Sənayeləşmənin coğrafiyası genişlənir

 

Yeni müəssisələrin əksəriyyəti regionlarda yaradılır

 

Azərbaycanda son illər həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri də ölkənin sənayeləşdirilməsidir. Bu istiqamətdə əsas diqqət qeyri-neft sənayesinin inkişafına verilir və indiyəcən sözügedən sahədə çox görülüb, qlobal layihələr reallaşdırılıb.

Təsadüfi deyil ki, hökumətin bütün iclaslarında ölkənin sənayeləşməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsinin prioritet sahə olduğu dönə-dönə vurğulanır. Qeyd edilir ki, qarşıda duran əsas məsələ növbəti illərdə qeyri-neft sektorunda məhsul istehsalını iki dəfə artırmaqdır. Bu məqsədə çatmaq üçün ölkədə əlavə olaraq yeni iriixracyönümlü sənaye müəssisələri yaradılmalıdır.

Sənayeləşmədə əvvəllər fəaliyyət göstərən müəssisələrin bərpası az əhəmiyyət kəsb etmir. Baxmayaraq ki, həmin müəssisələr keçmiş SSRİ məkanında mövcud olmuş müəssisələrlə kooperasiya şəklində fəaliyyət göstərirdi və Sovetlər birliyinin dağılması həmin müəssisələrin fəaliyyətini iflic etmişdi, onların yeni şəraitə və bazara uyğunlaşdırılması, rəqabətədavamlı məhsul istehsalına başlamalarına nail olunması hər manatın hesablandığı indiki dövrdə xüsusi önəm daşıyır. Odur ki, Azərbaycanda ilk növbədə xüsusilə strateji məhsul istehsal edən müəssisələrin fəaliyyəti bərpa olundu. Həmin prosesin təfsilatına varmadan qeyd edək ki, görülmüş tədbirlər sayəsində bu gün həmin müəssisələrin əksəriyyəti müasir dövrün tələblərinə uyğun yenidən qurulub. Hazırda həmin müəssisələrdə istehsal olunan məhsullar dünya standartlarına cavab verdiyi üçün daxili tələbatı ödəməklə yanaşı, xarici bazara da ixrac edilir.

Eyni zamanda ölkədə yeni müəssisələr də yaradıldı və bu proses indi də sürətlə davam edir. Bu müəssisələr müasir texnikatexnologiya ilə təchiz olunur və əsasən yerli xammaldan istifadə üçün nəzərdə tutulur. Belə halda hazır məhsulun maya dəyəri aşağı düşür ki, bu da həm sahibkara bazara rəqabətqabiliyyətli məhsul çıxarmağa imkan verir, həm də iqtisadiyyatın digər sahələrinin inkişafına və yeni yerlərinin açılmasına səbəb olur. Xüsusilə belə müəssisələrin bölgələrdə açılması daha əhəmiyyətlidir.

Ölkənin sənayeləşməsində sənaye parklarının yaradılmasının rolu böyükdürbu sahədə həyata keçirilən əməli tədbirlər ildən-ilə sürətlənir. Bu da təsadüfi deyil. Təkcə fəaliyyət göstərən sənaye müəssisələrinin fəaliyyəti nəticəsində cari ilin birinci rübündə qeyri-neft sənayemiz təxminən 3 faiz artıb. Amma bu, son hədd deyil. İxracyönümlü yeni sənaye müəssisələrinin sayı artdıqca, təbii ki, bu göstərici də yüksələcək. Yeri gəlmişkən qeyd edək ki, hazırda ölkənin müxtəlif ərazilərində bir neçə belə müəssisə tikilir. Həmçinin sənaye istehsalı ilə bağlı digər ciddi addımlar atılır. Özü də həmin müəssisələrin çox böyük hissəsi özəl sektor tərəfindən tikilir.

Bu sahədə təqdirolunası digər fakt isə ondan ibarətdir ki, sənayeləşmənin ölkənin bütün regionlarını əhatə etməsi üçün böyük sənaye kompleksləri  Gəncədə, Sumqayıtda, Bakının Qaradağ rayonunda və digər yerlərdə yaradılır. Eyni zamanda onların normal fəaliyyət göstərmələri üçün həmin ərazilərdə bütün infrastruktur, kommunikasiyalar, dəmiryol xətləri qurulur. Bir sözlə, ölkədə həyata keçirilən sənayeləşmə siyasəti imkan verir deyək ki, yaxın bir neçə ildə Azərbaycan dünyanın sənayesi inkişaf etmiş ölkələri sırasına daxil olacaq.

Amma bu da həqiqətdir ki, sənayeləşməni ciddi kapital qoyuluşu olmadan inkişaf etdirmək mümkün deyil. Ölkəmizdə isə kapital qoyuluşu ilə bağlı problem yoxdur. Belə ki, sənayeləşmənin inkişafını sürətləndirmək məqsədilə daxilixarici kapital qoyuluşu ildən-ilə artır. Azərbaycan əsas kapitala sərmayə yatırımına görə nəinki MDB məkanında, hətta Şərqi Avropa ölkələri arasında öncül yerlərdən birini tutur. Təbii ki, ölkəmizin kapital qoyuluşunda üstün mövqeyə malik olmasının əsas səbəbi münbit investisiya şəraitidir. Mövcud qanunvericiliyimiz xarici sərmayənin qorunmasına təminat verdiyindən investorlar Azərbaycanda ən müxtəlif sahələrə sərmayə yatırmaqda tərəddüd etmirlər.

Təkcə cari ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına 12,6 milyard dollar həcmində sərmayə qoyulub. Bu göstəricinin ilin sonuna qədər 25 milyard dollara çatacağı gözlənilir. Xatırladaq ki, 2012-ci ildə Azərbaycan iqtisadiyyatına üst-üstə 20 milyard dollardan çox sərmayə qoyulmuşdur.

Fərəhli haldır ki, ölkənin sənayeləşməsinə və digər sahələrin inkişafına daha çox daxili mənbələrdən kapital qoyulurbu vəsait əsasən qeyri-neft sektorunun və sənayeləşmənin inkişafına yönəldilir. İldən-ilə kapital qoyuluşunun coğrafiyası da genişlənir. İndi iri müəssisələrin çoxu bölgələrdə tikilir. Sənayeləşmə prosesi eyni zamanda aqrar sektorda da vüsət alıb. Hazırda dövlətin ayırdığı güzəştli kreditlər hesabına regionlarda 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 2 ət emalı, 2 konserv, 7 çörək zavodu inşa olunur. Həmin müəssisələrdə xammal kimi yerli məhsullardan istifadə ediləcək.

Məlumdur ki, 2003-2012-ci illərdə Azərbaycanda ümumi daxili məhsul istehsalının həcmi 3 dəfə artmışdır. Buna baxmayaraq, qarşıdakı növbəti 10 il ərzində bu göstəricinin daha da artırılması qarşıya məqsəd qoyulub. Hazırda bu məqsədə çatmaq üçün istər ölkənin iri sənaye şəhərlərində, istərsə də digər bölgələrdə mühüm layihələr həyata keçirilir, müxtəlif regionlarda çoxsaylı iriorta sənaye müəssisələri tikilir. Onların bir hissəsi isə artıq istifadəyə verilib. Yalnız cari ilin 7 ayında Bakı şəhərində "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyi, Heydər Əliyev Beynəlxalq Aeroportunda Qaz Turbini İstilik-Elektrik Stansiyası, Sumqayıtda "Gilan" Tekstil Parkı, Şirvanda "Cənub" Elektrik Stansiyası, Abşeron rayonunda birdəfəlik plastmas qablar və priforminqlər istehsalı və "Milla" süd məhsulları və dondurma istehsalı zavodları, Qazaxda sement zavodu, Qəbələdə üzüm emalı zavodu, heyvandarlıq-südçülük kompleksi və Hacıqabulda seramik piltələr istehsalı zavodu və digər obyektlər bu sıradandır. Əgər ilin sonunacan istismara veriləcək müəssisələri də nəzərə alsaq, onda ölkənin sənaye sektorunda məhsul istehsalının daha da artacağı şübhəsizdir. Məsələn, bir neçə il əvvəl istifadəyə verilmiş Sumqayıt Texnoparkında hazırda 20-dən yuxarı müəssisə fəaliyyət göstərir. Üstəlik, yeniləri də tikilir. Texnoparkda yüzlərlə çeşiddə müxtəlif növ məhsullar istehsal edilir. Deməli, yaxın bir neçə ildə yeni müəssisələrdə istehsal olunacaq məhsullar yerli tələbatı ödəməklə yanaşı, dünya bazarına rəqabət apara biləcək ixracyönümlü məhsullar da çıxaracaq.

Söz düşmüşkən, Dövlət Statistika Komitəsinin son hesabatına istinadən bildirək ki, cari ilin yanvar-iyul aylarında sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 19,6 milyard manat təşkil edərək əvvəlki ilin müvafiq dövrünün səviyyəsini üstələyib. Qeyri-neft bölməsində 3,4 faizlik artım qeydə alınıb. Hesabat dövrünün statistik rəqəmləri göstərir ki, sənaye məhsulu istehsalında özəl müəssisələr önə çıxıb. Belə ki, yanvar-iyul ayında özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81 faizini təşkil edib.

Bəs sənayedə işləyənlərin sayı nə qədərdir və onlar necə qazanırlar? Rəsmi məlumata görə, cari ilin birinci yarısında ölkənin sənaye sahələrində çalışan muzdlu işçilərin sayı əvvəlki illə müqayisədə 5,1 faiz artaraq 178,8 min nəfərə çatıb. Onların orta aylıq əməkhaqqı 8 faiz yüksələrək 638,7 manat olub. Qeyri-dövlət bölməsində işçilərin orta aylıq əməkhaqqı isə 6,6 faiz artaraq 750,1 manat təşkil edib.  İşçilərin 37,3 mini mədənçıxarma, 90,3 mini emal, 30,6 mini elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı, 20,6 min nəfəri su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində çalışır.

 

 

Rüstəm KAMAL

 

Azərbaycan. - 2013.- 22 avqust.- S. 5.