Liviyanın nüfuzlu «Əl-Ğad» qəzetində «Əlimərdan bəy Topçubaşov (1862-1934)» sərlövhəli məqalə dərc edilmişdir

 

Prezident İlham Əliyevin "Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında" 25 fevral 2013-cü il tarixli sərəncamına uyğun olaraq Xarici İşlər Nazirliyinin hazırladığı tədbirlər planına əsasən Azərbaycanın Liviyadakı səfirliyi bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə bir sıra görüşlər keçirmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, görüşlərdə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun şərəfli həyat yoluictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.

Keçirilən görüşlərin nəticəsi olaraq geniş oxucu kütləsinə malik olan "Əl-Ğad" qəzetində "Əlimərdan bəy Topçubaşov (1862-1934)" sərlövhəli məqalə dərc edilmişdir.

Məqalədə görkəmli ictimai-siyasi xadimin keçdiyi həyat yolunda qarşılaşdığı maneələr və xeyriyyəçilik fəaliyyəti barədə məlumatlar oxucuların diqqətinə çatdırılmışdır. Qeyd edilmişdir ki, Əlimərdan bəy Topçubaşov çar Rusiyasında müsəlman-türk hərəkatının liderlərindən və ideoloqlarından biri olmuşdur. Türk xalqlarının milli özünüdərkinin təşəkkül tapmasında, onların birliyinin möhkəmlənməsində böyük rol oynayan Əlimərdan bəy Topçubaşovun Azərbaycan dilində dərc edilən "Həyat" qəzetinin nəşrinə icazə verilməsində böyük xidməti olmuşdur.

Yazıda həmçinin həmin dövrdə Əlimərdan bəy Topçubaşovun öz xalqının maraqlarının fəal müdafiəçisi olduğu, qarşı tərəfin təcavüzkar mahiyyətini ifşa etdiyi bildirilmişdir. Əlimərdan bəy Topçubaşov Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapması, onun dünya dövlətləri tərəfindən tanınması və diplomatik münasibətlərinin qurulmasında da böyük səylər göstərmişdir. O, müstəqil Azərbaycanın ilk səfiri olaraq ölkəmizin diplomatik missiyasına əvvəlcə Gürcüstanda, daha sonra isə Türkiyədə rəhbərlik etmiş, 1918-ci ilin dekabrında parlamentin ilk rəhbəri seçilmişdir.

 

Azərbaycan. - 2013.- 23 avqust.- S. 8.