valyuta
ehtiyatlarının müəyyən bir qismi isə
bütövlükdə bank sektorunda dövlət tənzimlənməsini
həyata keçirən Azərbaycan Mərkəzi Bankı tərəfindən
idarə olunur. Bankın sərəncamında olan rəsmi
valyuta ehtiyatlarının həcmi 2013-cü ilin birinci yarısında 1025,6
milyon ABŞ dolları (8,8 faiz) artaraq 12720,4 milyon ABŞ
dolları təşkil etmişdir. AMB-nin valyuta
ehtiyatlarının dinamik artımı bank sektorunda sabitliyin təmini
baxımından da mühüm əhəmiyyətə
malikdir.
Nazirlər Kabinetinin 2013-cü ilin birinci
yarısının sosial-iqtisadi yekunlarına və
qarşıda duran vəzifələrin müzakirəsinə
həsr olunmuş iclası bir daha göstərmişdir ki,
hökumətin iqtisadi siyasətində regional inkişaf tədbirlərinin
prioritetə çevrilməsi əsaslı yanaşma olaraq tərəqqi
prosesində davamlılığı təmin etmək məqsədindən
irəli gəlir.
Hesabat dövründə tarazlı və
davamlı regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə,
infrastrukturun müasirləşdirilməsinə, sahibkarlıq
mühitinin liberallaşdırılmasına, yoxsulluğun səviyyəsinin
aşağı salınmasına, güclü insan
kapitalının formalaşdırılmasına xidmət edən
tədbirlər hökumətin diqqət mərkəzində
olmuşdur.
Hesabat dövrünün sosial-iqtisadi
göstəricilərindən söz açan Prezident İlham
Əliyev ümumi daxili məhsulun 5 faiz, iqtisadiyyatın
qeyri-neft sektorunda isə 10,9 faiz artımını diqqətə
çatdırmaqla, bunu son illərin ən yaxşı
göstəricisi kimi dəyərləndirmişdir: "Qeyri-neft
sektorunun artması, əlbəttə ki, bizi çox sevindirir,
eyni zamanda, ölkə iqtisadiyyatında gedən dinamik
inkişafın təzahürüdür. Ölkə
iqtisadiyyatı çoxşaxəli şəkildə
inkişaf edir və hesab edirəm ki, növbəti illərdə
bu inkişaf özünü daha da qabarıq şəkildə
göstərəcəkdir. Çünki
bu gün icra edilən və icrasını gözləyən
layihələr növbəti illərdə güclü
qeyri-neft sektorumuzun yaranmasına gətirib
çıxaracaqdır. Əlbəttə
ki, 11 faiz səviyyəsində artan qeyri-neft
iqtisadiyyatımız bütün işlərə çox
gözəl təkan verir. Əlbəttə
ki, iqtisadiyyatımızın əsas sahəsi neft sektorudur.
Ancaq son müddət ərzində ümumi
daxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda
formalaşır ki, bu da aparılan islahatların məntiqi nəticəsidir".
Xatırlatmaq zəruridir ki, 2008-2010-cu illərdə
əksər dünya ölkələrini iflic duruma salan qlobal
maliyyə-iqtisadi böhranın Azərbaycana təsirlərinin
qabarıq hiss olunmaması, eyni zamanda iqtisadi inkişaf prosesində
pozitiv meyillərin qorunub saxlanılması
"İnkişafın Azərbaycan modeli"nin
dayanıqlığını bir daha təsdiqləyir. Qlobal
maliyyə-iqtisadi böhranın respublikamıza mənfi təsirlərinin
qabarıq hiss olunmaması, eyni zamanda iqtisadi inkişaf prosesində
pozitiv meyillərin qorunub saxlanılması ilk növbədə
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi
düzgün antiböhran siyasətinin nəticəsidir.
Dövlət başçısı hələ Nazirlər
Kabinetinin 2008-ci ilin yekunlarına həsr olunmuş iclasında
bildirmişdi ki, Azərbaycan mənfi təsirlərdən
qorunmaq üçün fəal antiböhran tədbirləri həyata
keçirməli, maliyyə intizamı gücləndirilməli,
lüzumsuz xərclərə yol verilməməli, uzaq gələcəyə
hesablanmış layihələrin icrası təxirə
salınmalı, bazarın sabitləşməsi
üçün bir sıra səmərəli tədbirlər
həyata keçirilməli, habelə sahibkarlığın
inkişafına diqqət yüksəldilməlidir.
Ümumilikdə 2008-2010-cu illərdə
maliyyə-bank sektorunun dəstəklənməsi də daxil olmaqla, ciddi maliyyə
monitorinqinin həyata keçirilməsi, kreditlərə və
faiz dərəcələrinə, habelə inflyasiyaya nəzarətin
gücləndirilməsi, real iqtisadiyyata daimi sərmayə
yatırımlarının təmin edilməsi, sosial öhdəliklərin
vaxtlı-vaxtında yerinə yetirilməsi, sənaye müəssisələrinin
fəaliyyət istiqamətinin daxili bazara yönəldilməsi,
ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi
qlobal böhrana qarşı effektiv tədbirlər sisteminin
yalnız müəyyən qismidir. Bu müddətdə
həmçinin fiksal və monetar siyasətin səmərəliliyi
hökumət qarşısında duran vəzifələri həyata
keçirməyə, iqtisadiyyatın inkişafı
üçün zəruri maliyyə əsaslarının
formalaşdırılmasına əlverişli imkanlar
yaratmışdır. Ötən illərin antiböhran
paketinə potensial gəlirlərin vergiyə cəlb
olunması, xərclərin daha şəffaf idarəsi,
büdcədən maliyyələşən müəssisə
və təşkilatlar üzrə maliyyə əməliyyatlarının
beynəlxalq standartlara cavab verən mühasibat uçotu
qaydalarına uyğunlaşdırılması, kommunal,
istehlak, enerji, yanacaq, qaz, su sərfiyyatının qənaətlə
aparılması, kommunal sektorda fəaliyyət göstərən
təşkilatlar tərəfindən alınan materialların
dəyərinin vaxtında və tam ödənilməsi kimi
vacib məsələlər də xüsusi qeyd
olunmalıdır.
Böhran dövründə hökumətin
əsas məqsədi mənfi xarici təsirlərin
neytrallaşdırılması yolu ilə - mövcud
inkişaf xəttinin davam etdirilməsi əsasında
böhrana girməmək olmuşdur. Bir tərəfdən uğurla gerçəkləşdirilən
antiböhran tədbirləri, digər tərəfdənsə
əvvəlki illərdən yaradılmış möhkəm
maliyyə-iqtisadi potensial hesabına ölkə
iqtisadiyyatının dayanıqlığı qorunub
saxlanılmış, onun mənfi xarici təsirlərə
müqavimət qabiliyyəti sınaqdan uğurla
çıxmışdır.
Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən,
2009-cu ildə dünya iqtisadiyyatı 1,1
faiz, habelə beynəlxalq ticarət dövriyyəsi 11 faizdən
çox azalmışdır. Böhranın
dalğası Azərbaycanın yerləşdiyi bölgədəki
ölkələri də sarsıdaraq onlarda iqtisadi vəziyyətin
pisləşməsinə, ümumi daxili məhsulun həcminin
azalmasına gətirib çıxarmışdır. MDB-nin üzvü olan əksər dövlətlərdə
bu azalma 6 faizdən çox, Ermənistan kimi perspektivsiz
ölkədə isə hətta 20 faiz olmuşdur.
Dollarla müqayisədə Qazaxıstanda milli valyuta olan tenge
25, Rusiya rublu 55, Ukrayna qrivnası 75, Belarus rublu 30,9, Estoniya kronu 24, Gürcüstan larisi 18, Ermənistan
dramı 35 faiz ucuzlaşmışdır. Ümumiyyətlə,
böhranın təsirləri altında milli valyutaların
devalvasiyaya uğraması prosesi 2009-cu ilin ilk rübündən
özünü qabarıq şəkildə büruzə verməyə
başlamış, bir çox dövlətlərin
valyutalarının məzənnəsini sabit saxlamaq cəhdləri
iflasa uğramışdır. Qonşu dövlətlərdəki
neqativ proseslərin psixoloji təsirinə rəğmən,
qlobal iqtisadi böhranın təsirini minimum həddə endirən
Azərbaycanın milli valyutası - manatı cəmi 5,5 faiz ucuzlaşaraq 2009-cu ildə postsovet məkanında
ən dayanıqlı valyuta olmuşdur.
2008-2010-cu illərdə əsas səylər
ölkədə maliyyə sabitliyinin qorunmasına yönəlmiş,
iqtisadiyyatı geri salan, əhalinin sosial vəziyyətini pisləşdirən
devalvasiya, defolt və inflyasiya kimi destruktiv iqtisadi meyillərə
yol verilməmişdir. Bütün
dünyada böhranın əsasən banklardan
başladığı, nəticədə işgüzar maddi
fəallığın azalması, istehlak, biznes kreditləşməsində
ciddi problemlərin yaranması, istehlak tələbinin enməsi
və digər amillər nəzərə alınmaqla,
iqtisadiyyatın lokomotivi sayılan bu sektora dəstək
gücləndirilmişdir.
2009-cu ilin əvvəllərindən maliyyə
böhranının ilk simptomlarını nəzərə alan Mərkəzi Bank respublika banklarının
xarici borclanmasının idarəedilən təhlükəsiz
səviyyədə saxlanılması üzrə konkret
addımlar atmış və səmərəli nəticələr
əldə etmişdir. Manatın sabitliyini
qorumaq üçün valyuta bazarında tələb və təklif
vaxtında tarazlaşdırılmış, nəticədə
manatın məzənnəsinin kəskin
ucuzlaşmasının qarşısı
alınmışdır. Həyata
keçirilən preventiv tədbirlər nəticəsində
respublika bankları likvidlik problemi ilə bağlı istehlak və
biznes kreditlərinin verilməsi prosesini
dayandırmamış, perspektivli biznes layihələri maliyyələşdirilmişdir.
Respublika banklarının səhmlərinin
dünya birjalarında dövriyyədə olmaması,
dünyanın müflisləşən iri maliyyə
qurumlarının səhmlərinə Azərbaycan
banklarının portfel investisiyalarının yerləşdirilməməsi
bu sektorun böhrandan ziyan çəkməsinin
qarşısını almışdır.
Kredit üzrə uçot dərəcələrinin
aşağı salınması pul-kredit siyasətinin
yumşaldılmasına istiqamətlənmiş addım olaraq
maliyyə böhranının respublikanın bank sektoruna ciddi
təsir göstərməsinin qarşısını
almışdır. Mərkəzi Bank kommersiya
bankları üçün maliyyə vəsaitlərinin
ucuzlaşdırılması, habelə ehtiyatların
azaldılması siyasətini irəli sürərək
likvidlik probleminin aradan qaldırılmasına nail olmuşdur.
2008-ci ilin oktyabrından Mərkəzi Bankın uçot dərəcəsini
15 faizdən 2 faizə, məcburi ehtiyat normalarını isə
12 faizdən 0,5 faizə endirməsi nəticəsində bank
sektoruna 1,8 milyard manat həcmində likvidlik dəstəyi
vermişdir. Real sektora dəstək olaraq 2009-cu
ildən bank və sığorta təşkilatlarının mənfəətlərinin
kapitala yönəldilən hissəsi də vergidən azad
edilmişdir.
Azərbaycanın qlobal iqtisadi-maliyyə
böhranının təsirindən minimum itki ilə
çıxan ölkələrdən olması həm də
dövlət başçısı
İlham Əliyevin müstəqil iqtisadi
siyasət yeritməsi ilə şərtlənir.
Respublikamızın maliyyə təhlükəsizliyinin
təmini baxımından beynəlxalq fond birjalarında, qiymətli
kağızlar bazarında fəal iştiraka haqlı olaraq
ehtiyatlı yanaşması maliyyə böhranının
respublikamıza təsirini zəiflədən əsas amillərdən
olmuşdur. Azərbaycanın qlobal
böhrana qarşı əzmkar müqaviməti həm də
onunla şərtlənmişdir ki, respublikamız bir sıra cəhətlərinə
görə başqalarına nəinki bənzəmir, həm də
müəyyən üstünlükləri ilə
seçilir. Bu modelin üstün tərəflərindən
biri də sərbəst inkişaf etmək iqtidarında
olmasıdır. Respublikada daxili investisiyalar
xarici sərmayə qoyuluşlarını üstələyir,
qlobal layihələr dövlət büdcəsi hesabına
reallaşdırılır. Zəngin təbii
sərvətlərə malik olması Azərbaycan
iqtisadiyyatının sərbəst inkişaf etmək
imkanlarını təmin edir. Bu cəhətdən
respublikamız hətta Avropa İttifaqı və Asiyanın
yeni sənaye dövlətlərinə, habelə
dünyanın bir sıra başqa inkişaf etmiş ölkələrinə
nisbətən daha dayanıqlı iqtisadi sistemə malikdir.
Məsələ ondadır ki, hazırda
dünyanın bir sıra nüfuzlu ölkələrinin
iqtisadiyyatı möhkəm təməli olmayan dayaqlar üzərində
qurulmuşdur. Həmin ölkələrin
istehsal sahələri əsasən başqa yerlərdən gətirilən
enerji-xammal əsasında inkişaf edir. Ölkələr
arasında münasibətlərin hər hansı bir səbəbdən
pozulması isə onların iqtisadiyyatını iflic vəziyyətinə
salır. Qlobal iqtisadi böhranın əksər
dünya ölkələrini çətin vəziyyətə
salması da, əslində, bu bağlılığın nəticəsi
idi. Azərbaycanda istehsal edilən məhsullar
əsasən daxili istehlak tələbini ödəməyə
xidmət edir. Bu da kəskin dünya maliyyə
böhranı fəsadlarının mənfi nəticələrinin
Azərbaycan iqtisadiyyatına təsirini minimuma endirir.
İnkişafın yeni mərhələsinin
əsas hədəfi milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin
yüksəldilməsinə və dünya təsərrüfat
sisteminə səmərəli inteqrasiyasına nail olmaqla,
uzunmüddətli perspektivdə ölkədə dinamik
sosial-iqtisadi inkişafın davamlılığını təmin
etməkdən ibarətdir. Azərbaycan Prezidenti İlham
Əliyevin ötən illərdə imzaladığı fərmanlarda,
təsdiq etdiyi regional inkişaf proqramlarında bu hədəflərin
reallaşdırılması üçün yerinə yetirilməsi
zəruri olan vəzifələr dəqiqliklə müəyyənləşdirilmişdir.
Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi
və bu potensialın kompleks şəkildə səmərəli
reallaşdırılması; qeyri-neft sektorunun inkişaf
etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan
iqtisadiyyatının formalaşdırılması); hər bir
regionun malik olduğu potensialdan tam və səmərəli
istifadə olunması, onların inkişafının
tarazlaşdırılması; çoxlu sayda yeni iş yerlərinin
açılmasına şərait yaradılması;
sahibkarlığın inkişaf etdirilməsi; sosial xidmətlərin
həcminin, keyfiyyətinin və
ünvanlılığının əhəmiyyətli dərəcədə
artırılması; yoxsulluğun azaldılması və s.
mühüm vəzifələri aid etmək olar.
Dövlət başçısı
İlham Əliyevin hələ Nazirlər Kabinetinin 2011-ci ilin
9 ayının sosial-iqtisadi inkişafının yekunlarına
həsr olunmuş iclasında bəyan etdiyi kimi, məqsəd
2020-ci ilədək Azərbaycanda ümumi daxili məhsulun ən
azı 2 dəfəyədək artımına nail olmaq,
respublikanı inkişaf etmiş ölkələr
sırasında görməkdir. Möhtərəm
Prezident bu məqsədlərin uğurla gerçəkləşdirilməsi
üçün son illərdə kompleks tədbirlər həyata
keçirir. Cənab İlham Əliyevin 29 dekabr 2012-ci il
tarixli fərmanı ilə təsdiqlənmiş "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasında göstərildiyi kimi, hazırda Azərbaycanın
yeni inkişaf mərhələsinin əsas hədəfi
innovasiyayönümlü iqtisadiyyatın
formalaşdırılması, sosial sahədə önləyici
inkişaf trendinin təmini, əhalinin rifahının layiqli,
qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə
çatdırılması, habelə elmin, mədəniyyətin
inkişafında, ictimai həyatın bütün istiqamətlərində
yeni nailiyyətlərin əldə olunmasıdır. 2020-ci ilədək olan dövrü əhatə edən
konsepsiyanın hazırlanması prosesində Azərbaycanın
müvafiq dövlət orqanları, elmi təşkilatları
və yüksəkixtisaslı mütəxəssislər
iştirak etmişlər.
"Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası inkişafın
yeni paradiqmalarının müəyyənləşdirilməsi
ilə yanaşı, gələcək barədə
reallığa maksimum adekvat proqnozların irəli
sürülməsi ilə təqdirəlayiqdir.
Ümumilikdə konsepsiya iki əsas istiqamətdə
- siyasi və iqtisadi sahədə 2020-ci ilədək həyata
keçiriləcək tədbirlərin bəri başdan
dolğun şəkildə müəyyənləşdirilməsi
məqsədindən irəli gəlmişdir.
Konsepsiyanın iqtisadi istiqamətlərində ilk növbədə
qeyri-neft sektorunun genişləndirilməsi hesabına
davamlı iqtisadi inkişafa nail olunması; iqtisadiyyatın
inkişaf istiqamətlərinin şaxələndirilməsinin
genişlənməsi; ölkənin ümumi daxili məhsulunun
tərkibində, dövlət büdcəsinin
formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması
və qeyri-neft amilinin üstünlüyünün təmin
edilməsi; iqtisadiyyatda innovasiyaların tətbiqinin təmini
üçün güclü motivasiya mexanizmlərinin
yaradılması və inkişaf etdirilməsi; mövcud
resurslardan və coğrafi mövqedən istifadə olunmaqla Azərbaycanın
bütün bölgələrinin sosial-iqtisadi
inkişafının müasir tələblər səviyyəsində
təmini; iqtisadiyyatın rəqabət qabiliyyətinin
yüksəldilməsi, milli məhsulların dünya
bazarlarında layiqli yer almasına nail olunması tədbirləri
nəzərdə tutulur.
2020-ci ilədək adambaşına
düşən ÜDM-in 13.000 dollara
çatdırılması, başqa sözlə, iki dəfəyədək
artımı, həmin artımın da əsasən qeyri-neft
sektorunun inkişafı hesabına təmin edilməsi nəzərdə
tutulur. Bu məqsədin
reallaşdırılması, habelə regional inkişaf tədbirlərinin
davamı olaraq 2014-2018-ci illəri əhatə edən yeni
dövlət proqramı hazırlanır. Sənəddə
əsasən kənd təsərrüfatının, o cümlədən
qeyri-neft-qaz sektorunun inkişafının
stimullaşdırılması ilə bağlı
çoxsaylı tədbirlər nəzərdə tutulur.
Bundan başqa, ümumi daxili məhsulun 2 dəfəyədək
artımına nail olmaq məqsədilə turizmin və
informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən
sənayenin innovasiyayönümlü sahələrinin
inkişafının diqqət mərkəzində
olacağı gözlənilir.
"Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında qeyd olunduğu
kimi, qarşıdakı illərdə başlıca hədəflərdən
biri də məhz yeni informasiyalı cəmiyyətin
qurulması üçün informasiya-kommunikasiya
texnologiyalarının (İKT) tətbiqinin genişləndirilməsi
olmalıdır. Konsepsiyada qarşıdakı 10 ildə
İKT və rabitə xidmətlərindən istifadə
imkanlarının genişləndirilməsi,
informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
istiqamətində etibarlı təhlükəsizlik sisteminin
yaradılması, milli standartların
formalaşdırılması, ölkə üzrə tam rəqəmsal
yayımın tətbiq olunması və analoq yayımın
dayandırılması, eləcə də "e-dövlət"
xidmətlərinin 100 faiz tətbiqi nəzərdə tutulur.
BMT-nin bir müddət əvvəl
açıqladığı "E-idarəçilik 2012"
adlı hesabatında dövlət xidmətlərinin göstərilməsində
İKT-dən istifadə üzrə dövlət
orqanlarının hazırlığı və mövcud
imkanları qiymətləndirilmişdir.
Respublikamız MDB-də Rusiya və Ukraynadan
sonra "e-idarəçilik" imkanlarına görə ən
yaxşı mövqeyə malik ölkə kimi dəyərləndirilmişdir.
Dünya İqtisadi Forumunun "The Global Information Technology
Report 2013" hesabatında (Qlobal İnformasiya
Texnologiyaları hesabatı 2013) Azərbaycan "Şəbəkələşmə
hazırlığı indeksi"nə görə əvvəlki
mövqeyindən 5 pillə irəliləyərək
dünyanın 144 ölkəsi arasında 56-cı yerə
yüksəlmişdir. Hesabata əsasən, Azərbaycan
internet istifadəçilərinin sayı göstəricisinə
görə MDB və orta Asiya ölkələri arasında
liderdir və eləcə də 144 ölkə arasında
"İKT-yə dəstəkdə hökumətin
uğurları" indeksi üzrə 8-ci, "Hökumətin
gələcək baxışlarında İKT-nin əhəmiyyətliliyi"
indeksi üzrə 9-cu, internetin əlçatanlığı
göstəricisinə görə isə 20-ci yerdə qərarlaşmışdır.
Forumun "The Global Competitiveness Report 2012-2013" (Qlobal Rəqabətlilik
hesabatı 2012-2013) hesabatında "Qlobal rəqabətqabiliyyətlilik
indeksi" üzrə Azərbaycan əvvəlki mövqeyindən
9 pillə irəliləyərək dünyanın 144 ölkəsi
arasında 46-cı yeri tutmuş və MDB məkanında
öz liderliyini qoruyub saxlaya bilmişdir. Həmçinin Beynəlxalq
Telekommunikasiya İttifaqının "Measuring the Information
Society - 2012" (İnformasiya Cəmiyyətinin
Ölçülməsi-2012)
hesabatında "İKT inkişaf indeksi" üzrə
Azərbaycan 155 ölkə arasında 68-ci yeri tutmuş və
2008-ci illə müqayisədə öz mövqeyini 15 pillə
möhkəmləndirmişdir. Hesabatda Azərbaycan
10 "Ən dinamik inkişaf edən ölkələr"
qrupunda yer almışdır.
Ölkəmizdə son 10 il ərzində cənab
İlham Əliyev tərəfindən həyata keçirilən
uğurlu iqtisadi siyasət və qeyri-neft sektorunun hərtərəfli
inkişafına yönəlik qəbul edilmiş dövlət
proqramları, həyata keçirilən islahat tədbirləri,
yaxından dövlət dəstəyi və qayğısı
qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT sektorunun da
iqtisadiyyatın inkişafına öz töhfəsini verməsini
təmin etmişdir. Belə ki, bu illər ərzində
sektorun həcmi təqribən 6 dəfədən çox
artaraq, təxminən 2.0 milyard dolları ötmüş,orta
illik artım tempi 20-25% təşkil etmiş, orta aylıq əməkhaqqı 5 dəfə artmış, sektora təqribən
3,0 milyard dollar investisiya yatırılmışdır. Ölkəmiz bu illərdə MDB regionunda bir
çox sahələrdə birinciliklərə imza
atmışdır. MDB regionunda ilk dəfə olaraq
2008-ci ildə bütün ölkə ərazisi tam
telefonlaşdırılmış, 2010-cu ildə ölkədə
telefon şəbəkəsi tam
elektronlaşdırılmış, ölkə ərazisində
vahid nömrələmə sisteminin və yeni zona
kodlarının tətbiqinə
başlanılmış və Cənubi Qafqaz və Orta Asiya
regionunda ilk dəfə olaraq 2004-cü ildə Azərbaycanda rəqəmli
televiziya yayımının sınağı uğurla
keçirilmişdir. Hazırda ölkə əhalisinin
96%-nin yaşadığı ərazilərdə rəqəmli
televiziyanın yayım imkanlığı
yaradılmışdır. 2010-cu ildən ölkə əhalisinin
100% mobil rabitə ilə əhatə olunması ilə Azərbaycan
MDB-də ilk, dünyada isə ilk 20 ölkə arasında
olmağa nail olmuşdur. 2010-cu ildə uğurla
başa çatmış "Maliyyə xidmətlərinin
inkişafı" layihəsi nəticəsində ölkədə
ilk dəfə olaraq poçt müəssisəsi tərəfindən
bank-maliyyə xidməti göstərilməyə
başlanmışdır.
Ölkənin sabit telefon şəbəkəsinin
tutumu 1,7 dəfə, əsas telefon
aparatlarının sayı 1,5 dəfə, mobil abunəçilərin
sayı 9,6 dəfə, internet istifadəçilərinin
sayı 14 dəfə artmışdır. Hazırda ölkədə
hər 100 nəfərə düşən mobil abunəçilərin
sayı 110, internet istifadəçilərinin sayı isə
70 ədəd təşkil edir ki, bu da dünya orta göstəricisindən
müvafiq olaraq 15% və 1,8 dəfə yüksəkdir. İnternet istifadəçilərinin sayına
görə Azərbaycan MDB regionunda liderdir. 2009-cu ildən etibarən mobil şəbəkədə
3G, 2012-ci ildən isə ən son texnologiya olan 4G şəbəkədə
tətbiq edilir. Azərbaycan 4G
texnologiyasını tətbiq edən Avropanın 9-cu,
dünyanın isə 37-ci ölkəsi olmuşdur.
Azərbaycanın birinci telekommunikasiya peyki
2013-cü ildə uğurla orbitə
çıxarılmış və ölkəmiz öz
adını dünya kosmik ailəsinə şərəflə
yazdırmışdır.
Son 5 ildə ölkədə elektron xidmətlərin
tətbiqi geniş vüsət almış, e-hökumət və
e-imza infrastrukturu yaradılmışdır.
Hazırda dövlət qurumlarının əksəriyyəti
"e-hökumət" portalına qoşulmuş və
portal vasitəsilə 230-dək elektron xidmətin göstərilməsi
təmin edilmişdir. 2008-ci ildə Azərbaycanda
ilk onlayn ödəmə sistemi - "GoldenPay"
yaradılaraq istifadəyə verilmiş və bu, ölkədə
"elektron ticarətin təşkili istiqamətində
mühüm addım olmuşdur. 2012-ci ildən fəaliyyətə
başlayan Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi və "ASAN xidmət"
mərkəzlərinin yaradılması elektron xidmətlərdən
daha geniş istifadə olunması üçün əhəmiyyətli
addım olmuşdur.
Konsepsiyada həmçinin vurğulanır
ki, Azərbaycanın regionda artan nüfuzu və nəhəng
layihələrin təşəbbüskarı kimi liderliyini
davam etdirməsi yeni nəqliyyat, infrastruktur, enerji,
telekommunikasiya layihələrinin reallaşmasına zəmin
yaratmaqdadır. Respublikamızın son illər
informasiya texnologiyaları sayəsində yüksək
inkişaf mərhələsinə qədəm qoyması
regionda transinformasiya dəhlizlərinin reallaşmasında
maraqlı olduğunu təsdiqləyir. Azərbaycan
hazırda region ölkələrinin və beynəlxalq təşkilatların
diqqətini cəlb edən nəhəng layihənin - fiberoptik
informasiya dəhlizinin müəllifi kimi diqqəti cəlb etməkdədir.
"Trans-Avrasiya Super İnformasiya
Magistralı" (TASİM) layihəsi Xəzər dənizinin
dibi ilə geniş zolaqla rabitə şəbəkəsinin
yaradılmasını nəzərdə tutur. Layihə Qərblə Şərq arasında
superinformasiya magistralının yaradılmasını nəzərdə
tutur. Kabel magistralı İran və Fars
körfəzi regionunu Şərq marşrutu vasitəsilə
Hindistan və Uzaq Şərq, Qərb marşrutu vasitəsilə
Avropa ilə birləşdirəcəkdir. Azərbaycanın
koordinatoru olduğu layihə çərçivəsində
Avropa və Asiya regionunun bir çox dövlətləri
İKT-nin imkanlarından birgə faydalanacaqdır. TASİM layihəsinə 2009-cu və 2012-ci illərdə
iki dəfə BMT-nin Baş Assambleyasının və Məclisinin
xüsusi qərarı ilə siyasi dəstək verilmiş və
layihə üzrə xüsusi alyansın yaradaılması
istiqamətində işlər aparılır. BMT Baş
Assambleyası tərəfindən qəbul edilən qətnamə ilə dəstəklənən TASİM
layihəsinin regional koordinasiya və icra mexanizmi kimi
"EurACA" adı altında qurum fəaliyyət göstərəcək.
BMT tərəfindən 2010-cu ilin aprel ayında qəbul edilən
A/Res/64/186 qətnaməyə əsasən Azərbaycan Respublikasının Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi
Beynəlxalq Telekommunikasiya
İttifaqının sıx dəstəyi ilə TASİM layihəsinin
həyata keçirilməsi üçün
İcraçı Qrup yaradıb və onu maliyyələşdirməyə
başlayıb. İcraçı Qrup beynəlxalq məsləhətçilərdən
ibarət olan komanda ilə birlikdə TASİM
üçün ilk biznes konsepsiyası yaradıb və layihəyə
maraq göstərən regional ölkələr və
operatorlar ilə konsorsium yaranması üzrə
danışıqlar aparıb. 2010-cu ilin sonundan bugünədək keçirilən
danışıqlarda Azərbaycan, Cin, Avropa Birliyi,
Qazaxıstan, Rusiya və
Türkiyə kimi ölkələri təmsil edən əsas
regional telekommunikasiya operatorları danışıqlarda
iştirak edib.
Azərbaycan, Gürcüstan və
Qazaxıstanın dəstəklədiyi transmilli magistrala
Türkiyənin də marağı böyükdür.
Türkiyə Trans-Avropa-Asiya magistralının
informasiya resurslarının perspektivlərini yüksək dəyərləndirir
və layihənin başa çatdırılması
üçün konsorsium yaradılmasını təklif edir.
Digər bir qlobal layihə Avropa-Yaxın Şərq
informasiya magistralı layihəsidir (EPEG).
EPEG layihəsi Almaniyadan Omana qədər çox
böyüktutumlu rabitə kanallarının Asiya ölkələrinə
çatdırılmasının təmin edilməsini nəzərdə
tutur. Bu marşrut Avropadan Asiyaya olan dənizaltı
rabitə kanallarından ən qısasıdır. Azərbaycan bu layihədə
tranzit ölkə kimi həm əsas, həm də ehtiyat
marşrut olaraq seçilmişdir. Azərbaycanı
bu konsorsiumda "Delta Telekom" şirkəti təmsil edir.
Layihə üzrə Azərbaycanda əsas və
ehtiyat qovşaqlarının quraşdırılması
tamamlanmış, test işləri uğurla başa
çatdırılmış və konsorsium tərəfindən
qəbul olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 5
noyabr 2012-ci il tarixli fərmanı ilə
yaradılmış Yüksək Texnologiyalar Parkı isə
informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və
kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatların
aparılması, yeni və yüksək texnologiyaların
hazırlanması baxımından mühüm əhəmiyyətə
malikdir. 2012-ci ildə Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya
Texnologiyalarının İnkişafı Dövlət Fondu
yaradılmışdır ki, bunda da əsas məqsəd
ölkədə İKT sahəsində sahibkarlığın
inkişafı və maliyyə dəstəyi ilə təmin
edilməsi, yerli və xarici investisiyaların cəlb edilməsi,
yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi-tədqiqat
işlərinin və eyni zamanda innovasiyaların tətbiqinin
genişləndirilməsi üzrə layihələri dəstəkləməkdən
ibarətdir.
Sənayeləşmə siyasətinin
davamı olaraq hökumət cari ildən əlverişli vergi
güzəştlərinin tətbiqinə başlamış,
işə cəlb olunan şirkətləri 7 il
müddətinə əsas vergilərdən azad etmişdir.
2013-cü ilin may ayında Bakıda dünyanın
nüfuzlu şirkətlərinin, elm xadimlərinin, ekspertlərinin
iştirakı ilə təşkil olunmuş "Azərbaycanın
gələcəyi üçün növbəti böyük
addımlar: Azərbaycanın neftsonrası iqtisadiyyatı"
mövzusunda Bakı Gələcək Forumu
respublikamızın rabitə və informasiya sahəsində
ciddi potensiala malik olduğunu bir daha təsdiqləmişdir. "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında nəzərdə
tutulmuş tədbirlər çərçivəsində
keçirilmiş forumda İKT-nin dünyada müasir
inkişaf tendensiyaları, davamlı tərəqqi prosesindəki
rolu və digər aktual məsələlər ətrafında
səmərəli müzakirələr
aparılmışdır.
Forumun yekunları bir daha göstərir ki,
XXI əsrdə informasiya və kommunikasiya
texnologiyalarının inkişafı Azərbaycanın
sosial-iqtisadi inkişafında ən prioritet sahələrdən
biridir. Prezident İlham Əliyevin
dəfələrlə bəyan etdiyi kimi, ölkəmizin Cənubi
Qafqaz bölgəsində bu sahədə liderlik etməsi kifayət
qədər real zəminə əsaslanır. Azərbaycan neftdən əldə olunan gəlirləri
qeyri-neft sektoruna, o cümlədən nanotexnologiyaların, informasiya-kommunikasiya
infrastrukturunun inkişafına yönəltməyi
qarşıda ciddi hədəflərdən biri kimi müəyyənləşdirmişdir.
İKT-nin inkişafı təkcə
sosial-iqtisadi tərəqqinin sürətləndirilməsinə
töhfələr vermir, eyni zamanda demokratikləşmə,
insan hüquqlarının qorunması, vətəndaşların
sosial müdafiəsi, sürətlə qloballaşan
dünyaya inteqrasiya kimi digər mühüm sferaları əhatə
edir. Zəngin enerji
resurslarına, bir neçə onilliyə kifayət edəcək
karbohidrogen yataqlarına malik olmasına rəğmən, Azərbaycanın
ən yeni tarixi informasiya-kommunikasiya texnologiyalarının
inkişaf göstəriciləri ilə əlamətdardır.
Qeyd edilən sahə üzrə artım dinamikası aydın
göstərir ki, ölkəmizin yaxın bir neçə il ərzində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqindən əldə etdiyi gəlirlərin
miqyası neftdən qazanılan mənfəətə bərabər
olacaqdır.
Respublikamız neft ehtiyatlarına görə
dünyada 19-cu, istehsalına görə isə 29-cu ölkə
olsa da, hazırda həyata keçirilən siyasətin məqsədi
neft-qaz istehsalı ilə paralel qeyri-neft sektorunun sonrakı
inkişafının təməlini yaratmaqdır.
Qarşıdakı illərdə əsas hədəf
qeyri-neft sektorunu iki dəfə, İKT sektorunu dördqat
böyütməkdir. Hökumət hesab
edir ki, 2020-ci ilədək ümumi daxili məhsulun
artımını təmin edəcək ən prioritet sahə
məhz informasiya-kommunikasiya texnologiyaları sektoru
olacaqdır. Hazırda Azərbaycanın
İKT-dən illik gəliri təxminən 2 milyard manat təşkil
edir və 2020-ci ildə bu məbləğin 8 milyard manata
qaldırılması planlaşdırılır.
Əsas məqsəd neftlə paralel qeyri-neft sektorunun
inkişafının təməlini qoymaq, ölkə
iqtisadiyyatını irəliyə aparmaqdır. Bununla
yanaşı, yaxın 8-10 ildə nanotexnologiyaların
inkişafı da respublikamız üçün mühüm
məqsədlərdən biri olaraq qalacaqdır.
Hazırda bu məqsədlərin
reallaşdırılması baxımından əsas vəzifə
Azərbaycanda yeni dövrün tələblərinə cavab
verən müasir informasiya infrastrukturunun, habelə informasiya və
kommunikasiya məhsulları sektorunun yaradılmasıdır.
Ölkə başçısının 2012-ci il 15 mart tarixli
"Azərbaycan Respublikası Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya
Texnologiyalarının İnkişafı Dövlət Fondunun
yaradılması haqqında" sərəncamı
informasiya-kommunikasiya texnologiyaları sektorunda fəaliyyətin
stimullaşdırılmasına, bu sahədə
innovasiyaların tətbiqinin, habelə tətbiqi elmi-tədqiqat
işlərinin genişləndirilməsinə xidmət edir. İnformasiya texnologiyaları sahəsində
istehsalyönümlü fəaliyyətin dəstəklənməsi,
bu sahəyə yerli və xarici investisiyaların cəlb
olunması üzrə işlərə təkan verilməsi məqsədilə
yaradılmış fond İKT sahəsində azad rəqabət
mühitinin gücləndirilməsi, əmək
resurslarının, habelə texnoloji parkların və insan
resurslarının inkişafı istiqamətindəki layihələri
maliyyələşdirir.
Dövlət başçısı
İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli
fərmanı ilə təsdiqlənmiş "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyası respublikanın yaxın gələcək
üçün inkişaf perspektivlərinin, habelə
qarşıya qoyulmuş bu və digər məqsədlərin
mükəmməl icra mexanizmlərinin dərin elmi əsaslarla
müəyyənləşdirilməsi baxımından strateji
əhəmiyyətə malikdir. İnanırıq
ki, konsepsiyada nəzərdə tutulmuş məqsədləri
uğurla gerçəkləşdirən Azərbaycan 2020-ci
ilədək inkişaf etmiş ölkələr
sırasında öz layiqli yerini tutacaqdır.
Vidadi
ZEYNALOV,
iqtisad
elmləri üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan. - 2013.- 22 avqust.- S. 1, 4.