Bütün sahələrdə irəliləyiş
var
Bir neçə
ay bundan əvvəl Şahbuz rayonuna gedəndə
adamı Naxçıvandan başlayaraq rayon mərkəzinə qədər
ağır yol texnikalarının səs-küyü
müşayiət edirdisə, indi yeni asfaltlanmış və genişləndirilmiş
yolda rahatlıq və səssizlik hökm sürür. Yayın qızmar, isti günlərində muxtar
respublikanın ən sərin rayonuna gedib buradakı inkişafla,
yeni binalarla, genişləndirilmiş
yollarla tanışlıqdan sonra havanın sərinliyi ruhumuza
da, ovqatımıza da
bir sərinlik gətirdi.
Cari ilin
ötən dövrü ərzində rayonda görülmüş
işlərlə tanışlığımız zamanı
öyrəndik ki, burada
sosial-iqtisadi inkişafı, əhalinin həyat
səviyyəsinin yüksəlməsi istiqamətində məqsədyönlü
iş aparılmışdır.
Tikinti-abadlıq və quruculuq işlərinin
həcmi genişlənmiş, yeni iş yerləri açılmışdır.
İstər rayon mərkəzi, istərsə
də qəsəbə və kəndlərin siması tamamilə
dəyişmişdir.
Bu dövr Şahbuz şəhərində
ötən ildən tikintisinə başlanmış
"Naxçıvan Aqrolizinq"
Açıq Səhmdar Cəmiyyətinin Şahbuz
rayon bazası, Ağbulaq
kəndində istirahət mərkəzi istifadəyə verilmiş, mart
ayındansa Şahbuz şəhərində
Yeni Azərbaycan Partiyası Şahbuz rayon təşkilatı
üçün yeni
binanın, Kükü, Güney Qışlaq,
Ayrınc, Qızıl Qışlaq, Sələsüz kəndlərində
kənd və xidmət mərkəzlərinin, Qızıl
Qışlaq kəndində 110, Kükü
kəndində 198 şagirdlik məktəb
binalarının, Kükü kəndində
həkim ambulatoriyasının tikintisinə və Sələsüz
kəndində 234 yerlik məktəb
binasının əsaslı təmirinə
başlanmışdır. Tikilməkdə və təmirdə
olan obyektlərin vaxtında istifadəyə
verilməsi üçün lazımi tədbirlər
həyata keçirilir. Həmçinin
2012-ci ilin yaz aylarından başlayaraq Şahbuz şəhərində
su, kanalizasiya sistemi yenidən qurulur.
Rayonda aqrar
sahənin intensiv inkişafına, məhsul
istehsalının artırılmasına əsaslı şərait
yaradılmışdır. Bu sektorun inkişafı istər əhalinin ərzaq
məhsullarına olan tələbatının ödənilməsində,
istərsə də emal müəssisələrinin
xammalla təchizatında böyük
əhəmiyyətə malikdir. Məşğul əhalinin daha çox cəmləşdiyi aqrar
sektorun inkişafı məqsədilə
şəxsi mülkiyyətdəki torpaqlardan
səmərəli istifadə edilməsinə göstərilən
dövlət qayğısı sayəsində bu
sahəyə maraq xeyli
artmışdır. Ötən il bu ilin məhsulu üçün 1127
hektar sahədə payız əkini
keçirilmiş, cari
ilin yazında 201 hektar
sahədə yazlıq arpa əkilmiş,
ümumilikdə isə 1328 hektar sahədə
taxıl əkini aparılmış və hər hektardan 27,3 sentner məhsul
toplanmışdır. Həmçinin cari
ildə 460 hektarda kartof,
283 hektarda tərəvəz, 239 hektarda dənli-paxlalı,
6 hektarda bostan bitkiləri əkilmişdir.
"Kənd
təsərrüfatı məhsullarının
istehsalçılarına dövlət dəstəyi
haqqında" Prezidentin müvafiq
sərəncamının icrası ilə bağlı məhsul
istehsalçılarına istifadə etdikləri yanacaq, motor yağları
və gübrələrə görə yardımların
verilməsi həm məhsul
istehsalının artmasında, həm də torpaqlardan
səmərəli istifadə olunmasında xüsusi
önəm kəsb edir. Təkcə
2013-cü ilin ötən dövründə
81 nəfərə istifadə etdikləri yanacaq,
motor yağına görə 105 min manat yardım, 45 nəfərə 1127 hektara səpilmək üçün
147 ton gübrə verilmişdir.
Həmçinin 262 nəfər 262 min manat güzəştli kredit
almışdır.
Hesabat
dövründə rayondaxili avtomobil yollarının təmiri və
abadlığına diqqət xeyli
artırılmış, Gömür və
Ağbulaq yollarına asfalt-beton
örtük salınmış, yol kənarlarında dəmir məhəccərlərdən
ibarət baryerlər quraşdırılmışdır. Habelə Ayrınc, Kükü və Qızıl Qışlaq kəndlərində
körpülər salınmış, Ayrınc- Kükü, Güney
Qışlaq avtomobil yolunun
xeyli hissəsinə asfalt
verilmişdir. Bundan əlavə,
ötən ildən tikintisinə başlanmış, uzunluğu 59,2 kilometr olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun yol yatağı
genişləndirilmişdir. Yolun
Naxçıvan-Şahbuz hissəsinə
asfalt-beton örtük
salınmışdır. Magistralın Şahbuz-Batabat
hissəsində isə işlər sürətlə davam edir.
Şahbuzlular dövlətin
göstərdiyi diqqət və qayğıya cavab
olaraq öz işlərinə
daha məsuliyyətlə
yanaşırlar. İstər dövlət idarə və təşkilatlarında
işləyənlər, istərsə də torpaq
mülkiyyətçiləri, kənd sakinləri bütün imkanlardan maksimum istifadə etməyə
çalışırlar. Bu da qarşıya qoyulmuş
vəzifələrin həyata keçirilməsinə
etibarlı zəmanət yaradır.
Elxan
MƏMMƏDOV
Azərbaycan. - 2013.- 22 avqust.- S. 6.