Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində üzərinə düşən vəzifəni yerinə yetirir

 

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində üzərinə düşən vəzifəni yerinə yetirir, danışıqlara və müzakirələrə sadiqliyini göstərir. Bununla yanaşı, digər istiqamətlərdə də ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün hazırlıqlarını davam etdirir.

AzərTAc xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova avqustun 23-də jurnalistlərə açıqlamasında demişdir.

Bahar Muradova demişdir: "Çox inanmaq istərdik ki, göstərilən səylər, eləcə də ATƏT-in Minsk qrupunun və digər vasitəçi dairələrin fəaliyyəti Ermənistanı qeyri-konstruktiv yoldan çəkinməyə vadar edəcəkdir".

Milli Məclis sədrinin müavini qeyd etmişdir ki, Ermənistanın münaqişənin sülh yolu ilə həllində tutduğu mövqe yalnız təəssüf doğurur. Bu, həm Ermənistanın təcavüzkar siyasəti, həm də bölgəyə marağı olan qüvvələrin işğalçı  dövlətə təsir imkanları ilə bağlıdır.

Bahar Muradova vurğulamışdır ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində vətəndaşlarımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşlər. O demişdir: "Neçə illərdir ki, aparılan siyasət, görülən işlər, dünya miqyasında bu problemin həlli ilə bağlı atılan addımlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına şərait yaratsa da, problemin köklü həllinə təsir göstərə bilməmişdir. Lakin hamımıza bəllidir ki, bu gün Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrəti işğal altında olan bu torpaqlarımızın azad olunması üçün qətiyyətli addımların atılmasına kifayət edir. Azərbaycan dövlətinin, Prezidentinin qətiyyəti və iradəsi, eləcə də ölkəmizin gücü bunun  üçün yetərlidir. Hələ ki aparılan siyasət münaqişənin sülh yolu ilə həllinə çalışmaqdan ibarətdir. Ümid edirik ki, münaqişənin sülh yolu ilə həlli yolları tükənməmişdir".

 

Azərbaycan. - 2013.- 24 avqust.- S. 2.