Ağsu necə də gözəlləşib!..

 

İndi Azərbaycanın bütün bölgələri tanınmaz dərəcədə gözəlləşib. Ən ucqar rayonların mərkəzlərini belə görəndə bir anlığa indiyədək tanımadığın, heç vaxt qonağı olmadığın başqa şəhərə düşdüyünü zənn edirsən.

Ağsu da çox dəyişib. Burada yeni sosial və mədəniyyət obyektləri tikilib. Rayonun istər mərkəzi, istərsə də kəndləri abadlaşdırılıb. Yollar, küçələr, səkilər qaydaya salınıb. Hər yanda səliqə-sahman göz oxşayır.

Rayonun girəcəyindəki seyrəngah sanki insanları salamlayaraq onlara "xoş gəlmisiniz" deyir. Buradakı bulaq isə suyu Ağsu dağlarından süzülüb gələn çoxsaylı bulaqların bir növ rəmzinə çevrilib.

Heydər Əliyev Mərkəzinin binasının gözəlliyi diqqəti xüsusilə çəkir. Mərkəzin özürayon əhalisinin ulu öndərin irsini öyrənməkdə, gənclərin dövlətçilik ruhunda tərbiyə olunmasında böyük rol oynayır. Gənclər mərkəzi də, həmçinin ağsulu cavanların ən çox gəldiyi, sevdiyi məkandır. Mərkəzi park isə böyüyün də, kiçiyin də istirahət etdiyi yerdir.

Ağsuda abadlıq işləri davam edir. Rayonda su kanalizasiya xətləri çəkilir, yaşıllıqlara qulluq edilir. Bir sözlə, Ağsu indi gülün gülü, çiçəyin çiçəyi çağırdığı bir cənnət guşədir. O, bölgələrin inkişafına yönəldilən dövlət proqramları çərçivəsində günü-gündən abadlaşan rayonlarımız sırasında addımlayır.

 

Azərbaycan. - 2013.- 22 avqust.- S. 6.