Mərkəzi Seçki Komissiyasının növbəti
iclası keçirilmişdir
Avqustun 22-də Məzahir Pənahovun
sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən
bildirmişlər ki, əvvəlcə
MSK-nın 20 avqust 2013-cü il tarixli iclasının protokolu təsdiq edilmişdir.
Sonra 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi özü
tərəfindən irəli sürülmüş
Qüdrət İsaq oğlu
İsaqovun Azərbaycan
Respublikasının prezidentliyinə namizədliyinin təsdiq
edilməsi haqqında məsələyə
baxılmışdır.
MSK Qüdrət İsaq
oğlu İsaqovun
namizədliyinin təsdiqi barədə qərar qəbul etmişdir.
İclasda Vətəndaş və İnkişaf Partiyası tərəfindən
təqdim edilmiş 12 nəfər həmin
partiyanın səlahiyyətli nümayəndəsi kimi qeydə alınmışdır.
Mərkəzi Seçki Komissiyası seçki
komissiyalarının səsvermənin nəticələrinə
dair yekun
protokollarının hazırlanması qaydası və sayı
barədə məsələyə baxmışdır. Komissiya yekun
protokollarının hazırlanma qaydasını, sayını
təsdiq etmiş və həmin sənədlərin sentyabrın 10-dək Milli Məclis Aparatının mətbəəsində
çap edilməsi barədə qərar
çıxarmışdır.
MSK 3 saylı
Babək-Kəngərli-Naxçıvan, 7 saylı Ordubad-Culfa, 39 saylı Kəpəz birinci (Gəncə) və 81 saylı Beyləqan
seçki dairələri dairə seçki komissiyalarının tərkibində
dəyişikliklər etmişdir.
İclasda cari məsələlərə
də baxılmışdır.
MSK-nın
iclasında beynəlxalq qurumların təmsilçiləri və
kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak
etmişlər.
AzərTAc
Azərbaycan. - 2013.- 23 avqust.- S. 1.