Azərbaycan seçkiqabağı ənənələri «pozmuşdur»

 

Qərb MDB liderləri İlham Əliyevi dəstəkləmişlər

 

"Nezavisimaya qazeta"nın onlayn variantında cari ilin 21 avqust nömrəsində yer almış məqalə belə adlanır.

AzərTAc həmin məqalənin tam mətnini oxucuların diqqətinə təqdim edir.

"Prezident seçkilərinə bir neçə ay qalmış Azərbaycan beynəlxalq diplomatiya mərkəzinə çevrilmişdir. Qərbin nümayəndə heyətlərinin və MDB ölkələrinin liderlərinin səfərləri inandırıcı şəkildə göstərdi ki, oktyabrın 9-dan sonra da bu ölkənin seçdiyi yol dəyişməyəcəkdir. Buna görə də etibarlı tərəfdaş nüfuzu qazanmış və güclü regional lider mövqelərini möhkəmlətmiş dövlətlə münasibətlərdən söhbət gedəndə ənənəvi seçkiqabağı pauza üçün vaxt itirməyə dəyməz.

Keçən həftə Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sədr rolunu qəbul etmişdir. Bakıda keçirilən zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Abdullah Gül, Qırğızıstan Prezidenti Almazbek Atambayev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, habelə Türkmənistanın baş nazirinin müavini Sapardurdu Toyliyev başda olmaqla bu ölkənin nümayəndə heyəti Bakıya gəlmişdir. Azərbaycanın yeni statusu başlıca məqsədi regionda sabitliyi, təhlükəsizliyi və inkişafı təmin etməkdən ibarət olan əməkdaşlıq proqramını genişləndirməyə imkan verəcəkdir.

Şəksiz lider rolu bu dövlətin xarici siyasət üzrə bütün tərəfdaşları ilə bərabər münasibətlər qurmasına imkan verir. Avqustun əvvəlində Azərbaycanın müdafiə naziri Səfər Əbiyev ABŞ-a rəsmi səfər etmiş, Amerika konqresmenlərindən ibarət nümayəndə heyəti isə Bakıda olmuşdur. Eyni vaxtda Prezident İlham Əliyev İtaliyanın Baş naziri Enriko Letta ilə danışıqlar aparmışdır. Rusiya Federasiyası Prezidenti Vladimir Putinin Azərbaycan paytaxtına səfəri isə avqust diplomatiya paradının zirvəsi olmuşdur. Rusiya lideri keçənilki seçkilərdə qələbəsindən sonra ilk dəfə Cənubi Qafqaza gəlmişdir.

Politoloq Rasim Musabəyov qeyd etmişdir ki, Rusiya nümayəndə heyətinin tərkibinə altı nazir daxil idi. Bu o deməkdir ki, Rusiya və Azərbaycan gələcək üçün çoxlu planlar qururlar. O demişdir: "Rusiyanın bizimlə həmsərhəd olan qüdrətli dövlət olması faktını nəzərə alsaq, Azərbaycan üçün bu səfərin böyük əhəmiyyəti vardır".

Rusiya İctimai Palatasının üzvü, beynəlxalq əməkdaşlıq və ictimai diplomatiya üzrə işçi qrupun rəhbərinin müavini Sergey Maykovun fikrincə, "RF Prezidenti Vladimir Putinin Cənubi Qafqaza və məhz Azərbaycana ilk səfəri, şübhəsiz, Rusiya rəhbərliyi tərəfindən Azərbaycana müsbət münasibətin ifadəsidir. İlham Əliyevin prezidentliyi dövründə Rusiya-Azərbaycan münasibətləri həmişə konstruktiv məcrada inkişaf etmişdir. Ölkələrimizin münasibətlərində böhranlı məqamlar olmamışdır, üstəlik, iqtisadiyyatda, o cümlədən energetika sahəsində əməkdaşlıq inkişaf edir, tərəflərin hərbi məsələlər üzrə məsləhətləşmələri davam edir".

Azərbaycanın ABŞ, Avropa İttifaqı, Türkiyə, İsrail və başqa dövlətlərlə öz əlaqələri var. Alman politoloqu Aleksandr Rar belə hesab edir ki, Rusiya da bu lider dövlətlə əməkdaşlıq etməkdə, əlbəttə, maraqlıdır. A.Rar "Vestnik Kavkaza" nəşrinə müsahibəsində qeyd etmişdir ki, Moskva praqmatik ovqatdadır, Azərbaycan isə tərəfdaşlarını bir-birinə qarşı qoymadan bacarıqla öz siyasətini yeridir.

Məsələn, Azərbaycan qazının Avropaya nəql edilməsi üçün "Nabukko" layihəsindən imtina edilməsi demək olan Transadriatik qaz kəmərinin (TAP) seçilməsi Bakının Qərb ilə öz münasibətlərini saxlamasına və Rusiyaya dost əli uzatmasına imkan vermişdir. Ekspert demişdir: "TAP kəmərinin çəkilməsi barədə qərar Rusiya üçün bütün variantların ən yaxşısıdır. Əgər Avropa

İttifaqının, sonra isə ola bilsin ki, amerikalıların da Qafqazda mövqeyi, deyək ki, "Nabukko" kimi daha iri Qərb boru kəmərləri vasitəsilə mövcudluğu üstünlük təşkil etsəydi, bu, Rusiyaya mane olardı". O, fikrini dəqiqləşdirərək bildirmişdir ki, seçilmiş variant Qərbin və Rusiyanın Azərbaycan ilə praqmatik əməkdaşlığını nəzərdə tutur. Məhz bu səbəbdən Azərbaycanda seçkiqabağı dövr olmasına baxmayaraq, TAP layihəsində iştirak edən İtaliya hökumətinin başçısı İlham Əliyevə öz ehtiramını bildirmişdir. Rusiya nümayəndə heyəti isə gələcək planlarını müzakirə etmişdir.

Siyasi icmalçı Rizvan Hüseynov qeyd etmişdir ki, bu gün bütövlükdə Cənubi Qafqaz regionunda ÜDM-nin 70 faizdən çoxu Azərbaycanın payına düşür. Tərəfdaşlar müştərək layihələr barədə razılığa gələrkən onların reallaşacağına şübhə etmirlər, çünki Azərbaycanın fəaliyyət xətti dəyişməyəcəkdir: sosioloji sorğular göstərir ki, əhalinin 80 faizdən çoxu indiki Prezidenti dəstəkləyir. Politoloq Pərvin Darabadi "Exo" nəşrinə müsahibəsində bildirmişdir ki, son 10 ildə Azərbaycan çox möhtəşəm və aşkar inkişafa nail olmuşdur. Heydər Əliyev hakimiyyətə qayıdarkən müharibə şəraitində olan Azərbaycan bərbad, yoxsul bir ölkəyə çevrilmişdi. O, Azərbaycanın inkişaf strategiyasını işləyib hazırladı, İlham Əliyevin başlıca vəzifəsi isə bu strategiyanı həyata keçirməkdən ibarət oldu. O da atası kimi, bugünkü vəziyyəti unutmadan gələcəyə baxır.

Hələ 2002-ci ildə Azərbaycanda yoxsulluq səviyyəsi 46,7 faiz olduğu halda, 2012-ci ildə müvafiq göstərici 6 faizə düşmüşdür. Ölkədə ÜDM, sənaye məhsulları istehsalı və dövlət büdcəsinin gəlirləri rekord sürətlə artmaqdadır. Bu faktlar fonunda son 20 ildə öz ritorikasını dəyişməyən Azərbaycan müxalifəti tərəfindən tənqidi çıxışlar kələkbazlıq kimi təsir bağışlayır. Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dosenti, politoloq Niyazi Niyazov 1News saytına müsahibəsində demişdir: "Azərbaycan müxalifətinin liderlərinin bəyanatlarını eşidəndə çox vaxt başa düşürsən ki, bu insanlar Bakı çayxanalarının daimi müştərilərinin müəyyən hissəsi kimi yaşamağa çalışırlar. Onlar armudu stəkanı əllərindən buraxmadan, heç bir görmədən, heç nə bacarmadıqları halda "dəryada balıq sövdəsi"nə düşürdünya miqyaslı problemlərin həllindən dəm vururlar". Müxalifət daxilində çəkişmələr, onun pərakəndəliyi və vətəndaşların müxalifətin şüarlarına etimadsızlığı məhz bununla izah edilir.

Sıravi azərbaycanlılar öz prezidentini hansı səbəbdən dəstəkləyirlərsə, xarici siyasət üzrə tərəfdaşlar da eyni səbəbdən onun alternativini görmürlər. Ataoğul Əliyevlər tərəfindən yaradılmış sistem həm ölkə sakinlərini, həm də tərəfdaş dövlətlərin liderlərini tamamilə qane edir, bu sistemdə Azərbaycan Şərq ilə Qərb arasında etibarlı körpüyə, habelə təkcə region üçün deyil, həm də Avropa üçün sabitliyin qarantına və iqtisadi inkişafın lokomotivinə çevrilmişdir".

 

Azərbaycan. - 2013.- 22 avqust.- S. 3.