Müstəqillik - ali milli ideya

 

"Müstəqillik elan etmək hər bir xalq üçün, ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da böyük xoşbəxtlikdir".

 

Heydər ƏLİYEV

 

Xalqların formalaşma və tarixi təkamül prosesində müəyyən mütərəqqi fikir və ideyalar səfərbəredici amilə çevrilir və onun gələcək tərəqqisinə etibarlı ideoloji, siyasi, mənəvi-iqtisadi zəmin hazırlayır. Cəmiyyətdə həlledici çoxluğun qəbul etdiyi, bölüşdüyü belə ideya və dəyərlər intibah baxımından son dərəcə vacib olan məqsədlərin həyata keçirilməsinə imkan yaradır. Bu mənada, milli ideyası olmayan xalqın nəinki mütərəqqi inkişaf yolundan, ümumiyyətlə, mövcudluğundan danışmaq çətindir. Milli ideya dövlətlərin davamlı yüksəlişi yolunda bir növ mayak rolunu oynadığı üçün bunsuz inkişafı təmin edən milli müstəqillik və dövlətçilik konsepsiyasını da gerçəkləşdirmək mümkün deyildir.

 

Dövlətçiliyin ideoloji təməli

 

Əsrlər boyu azərbaycanlıların xalq olaraq milli düşüncəsinə, dövlətçilik təfəkkürünə hakim kəsilən, onları aşkar-gizli mübarizə ruhunda kökləyən ali milli ideya məhz Azərbaycanın istiqlala qovuşması, müstəqil dövlət kimi taleyini azad şəkildə müəyyənləşdirməsi olmuşdur. Yalnız ötən əsrin sonlarında "soyuq müharibə"nin başa çatması fonunda cərəyan edən qlobal miqyaslı proseslərin məntiqi yekunu olaraq Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinə əlverişli zəmin yaranmış, beləliklə, xalqın qəlbində qubara çevrilmiş bu ideya deklorativ şəkildə gerçəkləşmişdir.

Şübhəsiz, müstəqillik hər bir xalqın, dövlətin davamlı inkişafını milli ideya səviyyəsinə yüksəldərək mövcud iqtisadi, elmi-intellektual və mədəni potensialdan səmərəli istifadəyə geniş imkanlar yaradır. Fəqət, müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməli olur. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək respublikada hökm sürən acınacaqlı vəziyyət bunu bir daha təsdiqləyir. Həmin dövrdə sosial-iqtisadi tənəzzülün dərinləşməsi, insanların sosial rifah halının pisləşməsi, ictimai-siyasi sabitliyin addımbaşı pozulması, insan hüquqlarına təminatın olmaması və s. destruktiv proseslər respublikanın de-fakto müstəqilliyinə imkan verməmişdir. Hakimiyyətdə olan qüvvələrin dövlətin, xalqın taleyi və gələcək inkişaf yolu ilə bağlı yetkin baxışlar sisteminin olmaması insanlarda keçmişə - sosializmə "nostalgiya" hisslər yaradır, ümumən milli müstəqillik idealının mahiyyətinə mənfi təsir göstərir, onun ictimai rəydə adekvat dərkinə mane olurdu.

Azərbaycan xalqının vahidliyini təmin edən milli müstəqillik ideyasının praktik həyata vəsiqə alaraq reallaşması isə məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Bu mənada, hazırda ictimai fikirdə mütləqləşmiş qənaətlərdən biri də budur ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə qayıdışı Azərbaycanı müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsindən qorumuşdur. Ümummilli liderin qətiyyətli addımları sayəsində respublikada ictimai-siyasi sabitlik, qanunçuluq təmin edilmiş, xaos və anarxiya burulğanından qurtulan cəmiyyət yeni ictimai-iqtisadi formasiyanın tələblərinə cavab verən mütərəqqi inkişaf yoluna qədəm qoymuşdur.

Ölkədə müstəqilliyin möhkəmlənməsində və modernləşmə, demokratikləşmə strategiyasının həyata keçirilməsində ulu öndərin, son 10 ildə isə Prezident İlham Əliyevin ən yaxın silahdaşı olan, müasir tariximizin elmi-fəlsəfi və politoloji nöqteyi-nəzərdən görkəmli tədqiqatçısı, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev 2013-cü il iyunun 13-də "Azərbaycan" qəzetində işıq üzü görmüş "Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan - ümummilli lider Heydər Əliyevin qadir siyasətidir" əsərində haqlı olaraq yazır: "Tarixdə adı dövlətçiliyin simvoluna çevrilən və onunla qoşa çəkilən çox az siyasi liderə rast gəlmək olar. Tanrının və taleyin hökmü ilə müstəqil dövlətimizin ən müasir tarixi də məhz belə liderin adı ilə bağlıdır və dövlətçilik salnaməsinə şanlı səhifələr məhz onun siyasi xətti ilə, rəhbərliyi ilə yazılıb. XX əsr tarixində, dünya siyasətində etiraf edilən fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyərini dərk etməliyik. İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaq. O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir".

 

Təkamülə əsaslanan modernləşmə kursu

 

Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi də məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün varlığı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş və müstəqilliyin ideoloji təməli kimi praktikada uğurla tətbiq etmişdir.

Bu gün monoetnik və işğalçı Ermənistandan fərqli olaraq, Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada, ölkədə reallaşdırılmasına səy göstərilən istənilən ideya təkcə azərbycanlıların deyil, digər milli azlıqların da maraqlarını özündə tam ehtiva edir. Yəni müstəqil dövlətimizin hədəflədiyi hər hansı ideya və proqramlar etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını önə çəkir.

Milli ideya statik xarakterli olmayıb zamanla inkişaf edir, yeniləşir, fərqli hədəf və məqsədləri özündə birləşdirir. Hələ 90-cı illərin əvvəlində ulu öndər Heydər Əliyev obyektiv ictimai-siyasi proseslərlə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsini, habelə yeni ictimai-iqtisadi formasiya üçün zəruri iqtisadi islahatların həyata keçirilməsini milli ideya səviyyəsinə yüksəltmişdi. Lakin son 10 ildə Azərbaycanın ciddi makroiqtisadi nailiyyətlər əldə edərək bütün sahələrdə sürətlə modernləşməsi, milli maraq və mənafeyini qətiyyətlə müdafiə etməsi fonunda perspektiv üçün qarşıya qoyulan məqsədlər də mahiyyətcə dəyişmişdir.

MDB məkanında ilk olaraq iqtisadi sahədə keçid dövrünü başa vurmuş Azərbaycan bu gün özünəməxsus milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq maliyyə qurumlarında geniş müzakirələr, təhlillər aparılır. Respublikamız son illərdə bütün investisiya layihələrini daxili resursları hesabına reallaşdırmaqla yanaşı, regionda sərmayədar dövlət kimi çıxış edir. Türkiyə, Ukrayna, Gürcüstan, Moldova, İçveçrə, Rusiya və digər dövlətlərin iqtisadiyyatına sərmayə qoyur. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın yeri və rolu getdikcə güclənir. Bütün bunlar həm də respublikamızın inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevrilmək əzmini nümayiş etdirir. Əslində, Azərbaycan bu gün adambaşına düşən 8000 dollarlıq milli gəlirlə orta inkişaf etmiş ölkələr qrupunda yer alır. "İnkişafın Azərbaycan modeli" artıq dünyanın aparıcı "beyin mərkəzləri"nin tədqiqat obyektinə çevrilib.

Son illərin makroiqtisadi göstəriciləri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının xalqın mənafeyinə tam adekvat olduğunu təsdiqləyir. 2003-2013-cü illərdə ümumi daxili məhsulun orta illik artımı 13 faiz, qeyri-neft sektorunda 10,6 faiz təşkil etmişdir. ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,7 dəfə, qeyri-neft sektoru 2,3 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artmışdır. Bu dövrdə ölkənin iqtisadiyyatı 3 dəfədən çox artmış və onun inkişafına 132 milyard dollar məbləğində sərmayə qoyulmuşdur.

Hər bir ölkənin davamlı inkişafının mühüm göstəricilərindən biri də onun dövlət büdcəsidir. Cənubi Qafqaz iqtisadiyyatında 80 faizə yaxın paya sahib olan respublikamızın dövlət büdcəsi də digər iki ölkənin birgə büdcəsindən artıqdır. Bu baxımdan ötən illərdə büdcənin artım dinamikası ölkədəki makroiqsadi sabitliyin mühüm göstəricisi kimi diqqət çəkir. Hazırda ölkəmizin strateji valyuta ehtiyatları 48 milyard ABŞ dollarından artıqdır. Dünya iqtisadiyyatında tənəzzülün davam etməsinə baxmayaraq, Azərbaycan yüksək makroiqtisadi göstəricilər əldə etmiş, regionda həyata keçirilən transmilli layihələrdə aparıcı rol oynamış, dövlət proqramlarını uğurla icra etmişdir. 2013-cü ilin birinci yarısının əsas fərqləndirici xüsusiyyəti də məhz iqtisadiyyatın şaxələndirilməsi prosesinin sürətlənməsi olmuşdur. Əgər əvvəlki illərdə iqtisadi yüksəliş əsasən mədənçıxarma sənayesi hesabına əldə edilirdisə, hazırda bu, qeyri-neft sektorunun inkişafı sayəsində baş verir.

 

Sistem islahatları demokratikləşməyə xidmət edir

 

Ulu öndərin siyasətini bütün sahələrdə inamla davam etdirən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu, yaxın perspektiv üçün mustəqil dövlətimizin qarşısında duran ən başlıca məqsədlərdən biridir. Yeni Azərbaycan Partiyasının V qurultayında İlham Əliyev bununla bağlı demişdir: "Bizim artıq güclü dövlətimiz vardır - müstəqil Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız vardır. Bu proqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək, deməliyik: biz inkişaf etmiş ölkəyə çevrilməliyik! İnkişaf etmiş ölkələrin meyarları vardır. Bunları bilirik və biz hər bir istiqamət üzrə o meyarlara çatmalıyıq - həm siyasi, iqtisadi islahatlar, sosial siyasət və digər istiqamətlərdə. Buna nail olmaq üçün həmişəki kimi, cəmiyyətimiz bir nöqtəyə vurmalıdır".

Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Məzunları Assosiasiyasının "MGİMO Journal" nəşrinə müsahibəsində bir daha vurğulamışdır ki, Azərbaycan xalqının mili ideyası məhz müstəqillikdir. Əminliklə demək olar ki, ölkədəki sürətli inkişaf və mütərəqqi islahatlar fonunda bu məqsəd ictimai şüurda getdikcə möhkəmlənir, milli ideyaya çevrilir. Bəli, bu gün hər bir azərbaycanlı müstəqil Vətənini abad, müasir, inkişaf etmiş görmək istəyir və bunu milli ideyanın əsas prioritetləri kimi qəbul edir.

Dövlət rəhbəri Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Prezidentin "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında" 30 dekabr 2012-ci il tarixli sərəncamı bunun bariz nümunəsidir. Belə bir sərəncamın imzalanması deməyə əsas verir ki, ölkə başçısı Azərbaycanın, sadəcə, bugünkü dinamik inkişafı ilə arxayınlaşmağı düzgün saymır. Cənab İlham Əliyev sözügedən sərəncamla ölkənin uzunmuddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənilib hazırlanmasını təmin etmişdir. Həyata keçirilən islahatlar nəticəsində 2020-ci ilin Azərbaycanı tək Cənubi Qafqazın və MDB-nin deyil, bütövlükdə Avropa və Asiyanın ən qüdrətli, güclü və nüfuzlu ölkələrindən biri kimi tanınacaq, inkişaf etmiş ölkəyə çevriləcəkdir.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, 2018-ci ilədək Azərbaycanın modernləşməsi prosesi əsasən başa çatdırılacaq, ölkədə bütün sosial-iqtisadi problemlər həllini tapacaqdır. Kürdəmir rayonuna son səfəri zamanı dövlət başçısı bu baxımdan sistem islahatlarının davam etdirilməsi zərurətini də önə çəkmişdir. Söhbət bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf edən demokratik Azərbaycanın istiqrarlı gələcəyinin zəruri sistem elementlərin məcmu halında təmin edilməsindən gedir. Başqa sözlə, sistem islahatı dedikdə, təkcə sosial-iqtisadi deyil, həm də ümumi rifaha xidmət edən hüquqi-siyasi, demokratik islahatlar nəzərdə tutulur. Qarşıdakı illərdə iqtisadi islahatların davamlı səciyyə daşıması üçün siyasi-hüquqi sistemin liberallaşdırılması tədbirləri diqqət mərkəzində saxlanılacaqdır. Söhbət həm də vətəndaş cəmiyyəti strukturlarının Qərb standartları səviyyəsində inkişafına nail olmaqdan gedir.

Bu kontekstdə akademik Ramiz Mehdiyevin "Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur" əsərinin əsas qayəsi diqqəti cəlb edir. Görkəmli dövlət xadiminin konseptual fikirləri zənnimizcə, perspektiv islahatlar prosesinin mahiyyətini səciyyələndirir: "Azərbaycan üçün vətəndaş cəmiyyəti elə bir sosial mühitdir ki, orada bütün sosial və etnik qruplar dinc yanaşı yaşayır, özlərini ölkənin siyasi və iqtisadi inkişafında, bütün millətlərin nümayəndələrinin birgə yaşayış atmosferinin mütəmadi mənəvi-psixoloji yeniləşməsində dərin marağı olan bərabərhüquqlu vətəndaşları kimi hiss edirlər. Beləliklə, müasir dövrdə milli ideyanın vətəndaş cəmiyyətinin maraqları xaricində reallaşdırılmasının perspektivi yoxdur. Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hiss edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur. Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə həm siyasi məkanın demokratikləşməsini, mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir".

 

Maraqlarını təmin edən ölkə

 

Azərbaycan iqtisadi uğurları ilə yanaşı, həm də müstəqil xarici siyasəti ilə dünya miqyasında maraq və mənafelərini layiqincə müdafiə edir. Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yeridən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini son illərdə daha da inkişaf etdirməyə nail olmuş, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləmişdir. Ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə rasional və təmkinli münasibət göstərir.

Respublikada müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların da dönmədən davam etdirilməsi və bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirmişdir. 2003-2013-ci illərdə respublikada təşkil olunmuş çoxsaylı mötəbər beynəlxalq tədbirlər ayrı-ayrı sahələri əhatə etməklə, rəsmi Bakının xarici əlaqələrinə ciddi təkan vermişdir. Bunun nəticəsidir ki, beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi Gürcüstana, Ermənistana və yaxud digər başqa MDB respublikasına deyil, məhz Azərbaycana üstünlük verilir. Təkcə son həftədə 5 gün ərzində 5 ölkə rəhbərinin respublikamıza səfər etməsi Azərbaycanın regiondakı liderlik əzmini bir daha nümayiş etdirir.

Dövlət başçısının bir müddət əvvəl İsmayıllı rayonuna səfəri zamanı qeyd etdiyi kimi, Azərbaycan heç zaman indiki kimi güclü olmamışdır: "Azərbaycanın bugünkü reallıqları bir daha müstəqilliyimizin üstünlüklərini göstərir. Tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmamışdır. Bunun başlıca səbəbi müstəqil olmağımızdır. Müstəqillik ən böyük sərvətdir. Hər bir vətəndaş müstəqilliyi qorumalıdır, öz işi ilə müstəqilliyimizə töhfə verməlidir. Elə etməliyik ki, bundan sonra Azərbaycan daim inkişaf yolu ilə getsin".

Bütün bunlarla yanaşı, Azərbaycanın dövlət müstəqilliyi üçün müəyyən təhdidlərin hər zaman mövcudluğunu, lakin xalq-iqtidar birliyi qarşısında belə cəhdlərin uğursuzluğa düçar olduğunu da açıq demək lazımdır. Əhali və ərazi baxımından o qədər də böyük olmayan, əhalisi əsasən islam dininə etiqad göstərən bir ölkənin bölgənin faktiki güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr narahatlıqlarını ən müxtəlif formada izhar etdirir, ölkəmizə qarşı "təzyiq rıçaqları" tapmağa çalışırlar. "İkili standartlar"ın əsirinə çevrilən bəzi dövlətlər və beynəlxalq təşkilatlar ölkəmizdə demokratik proseslərin dərinləşməsini, vətəndaşların maddi rifah halının güclənməsini qətiyyən arzulamırlar. Onlar nəyin bahasına olursa-olsun, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi iqtisadi, siyasi və hüquqi islahatların, demokratik inkişaf proseslərinin üzərinə kölgə salmaq, ölkənin beynəlxalq imicinə zərbə vurmaq istəyirlər. Bu məqsədlə ənənəvi olaraq yenə də "demokratiya bayrağı" əldə dəstəvuz edilir.

Şübhəsiz, insan hüquqlarının təminatı və demokratikləşmə proseslərinin sonu və son imkanları yoxdur. Bu gün Qərb ölkələrinin əksəriyyətində insan hüquq və azadlıqlarının təminatı ilə bağlı ciddi problemlərin mövcudluğu, insanların sosial hüquqlarının, habelə sərbəst toplaşmaq hüququnun kobud şəkildə pozulduğu yaxşı məlumdur. Almaniya, Fransa, İngiltərə, Yunanıstan, İsveç və digər ölkələrdə sosial hüquqları uğrunda dinc mübarizə aparan insanların mitinq və yürüşlərinin zorakılıqla dağıdılması, müsəlmanlara qarşı ayrı-seçkiliyin, dözümsüzlüyün hökm sürməsi, islamafobiya, dini və etnik dözümsüzlük faktları göz önündədir. Qəribəsi budur ki, cəmi 30-40 il bundan əvvələ qədər zəncilərin ayrı məktəblərdə təhsil almasını, ayrı nəqliyyat vasitələrini minməsini istəyənlər, bu gün də aborigen hinduların qapalı rezarvasiyalarda yaşadıqlarını "unudanlar" bizə demokratiya dərsi keçməyə çalışırlar.

Azərbaycanla bağlı ən adi məsələlərin belə şişirdilməsinin, qərəzli şəkildə təqdim olunmasının arxasında müəyyən geopolitik niyyətlərin dayandığı heç kimə sirr deyildir. Əslində, bu proseslərin müəyyən ölkələrdə işə salınmasına cəhd göstərilən məlum ssenarilərin tərkib hissəsi olduğunu da diqqətdən qaçırmaq olmaz. Söhbət, ilk növbədə, ərəb ölkələrində həyata keçirilmiş və ya reallaşdırılmasına cəhd göstərilmiş bədnam ssenarilərdən gedir. Mahiyyətindən asılı olmayaraq, yaşananlar ərəb xalqlarının daha böyük səfalətlərə, fəlakətlərə sürüklənməsindən başqa heç nəyə xidmət etməmişdir. Misirdə inqilabla hakimiyyətə gəlmiş M.Mursinin özünün cəmi bir il sonra zorakılıqla devrilməsi, bu ölkənin növbəti xaos və anarxiya, vətəndaş müharibəsinə yuvarlanması deyilənlərin əyani sübutudur. Təkcə Misirdə deyil, bu gün inqilabın baş verdiyi digər ərəb ölkələrinin də səfalət, yoxsulluq, xaos içində olması ssenarisi məlum qitədə yazılmış "ərəb baharları"nın iflasa uğradığını göstərir. Faktiki olaraq, "ərəb baharı"nın baş verdiyi ölkələr sonu görünməyən böyük bir fəlakətə sürükləniblər. Bu inqilabları xalqların "xoşbəxtliyi", "nicatı" kimi qələmə vermək istəyənlərin təbliğatı isə puça çıxmışdır. Çünki inqilabların baş verdiyi ölkələrdə vəziyyət əvvəlkindən daha da pisdir.

 

"Demokratiya çətiri" altında ekspansiya siyasəti

 

Baş verənlər sübut edir ki, əslində, "demokratiya" bayrağı altında müəyyən ölkələrin öz geosiyasi maraqlarını gerçəkləşdirmək niyyətləri dünyada imperializmin yeni dalğasına çevrilmişdir. Bu mənada, Azərbaycanın müstəqilliyini həzm edə bilməyən qüvvələr onun təcavüzkar Ermənistan kimi "for-post"a, vassala çevrilməsini, müstəqil siyasət yürütməyə son qoymasını istəyirlər.

YAP-ın son qurultayında respublikamıza bu cür təzyiq göstərmək istəyən qüvvələrin hələ də mövcudluğunu, lakin belə cəhdlərin hər zaman iflasa uğrayacağını əminliklə söyləyən Prezident İlham Əliyevin bu fikirləri, zənnimizcə, məlum qüvvələrin ifşası baxımından ən dəyərli rəydir: "Görəndə ki, özünün, necə deyərlər, ləyaqətini həmişə saxlayan, heç kimin qarşısında baş əyməyən, müstəqil siyasət aparan ölkə var, bu da bəziləri üçün bir problemə çevrilir. Yenə bu mərkəzdən də bizə qarşı hücumlar, təzyiqlər başlayır. Mən nəyə görə bunu deyirəm? Mən bunu deməklə birinci növbədə fikirlərimi bildirmək istəyirəm və mənim dediklərim, sadəcə olaraq, hər hansı bir emosiyalara əsaslanan sözlər deyildir. Bu, mənim son bir neçə il ərzində apardığım dərin təhlilin nəticəsidir. Burada təhlil aparmaq üçün məndə kifayət qədər geniş imkanlar var və beynəlxalq təmaslar, görüşlər, məlumat müxtəlifliyi və sair. Yəni bu, mənim, necə deyərlər, şüurlu seçimim və fikrimdir. Ona görə ki, bizim cəmiyyətdə də bu cür addımlara çox da böyük reaksiya verilməsin. Çünki üç mərkəz olmasın, beş mərkəz olsun, biz öz yolumuzla gedəcəyik, öz bildiyimizi edəcəyik. Çünki bizim, yenə də deyirəm, güclü dayaqlarımız vardır. Bu da Azərbaycan xalqıdır".

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Demokratiya yolunda: irs haqqında düşünərkən" əsərində demokratik cəmiyyətin yaradılmasında təkamül yoluna üstünlük verilməsi ideyasını müdafiə edərək yazır ki, "inqilab ssenariləri"nin acı sonluğu demokratik proseslərin inqilabi yolla sürətləndirilməsinin, demokratik dəyərlərin kor-koranə transferinin mümkün olmadığını göstərir. Hər bir ölkənin daxilində mütləq demokratik proseslərin getməsinə real zəmin yaradılmalı, tətbiq olunan yeniliklər ictimai şüur tərəfindən tam şəkildə mənimsənilməlidir. Demokratik inkişaf, ilk növbədə, suverenlik və özünütəminetmə prinsiplərinə söykənməlidir.

Demokratik dəyərlərin özü də bəşəriyyətin inkişaf səviyyəsinə uyğun olaraq dəyişir, təkmilləşir, yeni məzmun kəsb etməyə başlayır. Bu mənada akademik Ramiz Mehdiyev haqlı olaraq belə mülahizə ilə çıxış edir ki, demokratik prinsiplər hansısa dövlət tərəfindən formalaşa və elan oluna bilməz. Demokratiya və insan hüquqlarının qorunması pərdəsi altında öz iradəsini dünyaya qəbul etdirməyə can atan, müəyyən planlarını gerçəkləşdirməyə çalışan ayrı-ayrı qüvvələrin təhdid və şantajları demokratik idealların möhkəmlənməsinə mane olur və tormozlayıcı amilə çevrilir: "Nəticədə demokratiya XXI əsrin əsas ideoloji silahına - nəinki mövcud rejimləri dəyişdirməyə, tranzitlər və transformasiyalar doğurmağa, həm də Yer kürəsinin istənilən nöqtəsinə hərbi müdaxiləni "legitimləşdirməyə" qadir olan silaha çevrilmişdir... "Demokratiyanın müdafiəsi" bayrağı altında ölkələrin daxili işlərinə kobudcasına qarışmaq, onlara siyasi təzyiq göstərmək, seçki proseslərinin, vətəndaş hüquqları və azadlıqlarının vəziyyətinin qiymətləndirilməsində ikili standartları zorla qəbul etdirmək cəhdləri demokratik dəyərləri universallaşdırmaq işinə ziyan vurur".

Azərbaycanda demokratik transformasiya prosesinin dönməz xarakter almasında siyasi hakimiyyətin gücü və iradəsi həlledici rol oynayır. "Güclü iqtisadiyyat - müstəqil dövlət" prinsipini uğurla reallaşdıran Azərbaycanda hər hansı bir inqilabın baş verməsi nəinki mümkünsüz, hətta siyasi müzakirə predmeti deyildir. Bir sıra keçmiş ittifaq və ərəb dövlətlərindən fərqli olaraq, Azərbaycanın siyasi hakimiyyət sistemi sabit və demokratik şəkildə idarə edilir. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda hakimiyyətin icra, məhkəmə və qanunverici orqanları arasında nəinki qarşıdurma meyilləri olmamışdır, əksinə, onlar arasında konstruktiv əməkdaşlıq mövcuddur. Bütün bunlar güclü və səmərəli dövlətin əsas göstəriciləri olmaqla, ölkədə vahid dövlət siyasətinin həyata keçirilməsinin mühüm amili kimi qiymətləndirilir. Eyni zamanda, bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasət nə bazar fundamentalizminə, nə də inzibati-amirlik metodlarına əsaslanır. Dövlətin iqtisadi siyasəti, bir tərəfdən sosial ədalət, digər tərəfdən isə səmərəli iqtisadiyyat prinsipləri ilə uzlaşdırılır.

Bütün bunların fonunda Azərbaycanda hansısa inqilabi dəyişiklik gözləyənlərin ümidlərinin puça çıxacağını əminliklə demək olar. Respublikamız inqilab mərhələsini hələ 1993-cü ildə yaşamış, öz iradəsi ilə gələcək maraqlarının təminatçısına çevrilən siyasi hakimiyyət formalaşdırmışdır. Hazırda respublikamız daha çox sürətli sosial-iqtisadi, intellektual inkişafı ilə inqilab mərhələsini yaşayır. Ölkə vətəndaşlarının böyük əksəriyyəti mövcud kursun ölkəni daha da irəliyə aparacağına ürəkdən inanırlar. Bu da nəzərdən qaçırılmır ki, məhz Heydər Əliyev siyasi kursu Azərbaycanın dövlət müstəqilliyinə və davamlı inkişafına əbədi təminatdır. Məhz bu yetkinləşmiş qənaət fonunda Azərbaycanın qarşıda daha bir ciddi sınaqdan - prezident seçkilərindən uğurla çıxacağını əminliklə demək mümkündür.

Müstəqil Azərbaycanın inkişaf strategiyasının elmi-nəzəri konteksdə hazırlanması və praktik şəkildə həyata keçirilməsində birbaşa iştirak edən akademik Ramiz Mehdiyevin bu fikirləri isə zənnimizcə, respublikamızın gələcək inkişaf modeli ilə bağlı mükəmməl futuroloji baxış və əlavə şərhə ehtiyacı olmayan həqiqətlərdir: "Azərbaycanın inkişafına və modernləşdirilməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Heydər Əliyevin dərindən düşünülmüş, hazırlanmış və qətiyyətlə həyata keçirilən daxili və xarici siyasət kursu bu gün bütün istiqamətlərdə uğurla davam etdirilir. Heydər Əliyev gözəl başa düşürdü ki, siyasi sabitlik, lazımi iqtisadi inkişaf və ictimai əmin-amanlıq olmadan istənilən demokratiyanın ömrü az olacaqdır. Bu siyasəti son 10 ildə davam etdirən Prezident İlham Əliyev milli ənənələri və geosiyasi özəllikləri nəzərə alaraq ölkəni iqtisadi yetkinlikdən demokratik yetkinlik məkanına bacarıqla transformasiya edir..."

 

 

İxtiyar HÜSEYNLİ

 

Azərbaycan. - 2013.- 23 avqust.- S. 2.