Siyasi partiyaların və siyasi partiyaların bloklarının Azərbaycan
Respublikasının Prezidenti seçkilərində
iştirakının əsasları
"Siyasi partiyalar
haqqında" Azərbaycan Respublikası Qanununa
görə, siyasi partiya
Azərbaycan Respublikasının vətəndaşları tərəfindən
ölkənin siyasi həyatında, vətəndaşların
siyasi iradəsinin
formalaşdırılmasında və ifadə olunmasında iştirak etmək niyyəti ilə
yaradılan qeyri-kommersiya xarakterli
hüquqi şəxsidir.
Siyasi
partiyaların blokuna isə ilk dəfə Azərbaycan
Respublikasının Seçki Məcəlləsində
"seçkilərdə birgə iştirak
etmək üçün iki
və ya daha çox siyasi partiyanın
yaratdığı və seçkilər zamanı siyasi partiyalarla eyni hüquqa malik olan blok"
kimi anlayış verilmişdir. Bundan
başqa, Seçki Məcəlləsinin
50-ci maddəsində siyasi partiyalar
blokunun yaradılmasi qaydası, fəaliyyət
prinsipləri və digər mühüm məqamlara
dair dəqiq, aydın, lakonik
izahlar verilmişdir.
Belə müəyyən olunmuşdur ki, siyasi partiyaların blokunu azı iki siyasi partiya yarada bilər və siyasi partiya blokun tərkibinə
daxildirsə, seçkilərin keçirildiyi
dövrdə müstəqil partiya kimi çıxış edə və ya digər bloka daxil ola bilməz. Siyasi partiyaların blokuna daxil olmaq barədə qərar
isə bloka daxil olacaq hər bir siyasi partiyanın nizamnaməsinə uyğun qəbul edilməlidir. Yalnız
yuxarıda qeyd edilən müvafiq
qərar qəbul edildikdən sonra siyasi partiyaların səlahiyyətli nümayəndələri
blokun yaradılması barədə birgə
qərar imzalayırlar.
Seçki qanunvericiliyinə əsasən,
siyasi partiyaların bloku
Mərkəzi Seçki Komissiyası (MSK)
tərəfindən qeydə alınmalıdır. Bunun üçün blokun səlahiyyətli
nümayəndəsi qanunvericilikdə nəzərdə tutulan sənədləri - bloka
daxil olan siyasi partiyaların nizamnamələrinin və
şəhadətnamələrinin notariat
qaydasında təsdiq edilmiş surətləri,
siyasi partiyaların bloka
daxil olmaq haqqında qərarları,
blokun yaradılması haqqında siyasi partiyaların səlahiyyətli
nümayəndələri tərəfindən
imzalanmış və həmin partiyaların möhürləri
ilə təsdiqlənmiş birgə qərarını müvafiq seçki komissiyasına
təqdim edirlər. Sözügedən sənədlər
düzgün rəsmiləşdirildikdə
və Seçki
Məcəlləsinin tələblərinə uyğun
gəldikdə MSK 5 gün müddətində
siyasi partiyaların blokunu
qeydə almalıdır. Əks təqdirdə, MSK siyasi partiyaların blokunun
qeydə alınmasından imtina edə bilər.
Lakin siyasi
partiyaların blokunun qeydə
alınması rəsmiləşdikdən sonra
onun tərkibinə hər hansı digər
siyasi partiya daxil edilə bilməz.
Siyasi partiyalar
blokunun adı və emblemi
ilə bağlı da seçki
qanunvericiliyində konkret tələblər
var. Belə ki, siyasi partiyalar blokunun adı bloka daxil olmuş
partiyaların nümayəndələrinin birgə
iclasında müəyyənləşdirilməlidir. Blokun
adlandırılmasında həmin bloka daxil olmayan (seçkilərdə
iştirak edib-etməməsindən
asılı olmayaraq) və əvvəllər
seçkilərdə iştirak etmiş digər siyasi
partiyaların adlarından istifadə edilə bilməz. Əgər
yeni qeydə alınmış siyasi partiyaların blokuna əvvəlki
seçkilərdə həmin bloku
yaratmış siyasi partiyaların
yarısından çoxu daxil
deyildirsə, yeni yaradılan bloka əvvəlki siyasi
partiyaların blokunun adı verilə bilməz.
Siyasi partiyaların bloku
fiziki şəxsin adından və ya soyadından yalnız həmin şəxsin
yazılı razılığı əsasında istifadə
edə bilər. Bütün bu sadalanan tələblərlə
yanaşı, siyasi partiyaların bloku özünün tam və qısa adı barədə MSK-ya məlumat təqdim etməlidir.
Siyasi partiyaların bloku rəsmən təsdiq olunması üçün özünün
emblemini də MSK-ya təqdim
edə bilər. Bu zaman siyasi
partiyaların bloku onun
tərkibindəki hər hansı siyasi
partiyanın qeydə alınmış emblemi,
yaxud digər siyasi partiyalar və siyasi
partiyaların bloklarının indiki və
əvvəlki seçkilərdə istifadə etdikləri
emblemlər istisna olmaqla
istənilən emblemi təqdim edə bilər.
Bir şərtlə
ki, siyasi partiyalar blokunun rəmzləri
əqli mülkiyyət hüquqlarını, əmtəə
nişanlarına olan hüquqları
pozmasın, Azərbaycan Respublikasının və digər
ölkələrin dövlət rəmzlərinə, dini rəmzlərə toxunmasın, ümumən
qəbul edilmiş əxlaq
normalarını pozmasın. Seçki kampaniyası
dövründə siyasi partiyaların blokunun adının və embleminin
dəyişdirilməməsi şərtilə blokun
beş sözdən çox
olmayan adından, habelə emblemindən seçki sənədlərində istifadə
edilməsi Mərkəzi Seçki
Komissiyası ilə razılaşdırılmalıdır.
Seçki
qanunvericiliyinə əsasən, Azərbaycan
Respublikasının Prezidentliyinə namizədlik vətəndaşların
özləri, aktiv seçki
hüququna malik olan seçicilərin təşəbbüs
qrupları, həmçinin siyasi partiyalar və siyasi
partiyaların blokları tərəfindən irəli
sürülə bilər.
Qanunvericilik adları çəkilən
subyektlərin seçkilərdə iştirakı üçün bəzi xüsusiyyətlər
nəzərə alınmaqla, bərabər imkanlar
yaradır və eyni şərtlər müəyyən edir.
Seçki Məcəlləsinin
54-cü və 180-ci maddələrində namizədliyin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən
irəli sürülməsinın əsas prinsipləri müəyyən
edilmişdir. Həmin maddənin tələblərinə
əsasən namizədliyin irəli sürülməsi
haqqında qərarı siyasi partiya öz nizamnaməsinə
uyğun olaraq qəbul
edir. Belə qərar kollegial
qaydada səsvermə yolu
ilə qəbul edilməlidir. Siyasi partiyaların bloku tərəfindən
irəli sürülən namizəd isə bloka
daxil olan hər bir siyasi partiya
tərəfindən təsdiq edilməli, siyasi
partiyaların blokları tərəfindən namizədliyin irəli
sürülməsi haqqında siyasi
partiyaların nümayəndələrinin iclasında
(qurultayında, konfransında, rəhbər orqanının
iclasında) qərar qəbul olunmalıdır. Siyasi partiyaların bu səlahiyyətli
nümayəndələri partiyaların qurultayında
(konfransında, rəhbər orqanının iclasında)
müəyyənləşdirilir.
Namizədin
irəli sürülməsi barədə siyasi
partiyanın, siyasi partiyaların blokunun qərarı protokolla
rəsmiləşdirilməlidir və həmin protokolda
iclasda (qurultayda, konfransda, rəhbər orqanın iclasında) iştirak etmiş
iştirakçıların sayı, siyasi
partiyaların blokunun yaradılması
haqqında sazişdə nəzərdə tutulan qərarın
qəbul edilməsi üçün
lazım olan iştirakçıların
sayı, namizədin irəli sürülməsi barədə
qərar və bu qərar üzrə səsvermənin
nəticələri, qərarın qəbul edilməsi tarixi göstərilməlidir. Yeri gəlmişkən qeyd
edək ki, siyasi partiya, siyasi partiyaların
bloku bu bloka daxil olan
partiyaların üzvü olmayan
şəxsləri də namizəd kimi irəli
sürə bilərlər.
Namizədin
adı ilə birlikdə siyasi
partiyanın səlahiyyətli nümayəndəsi MSK-ya siyasi partiyanın
qeydə alınması barədə şəhadətnamənin
notariat qaydasında təsdiqlənmiş
surətini, siyasi partiyanın qüvvədə
olan nizamnaməsinin notariat
qaydasında təsdiqlənmiş surətini, namizədin irəli sürülməsi barədə
siyasi partiyanın qurultayının
(konfransının, rəhbər orqanının iclasının)
qərarı və müvafiq iclasın protokolunu, siyasi partiyanın səlahiyyətli nümayəndələrinin
Azərbaycan Respublikasının Mülki
Məcəlləsində nəzərdə tutulmuş
qaydada rəsmiləşdirilmiş vəkalətnamələrini
də təqdim etməlidir.
Siyasi
partiyaların blokunun səlahiyyətli
nümayəndəsi isə namizədin adı ilə birlikdə
müvafiq seçki
komissiyasına siyasi partiyaların blokuna daxil olan
siyasi partiyaların qurultaylarının
(konfranslarının, rəhbər orqanının
iclasının) namizəd irəli sürmək barədə
qərarları ilə birlikdə müvafiq iclaslarının
protokollarını, siyasi partiyaların blokuna daxil olan siyasi
partiyaların nümayəndələrinin iclasının
(qurultayının, konfransının) siyasi
partiyaların bloku adından namizəd irəli
sürülməsi haqqında qərarını və müvafiq iclasın protokolunu,
siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin
notariat qaydasında rəsmiləşdirilmiş
vəkalətnamələrini təqdim etməlidir.
Siyasi
partiyanın, siyasi partiyaların blokunun səlahiyyətli nümayəndəsi
yuxarıda qeyd olunan sənədlərlə
birlikdə namizədin seçiləcəyi halda,
həmin vəzifə ilə uzlaşmayan
fəaliyyətə xitam veriləcəyi
barədə öhdəliyi
göstərilməklə, namizədliyinin irəli
sürülməsinə
razılıq verməsi barədə ərizəsini təqdim
edir. Bu ərizədə namizədin soyadı, adı,
atasının adı, doğum tarixi, yaşayış yerinin
ünvanı, təhsili, əsas iş və
ya xidmət yeri, o cümlədən tutduğu
vəzifə (bu olmadıqda - fəaliyyət
növü), namizədin arzusu
ilə siyasi partiyaya mənsubluğu
göstərilir. Namizədlərin ödənilməmiş
və ya üzərindən
götürülməmiş məhkumluğu olduqda,
ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
müvafiq maddəsinin adı və
nömrəsi, namizədin xarici ölkədə
cinayət məsuliyyəti yaradan əməli
olmuşdursa və bu əməl
Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində nəzərdə tutulan
cinayət məsuliyyəti yaradırsa və bu
haqda qanuni qüvvəyə
minmiş məhkəmə hökmü
çıxarılmışdırsa, xarici
ölkənin qanununun adı göstərilməlidir.
Ərizədə, həmçinin namizədin vətəndaşlığı
və ya xarici
ölkə vətəndaşlığına mənsubluğu,
başqa dövlətlər
qarşısında öhdəliyin olub-olmaması haqqında
məlumatlar daxil edilməlidir.
Seçki
qanunvericiliyinə əsasən, MSK təqdim edilmiş
sənədlərə 5 gün müddətində
baxır, irəli sürülmüş
namizədliyin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış
qərar qəbul edir və siyasi partiyanın, siyasi
partiyaların blokunun səlahiyyətli
nümayəndəsinə bu barədə
məlumat verir. Mərkəzi Seçki
Komissiyası təqdim olunmuş sənədlərin
qəbul edilməsindən imtina edə
bilməz.
Namizədin
qeydə alınmasından imtina edilməsi
üçün əsas yalnız tələb
olunan sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və
ya namizədin irəli sürülməsi
qaydasının pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə siyasi partiyanın, siyasi
partiyaların blokunun səlahiyyətli
nümayəndəsi tərəfindən düzəlişlər
edilməsi yolu ilə aradan
götürülə bilərsə, müvafiq
seçki komissiyası namizədi bu haqda xəbərdar edir, müvafiq
düzəlişlərdən sonra namizədin
irəli sürülməsi təsdiqlənir.
Seçkilərdə
iştirak edən subyektlər
sırasında səlahiyyətli nümayəndələrin (o cümlədən maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndənin)
özünəməxsus yeri var. Həmin şəxslər müvafiq olaraq siyasi partiyanın, bloka daxil olan siyasi
partiyaların və ya siyasi
partiyaların nümayəndələrinin birgə
iclasının qərarı, yaxud
onların qurultayı, konfransı və ya
rəhbər orqanın iclasının qərarı ilə təyin
edilirlər.
Siyasi partiyaların, siyasi partiyaların blokunun
səlahiyyətli orqanının qərarı ilə
yazılı formada xəbərdar etməklə
nümayəndənin səlahiyyətlərinə xitam verilə bilər; bu
barədə qəbul edilmiş qərarın
surəti Mərkəzi Seçki
Komissiyasına və dairə seçki
komissiyalarına göndərilməlidir.
Siyasi
partiyaların, siyasi partiyaların
bloklarının dövlət və ya bələdiyyə
vəzifələrində çalışan səlahiyyətli
nümayəndələri özlərinin vəzifə və ya xidməti mövqelərindən seçkilərin
gedişi zamanı istifadə edə bilməzlər.
Siyasi
partiyaların, siyasi partiyaların
bloklarının səlahiyyətli nümayəndələrinin
səlahiyyət müddəti onların təyin edildiyi vaxtdan
başlanır və seçkilərin ümumi
nəticələrinin rəsmi dərc edilməsi
günündən gec olmayaraq
bütün namizədlərin, habelə siyasi
partiyaların, siyasi partiyalar
bloklarının irəli sürdükləri siyahı üzrə
namizədlərin statusunun itirilməsi
vaxtı başa çatır.
Azərbaycan
Respublikasının Seçki Məcəlləsinə
əsasən, digər seçki subyektləri
kimi, siyasi
partiyaların və siyasi partiyaların bloklarının
seçkilərdə iştirakı ilə bağlı bir sıra tələblər müəyyən
olunmuşdur. Qanunvericiliyin tələbinə
görə, seçkilərdə
iştirak edən subyektlər
öncə mətbuat azadlığına hörmət bəsləməli,
yəni seçki prosesində iştirak edərkən öz
peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya
vasitələrinin nümayəndələrinin işinə
mane olmamalıdırlar. Eləcə
də digər namizədlərin, siyasi
partiyaların, siyasi partiyalar
bloklarının seçki
kampaniyalarına müdaxilə etməmək və onu pozmamaq tələb olunur. Ümumi prinsiplər
sırasında seçkiqabağı təşviqat
materiallarını məhv etməmək və korlamamaq, onların yayılmasına, kütləvi tədbirlərin
keçirilməsinə mane olmamaq da mühüm
yer tutur.
Siyasi
partiyaların və siyasi partiyalar
bloklarının seçkilərdə iştirakı
zamanı seçkilərin azad, sərbəst,
dinc və mütəşəkkil
keçirilməsi üçün seçki orqanları ilə və seçki subyektlərilə əməkdaşlıq
etmək kimi vacib qaydalara da riayət
olunmalıdır.
Bununla
belə, seçicilərin öz iradəsini
azad və sərbəst bildirməsinə
maneçilik törətməmək, səlahiyyətli şəxslərə
və müşahidəçilərə hörmət bəsləmək
və onlarla əməkdaşlıq etmək
çox önəmli məsələlərdəndir.
Riayət
olunmalı şərtlər arasında səsvermənin gizliliyini saxlamaq və
saxlanılmasına kömək göstərmək,
seçiciləri qeyri-qanuni hərəkətlər
yolu ilə öz tərəfinə
çəkməmək, seçki
komissiyalarının fəaliyyətlərinə əsassız
müdaxilə etməmək, səslərin verilməsi və ya səslərin hesablanması prosesini
pozmamaq da mühüm əhəmiyyət kəsb edir.
Seçkilərin
qanuni təsdiqlənmiş nəticələrinə
hörmət etmək, seçkilərlə bağlı hər
bir şikayəti səlahiyyətli orqana təqdim etmək və həmin
orqanın bu şikayətlə
bağlı qərarına riayət etməklə bərabər,
hədə-qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran
çıxışlar etməmək və bu
cür materiallar yaymamaq, seçicilərə mükafat
təklif etməmək, onları cəza ilə hədələməmək
hər bir seçki subyektinin əməl etməli olduğu
məsələlərdir.
Seçki Məcəlləsinin tələblərindən biri də dövlət resurslarından, bələdiyyə
və digər ictimai resurslardan
Seçki Məcəlləsində nəzərdə
tutulmamış hallarda istifadə etməmək,
təzyiq göstərmək və ya bəxşiş
təklif etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri səs verməyə,
səsvermədən çəkinməyə sövq
etməmək,
seçkiqabağı təşviqatda iştirak
etməyə və ya iştirak
etməməyə məcbur etməməkdir.
Qanunvericiliyin başqa
bir şərti isə heç
bir vəzifəli şəxsin namizədin
dəstəklənməsinə və ya dəstəklənməməsinə
yönəldilən köməyindən və ya
fəaliyyətindən istifadə etməmək barədədir.
Yuxarıda sadalanan prinsipial məqamlara əməl olunmaması Seçki Məcəlləsinin tələblərinin
pozulması kimi qiymətləndirilə
bilər və Azərbaycan Respublikası Cinayət Məcəlləsində
və ya İnzibati Xətalar
Məcəlləsində göstərilən müvafiq
məsuliyyət yarada bilər.
Həmçinin
yuxarıda göstərilənlərlə bərabər, Seçki Məcəlləsinin 49-cu maddəsində
daha konkret şərtlər
nəzərdə tutulmuşdur ki, bunlara da
riayət edilməsi vacibdir. Qanunvericiliyin
tələbinə görə, digər siyasi
partiyanın və ya siyasi
partiyalar blokunun seçki kampaniyası zamanı öz siyasi
ideyalarını və baxışlarını azad və sərbəst yaymaq
hüququna , o cümlədən
seçicilərin və ictimai təşkilatların
hüquqlarına hörmət bəsləmək lazımdır.
Bundan əlavə,
seçicilərlə azad ünsiyyətin
yaradılması üçün digər
siyasi partiyalara və
onların bloklarına mane olmamaq,
siyasi fəaliyyətdə iştirak
etmək istəyən seçicilərə həmin fəaliyyətin
azad və sərbəst həyata
keçirilməsi üçün təminatlar
yaratmaq da mühüm şərtlərdəndir.
Mikayıl
RƏHİMOV,
Mərkəzi
Seçki Komissiyasının katibi
Azərbaycan. - 2013.- 23 avqust.- S. 6.