Qərəz həyat
tərzinə çevrilməməlidir
Ədalət
mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr
tərəfindən həyata keçirilməsi ideyası əsrlərdir
ki, ədalətli cəmiyyətin əsas
təməl daşlarından biridir. Bununla əlaqədar
dövlət başçısı tərəfindən ədalət
mühakiməsinin səmərəliliyinin
artırılmasına mühüm önəm
verilərək məhkəmə sisteminin
islahatı ilə bağlı mütərəqqi tədbirlər
daha intensiv xarakter almışdır. Bu islahatlar çərçivəsində
isə hakimlərin müstəqilliyinin təmin edilməsi daim diqqət mərkəzində
saxlanılır.
Ölkə
qanunvericiliyinə görə, hər hansı şəxs tərəfindən
və hər hansı bir səbəbdən
bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət
qoyulması, qanuna zidd
təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir.
Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə
qarşısında bərabərliyi əsasında həyata keçirilir.
Hakimlərin
müstəqilliyi, həmçinin onların
toxunulmazlığı, səlahiyyəti dövründə
siyasətsizləşdirilməsi, dəyişilməzliyi, məsuliyyətə
cəlb edilməsinin, səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması,
seçiminin xüsusi
qaydası ilə reallaşır. Hakimlərin maddi təminatının
ilbəil gücləndirilməsi onların müstəqilliyinin
əlavə təminatına çevrilir.
Bu imtiyazlardan
sui-istifadə edən, fəaliyyətində ədaləti deyil, şəxsi maraqlarını əsas
götürən, işində nöqsanlara
yol verən hakimlər, məhkəmə
sədrləri bu sistemdən kənarlaşdırılır.
Məhkəmə-Hüquq Şurasının
çıxardığı qərarlar məhkəmə fəaliyyətinin
daim saflaşdırılmasına, bu sahədə hər hansı korrupsiya
hallarının qarşısının alınmasına,
şəffaflığın təmin olunmasına xidmət edir. Təkcə onu
demək kifayətdir ki, kobud
qanun pozuntuları və digər neqativ hallara yol verilməsi ilə bağlı Məhkəmə-Hüquq
Şurası tərəfindən son 5 ildə
hakimlər barədə 110-dan çox intizam icraatı, habelə 18 nəfər barədə
korrupsiya ilə əlaqədar hüquqpozmalara görə intizam
icraatları başlanmış, korrupsiya
hüquqpozması ilə bağlı 11 hakimin
səlahiyyətlərinə xitam verilməsi
və ya iş yerinin dəyişdirilməsi barədə qərar
qəbul edilmişdir. Bu
qərarların dərci, hakimlər arasında geniş müzakirəsinin təşkil
olunması şuranın fəaliyyətində şəffaflığın
bariz nümunəsidir.
Ümumiyyətlə
isə fəaliyyətinin qiymətləndirilməsi və intizam icraatları ilə bağlı 60-dan çox hakim məhkəmə
sistemindən kənarlaşdırılmışdır.
Qeyd olunmalıdır ki, son illər ölkəmizin
məhkəmə sistemində aparılan islahatlar
öz miqyası, mütərəqqiliyi və
səmərəli nəticələri ilə xüsusi
fərqlənir. Bu islahatlar çərçivəsində
məhkəmələrə müraciət imkanlarının
asanlaşdırılması, insan
hüquqlarına ciddi əməl
olunmasının təmin edilməsi üçün
20-dək regional məhkəmələr fəaliyyətə
başlamışdır. İş yükünün azaldılması məqsədilə
hakim ştatlarının sayı 2 dəfəyədək,
məhkəmə aparatı işçilərinin sayı isə
75 faiz artırılmışdır. Korrupsiya
hallarının qarşısının alınması üçün hakimlər tərəfindən
vətəndaşların qəbulu qadağan
edilmiş, məhkəmə qərarlarının
dərci nəzərdə tutulmuş, Məhkəmə-Hüquq
Şurası tərəfindən hakimlərin Etik
Davranış Kodeksi qəbul olunmuş, məhkəmələrdə
kargüzarlığın aparılmasının yeni, demokratik qaydaları
müəyyən edilmişdir.
Məhkəmə
infrastrukturunun
yaxşılaşdırılması üzrə əsaslı
tədbirlərə start verilmiş,
yeni müasir tələblərə
cavab verən çoxsaylı məhkəmə
binaları və komplekslərinin tikintisinə başlanılmış,
onların bir çoxu
artıq istifadəyə verilmişdir.
Hakim korpusunun ən şəffaf və obyektiv prosedurlarla
formalaşdırılması üçün
yeni, mütərəqqi qaydaların tətbiqi
və bu qaydalar əsasında
235 nəfər yüksək hazırlıqlı
hüquqşünasın seçilərək hakim
vəzifəsinə təyin edilməsi də Azərbaycanın
məhkəmə-hüquq
sisteminin son illərdə
dünyanın nüfuzlu təşkilatları
tərəfindən təqdir edilən ən ciddi
nailiyyətlərindən biridir. Xatırladaq ki, 2011-ci ildə Avropa Şurasının Ədalət
mühakiməsinin səmərəliliyi üzrə
Komissiyası (CEPEJ) Azərbaycanda hakimlərin seçimi
prosesini bilavasitə izləməklə
ölkəmizin təcrübəsini digər Avropa
dövlətlərinə örnək kimi
göstərib. Bu proses
Avropa İttifaqı tərəfindən də
eyni yüksək qiymətə layiq bilinərək digər dövlətlərə
tövsiyə olunub.
Dünyanın
nüfuzlu təşkilatlarında Azərbaycandakı
hakim seçkiləri ilə bağlı bu yüksək rəyi formalaşdıran isə
ölkəmizdə hakimlərin seçimi
zamanı tətbiq edilən qaydaların mükəmməlliyi,
həmin qaydalar əsasında keçirilmiş seçim
prosedurları üzərində onlar tərəfindən aparılan
müşahidələrdir. Çoxsaylı imtahan
və müsahibələrdən, bütün
seçim
mərhələlərini
uğurla keçmiş
namizədlərin hakim vəzifələrinə
hazırlanmaları üçün
uzunmüddətli tədris
kursu və məhkəmədə təcrübədən
ibarət olan bu qaydalar üzrə
bütün prosedurlar
tam şəffaf mühitdə,
yerli və beynəlxalq təşkilatın,
səfirliklərin nümayəndələrinin
iştirakı ilə
keçirilir.
Ölkəmizdə
məhkəmə sisteminin inkişafı,
müasirləşdirilməsi və yeni infrastrukturun yaradılması, maliyyələşməsinin
yüksəldilməsi, hakimlərin sayının
artırılması, məhkəmələrdə müasir informasiya və kommunikasiya şəbəkəsinin tətbiqi
ilə bağlı görülmüş
genişmiqyaslı işlər də Avropa
Şurasının böyük
marağına səbəb olub. Bu nüfuzlu qurumun "Avropa məhkəmə
sistemləri"nə dair hesabatında
ölkəmizin nailiyyətləri yüksək dəyərləndirilib.
Azərbaycan
Respublikasının Ümumi Məhkəmə
Hakimləri İctimai Birliyinin
(Assosiasiyasının) təmsilçiləri olaraq
bir sıra beynəlxalq qurumlar,
o cümlədən Avropa
və Beynəlxalq Hakimlər Assosiasıyalarının
nümayəndələri ilə keçirdiyimiz
görüşlərdə Azərbaycan dövlətinin məhkəmə-hüquq
sahəsində apardığı islahatların böyük diqqətlə izlənməsinə
və layiqli qiymətini almasına dəfələrlə
şahid olmuşuq.
Həmçinin
onu da qeyd
etmək lazımdır ki, heç
də Avropa ölkələrinin
hamısında vəziyyət Azərbaycandakı kimi təqdirəlayiq deyildir.
Serbiya, Macarıstan, Yunanıstan və bəzi
digər ölkələrdə məhkəmə hakimiyyəti
ilə icra hakimiyyəti arasında ziddiyyətlər
mövcuddur. Belə ki, hətta hakimlərin əsassız şəkildə
kütləvi işdən azad
olunmaları, böhran adı altında əməkhaqlarının
azaldılması və hakimlərin müstəqilliyinə süni əngəllərin yaradılması
halları Avropa Hakimlər
Assosiasiyasının iclaslarında müzakirə predmeti olmuşdur.
Məhkəmə
fəaliyyətinin təkmilləşdirilməsi üzrə
görülən tədbirlər məhkəmə işlərinin
keyfiyyətinə də müsbət təsir göstərmişdir.
2012-ci ildə birinci instansiya
məhkəmələrinə daxil olmuş bütün mülki işlər üzrə yekun qərarların 87 faizi, cinayət işləri üzrə
hökmlərin isə 74,3 faiz ilə tərəflər
razılaşmış, başqa sözlə
həmin işlərdən apelyasiya
şikayəti və ya protesti
verilməmişdir. Ümumiyyətlə, birinci
instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 95,4 faizi, cinayət işləri üzrə
hökmlərin 91,4 faizi dəyişdirilməyərək
sabit qalmışdır.
Hüquqi, iqtisadi və siyasi
islahatları paralel şəkildə həyata
keçirən Azərbaycan Respublikasının ən böyük nailiyyətlərindən biri də cəmiyyətdə söz,
fikir, sərbəst düşüncə
və mətbuat azadlıqlarının geniş
bərqərar olmasıdır.
İnsan hüquq və azadlıqlarına həssas
münasibətin əyani təcəssümü olaraq formalaşmış bu
liberal mühit həm
də ölkə rəhbərliyinin tolerantlıq prinsipinə
yüksək sadiqliyini nümayiş
etdirir. Ölkədə hər kəs öz fikirlərini çəkinmədən
ifadə edə, müxtəlif kommunikasiya
vasitələrinin
köməyi ilə geniş auditoriyalarda yaya bilər. Belə bir ictimai
dialoq mühiti ziddiyyətlərin
diskussiya məcrasına yönəldilməsinə,
müxtəlif mövqelər arasında ən doğru
olanının üzə çıxarılmasına, beləliklə,
son nəticədə cəmiyyətin demokratik, sivil
inkişafına təkan verir. Lakin nəzərdən
qaçırılmamalıdır ki, həqiqət
kimi ifadə edilən fikirlər qərəzə,
şəxsi maraqlara söykənməməli,
reallıqların təhrifinə yönəlməməlidir.
Demokratik inkişaf yollarında uğurla
irəliləyən Azərbaycanda bu
prinsiplərin qorunması, fərdlərin hüquq
və məsuliyyətinə söykənən ifadə
azadlığına hər bir vətəndaşın
hörmətlə yanaşması, cəmiyyətin belə bir mühitə alışması xüsusilə
vacibdir.
Bu, maarifləndirmə missiyasının təmsilçiləri
olan ziyalıların, ictimai
fəalların, hüquq ictimaiyyəti
nümayəndələrinin, ümumilikdə cəmiyyətin
hər bir üzvünün
üzərinə mühüm vəzifələr
qoyur.
Təəssüf
ki, belə çətin və şərəfli
vəzifə qarşısında öz mənəvi
və hüquqi məsuliyyətini hələ
də dərk etməyən, konyunktur maraqlar naminə həqiqətə asanlıqla
üz çevirib qərəz,
böhtan məzmunlu
açıqlamaları ilə reallıqları təhrif etməklə
məşğul
olan insanlar da vardır. Onların sırasında "ekspert-hüquqşünas " adına
iddialı bəzi şəxslərin də olması
xüsusilə acınacaqlı haldır.
Cılız
şəxsi mənafeləri, bir qədər
də konkretləşdirsək, qrant
maraqları naminə bir qayda
olaraq dövlət hakimiyyəti
orqanlarını "hədəfə götürərək"
onların ünvanına əsassız ittihamlar
irəli sürən bəzi belə hüquqşünaslar
ölkəmizin qazandığı mütərəqqi iqtisadi,
siyasi və hüquqi
nailiyyətlərin üzərinə kölgə salmaqdan ötrü Azərbaycan
məhkəmələrinə qarşı da
vaxtaşırı "hücumlar"ı özlərinin məkrli
iş metoduna
çevirmişlər. Hər hansı fəaliyyət
sahəsində elə bir uğuru
olmayan, Azərbaycan cəmiyyətində,
o cümlədən ölkəmizin hüquq ictimaiyyətində ciddi
qəbul edilməyən, sağlam məntiqə,
hüquqi savada deyil, ziyalı etikasından uzaq
bir tərzdə haray-həşir prinsipinə
əsaslanan bu cür
tiplərin primitiv metodlarla
cəmiyyəti çaşdırmaq cəhdlərini görmək
üçün ifrat
siyasiləşərək obyektivlik
meyarını itirmiş bəzi qəzetlərin
səhifələrinə nəzər salmaq
kifayətdir. Bu mənada son illər həmin qəzet
səhifələrinin ucuz sensasiyalarına
seçilmiş "Məhkəmələr
müstəqil deyil", "Hakim Qarabağ əlilini
acından öldürmək istəyir", "Məhkəmə
saxtakarlıqları vəkilin təqdimatında" və digər
sərlövhəli yazıları göstərmək olar.
Ən
acınacaqlısı isə müstəqil məhkəmə
orqanlarına qarşı qərəzi, hüquqi
bilgilərinin kasadlığı, fikirlərinin primitivliyi ilə "seçilən" belə
şəxslərin özlərini cəmiyyətə
"tanınmış hüquqşünas"
kimi sırımaq cəhdləridir. Məsələn,
"Azadlıq" qəzetinin 14 avqust 2013-cü
il sayında dərc edilmiş
"Məhkəmə-Hüquq Şurası hakimləri cəzalandırdı"
adlı məqalə bunun bariz
nümunəsidir.
Həmin
məqalədə "hüquqşünas"
Müzəffər Baxış fəaliyyətində
insanların haqlı narazılığını doğuran ciddi nöqsanlara yol verən
hakimlərin intizam məsuliyyətinə
cəlb edilməsinə "münasibət" bildirir və ölkənin bütün
hakimlərinə qarşı ağlasığmaz böhtanlar yağdırır, bütün məhkəmə qərarlarını
qeyri-obyektiv və sifarişli
adlandırır.
Hüquq elə bir
spesifik sahədir ki, burada irəli sürülən hər bir mühakimə faktlarla,
dəlil-sübutlarla əsaslandırılmalıdır. Heç bir arqumentə
söykənməyən, konkret dəlillərlə
sübuta yetirilməyən əsassız
fikirləri yalnız qeyri-ciddi və hüquqdan anlayışı olmayanlar,
məhkəmə qərarlarının sabitliyindən bixəbərlər
irəli sürə bilər.
Məhkəmə
qərarları haqqında narazılıqların ortaya çıxması isə ona görə mümkün
və təbiidir ki, bütün
məhkəmə prosesləri qarşı duran
iki tərəfin bir-birinə iddiaları
üzərində qurulur və tərəflərdən
birinin haqlı qalibiyyəti digərinin
narazılığı ilə qarşılanır. Hakimin başlıca vəzifəsi
isə bütün hallarda
iki çəkişən tərəfin
hansının haqlı olduğunu qanun əsasında obyektiv,
dürüst, qərəzsiz, tərəfsiz
araşdıraraq ədalətli qərar qəbul etməkdir.
Şübhəsiz, məhkəmədə həm
iddiaçı, həm də cavabdeh
tərəfin haqlı olması mümkün
deyildir.
Yeri gəlmişkən, həmin
məqalədə hakimlərin seçimi
prosesinin uğurunun
beynəlxalq səviyyədə etirafı da
isterika ilə qarşılanır. Hakimliyə namizəd kimi uğur qazana bilməyən
"ekspert" öz
səviyyəsinə uyğun ibarə və
küçə leksikonu ilə Avropa İttifaqı ilə Avropa
Şurasına qarğış edir -
"Daş düşsün
o Avropa İttifaqı
ilə Avropa Şurasının
başına ki, o, Azərbaycandan
olan hakimlərin seçki
prosedurlarını bəyənir və digər dövlətlərə
onu tətbiq edir"
Əslində,
ölkəmizin beynəlxalq nüfuzunun
yüksəlməsi, onun digər ölkələrə
örnək göstərilməsi hər bir
vətənpərvər azərbaycanlını fərəhləndirməlidir.
Nə yazıq ki, dövlətimizin
uğurlarını, hüquq sistemimizin inkişafını belə böyük ürək ağrısı ilə,
az qala qara
xəbər kimi qarşılayanlar da var.
Kifayət qədər
böyük zəhmət bahasına başa gələn bu
nailiyyətə nəyin bahasına olursa-olsun,
qara yaxmağın isə yalnız bir adı vardır: qərəz!
Azərbaycan
məhkəmələrinə qarşı iftira
yolu tutmazdan əvvəl
düşünmək lazımdır ki,
Azərbaycan Respublikası adından çıxarılan məhkəmə
qərarlarının qanuni olub-olmaması
siyasi xarakterli şoularda, qəzet səhifələrində
deyil, yalnız yuxarı məhkəmə
instansiyasında təftiş oluna bilər.
Bu cür
iftiraların yeganə məqsədi məhkəmələrin,
hakimlərin nəyin bahasına olursa-olsun,
gözdən salınmasıdır. Belə iftiralara öz səhifələrində,
efirlərində yer verən kütləvi
informasiya vasitələri də nəzərə
almalıdırlar ki, məhkəmə sisteminin müstəqilliyi ilə bağlı
cəmiyyətdə yanlış, qərəzli rəyin
formalaşdırılması cəhdləri ümumilikdə,
dövlətin əsaslarının
sarsıdılmasına yönəlmiş ideoloji
təxribatdır. Dövlətini sevən, onun
dəyərlərinə hörmətlə yanaşan
heç bir jurnalist belə bir məsələdə
iştirakı özünə rəva görməməlidir.
Ölkəmizin
məhkəmə-hüquq ictimaiyyətinin nümayəndələri
belə savadsız iddialara cavab
verməklə onların səviyyəsinə enmək istəmirlər.
Lakin bu cür iddialar sistemli xarakter aldıqda və
ictimai rəyin
çaşdırılmasına yönəldikdə belələrinin
ifşası zərurətə çevrilir.
Fikrimizcə, bu, hüquq ictimaiyyətinin nümayəndələri
ilə yanaşı, həm də məhkəmələrdə
hüquqları qorunan, ədalətin bərqərar
olunmasına görə çoxsaylı təşəkkür
məktubları yazan minlərlə vətəndaşımızın,
ictimaiyyət təmsilçilərinin vətənpərvərlik
missiyasıdır. Milli dövlətçiliyimizin
atributlarından olan məhkəmə-hüquq
sisteminə qarşı irəli sürülən iftiralara heç kəs
biganə olmamalı, bu iftiraları irəli
sürənlər ictimai qınaqla
üz-üzə qalmalıdırlar.
Ələddin
CƏFƏROV,
Azərbaycan
Respublikası Ümumi Məhkəmə
Hakimləri Assosiasiyasının sədri, Yasamal
Rayon Məhkəməsinin sədri
Azərbaycan. - 2013.- 23 avqust.- S. 8.