ARDNŞ-də BP şirkətinin nümayəndələri ilə birgə toplantı olmuşdur

 

ARDNŞ-də Azərbaycanın neft-qaz sənayesi üçün milli kadrların hazırlanması, hazırda bu sektorda çalışan xarici vətəndaşların milli kadrlarla əvəz olunması siyasətinin həyata keçirilməsi sahəsində mövcud vəziyyət, o cümlədən layihələrə cəlb olunan əcnəbi vətəndaşlara fərdi icazələrin və vizaların alınması məsələlərinə həsr olunmuş növbəti toplantı keçirilmişdir.

İclasda ARDNŞ və "BP Eksploreyşn Limited (Kaspian Sİ)" şirkətlərinin bu sahə ilə məşğul olan rəhbər işçiləri, habelə Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi iştirak etmişlər.

BP şirkətinin insan resursları üzrə vitse-prezidenti Leyla Novruzova çıxış edərək bildirmişdir ki, Azərbaycanın neft-qaz sektorunun milliləşdirilməsi məsələlərinə həsr olunmuş ənənəvi görüşlərin və danışıqların nəticəsi olaraq BP və ARDNŞ arasında çoxşaxəli milliləşdirmə layihəsi üzərində aparılır. Hazırlanan plan HPBS əsasında fəaliyyət göstərən şirkətlərdə xarici personalın milliləşdirilməsi istiqamətində tədbirlərin mütəmadi olaraq həyata keçirilməsini əks etdirir. Bu istiqamətdə işlərin intensivliyinin artırılması zərurəti vurğulanmış, ehtiyac duyulan təcrübəli əcnəbi kadrların ölkəmizə dəvət olunması məsələlərinə aydınlıq gətirilmişdir. L.Novruzova Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq əlaqələrinin qurulmasına göstərdiyi köməyə görə Dövlət Neft Şirkətinin rəhbərliyinə minnətdarlığını bildirərək yaranmış işgüzar münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Milliləşdirmə planının işlənilməsi ilə bağlı məsələləri birgə fəaliyyətin bariz təzahürü kimi qiymətləndirən ARDNŞ-nin kadr, rejiminformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Azərbaycan neft sənayesində fəaliyyət göstərən xarici şirkətlərdə personalın milliləşdirilməsi prosesinin bundan sonra daha əsaslı şəkildə və davamlı olacağına əminliyini ifadə etmişdir. Görüşün nəticəsi olaraq Azərbaycanda fəaliyyət göstərməsi zəruri olan xarici mütəxəssislərin icazələrinin alınması üçün lazımi tədbirlərin görülməsi və hazırlanan layihələrin hər iki şirkət tərəfindən sentyabrın 1-dək təsdiqlənəcəyi qərara alınmışdır.

 

Azərbaycan. - 2013.- 22 avqust.- S. 5.