Baş nazirin müavini Əli Həsənov Bərdədə qaçqın və məcburi köçkünlər üçün salınan yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə bağlı müşavirə keçirmişdir

 

Avqustun 21-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlər üçün salınan yeni yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə bağlı vəziyyəti öyrənmək məqsədilə Bərdə rayonunda olmuşdur.

AzərTAc xəbər verir ki, Baş nazirin müavini yaşayış məhəlləsinin ərazisini gəzərək tikinti işləri ilə yaxından tanış olmuş, xüsusilə sosial obyektlərin inşası ilə maraqlanmış, görülən işlərə münasibətini bildirmişdir.

Burada inşaatçılarla müşavirə keçirən Ə.Həsənov icraçılara işlərin yüksək keyfiyyətlə və vaxtında başa çatdırılması üçün tapşırıqlar vermişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq salınan yeni yaşayış məhəlləsində hər biri 5 mərtəbəli olmaqla 15 ədəd yaşayış binası, 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, həkim məntəqəsi, klub icma mərkəzi, inzibati bina, ATS binası, qazanxana, 2 ədəd transformator yarımstansiyası, yanğın və içməli su anbarları inşa edilmişdir. Binalardakı mənzillərin 70-i bir, 430-u iki, 325-i üç, 45-i dördotaqlıdır. Burada tikinti işləri ilə 20-yə yaxın şirkət məşğul olur.

Hazırda yaşayış massivinin tikintisində tamamlanma işləri sürətlə davam etdirilir. Yaşayış massivində işlərin avqustun sonunadək tam yekunlaşdırılması nəzərdə tutulur. Yeni məhəllədəki mənzillərə Bərdə rayonu ərazisindəki təhsil müəssisələrində müvəqqəti məskunlaşmış ailələr köçürüləcəkdir.

Müşavirədə tikinti şirkətlərinin nümayəndələri görülən işlərlə bağlı məlumat verərək inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını diqqətə çatdırmışlar. Yaşayış massivinin qaz, su, kanalizasiya, müasir istilik sistemləri, elektrik təchizatı, daxili yolların çəkilişi, yaşıllıq zonalarının salınması sair məsələlər ətrafında müzakirələr aparılmışdır.

 Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov müşavirəyə yekun vurmuşdur.

 

 

Azərbaycan. - 2013.- 22 avqust.- S. 2.