4 gündə 7 rayonda 24 sosial obyektin açılışı
Dövlət
başçısının bölgələrə səfəri
görülən işlərə yeni stimul verir
Avqust ayının
üçüncü həftəsi
Azərbaycan üçün
bir çox beynəlxalq əhəmiyyətli
hadisələrlə yanaşı,
Prezident İlham Əliyevin ölkənin şimal-qərb bölgəsinə
- İsmayıllı, Qəbələ,
Oğuz, Şəki, Qax, Zaqatala və
Balakən rayonlarına
səfərləri ilə
də əlamətdar
oldu.
Bu gün inamla demək olar ki, Azərbaycanın
bölgələri sosial-iqtisadi
inkişafın yeni mərhələsini
yaşayır. Ölkənin iqtisadi
müstəqilliyinin, enerji təhlükəsizliyinin
təmin olunması bütün iqtisadi və sosial məsələlərin
sürətlə həll edilməsi üçün stimul
rolunu oynayır. Son
illər aparılan əsaslı iqtisadi islahatlar, yürüdülən liberal sosial siyasət nəticəsində
ölkəmizdə iqtisadi inkişaf
çox sürətlə gedir.
Təsadüfi deyildir ki,
son 10 ildə iqtisadi potensial 3 dəfədən çox
artıb. Bütün sahələr
üzrə islahatların uğurla davam etdirilməsi Azərbaycanın iqtisadi qüdrətinin və
potensialının artmasını şərtləndirir. Həm
də fərəhli haldır ki, sosial-iqtisadi inkişaf bütün şəhər və bölgələri
eyni ahəngdarlıqla əhatə edir. Bu baxımdan Prezident İlham Əliyevin bölgələrə
vaxtaşırı səfəri, proqram və
layihələrin icra vəziyyəti ilə
yerlərdə birbaşa tanış
olması, ayrı-ayrı sahələrin inkişafını
sürətləndirmək üçün
sərəncamlar imzalaması, ən nəhayət, bölgələrdə
yaşayan insanlarla
görüşləri, onların arzu və təkliflərini üzbəüz
dinləməsi, mövcud çətinliklərin
aradan qaldırılmasının daha optimal yolları barədə
icra strukturlarına yerindəcə
tapşırıq və tövsiyələrini verməsi böyük əhəmiyyət kəsb edir.
Ölkəmizin
gözəl guşələrindən olan
İsmayıllı rayonu da
inkişafının yeni mərhələsindədir.
Dövlət başçısı şimal-qərb
bölgəsinə səfəri çərçivəsində
İsmayıllıda olarkən avtovağzalın
açılışı, İsmayıllı şəhərinə
içməli suyun verilməsi mərasimlərində,
tikiş fabrikinin,
İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil
yolunun açılışlarında və
"İsmayıllı-1" Su-Elektrik
Stansiyasının işə salınmasında iştirak edib.
Yeni avtovağzalın istifadəyə
verilməsi rayon sakinlərinin ölkə
paytaxtına və ətraf rayonlara
gediş-gəlişini xeyli
asanlaşdıracaq. Avtovağzalda
yaradılan şərait, rahat və müasir avtobuslar sərnişinlərin
ürəyincədir. Əlavə edək ki,
avtovağzalda 22 nəfər işlə təmin
olunub.
İstifadəyə
verilən tikiş fabriki
Yaponiya, Çin, Rusiya, Almaniya və
Türkiyə istehsalı olan ən müasir avadanlıqlarla təchiz edilib. Tikişçilər üçün
hər cür şərait
yaradılıb. Belə obyektlərin
açılışı bir daha sübut edir ki, ölkədə
sahibkarlığın inkişafına hər cür
şərait yaradılır. Bəllidir ki,
hər fəaliyyətə başlayan
müəssisə həm də yeni iş yerlərinin açılması,
insanların məşğulluğu, rahat
gün-güzəranı, dolanışığı deməkdir.
İsmayıllı
şəhərinə içməli suyun
verilməsi mərasimində bu cür layihələrdən və digər sosial məsələlərdən söz açan Prezident İlham Əliyev rayonun yeni rəhbərliyinin
qarşısında duran vəzifələrə
də toxunub: "Biz
İsmayıllının müasir şəhərə
çevrilməsinə nail
olmalıyıq. Burada böyük
abadlıq, quruculuq işləri
aparılır, yollar genişlənir,
gözəl binalar tikilir.
Bu hələ görülən işlərin
birinci mərhələsidir. Əminəm
ki, bu yüksək
templər saxlanacaq və yaxın zamanlarda İsmayıllı ölkəmizin
qabaqcıl rayonlarından birinə çevriləcəkdir".
Prezident İlham Əliyev son illər
bənzərsiz inkişaf dövrünü
yaşayan, bir çox mühüm beynəlxalq
tədbirlərə uğurla ev sahibliyi etməklə
ölkə hüdudlarından kənarda da
yaxşı tanınan Qəbələ rayonunda
da bir çox
açılış mərasimlərində iştirak
edib.
Dövlət başçısı ilk olaraq rayonun "Aqro Kompleks Qəbələ"
MMC-nin Vəndam qəsəbəsində
aqrar-sənaye kompleksinin
açılış mərasiminə qatılıb.
26 hektar ərazini əhatə edən bu müəssisəyə südlük
və ətlik istiqamətli heyvandarlıq kompleksləri, müasir suvarma sisteminin tətbiqinə əsaslanan əkinçilik
təsərrüfatı və aqroservis daxildir. Məlumat üçün
qeyd edək ki, bu layihənin həyata keçməsi üçün Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən
14 milyon manat güzəştli
kredit verilib. Bu kompleksdə 200-dən çox
işçi daimi
işlə təmin olunub.
Qəbələ
şəhərində "Qafqaz Karvansaray" hotel kompleksinin açılışı Qəbələnin
"hotellər şəhəri" imicini
bir az da
zənginləşdirib. 120 nəfərin daimi
işlə təmin olunacağı "Qafqaz
Karvansaray" çox
mükəmməl və müasir infrastruktura malik bir kompleksdir. Bu hotelin
açılışından sonra Prezident İlham Əliyev
möhtəşəm Heydər Əliyev Konqres
Mərkəzinin istifadəyə verilməsi mərasimində iştirak etdi. Əlbəttə,
paytaxt Bakıdan uzaqda
belə bir mərkəzin olması çox əhəmiyyətlidir.
Açılışdan bir gün sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının III Zirvə toplantısının Qəbələ
Heydər Əliyev Konqres Mərkəzində
keçirilməsi də əlamətdar hadisədir.
Qəbələ
ictimaiyyətinin nümayəndələri ilə
görüşündə Prezident İlham
Əliyev yeni mərkəzdə istənilən
beynəlxalq tədbirin keçirilməsinin mümkünlüyünü
qeyd etdi: "Belə
möhtəşəm konqres zalları heç də hər bir
ölkədə tikilmir. Aeroport, bir
neçə beşulduzlu hotel,
digər hotellər, turizm mərkəzləri,
keçən dəfə mən burada
olarkən mədəniyyət mərkəzinin
açılması onu göstərir ki, doğrudan da burada çox
böyük işlər görülür.
Həm dövlət öz vəsaitini
ayırır, bütün infrastruktur
layihələri dövlət hesabına icra
edilir, eyni zamanda, özəl qurumlar
həm biznes sahəsinə, həm də ki, sosial obyektlərə investisiya qoyurlar. Bu, çox sevindiricidir".
Bölgəyə
səfəri çərçivəsində Azərbaycan Prezidenti yenidən qurulan
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz
hissəsinin açılışında da
iştirak edib.
Magistralın 75-95 kilometrlik bu hissəsində tikinti
işləri zamanı 7 dəmir-beton körpü
əsaslı təmir edilib.
Qeyd edək ki,
ölkədə müasir yol
infrastrukturunun yaradılması Azərbaycan
dövləti üçün prioritet istiqamətlərdəndir. Bununla əlaqədar Prezident
İlham Əliyevin imzaladığı əlavə
sərəncamlara əsasən ayrılan vəsait işin əhatəli və keyfiyyətli
görülməsinə əhəmiyyətli dərəcədə
təsir edir.
Oğuz rayonuna səfər edən dövlət
başçısı İlham Əliyev bir çox tədbirlərdə
iştirak edib. 7 min 500 kvadratmetrlik
üçmərtəbəli Heydər Əliyev Mərkəzinin
tikintisi ilə maraqlanan
Prezident İlham
Əliyevə görülən işlər barədə ətraflı
məlumat verilib. Oğuzda
ulu öndər Heydər Əliyevin zəngin
irsinin təbliğində yeni
mərkəzin yaradılması mühüm
rol oynayacaq. Gələn
ilin sonunda başa çatdırılması nəzərdə
tutulan Mərkəzdə 30 nəfərə
yaxın daimi işlə təmin olunacaq.
Oğuz şəhərinin sakinlərinin
də içməli su həsrətinə
son qoyulub. Ərazilərin
Bərpası və Yenidən Qurulması üzrə Dövlət
Agentliyi layihənin icrasına 2010-cu ilin noyabrında başlayıb. Qeyd edək ki, yeni içməli su təchizatı sistemi Oğuz şəhərindən əlavə, rayonun Bayan, Kərimli, Qumlaq, Şirvanlı, Tayıflı və
Xalxalqışlaq kəndlərini də əhatə edəcək.
Şəhərin 9 min, kəndlərin isə
11 minə qədər əhalisinin içməli su ilə fasiləsiz təmin olunması
nəzərdə tutulub. Tikintisi
başa çatan su mənbələrinin potensialı 50 min insanın suya olan tələbatını tam
ödəmək gücündədir. Bu
isə, mütəxəssislərin bildirdiyinə görə,
2031-ci ildə Oğuz rayonunun
əhalisinin içməli su ilə tam təminatı deməkdir.
İçməli
su verilişi
münasibətilə Oğuz şəhər
sakinlərini təbrik edən Prezident İlham Əliyev son illər
ərzində Oğuzda əsaslı dəyişikliyin
baş verdiyini, rayonun böyük inkişaf yolu keçdiyini, abadlıq-quruculuq işlərinin
ardıcıllıqla davam etdiyini,
infrastruktur layihələrinin yüksək səviyyədə həll
olunduğunu qeyd edib. Yeni sahələrin inkişafı üçün
dövlət investisiyalarının qoyulacağını da vurğulayan Prezident İlham Əliyev
bölgənin nəinki Azərbaycanın, gələcəkdə
həm də dünyanın turizm mərkəzlərindən
birinə çevrilməsi üçün
bütün ilkin
şərtlərin mövcudluğunu bildirib.
Oğuzda 2 nömrəli körpələr
evi-uşaq bağçası Prezident İlham
Əliyevin iştirakı ilə istifadəyə verilib. Bu müasir
bağçanın açılması bir
daha Azərbaycanda dövlətin
böyüməkdə olan nəslə
yüksək dövlət qayğısının əyani
nümunəsidir.
Prezident İlham
Əliyev bölgəyə səfəri çərçivəsində
Şəkidə olarkən Aşağı
Küngüt-Aydınbulaq avtomobil yolunun yenidənqurmadan sonra
açılışında iştirak edib. Dövlət
başçısının ölkənin avtomobil
yollarının yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlar əsasında inşa olunan bu yol həm də bir sıra rayonlararası magistral
avtomobil yollarını birləşdirdiyinə
görə çox əhəmiyyətlidir.
Şəki
Dövlət Dram Teatrının
binasında aparılan əsaslı təmir və yenidənqurma
işlərinin gedişi ilə
tanış olan ölkə Prezidenti şəhər ictimaiyyətinin
nümayəndələri ilə də görüşüb:
"Əvvəlki səfərlərimdə, digər
açılışlarda bərabər iştirak
etmişik. Keçən dəfə şəhər
xəstəxanasının açılışını etdik. Olimpiya Mərkəzi,
digər obyektlər, tarixi obyektlər bərpa
olunub. Bir daha demək istəyirəm ki,
bu teatr da böyük ənənələrə
malikdir. Əminəm ki,
bu ənənələr burada
bundan sonra da yaşayacaqdır".
Onu da qeyd edək ki, uzun illər ərzində əsaslı təmir
edilməyən və yararsız vəziyyətə düşmüş "Şəki
xanlarının evi" (XVIII əsrin tikilisi) 13 aprel 2006-cı
ildə Prezident İlham
Əliyevin Şəkiyə səfərindən sonra verdiyi tapşırığa əsasən
yenidən qurulub.
Budəfəki
səfərində Prezident İlham Əliyev "Şəki
xanlarının evi"nin
açılışında da iştirak edib. Məlumat verilib ki, bundan
sonra bu ev abidə-muzey kimi fəaliyyət
göstərəcək və hər bir otaq öz təyinatına
uyğun eksponatlarla təmin
olunacaq.
Ümumiyyətlə,
Prezident İlham
Əliyev 4 gün ərzində 7 rayona səfər etmiş
və 24 sosial obyektin
açılışına qatılmışdır. Bu gün bölgələr
sürətlə inkişaf edir və bu
inkişafın daha əhatəli
olması üçün dövlət öz qayğısını əsirgəmir.
Dövlət başçısının bölgələrə
səfərləri isə görülən işlərə yeni stimul verir.
Telman
NƏZƏRLİ
Azərbaycan. - 2013.- 24 avqust.- S. 1.