Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası nəticəsində Zaqatala rayonunda əhalini narahat edən problemlərin həlli infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində əsaslı işlər görülmüş, müasir hava limanı, Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi digər sosialyönümlü obyektlər tikilərək istifadəyə verilmiş, yeni yollar çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

Zaqatala şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Zaqatala Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.- 24 avqust.- S. 1.