Dövlət
qayğısı Zərdabın simasını dəyişir
Yeniləşən
dünyada Azərbaycan əhalisinin müasir standartlar səviyyəsində
sosial-iqtisadi təminatı üçün dövlət bütün
gərəkli tədbirləri həyata keçirir.
Ölkəmizin sosial-iqtisadi qüdrəti
artdıqca regionların hərtərəfli inkişafı daha da sürətlənir. Gerçəkləşdirilən
layihələr bölgələrin simasını dəyişməklə
yanaşı, insanların rifahının
yaxşılaşmasında da əhəmiyyətli
rol oynayır. Onu da qeyd edək ki,
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə həyata keçirilən
kreditləşmə bir çox
layihələrin gerçəkləşməsində mühüm rol oynayır.
Ölkə Prezidenti İlham Əliyev
çıxışlarında dəfələrlə bəyan
edib ki,
sahibkarlığın inkişafı üçün
hər yerdə, o cümlədən
bölgələrdə lazımi şərait
yaradılmalıdır.
Sahibkarlığın
inkişafı Zərdab rayonunda da prioritet istiqamət
sayılır. Bunun üçün
rayonda lazımi şərait
yaradılır. İqtisadi İnkişaf Nazirliyi və
Zərdab Rayon İcra
Hakimiyyətinin birgə təşkilatçılığı
ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə
yeni başlayanlar üçün maarifləndirici treninqlərin
keçirilməsi də çox əhəmiyyətlidir.
Sahibkarlığa göstərilən dövlət dəstəyinin
nəticəsi olaraq sahibkarların əməli
fəaliyyətində aktivlik daha da artır. Rayonda sahibkarlara məxsus yeni xidmət obyektləri istifadəyə verilir və tikilən obyektlər milli memarlıq baxımından Zərdab şəhərinin
görünüşünü daha da
yaxşılaşdırır.
Bu ilin may ayında Məmmədqasımlı kəndində
sahibkar tərəfindən müasir taxıl anbarı və un dəyirmanı da tikilib istifadəyə verilib.
Onu da qeyd
edək ki, ilin əvvəlindən
rayonda sahibkarlıq fəaliyyəti ilə
məşğul olan 10 hüquqi
və 178 fiziki şəxs qeydiyyatdan
keçib, 184 kiçik
sahibkarlıq subyektində 209 nəfər işlə təmin
olunub.
İşdən
söz düşmüşkən, rayonda olarkən öyrəndik ki,
2013-cü ilin ilk
yarısı ərzində 224 daimi iş yeri yaradılıb.
Başqa bir faktı da qeyd edək: həmin
müddətdə rayon
iqtisadiyyatının əsas sahələrində 60 milyon 767 min manatlıq məhsul
istehsal edilib. Bu isə əvvəlki ilin
müvafiq dövründəkindən 12 milyon manata qədər çoxdur.
Abad el yolundan bəllidir, - deyərlər.
Yol tikintisi ilə bağlı Zərdabda da xeyli iş görülüb.
Zərdab-Yuxarı Seyidlər-Siləbəyli
avtomobil yolunun 11 kilometrlik hissəsinə ötən il yüksək keyfiyyətli
asfalt döşənib
(5,4 milyon manat vəsait xərclənib). Həmin yolun tikintisinin
ikinci mərhələsi
üçün 6 milyon
450 min manat vəsait ayrılıb.
Zərdab-Mollakənd yolunun 17 kilometr hissəsində asfalt-beton örtük çəkilib. Əlbəttə, yolların rahatlığı
insanların dolanışığına,
rahat həyat tərzinə əhəmiyyətli
dərəcədə müsbət
təsir edir.
Zərdab kimi yayı
çox isti olan aran rayonunda
içməli suya tələbat həmişə
prioritet olub.
Bu sahə ilə
bağlı görülən
işlər indi də davam etdirilir.
"Hidro-Lotus" MMC indiyədək müxtəlif
diametrli borularla 22368 metr şəhərdaxili su xətti çəkib.
İşlərin davam etdiyini bildirən RİH başçısı
Lütvəli Babayev onu da qeyd
etdi ki, Zərdab şəhərinin
su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı su anbarının, magistral su kəmərinin, çirkab sutəmizləyici
qurğunun və kanalizasiya kollektorunun inşası üçün
torpaqayırma sənədləri
və digər sənədlər hazırlanaraq
"Azərsu" ASC-yə
göndərilib.
Rayonda əvvəlki illərdə
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi xətti ilə 17 ədəd modul tipli sutəmizləyici
qurğu və 194 bulaq tikilib istifadəyə
verilib. Növbəti mərhələdə daha
12 kənddə, o cümlədən
Qaravəlli, Çallı,
Xanməmmədli, Əlibəyli,
Hüseynxanlı və
digər kəndlərdə
belə qurğuların
tikilməsi nəzərdə
tutulub və müvafiq sənədlər
nazirliyə təqdim olunub.
Rayonun Gəlmə, Salahlı, Xanməmmədli
və Hüseynxanlı
kəndlərində təbii
qaz xəttinin çəkilişi başa
çatdırılıb və
abonentlərə sayğac
quraşdırılmasına başlanılıb.
Dəli Quşçu kəndinin və Kür çayının
daşması nəticəsində
ziyan çəkmiş
rayon əhalisi üçün
FHN tərəfindən inşa
olunmuş 71 yeni yaşayış evinin qazlaşdırılması işləri
başa çatıb
və evlərə təbii qaz verilib. İl
başlayandan rayonun Pərvanlı, Yarməmmədbağı,
Lələağacı, Gödəkqobu,
Məmmədqasımlı, Dəkkəoba və Dəli Quşçu kəndlərində ümumilikdə
147113 p/m müxtəlif diametrli
borularla qaz xətti çəkilib. Dəli Quşçuda 282, Gəlmədə
216 və Dəkkəoba
kəndində 151 abonentə
fərdi qaz xətti çəkilərək
sayğac quraşdırılıb.
Rayonda elektrik verilişi xətlərində
istismara yararsız dayaqlar dəyişdirilir və ya bərpa
edilir, transformator və yarımstansiyaların
işlək vəziyyətdə
olması üçün
müvafiq təmir işləri görülür.
Digər bölgələrimiz
kimi, Zərdabda da abadlıq, tikinti-quruculuq işləri
geniş vüsət alıb. Regional Dövlət Proqramına uyğun olaraq rayonun Çallı (360 yerlik), İsaqbağı
(220 yerlik) və Aşağı Seyidlər
(80 yerlik), kəndlərində
yeni və müasir məktəb binaları tikilib. Körpükənd tam orta məktəb
binası əsaslı,
şəhər 3 nömrəli
tam orta məktəbin
binası isə cari təmir edilib. Rayon polis şöbəsinin inzibati
binasının tikintisi
başa çatdırılaraq
istifadəyə verilib.
Süd məhsulları istehsal edən zavod, "Aqrolizinq" ASC-nin rayon
"Aqrotexservis" filialı
üçün inzibati
bina, taxıl və gübrə anbarları, baytarlıq idarəsinin binası, müxtəlif sahibkarlıq
obyektləri də istifadəyə hazırdır.
Rayon mərkəzindəki
Heydər parkında abadlıq, təmir işləri görülüb.
Azərbaycan, R.Kərimov küçələri
abadlaşdırılıb. Su-kanalizasiya xətlərinin
çəkilişi ilə
əlaqədar Heydər
Əliyev prospektinin dağılmış hissələrinə
12 min kvadratmetr asfalt örtük çəkilib.
Digər işlərdən də söz açmaq olar.
Ən başlıcası odur ki, dövlət qayğısı sayəsində
Zərdab dəyişir,
müasirləşir, insanların
rifahı daha da yaxşılaşır.
T.NƏZƏRLİ
Azərbaycan. - 2013.- 22 avqust.- S. 6.