Cəbrayıl rayonunun Ermənistan hərbi birləşmələri
tərəfindən işğalının 20-ci ildönümü qeyd olunmuşdur
Avqustun 23-də Cəbrayıl rayonunun erməni hərbi birləşmələri
tərəfindən işğalının 20-ci
ildönümünə həsr olunmuş
anma tədbiri keçirilmişdir.
AzərTAc
xəbər verir ki,
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təşkil
edilmiş tədbirdə dövlət və
hökumət rəsmiləri - Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov, Milli Məclis Sədrinin müavini, ATƏT Parlament
Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri
Bahar Muradova, Azərbaycan
Respublikasının insan hüquqları
üzrə müvəkkili Elmira Süleymanova, mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərləri və
nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri,
ziyalılar iştirak etmişlər.
Əvvəlcə
tədbirin iştirakçıları teatrın foyesində Cəbrayıl
rayonunun işğaldan
əvvəl və sonrakı dövrünü
əks etdirən stendlərlə tanış olmuşlar.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla
yad olunmuş, "Erməni
işğalında qalan Cəbrayıl"
sənədli filmi nümayiş
etdirilmişdir.
Tədbirdə
Cəbrayıl Rayon İcra
Hakimiyyətinin (RİH) başçısı Mahmud Quliyev
işğalçı dövlətin hərbi təcavüzü
ilə başlanmış Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
ağır nəticələrindən, müharibənin
ölkəmizə vurduğu hədsiz ziyandan söz
açmışdır.
Bildirilmişdir ki,
işğalçılara qarşı döyüşlərdə
Azərbaycanın digər bölgələrində olduğu kimi, Cəbrayıl
rayonunun müdafiəçiləri də
böyük şücaət göstərmişlər.
Bu ədalətsiz müharibədə 368
cəbrayıllı şəhid olmuş,
döyüşlərdə xüsusi fədakarlıq
göstərənlərdən altısı Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülmüşdür.
M.Quliyev bildirmişdir ki, 1993-cü il avqustun 23-də Cəbrayıl rayonu
təcavüzkar Ermənistanın silahlı qüvvələri
tərəfindən tamamilə işğal olunduqdan sonra rayonun sakinləri
yurd-yuvalarından didərgin düşərək məcburi köçkün kimi
respublikanın 58 rayonunun iki
min yaşayış məntəqəsində, heç bir
yaşayış şəraiti olmayan binalarda, çadır düşərgələrində
və dəmir yolu yük
vaqonlarında məskunlaşmışlar.
Vurğulanmışdır
ki, bu gün
Azərbaycan Prezidenti İlham
Əliyev ümummilli lider
Heydər Əliyevin qaçqın və məcburi
köçkünlərə göstərdiyi diqqət və
qayğını yüksək
səviyyədə davam etdirir.
Onların problemlərinin həlli məqsədilə son on ildə bir Dövlət Proqramı və ona iki əlavə qəbul
edilmiş, ümumilikdə 47 fərman və
sərəncam imzalanmışdır. Dövlət
başçısının 2004-cü il
1 iyul tarixli sərəncamı
ilə "Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı"
təsdiq edilməsi nəticəsində qaçqın və
məcburi köçkünlərin həyat şəraiti
xeyli
yaxşılaşdırılmışdır. Proqram çərçivəsində
Azərbaycan Respublikası Dövlət Neft
Fondunun vəsaiti hesabına tikilmiş yeni qəsəbələrdə,
müasir standartlara cavab verən
çoxmərtəbəli
binalarda və fərdi evlərdə indiyədək Cəbrayıl rayonundan beş mindən çox ailə
mənzillə təmin olunmuşdur.
Hazırda beş yüzədək ailənin
Bakı şəhərində yeni tikilmiş evlərə
köçürülməsi davam edir.
Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra
ölkəmizdə bütün istiqamətlərdə,
o cümlədən ordu
quruculuğu sahəsində
qazanılmış uğurlardan söz açan M.Quliyev demişdir ki, Prezident
İlham Əliyev tərəfindən
bu siyasət daha da inkişaf etdirilmişdir. Azərbaycan Ordusu
Cənubi Qafqazda ən güclü
orduya çevrilmişdir.
BMT-nin ali orqanlarının münaqişə ilə
bağlı qərarlarına, o cümlədən
zəbt edilmiş ərazilərdən erməni
silahlı qüvvələrinin qeyd-şərtsiz
çıxarılmasını tələb edən BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə, işğal
edilmiş ərazilərdə qanunsuz məskunlaşmanı
təsdiqləyən ATƏT missiyasının tövsiyələrinə
baxmayaraq, Ermənistan indiyədək bu sənədlərə
açıq şəkildə etinasızlıq nümayiş etdirir.
İnanırıq ki, Azərbaycanın güclü,
qüdrətli ordusu tezliklə ölkəmizin
ərazi bütövlüyünü təmin
edəcək, işğalçıları
torpaqlarımızdan qovub
çıxaracaqdır.
Bildirilmişdir ki, son 10 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi
uğurlu daxili və xarici siyasət nəticəsində
respublikamızın iqtisadi qüdrəti xeyli
artmış, ölkəmiz regionun lider dövlətinə çevrilmişdir.
Gündən-günə artan beynəlxalq
nüfuzu sayəsində Azərbaycan BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Qazanılan uğurlar ölkəmizin bütün vətəndaşları kimi, cəbrayıllıları da ürəkdən sevindirir.
Cəbrayıl ziyalıları həmişə
dövlətə və dövlətçiliyimizə sədaqət
nümayiş etdirmişlər. Əminəm
ki, onlar tutduqları yoldan çəkilməyəcək, Azərbaycan
Prezidentinin apardığı uğurlu xarici və daxili siyasətə daim dəstək
verəcəklər. Hər bir cəbrayıllı inanır ki, dövlət başçısının yürütdüyü məqsədyönlü
siyasət nəticəsində torpaqlarımız tezliklə işğaldan azad olunacaq, bütün məcburi
köçkünlər kimi, cəbrayıllılar
da doğma
yurdlarına qayıdacaqlar.
Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov tədbirdə çıxış edərək
bildirmişdir ki, Cəbrayıl
rayonunun işğalından artıq 20 il keçir. Zənnimcə, bu cür anma
tədbirlərinin istiqamətini dəyişmək
lazımdır. Bildiyiniz
kimi, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə keçirilən
"Xocalıya-ədalət!" beynəlxalq kampaniyası bütün dünyada geniş vüsət alaraq
Xocalı soyqırımının tanınmasında böyük rol oynayır.
Hesab edirəm
ki, Azərbaycanın digər
rayonlarının da işğalı ilə
bağlı dünyada belə layihələrin
keçirilməsi daha əhəmiyyətli
və səmərəli olardı. Artıq kədərlənməyə
son qoymaq və
mübarizə hissini gücləndirmək
lazımdır.
Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin sədri qeyd
etmişdir ki, biz həmişə Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünün olduğunu
bildiririk. Lakin
artıq Prezident İlham
Əliyevin səyi nəticəsində bu
məsələ ilə bağlı düzəlişlər
aparılmışdır. Qaçqın və məcburi
köçkünlərin sayı 20 ildə 200 min nəfər artmışdır. Hazırda
onların ümumi sayı 1 milyon 200 min nəfərdir.
Digər tərəfdən, Ermənistanın Azərbaycana vurduğu ziyanın həcmi də dəqiqləşdirilmişdir.
Beynəlxalq Qiymətləndiricilər Assosiasiyasının fəaliyyəti
nəticəsində artıq bu rəqəmin
60 milyard dollar deyil, 300 milyard dollardan çox olduğu müəyyənləşdirilmişdir.
Əgər Ermənistan
Azərbaycana qarşı tutduğu qərəzli
mövqedən əl çəkməsə, ölkəmiz ona vurduğu ziyana görə işğalçı
dövlətdən mütləq təzminat tələb edəcəkdir.
Azərbaycanın belə bir addım
atacağı təqdirdə Ermənistan yüz
illər boyu bu məbləği
ödəyə bilməz. Bəs görəsən, erməni
xalqı onu uçuruma
aparan belə bir rejimin rəhbərliyi altında yaşamağa necə dözür?
Bu gün Ermənistanda
Serj Sarkisyan rejimi öz xalqını
dilənçi vəziyyətinə salmışdır. Bu, faktdır. Ölkədə heç
bir inkişaf, perspektiv yoxdur, xalqın gələcəyi
qeyri-müəyyən vəziyyətdədir. Buna
görə də əhali sürətlə ölkəni tərk
edir. Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına əsasən,
ötən il 120 min, bu ilin altı ayı ərzində
isə 70 min adam
ölkəni tərk etmişdir.
Ə.Həsənov
qeyd etmişdir ki, hazırda Ermənistanda yalnız ermənilər
yaşayır, orada başqa
millətin nümayəndəsi yoxdur. Əhalisi monomillətdən ibarət
respublikada hansı inkişafdan
danışmaq olar? Məgər dünya görmürmü
ki, Ermənistan beynəlxalq təşkilatların
qəbul etdiyi heç
bir qərarı saymır, icra
etmir və onlara
hörmətsizlik göstərir. Azərbaycan isə, əksinə,
beynəlxalq təşkilatların
qərarlarına hörmətlə yanaşaraq
onları icra edir. Lakin buna baxmayaraq,
dünyada bu iki ölkəyə fərqli münasibət
vardır.
Baş nazirin
müavini demişdir ki, Azərbaycan bu gün dünyada, layiqli yerini tutmuşdur. Təbii ki, Azərbaycan
xalqının nümayəndəsi olaraq bu bizim hər birimizdə
fərəh, qürur hissi
doğurur. Fəxr edirik
ki, ölkəmiz, xalqımız artıq dünyada tanınır. Müxtəlif
millətlərin nümayəndələri bu
gün Azərbaycana səfər edəndə
ölkəmizə qərəzli münasibətləri ilə
seçilən bəzi mətbuat orqanlarının haqqımızda
yazdıqlarının əksini görürlər.
Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin sədri daha
sonra bildirmişdir ki, Azərbaycanın işğal
olunmuş hər qarış
torpağı hər bir azərbaycanlının
torpağıdır. Mən uzun müddət
məcburi köçkünlərin problemlərinin həlli
ilə məşğul olan bir şəxs kimi deyə
bilərəm ki, işğal
edilmiş rayonların əhalisi ötən iyirmi
ildə öz ləyaqətlərini qoruyub saxlamışdır. Bu,
asan məsələ deyildir.
Çətin və dözülməz şəraitdə
yaşamasına baxmayaraq, öz
ləyaqətini, qürurunu və mənliyini
itirməmək, sınmamaq yalnız Azərbaycan xalqına məxsus
xüsusiyyətdir. Təbii ki belə bir xalqın gələcəyi çox
yaxşı olmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev
onlar üçün
bu gələcəyi təmin etmişdir. 2003-cü ilin
sentyabrında ulu öndər Heydər
Əliyevin Azərbaycan xalqına müraciətindəki
tövsiyələrin hamısını Azərbaycan Prezidenti İlham Əliyev
ləyaqətlə yerinə yetirmişdir.
Azərbaycan xalqı öz Prezidentinə
inanır. Bu gün
dövlət başçısı xalqı üçün
əlindən gələn hər şeyi edir. Azərbaycanın qaçqın və məcburi
köçkünləri üçün
yaradılan şəraitin dünyanın heç
bir yerində analoqu yoxdur. Hər il 4 min ailə yeni mənzillərə
köçürülür. Artıq 160 min qaçqın və məcburi köçkün 31 min mənzilə
köçmüşdür. Bu qəbildən olan
insanların həyat şəraitinin
yaxşılaşdırılması prosesi
bundan sonra da davam edəcəkdir.
Əli Həsənov
çətin vaxtlarda Azərbaycan
xalqı ilə birlikdə olduqlarına, köməklərini əsirgəmədiklərinə
görə beynəlxalq təşkilatların nümayəndələrinə
minnətdarlığını bildirmişdir.
Anma mərasimi "Qarabağ vətənimizdir" mövzusunda ədəbi-bədii hissə ilə
başa çatmışdır.
AzərTAc
Azərbaycan. - 2013.- 24 avqust.- S. 2.