Ortaq türk keçmişindən ortaq türk gələcəyinə

 

Son illər Azərbaycanın mühüm regional mərkəzlərindən birinə çevrilmiş Qəbələ rayonu daha bir möhtəşəm tədbirə uğurla ev sahibliyi etdi: bir neçə gün əvvəl bu füsunkar məkanda təşkil olunmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı tarix boyu zəngin adət-ənənələri, əxlaqi, milli-mənəvi, dini dəyəri ilə biri-birinə sıx bağlı olmuş türkdilli dövlətlərin səmərəli  platforma ətrafında səmimi əməkdaşlıq məramını bir daha aşkara çıxardı.

Toplantının yekunları təsdiqləyir ki, regionda qlobal əməkdaşlıq təşəbbüslərinin tərəfdarı kimi çıxış edən Azərbaycan bu gün bütövlükdə türkdilli xalqların vahid məqsəd və ideyalar ətrafında konsolidasiyasına çalışır.

Bütün mənalı həyatı boyu xalqımızın qədim tarixi keçmişinin, milli-mənəvi dəyərlər sisteminin əzmkar müdafiəsində dayanmış ümummilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 10 ildəki fəaliyyəti bu baxımdan diqqəti xüsusi cəlb edir. Dövlət başçısının ötən illərdə yürütdüyü uğurlu xarici diplomatiya, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar Azərbaycanı türk dünyasının konsolidasiya və əməkdaşlıq mərkəzinə çevirmək istəyinin real təzahürüdür.

Tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr mövcuddur. Uzağa getməyək, MDB məkanında slavyan xalqlarının tarixi köklərdən qaynaqlanan mənəvi yaxınlığı və təəssübkeşlik hissi buna əyani subutdur. Tarixin sərt dolanbaclarından üzüağ çıxmış, milli dövlət qurmaq, müstəqil yaşamaq haqlarını əzmlə qorumuş türkdilli xalqların ideya-mənəvi birliyini təmin edən amillər isə daha çoxdur. Təməl prinsipində dahi Atatürkün "Yurdda sülh, cahanda sülh" tezisi dayanan türkçülük ideologiyası möhkəm ideoloji istinad nöqtəsi kimi daha geniş coğrafi ərazidə türkdilli xalqları bir-birinə sıx şəkildə bağlayır, onlarda milli kimlik şüurunu, həmrəylik, təəssübkeşlik hisslərini və duyğularını gücləndirir.

Türkdilli xalqların bu və digər məsələlərdə əməkdaşlıq etməsini şərtləndirən mühüm amillərdən biri də onların əlverişli coğrafi məkanda yerləşmələri, ümumdünya əhəmiyyətli enerjikommunikasiya imkanlarına malik olmalarıdır. Son 10 ilin reallıqları göstərir ki, bu imkanları düzgün dəyərləndirərək türk dünyasının real birliyinə xidmət edən praktik iqtisadi, siyasi və mədəni-humanitar təşəbbüslərin müəllifi də məhz Azərbaycandır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi ümumən Cənubi Qafqaz-Mərkəzi Asiya regionlarının gələcək taleyi, habelə Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir. Tarixi İpək yolunun bərpası, Şərq-Qərb nəqliyyat dəhlizi layihələri, habelə hazırda uğurla inşa edilən Bakı-Tbilisi-Qars dəmiryolu respublikamızın Orta Asiyanın türkdilli xalqları üçün geosiyasi önəmini bir qədər də artırır.

2009-cu ildə Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci sammitinin keçirilməsi ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü strategiyanın uğurlu davamıdır. Eyni zamanda, türkdilli ölkələrin - dövlət başçılarının 2009-cu ilin oktyabr ayında Naxçıvanda keçirilmiş IX zirvə görüşü mövcud münasibətlərin intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından mühüm nəticələrlə yadda qaldı.

Avqustun 15-16-da Qəbələdə keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə görüşünun yekunları isə türkdilli dövlətlər arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Xatırlatmaq yerinə düşər ki, hələ 2009-cu ildə Naxçıvanda keçirilmiş IX zirvə görüşündə türk birliyinin möhkəmləndirilməsi üçün çevik və işlək mexanizmin yaradılmasına qərar verilmişdi. Bu məqsədə xidmət edən yeni əməkdaşlıq platforması isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası oldu. Şuranın təsis olunmasında başlıca məqsəd türk dövlət və cəmiyyətləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrini daha da genişləndirmək, onların arasında informasiya mübadiləsinə nail olmaq, iqtisadi inkişaf sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirən tədbirlər görmək, ümumi problemlərin birlikdə həllində birgə iştirak mexanizmlərinin müəyyənləşdirmək idi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə görüşü ilə vahid məqsəd, amal uğrunda həyata keçirilən işlərin yeni mərhələsinə start verildi.

Zirvə görüşündə türkdilli ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün təşkilatın gələcək fəaliyyət perspektivləri geniş müzakirə olundu. Belə görüşlərdə bir qayda olaraq türk dövlətlərinin əməkdaşlığının genişləndirilməsi əvvəllər yaradılmış qurumların - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının, habelə TÜRKSOY və Türk Akademiyası kimi nüfuzlu qurumların təmsilçiliyi, müəyyən qərarların qəbulunda iştirakı onların əhəmiyyətini bir qədər də artırır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasından qısa vaxt keçsə də, bir növ "Konsey" rolunu oynayan bu qurum türk tarixinin, mədəniyyətinin, ənənələrinin, mənəvi dəyərlərinin yaşadılması və təbliği sahəsində böyük işlər görmüşdür.

Zirvə görüşündə də vurğulandığı kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələr - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan zəngin təbii ehtiyatlaraiqtisadi potensiala malik ölkələrdir. Bu ölkələr arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi qurum çərçivəsində əsas təməl prinsiplərdən biri olmalıdır. Müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyətini azaltmadan əsas diqqət iqtisadi əlaqələrin gücləndirilməsinə, qarşılıqlı ticarətin və investisiya axınlarının artırılmasına, informasiya-kommunikasiya texnologiyalarından geniş istifadəyə, ortaq müəssisələrin yaradılmasına yönəlməlidir. Zirvə toplantısında bu və digər məsələlər şuranın strateji hədəfləri kimi geniş müzakirə olunmuş, əməkdaşlığın prioritet istiqamətləri müyyənləşdirilmişdir. Fikrimizcə, türk dövlətləri arasında qlobal iqtisadi layihələrin reallaşdırılması, şura daxilində türk dünyasının mənəvi bütövlüyünün əks etdirilməsi baxımından gələcəkdə Özbəkistan və Türkmənistanın da əməkdaşlığa cəlb olunması lazımdır.

Qəbələ toplantısının ən mühüm qərarlarından biri də Azərbaycanın təşəbbüsü və dəstəyi ilə Türk Mədəniyyətinə Dəstək və Türk İrsinin Qorunması Fondunun yaradılması olmuşdur. Bu, türk xalqlarının mədəni-humanitar inteqrasiyası baxımından mühüm addımlardan biri olacaqdır. Bu fondun yaradılması onunla şərtlənir ki, bu gün türkdilli xalqlar arasında elmi-pedaqoji və mədəni əlaqələrin də səviyyəsi qətiyyən qənaətbəxş deyildir. Halbuki keçmiş SSRİ dövründə müxtəlif türkdilli xalqlar arasında elmi-mədəni və humanitar sahədə sıx əlaqələr mövcud olmuşdur. Son illər isə bu prosesdə müəyyən durğunluq yaranmışdır. Halbuki bu gün ortaq türk keçmişinin araşdırılması zərurəti ilə bağlı ayrı-ayrı türkdilli xalqların mili-mədəni irsinin öyrənilməsi xüsusi diqqət mərkəzində olmalıdır.

Son 10 ildə milli maraqlara söykənən fəal xarici siyasət yeridərək "Biz müdafiədə deyil, hücumda olmalıyıq!" - deyən Prezident İlham Əliyev ümumtürk birliyinə qarşı yönəlmiş təxribatçı əməllərini davam etdirən bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini türk dövlətlərinin diasporlarının  ümdə vəzifəsi sayır. Azərbaycan və digər türkdilli ölkələrin diasporlarının, ictimai qurumlarının birgə iştirakı ilə ermənilərin dünyada yaymaq istədiyi uydurma soyqırımı iddialarına tutarlı cavab verilə bilər.

Xüsusi vurğulamaq istərdik ki, son 9 ildə ictimai əsaslarla fəaliyyət göstərən Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki sistemli və ardıcıl fəaliyyəti bu baxımdan layiqli örnək və nümunə kimi qəbul oluna bilər. Fond Dağlıq Qarabağ münaqişəsində xalqın üzləşdiyi faciələri əyani şəkildə göstərən filmlərin, fotosənədlərin, kitabların, digər kütləvi nəşrlərin çapını və dünyada yayılmasını təmin edir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu məqsədlə müxtəlif internet saytları yaradılır, xarici kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunur.

Fondun vitse-prezidentiMoskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində "Xocalıya ədalət!" kampaniyasına start verməsi də bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır. Tunisdə İSESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol "Xocalıya ədalət!" Beynəlxalq Məlumat Təşviqat kampaniyasına dəstək verilməsini və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. İslam Konfransı Təşkilatına üzv ölkələr fondun Rusiya nümayəndəliyinin təşəbbüsünü dəstəkləyərək 2009-cu ildə 26 fevral - Xocalı soyqırımı gününun "Humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü" kimi qeyd olunması barədə qərar qəbul etmişlər.

Fondun təşəbbüslərinə fəal dəstək verən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi hər il Xocalı soyqırımı ərəfəsində Avropanın müxtəlif şəhərlərində etiraz aksiyaları təşkil edir. Azərbaycan və türk diaspor təşkilatlarının birgə əməkdaşlığı ilə Avropanın siyasi mərkəzi olan Strasburq şəhərində Xocalı soyqırımını tanıtmaq istiqamətində fəal aparılmışdır.

"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" (ATXƏM) İctimai Birliyi qondarma "erməni soyqırımı" kampaniyasına qarşı effektiv əks tədbirlər həyata keçirməklə yanaşı, cəmiyyət üçün faydalı olan müxtəlif təşəbbüslərlə çıxış edir, türkdilli xalqlar arasında hərtərəfli inteqrasiyanın təmin olunmasına, habelə iqtisadi-siyasi və mədəni əməkdaşlığın dərinləşməsinə çalışır. Təşkilat türk dövlətlərinin siyasi, mənəvi və mədəni birliyinə xidmət edən müxtəlif səmərəli təşəbbüslərlə çıxış edir, mühüm tarixi günlərlə bağlı mədəni-kütləvi tədbirlər keçirir. İctimai birliyin fəaliyyəti eyni zamanda ulu öndər Heydər Əliyevin daim uca tutduğu türkçülük ideyalarının bəşəriyyətin xilasına xidmət etdiyini, türkdilli dövlətlərin regionda yalnız sülh, iqtisadi tərəqqi və inkişaf, habelə demokratik idealların təntənəsi naminə birləşmək niyyətini nümayiş etdirməyə yönəlmişdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin daha geniş coğrafi arealda genişləndirilməsinə çalışmaqla bütövlükdə türk dünyasının qəbul etdiyi, hesablaşdığı və rəğbət bəslədiyi birləşdirici lider statusunda çıxış edir. Bu, milli-dini yaxınlıq amili və təəssübkeşlik prinsiplərindən bir qədər də irəliyə gedərək bütövlükdə türkdilli xalqların dünya siyasətindəki tarixi yerini, təsir imkanlarını, nüfuzunu təmin etməyə yönəlmiş müqəddəs amal, məsuliyyətli və əzmkar missiyadır. Bu missiya türkçülük ideyalarının bəşəriyyətin xilasına xidmət etdiyini, türkdilli dövlətlərin regionda yalnız sülh, iqtisadi tərəqqi və inkişaf, habelə demokratik idealların təntənəsi naminə birləşmək niyyətini nümayiş etdirməyə yönəlmişdir.

 

 

 

İlham İSMAYILOV,

 

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri

 

Azərbaycan. - 2013.- 23 avqust.- S. 4.