Xeyirxahlıq və
mərhəmət işığında
Həyatla
bağlı ilk təsəvvürü formalaşanda ən
ülvi arzularından biri rəssam olmaq, dünyanı rənglərlə
canlandırmaq idi. Erkən yaşlarından həvəskar rəssam
marağı ilə çəkdiyi şəkillərdən
bir neçəsi bu gün də qiymətli muzey
eksponatıdır. Bu şəkillər onun rəssamlıq
arzusunun fitri bir istedaddan qaynaqlandığını sərgiləsə
də, tale sanki millətin nicatı naminə Heydər
Əliyevi siyasət meydanına gətirdi. İncəsənətdən
uzaq düşsə də, xəyallarını, təxəyyülünü,
ürəyindən keçən istəkləri Azərbaycan
böyüklükdə bir tablonun üzərinə
köçürdü. Qurub-yaratdığı, müstəqilliyini
yaşatdığı dövlətin timsalında xəyallarındakı
ən nəcib arzuları gerçəkliyə qovuşdurdu...
Rənglərin
dili ilə...
Xalqının
qəlbində özü üçün ədəbi bir məşəl
yandıran fenomen şəxsiyyətin istək və
arzuları isə sanki göy və qızılı rənglərdə
dolğun ifadəsini tapdı. Səmanın, demokratik dəyərlərin,
dürüstlüyün, dincliyin, etibarlılığın,
səmimiliyin, əminliyin, milliliyin rəmzi olan göy, Günəşin,
sülhün, inkişafın, işıqlı gələcəyin
nişanəsi olan qızılı rənglərdə... Böyük siyasi anlamı olan bu rənglərin əks
olunduğu loqo indi demək olar ki, dünyanın hər yerində
tanınır. 9 il əvvəl fəaliyyətə
başlamış Heydər Əliyev Fondu üçün
hazıranmış loqo dəyərli məzmununda təcəssüm
etdirdiyi ideyalarla bütün ölkələri fəth
edir. Təlqin etdiyi dəyərlərlə Yer
üzünü göy və qızılı rənglərin
harmoniyasında görmək istəyən insanların
sırasını genişləndirir...
İctimai əsaslarla
belə bir qurumun yaradılması ideyası rəsmi səviyyədə
ilk dəfə 2004-cü il 10 mart tarixli "Azərbaycan
xalqının ümummilli lideri Heydər Əlirza oğlu
Əliyevin xatirəsinin əbədiləşdirilməsi
haqqında" fərmanda təsbit edildi. Fondun
yaradılması ilə qarşıya qoyulan əsas məqsəd
başlanğıcdan kifayət qədər aydın və
konkret idi. Sağlığında Azərbaycan
dövlətçiliyinin möhkəmlənməsi və
qüdrətlənməsi naminə həyata keçirdiyi
möhtəşəm tədbirlərlə canlı əfsanəyə
çevrilmiş ümummilli lider Heydər Əliyevin zəngin
dövlətçilik irsinin öyrənilməsi, onun ölməz
ideyalarının geniş təbliğ olunaraq praktik həyatda
tətbiqi və gələcək nəsillərə
çatdırılması...
Heydər
Əliyev Fondu dünyada məşhur tarixi şəxsiyyətlərin
adını daşıyan, fəaliyyəti sırf xeyriyyəçiliklə
məhdudlaşan analoji qurumlardan tamamilə fərqlənməyə
başladı. Yaradılarkən çoxlarının
yalnız xeyriyyəçilik yönümündə fəaliyyət
göstərəcəyini zənn etdiyi bu fond zaman
baxımından qısa müddətdə
reallaşdırdığı çoxşaxəli layihələrin
miqyası ilə gözlənildiyindən xeyli böyük
amalları uğurla gerçəkləşdirdi. Ümummilli
liderin ideallarını yaşadaraq, qısamüddətli fəaliyyəti
dövründə elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın
inkişafına xidmət edən layihələrin
reallaşdırılması; milli-mənəvi ideallara,
humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin
formalaşdırılması; gender bərabərliyinin təmini;
sivilizasiyalararası dialoqun təşviqi; nüfuzlu
beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi,
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması, xüsusilə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq
aləmdə dəstəklənməsi istiqamətində son
dərəcə uğurlu nəticələrə imza
atdı, dərin ictimai rəğbət qazandı.
Heydər
Əliyev Fondunun nəcibliyə, insanpərvərliyə və
humanizmə əsaslanan çoxşaxəli fəaliyyəti
ilk gündən ictimai həyatın bütün sahələrində
milli-mənəvi və intellektual tərəqqini təmin etməyə
yönəldi. Qurumun uğurlarını təmin
edən başlıca amillərdən biri də ictimai dəstəyə
ehtiyac duyan sahələri dəqiqliklə müəyyənləşdirərək
dövlət səviyyəsində gerçəkləşdirilən
layihələrə əlavə təkan verməsidir. Mədəniyyət, elm, təhsil, səhiyyə,
idman və digər sahələrdəki əzmkar fəaliyyəti
həm də dövlətin bu sahələrin inkişafı
naminə həyata keçirdiyi uğurlu layihələrə
ictimai birliklərin, qeyri-dövlət təsisatlarının,
biznes strukturlarının, ayrılıqda hər bir fərdin
əməli dəstəyini təmin etməkdir. Fond bu mənada,
həm də cəmiyyətin ən müxtəlif təbəqələrini
milli məqsəd və ideallar uğrunda səfərbər edən,
ümumi səyləri bir nöqtədə birləşdirən
əlahiddə statuslu mərkəzdir.
Real
iş, konkret
nəticələr
Hər hansı ideyanın cəmiyyət
üçün cəlbedicilik səviyyəsi onun praktik tətbiq
və reallaşdırılması imkanları ilə şərtlənir.
İrəli
sürülən məqsədlər, ideyalar nə qədər
cəlbedici görünsə belə, bütün bunların
real icra mexanizminə əsaslanmaması bəzən onların kağız
üzərində qalması, müxtəlif təqdimatlar,
müzakirələr səviyyəsindən kənara
çıxmaması ilə nəticələnir. Müasir
dünyanın insanı isə kifayət qədər
praqmatikdir. Həyata keçməyən ideyalarla,
şüarlarla onun diqqətini uzun müddət hansısa məsələlərə
cəlb etmək, düşüncəsini, fəaliyyətini
yönləndirmək mümkün deyil. Bu mənada,
ən əhəmiyyətli ideyaları da, sadəcə,
müzakirələr səviyyəsində saxlamaqla qısa
müddətdə gözdən salmaq olar. Çünki
insanları sözdənsə real iş, bir qədər də
dəqiqləşdirsək, bu işin konkret nəticələri
daha çox maraqlandırır.
Fondun
qarşıya qoyduğu məqsədləri incələyərkən,
aydın görünür ki, əslində, onların
heç biri əlahiddə səciyyə daşımır. Bu
məqsədlərin hər biri Azərbaycanı qəlbən
sevən fərdlərin arzuları, istəkləridir. Fəqət,
fərdi güclər birləşəndə, ümumun
gücü qarşıya qoyulmuş hədəflərə
doğru istiqamətlənəndə həmin məqsədlərin
reallaşması qaçılmaz olur. Bu mənada, fond fərdlərin
istək və arzuları kimi, güc və imkanlarını
da bir araya gətirdi. Mövcud potensialın Azərbaycanın
bugünü və gələcəyi üçün ən
vacib istiqamətlər üzrə aşkarlanmasına, məqsədə
doğru hərəkətinə nail oldu. Bu yolda addımlayan hər
kəs Heydər Əliyev Fondunun timsalında Azərbaycanın
gələcəyinə, özünün, ailəsinin,
övladlarının sabahına töhfə verdiyinin fərqindədir.
Qurumun
Azərbaycanın zəngin mədəni-mənəvi irsinin
dünyaya təbliğinə, muğamların, aşıq
musiqisinin bəşəriyyətə tanıdılmasına,
sivilizasiyalararası dialoq məkanının genişləndirilməsinə,
eyni zamanda, maarifçiliyə xidmət edən
çoxsaylı layihələrinin qayəsində yalnız
bir məqsəd
dayanır: Azərbaycan xalqının milli mənafeyinin
qorunması ilə bağlı həyata keçirilən
dövlət siyasətinə dəstək vermək!
Heydər
Əliyev Fondu ictimai təşkilat kimi cəmiyyət həyatında
fəal rol oynamaqla yanaşı, həm də onun
potensialına, hərtərəfli dəstəyinə güvənir,
həmfikir və əqidə yoldaşlarını bir araya gətirərək
ümumi səyi, fəaliyyəti lazım olan məcraya yönəldir. Əgər
fondun müxtəlif sahələrdə həyata keçirdiyi
layihələrə nəzər salsaq, etibarlı tərəfdaşların
ümumi işdə böyük payının şahidi
olarıq. Bu təbiidir. Çünki Heydər Əliyev Fondu
fəaliyyətini xeyirxah insanların dəstəyinə
arxalanaraq həyata keçirir. Azərbaycanın birinci
xanımı, bu qurumun rəhbəri Mehriban xanım Əliyeva
da bəyan edir ki, fondun ötən müddətdə ən
böyük uğuru xalqın inam və etimadını qazanmasıdır:
"...Heydər Əliyev Fondu Azərbaycanın bugünü
və sabahı naminə gələcəkdə də
çalışmağa hazırdır. Bu yolda bizə dəstək
verən, yardım edən hər bir insana, hər bir quruma -
istər dövlət, istər qeyri-dövlət qurumuna, bizimlə
əlaqə, əməkdaşlıq yaradan beynəlxalq təşkilatlara
dərin minnətdarlığımı
çatdırıram".
Yüksək
vətəndaş təəssübkeşliyi
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev dərin məzmunlu
nitqlərində deyirdi ki, mənəviyyat olmayan yerdə
haqdan, ədalətdən, düzgünlükdən söhbət
gedə bilməz. İstənilən cəmiyyətdə ədalət,
insanpərvərlik, dürüstlük kimi mənəvi dəyərlərin özünə
möhkəm dayaqlar tapması məhz nəcib, alicənab,
kamil insanların əzmkar fəaliyyəti sayəsində
mümkün olur.
Hazırda
bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə
üzərinə götürərək şərəflə,
əzmlə, təmənnasızlıqla həyata keçirən
insanlar arasında Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva ön
sırada dayanır. İnamla deyə bilərik ki, ulu öndərin
ali ideyalarına tapınan Heydər Əliyev Fondunun
prezidentinin Azərbaycan xalqının milli mədəniyyətinin,
mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə
sağlam dəyərlərin aşılanmasında
müstəsna xidmətləri var. Cəmiyyətdə
könüllü sosial müdafiə, xeyriyyəçilik,
sosial tərəfdaşlıq, korporativ sosial məsuliyyət
və s. prinsiplərin qorunmasına çalışan Mehriban
Əliyeva ötən 9 ildə bu məqsədlərə xidmət
edən strateji əhəmiyyətli layihələri inamla həyata
keçirmişdir.
Heydər
Əliyev Fondunun 9 illik fəaliyyətinin ən mühüm nəticələrindən
biri də respublikada xeyriyyə fəaliyyətinin
canlandırılmasıdır. UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri haqlı olaraq qeyd
edir ki, xeyriyyəçilik cəmiyyətdə mənəvi-psixoloji
ab-havanın yaxşılaşmasına şərait
yaradır, insanlar arasında münasibətləri humanistləşdirir,
onların daha xeyirxah, səmimi və həssas olmasına
müsbət təsir göstərir. Çətin məqamda
başqalarından dəstək almış insan imkanı
daxilində başqalarına kömək göstərməyə
daha çox meyil edir. Beləliklə, cəmiyyətdə
xeyirxah işlərin dairəsi genişlənir,
qarşılıqlı kömək və dəstək sistemi
yaranır. Bütün bunlar isə son nəticədə
insanların qarşılıqlı münasibətlərinə,
onların ovqatına və sosial əhval-ruhiyyəsinə
müsbət təsir göstərir.
Bu xeyirxah fəaliyyət
təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından
kənarda da böyük maraqla qarşılanır. Azərbaycanın birinci xanımının
2004-cü ildə UNESCO-nun, 2006-cı ildə İSESCO-nun
xoşməramlı səfiri adına, 2007-ci ildə
"Qızıl ürək" və Dünya Səhiyyə
Təşkilatının İhsan Doğramacı adına Ailə
Sağlamlığı Fondunun mükafatlarına,
"Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq
Fondunun "Yaqut Xaç" ordeninə, 2009-cu ildə
"XXI əsrin böyük qadını" laureatına,
2010-cu ildə Fransanın "Fəxri Legion" ordeninə,
yenə də UNESCO-nun "Qızıl Motsart" medalına,
2011-ci ildə Frans Montana Forumunun qızıl medalına layiq
görülməsi bunun əyani təzahürüdür. Türkiyənin nüfuzlu iqtisadiyyat və iş
dünyası nəşri olan "Ekovitrin"
jurnalının keçirdiyi sorğunun nəticələrinə
görə, Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci ilin
yekunları üzrə "İlin birinci xanımı"
nominasiyasının qalibi olmuşdur.
2012-ci
ildə Mehriban xanım Əliyeva İ.M.Seçenov adına
birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru
adına layiq görülmüş, eyni zamanda, ona Moskvada
"Birlik ulduzları" dövlətlərarası
mükafatı verilmişdir. 2013-cü ildə isə Azərbaycanın
birinci xanımı Pakistanın "Humanizm rəmzi - Dünya
miqyasında apardığı
xeyirxah fəaliyyətinə, bəşəriyyətin
ülvi ideyalarına xidmətinə görə" mükafatla
təltif olunmuşdur. Bütün bu mükafatlar, şübhəsiz,
dünyada fəaliyyəti ilə böyük nüfuz
qazanmış, xüsusi xidmətləri olan insanlara verilir. Azərbaycanın birinci xanımının belə
yüksək mükafat və titullara layiq görülməsi
onun mədəniyyət, elm, təhsil, səhiyyə, sosial və
digər sahələrdə həyata keçirdiyi
çoxşaxəli fəaliyyətinin beynəlxalq miqyasda
diqqət mərkəzinə çevrildiyini bir daha təsdiqləyir.
Heydər
Əliyev Fondunun prezidentinin fəal təşəbbüsləri
həm də Azərbaycan haqqında obyektiv beynəlxalq rəyin
formalaşmasına, həmçinin respublikamızın
dünya miqyaslı tədbirlərin təşkilatçısına
çevrilməsinə xidmət etmişdir. Azərbaycanın
birinci xanımı ingilis dilində səlist nitq söyləməklə
- Avropa siyasi leksikonunda, ölkə həqiqətlərini
dünyaya çatdırır, bəşəriyyəti
sülhə, sabitliyə, qarşılıqlı faydalı əməkdaşlığa
dəvət edir. Çıxışlarında qlobal problemlərin
birgə həllinə səsləyən qlobal
çağırışların yer alması onun UNESCO və
İSESCO-nun xoşməramlı səfiri adına tam layiq
olduğunu bir daha təsdiqləyir.
Maarifçilik ənənələrinin uğurlu davamı
İctimai statusda fəaliyyət göstərməsinə
baxmayaraq, cəmiyyət həyatının müxtəlif sahələrində
həllini gözləyən problemlərin həllində
yaxından iştirak edən Heydər Əliyev Fondunun 9 illik fəaliyyəti
elmə və təhsilə qayğı nümunələri
ilə zəngindir.
Fondun təhsil
sahəsində gördüyü işlər sırasında
respublikamızın müxtəlif bölgələrində
reallaşdırılan "Yeniləşən Azərbaycana
yeni məktəb" proqramı müstəsna əhəmiyyət
daşımışdır. Proqram təhsilin səviyyəsinə
birbaşa təsir edən problemlərin həllinə - tədris
prosesinin günün tələbləri səviyyəsində
qurulmasına imkan verən müasir məktəb
binalarının inşasına istiqamətlənmişdir.
İctimai dəstəyi vacib hesab edən Heydər Əliyev
Fondu cəmiyyətin müxtəlif təbəqələrinin
diqqətini bu məsələyə yönəltmək məqsədilə
2005-ci ilin iyununda müvafiq qurumların, habelə beynəlxalq
təşkilatların iştirakı ilə "dəyirmi
masa" təşkil etmiş, proqramın həyata
keçirilməsi məqsədi üçün 100, 200
və 240 şagird yerlik məktəb layihələri
hazırlanmışdır. Layihənin həyata
keçirilməsi ilə bağlı fondun prezidentinin cəmiyyətə
ünvanladığı əməkdaşlıq
çağırışı geniş əks-səda
doğurmuş, az sonra Azərbaycanın müxtəlif
bölgələrində - hətta ucqar dağ kəndlərində
belə, məktəb tikintisi geniş vüsət
almışdır. Əslində, "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin ən
üstün cəhətlərindən biri onun paytaxtla
yanaşı, regionlarda da icra edilməsi olmuşdur.
İnanılmaz görünsə də, layihənin icrası
nəticəsində yalnız ilk 4 ayda ölkədə 132,
ümumilikdə isə ötən 7 ildə 300-dən
çox yeni məktəb binası inşa olunaraq istifadəyə
verilmişdir.
Fondun "Təhsilə
dəstək" layihəsi də özünün humanist
mahiyyəti ilə diqqəti çəkir. Heydər
Əliyev Fondu hər il layihə çərçivəsində
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində
daimi yaşayış yerlərini tərk etmiş
qaçqın, məcburi köçkün ailələrindən
olan birinci sinif şagirdlərinə çanta və məktəb
ləvazimatı hədiyyə edir. Gürcüstanda
yaşayan soydaşlarımızın övladlarına, Qax,
Zaqatala, Balakən rayonlarında tədrisin gürcü dilində
aparıldığı məktəblərə hər il yeni
dərslik və tədris ləvazimatları göndərilir.
"Təhsilə
dəstək" layihəsi bir sıra xarici ölkələrdə
də uğurla həyata keçirilir. Fond Pakistanda,
Hollandiyada, Gürcüstanda, Misirdə, Rumıniyada, Rusiyada
yeni məktəblər tikdirmiş və təmir
etdirmişdir. Layihə çərçivəsində
Pakistanda qızlar üçün yeni orta məktəb
binasının inşası bu baxımdan xüsusi
vurğulanmalıdır. Xatırlatmaq
lazımdır ki, 2005-ci ildə Pakistanda böyük
dağıntılara səbəb olmuş zəlzələdən
sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki
qızlar məktəbi tam yararsız vəziyyətə
düşmüşdü. Fondun xəttilə qısa müddətdə
inşa edilən 650 şagird yerlik təhsil
ocağında müasir tələblərə cavab verən
10 xüsusi sinif otağı, laboratoriyalar, fənn kabinetləri,
kompyuter otağı, idman meydançası vardır.
"Təhsilə
dəstək" layihəsi çərçivəsində
Gürcüstanın Dmanisi rayonunda da yeni elmi-tədris mərkəzinin
binası inşa edilərək istifadəyə verilmişdir.
Bundan əlavə, bir sıra xarici təşkilat və
şirkətlərin fonda hədiyyə etdikləri müxtəlif
adda 10 mindən çox kitab ölkənin ali və ümumtəhsil
məktəblərinə, uşaq evlərinə, internat məktəblərinə
paylanılmışdır. Layihə çərçivəsində,
eyni zamanda, Rusiyanın Ulyanovsk şəhərində bərbad
vəziyyətdə olan məktəb binasının ən
müasir tələblər səviyyəsində təmir
olunması da fondun təhsil layihələrinin Azərbaycan
hüdudları ilə məhdudlaşmadığını,
beynəlxalq miqyaslı olduğunu göstərir. Həmin
məktəbin 2010-cu il sentyabrın 1-də istifadəyə
verilməsi Rusiya ictimaiyyəti tərəfindən
böyük rəğbətlə
qarşılanmışdır.
Heydər Əliyev Fondunun bu sahədə
başlıca fəaliyyət istiqamətlərindən biri də
ölkənin təhsil problemlərinin həllində
nüfuzlu beynəlxalq təşkilatlardan sayılan UNESCO-nun
geniş imkanlarından səmərəli şəkildə
faydalanmaqdır. Bu nüfuzlu beynəlxalq təşkilatın
diqqətinin ölkənin təhsil problemlərinin həllinə
cəlb olunması, təşkilatla əməkdaşlıq
şəraitində keçirilən birgə tədbirlər
yaxın gələcəkdə mövcud əlaqələrin
daha da intensivləşməsinə yaxşı imkanlar
açmışdır.
Babadan
nəvəyə keçən
mənəvi miras
Bu gün Mir
Cəlal Paşayevin nəvəsi, xalqımızın taleyində,
dövlətimizin, cəmiyyətimizin həyatında
mühüm xidmətləri olan Azərbaycanın birinci
xanımı, hörmətli Mehriban Əliyevanın mütəmadi
şəkildə çıxışlarını dinləyir,
məqalələrini, müsahibələrini oxuyuram. Xanımın üslubunda
hər dəfə Mir Cəlal dogmalıgının, deyərdim
ki, ənənələrinin, ahəngdarlıgının,
axıcılıgının, ardıcıllıgının
seyrçisi və heyranı olmaqdan məmnunluq duyuram. Bu
qaydalarda nə qədər bir-birinə oxşarlıq,
yaxınlıq və ülvilik var. Genlər vasitəsilə
babadan nəvəyə keçən sadiq dilçilk, azərbaycançılıq
xüsusiyyətləri Mehriban xanımın hər cümləsində,
hər bir fikrində öz əksini tapır. Dogrudur,
Mehriban xanımın hərtərəfli formalaşmasında
dünyaya göz açdıgı görkəmli
ziyalılar, alimlər, jurnalistlər ailəsinin, gəlini
oldugu mütərəqqi elm və siyasi xadimlər, həm də
böyük dilçilik məktəbi sayılan Əliyevlər
ailəsi üzvlərinin öz təsiri, öz zəhməti
olub, amma bir yazıçı kimi mən Mehriban xanımın
təbii istedadında Mir Cəlal ənənələrini daha
çox sezirəm.
Babasını
hər zaman böyük məhəbbət və dərin
ehtiramla yad edən Mehriban xanımın ürək sözləridir:
"Mir Cəlal Paşayev yüksək mənəvi keyfiyyətlərə,
dərin ləyaqət hissinə malik olan səmimi insan idi. Bu
görkəmli şəxsiyyətin ətrafında olanlar hər
zaman onunla maraqlı söhbətlər aparırdılar. Fitri istedadı və əsl humanistliyi ona həyatında
üzləşdiyi çətinlikləri və maneələri
dəf etmək, bir çox insanlara dəstək olmaq
imkanı yaradırdı. Mir Cəlal hər zaman yol göstərməyə
və yardımçı olmaga çalışırdı.
Bu şəxsiyyət Azərbaycan tarixi və mədəniyyətinin
ən görkəmli simalarından biri idi... Müəllim
və maarifçi kimi Mir Cəlal Paşayev vurgulayırdı
ki, dil və ədəbiyyat nəinki tarix və mədəniyyətin
bir hissəsidir, o cümlədən bunlar hər bir insanın
ürəyində və qəlbindədir. Bu şəxsiyyətin
çoxşaxəliliyini sözlərlə təsvir etmək
çətindir, çünki o, özündə
yazıçı istedadını, alimin intellektual səviyyəsini
və müəllim həssaslıgını cəmləşdirirdi.
Mir Cəlal əla
müəllim keyfiyyətlərinə malik idi. O, gənclərə
inanırdı. Onun tələbələrinin bir çoxu sonralar
alim və yazıçı olmuşlar. O, hər
bir gəncə qayğı və hörmətlə
yanaşaraq, onun yaradıcı potensialını inkişaf
etdirməyə çalışırdı. Mir Cəlal onlara
öz gücünü sınamasında dəstək verirdi və
hesab edirdi ki, insanı ruhlandırmaq və şəxsi
gücünə əsaslandırmağa inandırmaq onun
inkişafında ən münasib yoldur. O, bir çox
hallarda öz tələbələrinə deyərdi: "Siz ən
yaxşı tələbəsiniz, hər işdə ugur
qazanacaqsınız". O, haqlı idi, bu gün onun bir
çox tələbələri Azərbaycan cəmiyyətinin
elmi və intellektual potensialını təmsil edirlər".
Elə Mehriban
xanım da haqlıdır. Babasının nəsihətləri,
vəsiyyətləri, bir sözlə, insanlıq fəlsəfəsindən
geniş bəhrələnən bu xanım nəinki Azərbaycanın,
artıq tərəqqipərvər dünyanın, istər
Avropanın, istərsə də müsəlman, türk
dünyasının şöhrət zirvəsinə
ucalıb.
Yadıma
2008-ci ilin noyabrında Fransa Dövlət Şərq Dilləri
və Mədəniyyətləri İnstitutunda Azərbaycan
dili fakültəsinin açılış mərasimi
zamanı Azərbaycanın birinci xanımı, millət vəkili,
Azərbaycan-Amerika Parlamentlərarası Dostluq Qrupunun rəhbəri,
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun prezidenti, Azərbaycan Gimnastika
Federasiyasının prezidenti, üç dildə-Azərbaycan,
rus və ingilis dillərində nəşr olunan "Azərbaycan:İrs"
jurnalının təsisçisi, UNESCO və İSESCO-nun
xoşməramlı səfiri, fəlsəfə elmləri
doktoru Mehriban xanım Əliyevanın dil haqqında, ana dilimiz
haqqında dediyi sözlər düşür: "Bu
gün Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri
İnstitutunda Azərbaycan dili fakültəsinin
açılması Fransada Azərbaycanın tarixi haqqında
daha geniş informasiya almaga imkan yaradacaqdır. Eyni
zamanda, hesab edirəm ki, bu hadisə dövlətlərimiz
arasında olan münasibətlərə, xalqlarımız
arasında olan əlaqələrə, xoşməramlı, mədəni
dialoqun qurulmasına güclü təkan verəcəkdir.
Əsrlər boyu millətlərin, xalqların
formalaşmasında dil misilsiz rol oynayır. Azərbaycan
xalqı da çox qədim və zəngin tarixə və mədəniyyətə
malik olan bir xalqdır. Eyni zamanda, Azərbaycan müstəqil
dövlət kimi çox gəncdir. Biz Azərbaycan dilimizi qoruyub
saxlamaqla, öz ənənələrimizi, milli-mənəvi dəyərlərimizi,
öz köklərimizi qoruyub saxlamışıq. Əlbəttə,
hər bir dil inkişaf edir, yeni kəlmələrlə, yeni
terminlərlə zənginləşir. Amma biz gərək
unutmayaq ki, dil özü-özlüyündə çox dəyərli
bir mədəni və tarixi abidədir."
Əlbəttə,
bu, hörmətli Mehhriban xanımın simasında həm
unudulmaz Mir Cəlal Paşayevin yazıçılıq
qüdrətinin, parlaq istedadının, dogma ana dilimizə -
Azərbaycan dilinə olan böyük sevgisinin,
ehtiramının təzahürüdür. Dilimizin
ədəbi normalarına düzgün riayət etmək,
cümlələri müxtəsər və məntiqli ifadə
etmək, az sözlə böyük fikirlər söyləmək,
fikrin məgzində birbaşa hədəfə toxunmaq
artıq hər qələm sahibinə nəsib olmayan özəl
fitri qabiliyyətin vasitələridir. Bununla belə, kainat qədər
zəngin olan sevimli ana dilini daim öyrənib kəşf etməkdən
yorulmamalısan. Mir Cəlal Paşayev bu nəhəng məktəbin
əvəzolunmaz müəllimi olaraq həmişə şərəfli
sima kimi ürəklərdə yaşayır və
yaşayacaqdır...
Milli
mədəniyyətə qayğı örnəyi
UNESCO və
İSESCO-nun xoşməramlı səfiri kimi fərqli mədəniyyətləri
bir araya gətirmək missiyasını üzərinə
götürmüş Mehriban xanım Əliyevanın bu sahədəki
fəaliyyəti hələ 90-cı illərin ortalarından
başlayır. O, 1995-ci ildən "Azərbaycan Mədəniyyətinin
Dostları" Xeyriyyə Fondunun rəhbəri kimi
ağır böhranla üzləşmiş milli mədəniyyətimizə
böyük qayğı və diqqət göstərmişdir.
Həmin vaxtdan musiqi təhsili və gələcək
nəslin maarifləndirilməsi işi fondun daim diqqət mərkəzində
olmuş, ardıcıl şəkildə təşkil edilən
xeyriyyə konsertləri mədəniyyətimizin zəngin ənənələrinin
qorunması işinə töhfə vermişdir.
Mehriban
xanım özü 2008-ci ildə verdiyi müsahibələrin
birində etiraf edirdi ki, dövlət
başçısının xanımı kimi mənim
üçün həmişə ən vacibi o olub ki, mən
öz ölkəm üçün nə edə bilərəm?
Axı, mənim bu gün məşgul oldugum ictimai fəaliyyət
beş il bundan əvvəl, həyat yoldaşım Azərbaycan
Prezidenti olan vaxtdan başlamayıb. Sadəcə olaraq, indi mənim
fəaliyyətim mətbuatda daha çox
işıqlandırılır. Mən Heydər Əliyev
Fondunun prezidenti olandan sonra bu iş geniş miqyas alıb, yeni
səviyyəyə çıxıb. Bu, fondun əsas iş
istiqaməti ən müxtəlif sahələrdə humanitar fəaliyyətdir.
Buraya valideyn himayəsindən məhrum olan uşaqlara kömək,
uşaq evlərinin, internat məktəblərinin
abadlaşdırılması və maddi bazasının
yaxşılaşdırılması daxildir. Biz təhsil, səhiyyə
və mədəniyyət sahələrində geniş
proqramlar nəzərdə tutmuşuq və həyata
keçiririk. Təbii ki, mən bu layihələrlə
əvvəllər də məşgul olurdum, lakin birinci
xanım statusu və fondda işləməyim bu fəaliyyəti
sistemləşdirməyə, layihələrin miqyasını
genişləndirməyə, onların həyata keçirilməsinə
əlavə resurslar cəlb etməyə imkan verib. Bir
daha vurqulamaq istəyirəm ki, mən Azərbaycan
xalqının rifahına xidmət edən bu cür humanitar
proqramların səmərəsini artırmaq üçün
bütün mövcud imkanlardan istifadə etməyi
özümə borc bilirəm...
Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın 2004-cü ilin
sentyabrında UNESCO-nun "Xoşməramlı səfiri"
seçilməsi ilə fondun milli irsin mühafizəsi sahəsindəki
fəaliyyəti bir qədər də genişlənmişdir.
Azərbaycanın bir sıra görkəmli alimlərinin,
yazıçı və bəstəkarların yubileylərinin
keçirilməsi, habelə "Kitabi-Dədə Qorqud"
dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd
olunması, UNESCO-nun "Dünya irs siyahısı"na
İçərişəhərin Şirvanşahlar Saray
Kompleksi ilə birgə daxil edilməsi bu fəaliyyətin təqdirəlayiq
məqamları kimi vurğulana bilər. Aşıq musiqisinin,
muğamın UNESCO-nun qeyri-maddi irs siyahısına
salınması, dünyada tanıdılması və təbliği
də bilavasitə Mehriban xanım Əliyevanın tarixi xidmətləri
ilə bağlıdır. "Qarabağ xanəndələri"
adlı nəfis albomun buraxılması fondun milli irsə
qayğısının təcəssümü olmaqla
yanaşı, həm də Qarabağın əbədi və əzəli
Azərbaycan torpağı olduğunu nümayiş etdirmək
məqsədi güdür.
(Ardı
var)
Hüseynbala
MİRƏLƏMOV,
Milli
Məclisin deputatı, yazıçı-publisist
Azərbaycan. - 2013.- 24 avqust.- S. 4.