«Azərbaycan Ukrayna üçün üçüncü yol aça bilər»
Bu il avqustun 20-də Ukraynanın "Obozrevatel" onlayn resursunda Sergey Kolyadanın
"Azərbaycan Ukrayna üçün
üçüncü yol
aça bilər" sərlövhəli
geniş analitik məqaləsi
yerləşdirilmişdir. Azərbaycan-Ukrayna münasibətlərinə
həsr edilmiş məqalədə
ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığı
sayəsində Ukrayna üçün
yarana biləcək perspektivlərdən bəhs
edilir.
Məqalə
müəllifi yazır ki, postsovet
məkanında dövlətin inkişafının Qərb və
Rusiyayönlü konsepsiyaları adətən
bir-birinə qarşı qoyulur. Buna baxmayaraq, postsovet dövlətlərinin
inkişafının bu iki
yolundan əlavə bu
gün Azərbaycanın çox
inamla nümayiş etdirdiyi üçüncü
yol da var.
"Bu keçmiş sovet respublikası Avropa
İttifaqı, ABŞ, Yaxın Şərq və MDB ölkələri
ilə uğurlu əməkdaşlıq edir. RF Prezidenti Vladimir Putinin Bakıya sonuncu səfəri göstərdi ki, Azərbaycan ən müxtəlif tərəfdaşlarla
çox rahat ümumi dil tapmağı
və bərabərhüquqlu dialoq
aparmağı bacarır".
S.Kolyada qeyd edir ki, Qərbin ən iri energetika şirkətləri
bu respublikada çoxdan işləyirlər. Bu gün Azərbaycan neftin və qazın nəql edilməsi üçün bir
neçə boru kəmərinin (TANAP,
TAP) tikintisində iştirak edir, lap yaxın vaxtlarda isə Yunanıstanın qaz nəqletmə sistemini
almışdır. Bu ölkə təkcə
keçən il dost
Türkiyənin iqtisadiyyatına təxminən 20 milyard dollar sərmayə qoymuşdur.
Azərbaycan
iqtisadiyyatı müştərək layihələr sayəsində
inkişafın yeni səviyyəsinə nail olmuşdur. O, tədricən
enerji resursları ilə bağlı olmayan yüksək texnologiya
və elm tutumlu istiqamətlərin
inkişafına yönəlməkdədir. Bütün
bunlar, öz növbəsində
ölkənin xarici siyasi
mövqelərini gücləndirmişdir.
Müəllif
yazır: "Bu gün
deyə bilərik ki, Azərbaycan
Bolqarıstanda, Albaniyada və digər Balkan ölkələrində, habelə Avstriya, Almaniya və İtaliya kimi Avropa ölkələrində vəziyyətə
ciddi təsir göstərir. Onlar hamısı Azərbaycanla əməkdaşlıq
etməkdə maraqlıdırlar. Avropalı
qonaqların Bakıya tez-tez səfər
etməsi, habelə Azərbaycanla onun tərəfdaşları
arasında imzalanmış bir sıra beynəlxalq
sənədlər, məsələn, Azərbaycan ilə Xorvatiya arasında strateji
tərəfdaşlıq və dostluq
münasibətləri haqqında Zaqreb bəyannaməsi
buna sübutdur",
- deyən müəllif vurğulayır ki,
Amerika Birləşmiş Ştatları
Yaxın Şərqdə ən sabit
dövlət kimi Azərbaycanla əməkdaşlıq
etməyə hazır olduğunu və bunu arzu etdiyini
hər vasitə ilə nümayiş etdirir. ABŞ Azərbaycanı sadəcə olaraq, Avropa üçün enerji donoru kimi deyil,
Yaxın Şərqdə sülhün
açarı olan müttəfiqi kimi qəbul edir. Məqalə
müəllifi bu qənaətə gəlir
ki, bu vəziyyət
Azərbaycanın Rusiya ilə əməkdaşlığına
əsla mane olmur, çünki Moskvadan ötrü Bakı Xəzər regionunda qiymətli müttəfiqdir.
S.Kolyada belə hesab
edir ki, Azərbaycan
Yaxın Şərqdəki münaqişələrin çoxunda bir növ münsif olmaq üçün hər
cür imkana və
şəraitə malikdir. O, Suriya böhranının, ABŞ ilə İran arasında qarşıdurmanın
nizamlanmasında vasitəçi ola bilər,
eləcə də Yaxın Şərqdə öz
mövqelərini qismən itirmiş Rusiyaya kömək edə bilər.
S.Kolyada yuxarıda deyilənləri
yekunlaşdıraraq yazır: "Beləliklə, son iyirmi ildə Azərbaycan
beynəlxalq arenada nüfuzlu
siyasi oyunçuya
çevrilə bilmişdir. Bu ölkənin ardıcıl olaraq
uzun illər boyu yeritdiyi siyasəti bir tərəfdən
"çoxvektorlu siyasət", digər
tərəfdən güclü tərəfdaş
dövlətlərlə "bərabərhüquqlu
münasibətlər siyasəti" adlandırmaq olar. Onu da
deyək ki, Bakı bu
əməkdaşlığı həmişə
qarşılıqlı energetik və iqtisadi səmərə əsasında qurmuşdur". Müəllif qeyd
edir ki, bu fəaliyyət xəttinin təməli hələ
1990-cı illərin ortalarında Azərbaycan Prezidenti
Heydər Əliyev tərəfindən qoyulmuşdur
və bu gün Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir.
Azərbaycanda
növbəti prezident seçkiləri mövzusuna toxunan müəllif
vurğulayır: "İlham Əliyev azərbaycanlı
seçicilər arasında mütəmadi olaraq
yüksək reytinqə malik olduğunu nümayiş etdirir. Buna görə də tamamilə aşkardır ki, oktyabrın 9-da keçiriləcək
seçkilərdə o, artıq üçüncü dəfə Prezident vəzifəsini tuta
biləcəkdir. Üstəlik, müşahidəçilər
İlham Əliyevin çox
yüksək nəticə ilə qalib gələcəyini
proqnozlaşdırırlar, çünki
reytinqlər göstərir ki,
seçicilərin 80 faizdən çoxu onu dəstəkləyir".
Müəllif
yazır ki, İlham
Əliyev onun ölkəsini ən güclü regional liderə
çevirmiş strategiyaya
riayət etməklə, seçkiqabağı qeybətlərə
məhəl qoymadan planlı şəkildə
işini davam etdirir: Rusiya, Avropa İttifaqı, ABŞ və Yaxın
Şərqdə öz tərəfdaşları
üçün yeni
təşəbbüslər irəli sürür.
Sergey Kolyada
yuxarıda deyilənləri yekunlaşdıraraq vaxtilə Leonid Kuçma, Heydər
Əliyev və Eduard Şevardnadzenin
irəli sürdüyü təşəbbüsün
- demokratiya və iqtisadi
inkişaf uğrunda təşkilatın
(GUAM) dirçəldilməsini təklif edir.
GUAM öz identikliyini
və uzun illər boyu
formalaşmış iqtisadi münasibətləri
qoruyub saxlamağa
çalışan dövlətlərin ittifaqı və ya dövlətlərin nəqliyyat ittifaqı ola bilər.
Müəllif
yazır: "1990-cı illərin axırlarında GUAM barədə
təşəbbüs kənardan irəli sürülmüş
olsa belə, bu gün Bakı hər hansı kənar təsir
olmadan postsovet məkanındakı
başqa ölkələri öz ətrafında birləşdirə biləcək
mərkəzə çevirmək üçün yetərincə möhkəmlənmişdir.
Özü də həmin birlik
həm Gömrük İttifaqı ilə,
həm də Avropa İttifaqı ilə
münaqişəsiz əməkdaşlıq edə bilər".
Müəllif
hələ 1960-cı illərdə Avropa
ölkələri arasında azad ticarət
zonası (European Free Trade Association - EFTA)
yaradılması məqsədilə təsis edilmiş
analoji birliyi təhlil
edərək bu qənaətə gəlir
ki, Ukrayna və Azərbaycan
birlikdə azad ticarət zonasının məxsusi
variantını və
ya iqtisadi müttəfiqlik
münasibətlərinin başqa bir formatını yarada
bilərlər. Bu münasibətlər indi də, gələcəkdə də hər
iki ölkənin inkişafına kömək
edəcəkdir.
AzərTAc
Azərbaycan. - 2013.- 22 avqust.- S. 3.