«Seçki
prosesinə müdaxilələrə yol
verilməməsi» mövzusunda məlumat
sessiyalarına başlanılmışdır
Avqustun 23-də Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyası, Mərkəzi Seçki
Komissiyası (MSK) və ATƏT-in Bakı ofisinin
təşkilatçılığı ilə Bakı və ətraf
rayon (şəhər) icra
hakimiyyətləri başçıları və dairə seçki komissiyalarının sədrləri üçün "Seçki
prosesinə müdaxilələrə yol
verilməməsi" mövzusunda məlumat sessiyası keçirilmişdir.
AzərTAc xəbər
verir ki, sessiyada açılış nitqi
ilə çıxış edən MSK-nın sədri Məzahir
Pənahov Azərbaycanın mühüm seçki kampaniyası ərəfəsində
olduğunu bildirmişdir.
Qeyd etmişdir ki, Azərbaycanda
seçkilərin demokratik, ədalətli,
azad şəkildə keçirilməsi üçün
zəruri olan bütün
şərait yaradılmışdır. Ölkəmizdə
seçkilərin demokratik keçirilməsi
üçün əsas amillərdən biri olan ictimai-siyasi
sabitlik hökm sürür, təkmil qanunverici
baza mövcuddur.
Ən əsası isə odur ki, seçkilərin qanunun
tələblərinə və demokratik dəyərlərə
uyğun hazırlanıb keçirilməsi
ilə bağlı ölkə rəhbərliyinin siyasi iradəsi ortaya qoyulmuşdur.
MSK prezident seçkilərinin keçirilməsinə
məsul olan qurum kimi üzərinə düşən vəzifələrin
öhdəsindən peşəkarcasına gəlməyə
çalışır. Aşağı seçki
komissiyaları üçün hərtərəfli
şərait yaradılmış, onların maddi-texniki
təchizatı yüksək səviyyədə həyata keçirilmişdir. MSK
aşağı seçki komissiyaları
üzvlərinin və digər seçki
subyektlərinin məlumatlandırılmasından ötrü müxtəlif maarifləndirmə
tədbirləri həyata keçirir və
bu qəbildən olan
layihələr seçki gününədək
davam etdiriləcəkdir. Bu layihələrin bəziləri beynəlxalq
qurumlarla əməkdaşlıq şəraitində
gerçəkləşdirilir.
Seçkilərə
beynəlxalq qurumlar tərəfindən böyük maraq göstərildiyini
vurğulayan sədr qeyd
etmişdir ki, bu seçkilər onların da
diqqət mərkəzindədir. O, Azərbaycanın
beynəlxalq qurumlarla, xüsusilə ATƏT
ilə uğurlu əməkdaşlıq etdiyini söyləyərək bu
əlaqələrin seçkilərin demokratik,
şəffaf keçirilməsində mühüm
rol oynadığını və
münasibətlərin bundan sonra da bu
cür davam edəcəyinə
ümidvar olduğunu
bildirmişdir.
İcra orqanlarının seçkilərin yüksək səviyyədə
keçirilməsindəki rol və vəzifələrindən
danışan M.Pənahov qeyd etmişdir ki, seçkilərin
yüksək səviyyədə təşkili birbaşa
yerli icra hakimiyyəti
orqanları rəhbərlərinin diqqət mərkəzində
olmalıdır və onlar bu
məsələdə məsuliyyət daşıyırlar. Azərbaycanın gələcək taleyində
müstəsna əhəmiyyətə malik
bu tədbirdə icra
hakimiyyəti başçıları ilə dairə seçki komissiyaları sədrlərinin qanunvericiliyin tələbləri çərçivəsində
əməkdaşlığı seçkilərin daha demokratik və təkmil
keçirilməsində ciddi rol oynayacaqdır. Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının, MSK-nın və ATƏT-in Bakı ofisinin təşkilatçılığı,
icra hakimiyyəti başçıları
və dairə seçki komissiyaları sədrlərinin
iştirakı ilə keçirilən bu ənənəvi
tədbir seçkilərə müdaxilənin yolverilməzliyi
ilə bağlı müzakirələrin aparılması baxımından
çox əhəmiyyətli və
faydalıdır.
MSK-nın sədri
çıxışının sonunda tədbir
iştirakçılarına qarşıdan gələn
seçkilərdə uğurlar
arzulamışdır.
Tədbirdə
çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray
Tarqay isə qeyd etmişdir ki, rəhbərlik
etdiyi qurumun məqsədi
Azərbaycana qarşıdan gələn prezident
seçkilərinin demokratik keçirilməsi
istiqamətində yardım göstərməkdir. ATƏT bu
istiqamətdə fəaliyyətini Azərbaycanın dövlət
qurumları ilə birgə həyata keçirir.
Təmsil
etdiyi qurumun Azərbaycanın
azad və ədalətli seçkilərin
keçirilməsi ilə bağlı üzərinə
düşən öhdəliklərinin icrasını dəstəkləməkdə
davam edəcəyini deyən səfir Koray Tarqay bildirmişdir ki, bu prezident
seçkilərində ATƏT-in Demokratik
Təsisatlar və İnsan Haqları Bürosunun
310 müşahidəçisi seçki prosesini izləyəcəkdir.
"Bu günədək dinamik
inkişaf edən Azərbaycanın
qarşısında daha böyük
vəzifələr durur. Azərbaycanın
gələcək rifahı demokratik cəmiyyət
quruculuğundan keçir",
- deyən səfir prezident seçkilərinin
bu prosesin uğurla aparılmasına bir
sübut olacağına inamını ifadə etmişdir.
Tədbirdə
çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev
"Seçki prosesinə müdaxilələrə
yol verilməməsi" mövzusunda
təşkil edilən məlumat sessiyalarının əhəmiyyətini
vurğulamışdır.
Diqqətə çatdırmışdır ki,
Azərbaycan hakimiyyətinin siyasi iradəsi
ölkədə prezident seçkilərinin
tam demokratik
keçirilməsinə imkan verir. Habelə
vurğulamışdır ki, Azərbaycan
artıq seçkilərin keçirilməsi sahəsində
kifayət qədər təcrübə qazanmışdır
və istər MSK və aşağı seçki
komissiyaları, istərsə də digər dövlət
orqanları, o cümlədən icra strukturları bu sahədə
yetərli dərəcədə təcrübəyə
malikdirlər.
Ə.Mehdiyev bildirmişdir ki, prezident seçkiləri
növbəti beş ildə Azərbaycandakı
inkişaf istiqamətlərini və
perspektivlərini müəyyənləşdirmək üçün ölkənin mövqeyini və
iradəsini ifadə etməyə və qərar verməyə
şans yaradır. Bu baxımdan prezident seçkiləri Azərbaycanın sosial-iqtisadi, siyasi həyatında
da çox əhəmiyyətli
bir hadisədir. İndiyədək keçirilmiş seçkilərdə
qazanılmış təcrübə və səriştə,
bu prosesə cəlb olunmuş
insanların peşəkarlığı imkan
verəcəkdir ki, qarşıdan gələn
prezident seçkiləri də
yüksək səviyyədə keçirilsin.
Sessiyada Avropa
İttifaqının ölkəmizdəki nümayəndəliyinin
müvəqqəti işlər vəkili Toralf
Pilz çıxış edərək
vurğulamışdır ki, 2013-cü il Azərbaycan üçün
son dərəcə əhəmiyyətli bir ildir. Azərbaycanın
beynəlxalq arenada böyük
rola malik olması bu il keçiriləcək
növbəti prezident seçkilərinə
marağın daha da
artmasına səbəb olmuşdur.
Sonra ATƏT-in Bakı ofisinin demokratikləşmə şöbəsinin
rəhbəri Nikolas Deç,
MSK sədrinin müavini Natiq
Məmmədov və ekspert Hafiz Həsənov "Seçki
prosesinə müdaxilələrə yol
verilməməsi" mövzusunda
çıxış etmişlər.
Tədbirin sonunda mövzu ilə
bağlı geniş müzakirələr
aparılmışdır.
Məlumat
sessiyalarının avqustun 27-də Mingəçevirdə
və avqustun 30-da Şirvan
şəhərində müvafiq bölgələrin
rayon (şəhər) icra
hakimiyyətləri başçıları və DSK sədrləri
üçün keçirilməsi nəzərdə
tutulmuşdur.
Azərbaycan. - 2013.- 24 avqust.- S. 3.