Talanan yurd yerlərimiz

 

Cəbrayılın işğalı həm də milli-mənəvi, tarixin yaşıdı olan abidələrin məhvi ilə nəticələndi

 

Qarabağ! - Dağı dağlardan, bağı bağlardan seçilən, daim torpağına-daşına and içilən, uğrunda candan keçilən ana torpaq! O qədərmi gözə gəldin?! Günahın cənnətməkan olmağın idimi?! Məkrli düşmən buna görəmi sənə tamah saldı, diş qıcadı?! Zaman-zaman yadellilərin təcavüzünə, aramsız hücumlarına məruz qaldın, ötən yüzillikdə də taleyin üzünə gülmədi: iki əsr davam edən işğalçılıq siyasəti, XX əsrin sonlarında  daha amansız formada özünü göstərdi...

Sovetlər imperiyasının dağılmasından istifadə edən təcavüzkar Ermənistan himayədarının hərbi-siyasi gücü  ilə Qarabağa genişmiqyaslı hücuma keçəndən sonra bir-birinin ardınca Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam işğala məruz qaldı. İl yarım ərzində  Ermənistanın Azərbaycan torpaqlarına təcüvüzünün miqyası genişləndikcə, təkcə o yerlərin canlı varlıqları deyil, milli-mənəvi sərvətləri də  məhvə məhkum edildi. Azğınlaşmış erməni vandalları şovinizm siyasətindən güc aldıqlarından, daha çox ərazilərimizi zəbt etməyə can atdılar və buna müəyyən mənada nail oldular.

1993-cü il avqustun 23-də Qarabağın müqəddəs bir yurdu Cəbrayıl  da təcavüzün növbəti qurbanlarından birinə çevrildi.

 Ərazisi 105 min hektar olan  bu torpaq tarixi, dini və mədəni abidələrin məskəni kimi də tanınırdı. Cəbrayıl milli aşıq-ozan sənətimizin baniləri - Dirili Qurbani, Aşıq Pəri, Mücrüm Kərəm, Aşıq Humay kimi tanınmış el  xalq sənətkarlarının dünyaya göz açdığı yurd olaraq da mədəniyyət və ədəbiyyat tariximizin səhifələrində yer tutub.

Daşnakların məqsədi qonşu torpaqlarını yalnız zəbt etmək deyil, işğala məruz qoyduqları ərazilərdəki abidələri - tarixin  yaşıdı və yadigarlarını da dəyişərək guya, onların ermənilərə məxsus olduğunu sübuta yetirmək idi.

Cəbrayıl rayonu ərazisində milli-mənəvi sərvətlər - maddi-mədəniyyət nümunələri az olmayıb. Təəssüf ki,  bu gün onların çoxunun yalnız adları və gözdağına çevrilən şəkilləri qalıb. Ümumiyyətlə isə erməni təcavüzkarları Azərbaycanın mədəni irsi olan mədəni sərvətini xüsusi qəddarlıqla talan  etmişlər. Dağlıq Qarabağ bölgəsində və ətraf ərazilərdə Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduğu ziyanın dəyərini dəqiqləşdirmək o qədər də asan deyil. Çünki elə maddi-mənəvi sərvətlərimiz talan edilib ki, onları heç bir meyarla qiymətləndirmək mümkün deyil. Dağıdılmış sərvətlər nəinki Azərbaycanın, həm də sivilizasiyalı bəşəriyyətin əvəzolunmaz mədəniyyət nümunələri idi.

Milli-mənəvi dəyərlərimizin, tarixi və mədəni abidələrimizin zəngin, həm də qədim nümunələrini qoynunda minilliklər boyu saxlayan, 82 kəndi, 72 ortanatamam məktəbi, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır avtoklub, 78 kitabxana, 3 daimi, 4 səyyar kinoqurğusu fəaliyyət göstərən Cəbrayılın həmçinin minilliklərin yadigarı eksponatlarla zəngin tarix-diyarşünaslıq muzeyi də vardı. Əhaliyə 210 çarpayılıq mərkəzi xəstəxana və ümumi çarpayı sayı 245 yer olan kənd xəstəxanaları, 11 həkim, 52 feldşer-mama məntəqəsi xidmət göstərib. Cəbrayıllıların əsas gəlir mənbəyi isə təsərrüfatla bağlı olub.

1970-ci ildən başlayaraq rayonda quruculuq işləri geniş vüsət almışdı. Rayon mərkəzində bir vaxtlar "Dəyirman dərəsi" kimi tanınan boş ərazi ötən əsrin 80-ci illərində geniş yaşayış massivinə, yaşı əsrlərlə hesablanan Xan çinar isə bu yurdun simvoluna çevrilmişdi. Sözügedən dövrlərdə irəliləyişə səbəb üzüm bağlarının salınması idi.

 Rayon mərkəzini kəndlərlə birləşdirən yollara asfalt döşənmişdi. Rayonda elmə, təhsilə maraq günbəgün artırdı. Çoxsaylı alimlərimizin, ziyalılarımızın şərəfli ənənələri uğurla davam etdirilirdi. Amma... 1988-ci ildən başlayaraq rayonun "bəxtində qara zolaqların" sayı artmağa başladı. Cəbrayılın ərazisində ermənilərin məskunlaşdığı iki kənd də var idi: Hərəkül və Banazur... Qarabağa erməni təcavüzünün qızğın vaxtlarında Cəbrayılın və cəbrayıllıların üstünə top, "alazan", "qrad" atəşləri də məhz həmin yüksəkliklərdən atılırdı. Evlər od tutub yansa, dağılsa da, günahsız, təbiətən çox dinc olan cəbrayıllılar qanlarına qəltan edilsələr də, dözür, düşmənə layiqli cavab verirdilər.  Bu dözüm, tablaşma 1993-cü il avqust ayının 23-nə kimi davam etdi.

Xocalı, Şuşa, Laçın, Kəlbəcər və Ağdamda olduğu kimi,  Cəbrayılda da dövlətin köməyinə ehtiyac duyuldu. Hərbi taktika, strategiya, vahid komanda altında silahlı birləşmə yox idi. Demək olar, hərə öz gücünə güvənir, fərdi qaydada torpaqları müdafiə etməyə çalışırdı. O çətin, dözülməz günlərdə Cəbrayılda kifayət qədər qüvvə yox idi. Amma çətinliklərə baxmayaraq, ermənilərə qarşı müdafiə xətti yaradılmışdı. Şaqay yüksəkliyi alınmış və orada mövqe tutulmuşdu. Yeddi ay həmin yüksəkliyin hesabına rayona cəbrayıllılar  tərəfindən nəzarət edilirdi. Şaqay yüksəkliyi itirildikdən sonra Cəbrayılın da başı  üzərini qara buludlar aldı, rayonun işğalı həmin yüksəklik verilən gündən başladı.

Cəbrayılın ərazisini o ağır günlərdə qoruyan igid, cəsur oğullar az olmamışdı: Yusif Allahverdiyev, Samir Alıyev, Şükür Abdullayev, İnqilab Aslanov, Azər Bayramov, Mais Verdiyev, Mübariz Qasımov, Mehdi İsmayılov  başqa bu  kimi  şəhidlik zirvəsinə ucalan mərd oğullar ana torpaq uğrunda canlarından keçməyə and içmişdilər...

Cəbrayil 1993-cü il avqust ayının 23-də əzəli və əbədi düşmənlərimizin tapdağı altına keçdi. İşğaldan sonra cəbrayıllılar ölkənin 58 bölgəsinə səpələndilər. Daha çox isə yurd-yuvaya yaxın Beyləqan, İmişli, Sabirabad və Biləsuvar rayonlarında məskunlaşdılar.

52 min nəfər əhalisi olan rayonburada  fəaliyyət göstərən 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd büsbütün ermənilərin işğalına məruz qaldı və vəhşicəsinə dağıdılaraq talan edildi.

Cəbrayıllılar birinici Qarabağ müharibəsində 362 nəfər şəhid verib.  Torpaqların müdafiəsində 191 nəfər əlil olub, 6 igid isə Azərbaycanın Milli Qəhrəmanı  fəxri adına layiq görülüb.  Onu da deyək ki,  vaxtilə Cəbrayıldan 7 nəfər Sosialist Əməyi Qəhrəmanı, 1 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adını qazanmışdı.

İşğal nəticəsində rayona 13928 milyon ABŞ dolları dəyərində ziyan dəydi. Dağıntıya məruz qalan sənaye və kənd təsərrüfatı obyektlərinin sayı 52, mədəni-maarif müəssisələri 149, kənd və qəsəbələr 91, tarixi abidələr 127-dir.

Ümummilli lider Heydər Əliyevin  2002-ci il 13 may tarixli fərmanına əsasən, cəbrayıllı məcburi köçkünlər üçün 2003-cü ildə Biləsuvar rayonu ərazisində 2598 evdən ibarət 6 qəsəbə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq həmin ərazidə əlavə 1858 evdən ibarət, bütün infrastruktura malik daha 5 qəsəbə salınıb. Həmin yaşayış məntəqələrində müasir tipli, hər biri 280 yerlik orta məktəb, 50 yerdən ibarət uşaq bağçaları, rabitə evləri, 5 feldşer-mama məntəqəsi, 5 həkim ambulatoriyası, qəsəbəbələrin əhalisinə xidmət göstərən 50 çarpayılıq sahə xəstəxanası fəaliyyət göstərir. Eləcə də bütün infrastruktura malik qəsəbələrdə icma nümayəndəlikləri üçün inzibati bina, baytarlıq idarəsi, 3 qəsəbədə yanğından mühafizə və 2011-ci ilin mart ayında isə rayon icra hakimiyyəti üçün ikimərtəbəli yeni inzibati bina tikilib istifadəyə verilib.

Dövlət proqramına uyğun olaraq, Biləsuvar və Saatlının ərazisində salınan yeni qəsəbələrdə və Bakı şəhərində tikilən hündürmərtəbəli binalarda 4466 cəbrayıllı köçkün ailəsi və ya ümumi rayon əhalisinin 30 faizi mənzillə təmin olunub. Bakı və Sumqayıt şəhərlərində 94 məskunlaşma obyektinin təmirindən sonra 3052 ailənin yaşayış şəraiti yaxşılaşdırılıb.

Təcavüzkar, vandalizm siyasəti yeridən  ermənilərin məqsədi qonşu torpaqlarını yalnız zəbt etmək deyil,  həm də işğala məruz qoyduqları ərazilərdəki abidələri - tarixin yadigarlarını Yer üzündən silməkdir. Belə tarixi-memarlıq abidələrinə Cəbrayıl şəhərindəki Sultan Məcid hamamını, Xudayarlı kəndindəki Dairəvi və səkkizguşəli türbələri (XIX əsr), Şıxlardakı Dairəvi türbəni (XIV əsr), Xudafərin körpülərini (erkən orta əsrlər), Diridağdakı Qız qalasını, Dağtumasdakı Başıkəsik günbəzi, Gordubaba dağındakı məzarı misal göstərmək olar. Dini abidələr də burada az olmayıb: "Hacı Qaraman", "Cəbrayıl ata", "Dül-dül", "Mazannənə" ziyarətgahları və s. Dağtumasdakı "Tumas ata", "Divlər sarayı", Mahmudludakı "Canqulu" və "Qumtəpə" kurqanları, Tatardakı Siklop tikililər, "Ağoğlan" qədim arxeoloji abidələr siyahısına daxildir. Cəbrayıl Ata kəndin şimalındakı ümumi qəbiristanlıqda deyil, o dövrün adətinə uyğun, ona məxsus torpaqların yuxarı başında, Alpaşa dağının hündür və tamaşalı yerində ayrıca dəfn edilmişbura müqəddəs ziyarətgaha çevrilmişdi.

Cəbrayıl şəhərinin mərkəzindəki "Qara daş" səmadan gələn hesab olunduğu üçün əhali tərəfindən müqəddəs ziyarətgah sayılır. Rayonun Dağtumas kəndi yaxınlığındakı Tumas Ata abidəsi bütpərəstlik dövrünün yadigarı idi.

Rayonun ərazisində erməni vandalları tərəfindən məhv edilmiş tarixi, maddi-mədəniyyət abidələri yalnız adları yuxarıda çəkilənlər deyildi. Araz çayı üzərindəki çoxtağlı Xudafərin körpüləri, Xubyarlı və Şıxlardakı səkkizguşəli və dairəvi türbələr, Sirikdəki Qala, Çələbilərdəki məscid-mədrəsə kompleksis. dediklərimizə sübutdur. Təəssüf ki, tarixən bu kimi mədəniyyət nümunələri milli, məhəlli münaqişələrin qurbanlarına  çevrilməkdən sığortalanmayıblar. Hər dövrün özü ilə gətirdiyi "səmum yeli" onların bir çoxunun daşını daş üstə qoymayıb. Təsadüfi deyil ki, maddi-mədəniyyət  abidələrimiz  dağıdılsa da, elə   tarixi yadigarlarımız da vardı ki, onlar, sadəcə, əlimizdən alınmadı, yaxud məhv edilmədi, ermənilərin tarixi saxtalaşdırma siyasətinin qurbanlarına çevrilərək Ermənistana daşındı.

Lakin tarixin təkrar olunduğu,  zaman adlı qatarın geriyə doğru deyil, gələcəyə, sabaha irəliləməsi də inkaredilməzdir. Özgə torpaqlarında zaman-zaman duruş gətirməyən yadelliləri Qarabağ tarixində və taleyində az görməyib. Daşnak tör-töküntülərinin də Qarabağın aranlı-dağlı yerlərindən çıxarılacağı şəksizdir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan. - 2013.- 23 avqust.- S. 7.