Bakının «Mirvari boyunbağı»sı

 

Yaranışından üzü bəri Bakı bulvarına o qədər bənzətmələr, nəğmələr, mahnılar qoşublar ki... Bu yerlərə dəyərli milli sərvət, paytaxtın "Mirvari boyunbağı"sı, Bakı Venetsiyası da deyiblər. Tədqiqatçıların qənaətinə görə, Bakı Milli Parkının ilk layihəsi 1909-cu ildə mühəndis Məmmədhəsən Hacınskinin təşəbbüsü ilə yaradılıb. Ötən illərdə bu yerlərin həm görkəmi dəyişib, həm də sahəsi xeyli genişlənib. Ərazisi dəniz sahili boyunca ən azı altı kilometr böyüdülüb. Ekzotik dəyərinə görə isə Parisdəki Sena çayı sahilində yerləşən parkdan sonra Avropada ikinci sayılır. Bakı sakinləri, şəhərimizin qonaqları dəniz kənarının ekzotik guşəsini ilin bütün fəsillərində ən sevimli gəzinti yeri sayır, mənzərələrdən, cazibədar gözəlliklərdən doyumsuz zövq alırlar.

Tatyana Dmitriyeva, Saratov şəhəri:

- Bakıya üçüncü dəfədir ki, gəlirəm. Şəhərin bütün yeniliklərini heyranlıqla qarşıladım. Ünsiyyət yaratdığım adamlarda xeyirxahlıq, səmimiyyət, mehribançılıq gördüm. O ki qaldı Bakı bulvarına, bu yerlərdən ayrılmaq çətindir. Açığını deyim ki, dəniz kənarının gecələri gündüzündən də maraqlıdır. Doğma yurdumuza xoş xatirələrlə, zəngin təəssüratlarla qayıdacam...

İon Durutse, Kişinyov:

- Bakıya ilk gəlişimdir. Bu cənub şəhərində maraqlı adamlarla tanış oldum. Dənizkənarı parkda "Bakı buxtası"nı, ən güclü fəvvarəni seyr etdim. Açığını deyim ki, sahil boyunca fayton gəzintisi məni uzaq keçmişə apardı. Bir Şərq gecəsinin ləzzətini yaşadım. Ümumiyyətlə, mənim bu yerlər barədə bilgilərim bir qədər də zənginləşdi. Azərbaycan tarixi, Şərq mədəniyyəti haqqında az-çox təsəvvürüm vardı. Amma əyani gördüklərim məni bu yerlərə bağladı. Yəqin ki, məqam tapanda Bakıya bir də qayıdacam...

Soso Qoqaladze, Tbilisi:

- Bizim ərazimiz qonşuluqda yerləşsə də, təbiətimizdə fərqli cəhətlər çoxdur. Bakı bulvarının gözəlliklərini isə yalnız dünyanın ən nadir ekzotik mənzərələri ilə müqayisə etmək olar. Şəhərin işgüzar həyatından ayrılanda dənizkənarı parkda müxtəlif əyləncələr təklif olunur. Açığını deyim ki, mən öz vətənimdə də bu yerlər üçün darıxıram. Tarixi yerlərə, qədim dövrün nişanələrinə həmişə maraq göstərmişəm. Elə dənizkənarı parkda da qədimliyin nişanələrini yaşadan abidələr çoxdur. Buradakı Xalça muzeyi diqqətimi daha çox cəlb etdi. İlmələrin dili ilə maraqlı peyzajlar yaradıblar. Adam baxdıqca baxmaq istəyir...

Dəniz sahilindəki milli park qədim Şərq şəhərinə nə qədər gözəllik versə də, irili-xırdalı problemlər də az deyil. Xidmət obyektlərində təklif olunan qiymətlər bəzən fantastik həddə çatır. Adicə uşaq atraksionlarında əylənmək üçün çəkilən xərclər digər istirahət mərkəzləri ilə müqayisədə xeyli yüksəkdir. Bir uşağın minimum maraqlarını ödəmək üçün ən azı 5-6 manatından keçməlisən. Adicə bir fakt - fayton gəzintisinin bir dövriyyəsi ən azı 5 manata başa gəlir. Əslində, fayton yanacaqsız işlədiyi üçün xeyli ucuz olmalıdır. O ki qaldı bahalığın səbəbinə, bunu faytonçular belə izah edirlər: "İcarə haqqı çox yüksəkdir, onu ödəyə bilmirik. Ona görə də qiymətləri artırmaq məcburiyyətində qalırıq".

Müxtəlif iaşə obyektlərindəki qiymətlər bir-birindən xeyli fərqlənir. Elə bil bahalaşmada yarış keçirilir. Vəziyyətə aydınlıq gətirmək üçün dənizkənarı Milli Parkın direktor müavini Nazim Məcidova müraciət etdik. Onun dediklərindən:

- Əslində, qiymətləri biz tənzimləmirik. Hər bir sahibkar bazara uyğun qiymətlər təklif edir. Biz yalnız təhlükəsizliyə, səliqə-sahmana, xidmət mədəniyyətinə nəzarəti artırırıq. Bircə faktı deyim ki, son on ildə dənizkənarı Milli Parkda təhlükəsizliyin pozulması hallarına təsadüf olunmayıb. İstifadədə olan bütün avadanlıqlar, uşaq oyuncaqları, atraksionlar yeniləşdirilib. Dənizkənarı Parkda istirahət edənlər katerlə gəzintiyə daha çox üstünlük verirlər. Dənizə sarı uzanan estakadaların da gecəli-gündüzlü öz gözəlliyi var...

Milli sərvətimizi - dənizkənarı parkımızı qorumaq və gözəlləşdirmək üçün hələ çox görməliyik. Doğrudur, dünyanın ən maraqlı seçimlərindən də faydalanırıq, Şərq üslubuna da üstünlük veririk. Amma nədənsə hələ də bu böyük ərazidə yerli mühitə uyğun yaşıl zolaqlar çox azdır. Gəlmə, əcnəbi ağacları, meyvələri və dekorativ kolları bizim təbiətə uyğunlaşdırmaq bir qədər çətinlik yaradır. Yaxşı olar ki, Azərbaycan təbiətinin öz inciləri bu yerlərin bəzəyinə və sərvətinə çevrilsin...

 

 

Bəşir ŞƏRİFLİ

 

Azərbaycan. - 2013.- 22 avqust.- S. 8.