Ümid ünvanı

 

Heydər Əliyev Fondu 9 illik fəaliyyəti ilə  cəmiyyətin böyük inam və etimadını qazanıb

 

İctimai-iqtisadi formasiya dəyişikliyi mərhələsini yaşayan hər bir xalq müxtəlif neqativ proseslərin yad təsirinə məruz qalır. Tarix boyu formalaşan milli dəyərlər, mental xüsusiyyətlər ifrat praqmatikləşmiş münasibətlər fonunda müəyyən aşınma təhlükəsi ilə üzləşir. Belə bir şəraitdə xalqların milli özünəməxsusluğunu şərtləndirən ali keyfiyyətlərin, cəmiyyətdə ədalətlilik, mərhəmətlilik, insanpərvərlik kimi meyarların qorunub saxlanması məsələsi aktual problem kimi önə çıxır. Bu aktuallıq, ilk növbədə, onunla şərtlənir ki, fərqli mədəniyyətlərin dialoqu, qloballaşan dünya iqtisadiyyatına inteqrasiya, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı bəzən mütərəqqi mahiyyətindən uzaqlaşaraq neqativ meyillərə yol açır.

Özünün müstəqil inkişaf yolunda kövrək addımlarını atan Azərbaycan ötən əsrin sonlarında dünya birliyinə inteqrasiya zamanı milli dəyərlərə mənfi təsirlər ilə üzləşsə də, ulu öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti sayəsində milli-mənəvi, dini dəyərlərini, adət-ənənələrini kənar təsirlərdən qorumağa nail olmuşdur. Ümummilli lider xalqına daxilən, qəlbən bağlı, milli düşüncə və məfkurə sahibi olan şəxsiyyət kimi milli kimliyi ifadə edən dəyərlərə daim yüksək həssaslıqla yanaşmış, onların qorunaraq gənc nəslə aşılanmasını vacib saymışdır. Eyni siyasi kursu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində də milli-mənəvi, əxlaqi dəyərlərə, adət-ənənələrə, mədəni irsə hörmət prinsipi ön plandadır. Dövlət başçısı milli mədəniyyətin total təsirlər nəticəsində aşınmaya məruz qalmasına nəinki yol vermir, əksinə, xalqımızın əsrarəngiz mədəni irsinin dünya miqyasında təbliğini vacib məsələ kimi önə çəkir.

9 il əvvəl zəmanənin diktə etdiyi həmin zərurətdən yaranan, cəmiyyətə layiqli töfhə olan bir sıra layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun bu sahədəki xidmətləri xüsusi vurğulanmalıdır. Fondun cəmiyyətin ən müxtəlif sahələrində yüksəliş və tərəqqiyə, mənəvi kamilləşməyə xidmət edən çoxşaxəli fəaliyyətinin əsasında isə bir başlıca amal dayanır: insanlara təmənnasız yaxşılıq!

Heydər Əliyev Fondunun məqsədi ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq, respublikamızın nüfuzunu artırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən ibarətdir. Fond ümummilli liderin ideyalarından çıxış edərək ictimai həyatın müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə maddi-mənəvi dəstək verir. Qarşıya qoyduğu bu kimi məqsədlərlə cəmiyyətin mənəvi yüksəlişinə, saflaşmasına çalışan fond nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuz və etimad qazanmışdır.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəal təşəbbüsləri həm də Azərbaycanın dünya miqyasında tanınmasına, ölkəmiz haqqında obyektiv ictimai rəyin formalaşmasına, həmçinin respublikamızın beynəlxalq miqyaslı tədbirlərin təşkilatçısına çevrilməsinə xidmət edir. Azərbaycanın birinci xanımı ingilis dilində səlist nitq söyləməklə, Avropa siyasi leksikonunda ölkə həqiqətlərini dünyaya çatdırır. Çıxışlarında bəşəriyyəti sülhə, sabitliyə, qarşılıqlı faydalı əməkdaşlığa, qlobal problemlərin birgə həllinə səsləyən çağırışların yer alması ölkənin birinci xanımının timsalında Azərbaycan qadını haqqında dolğun təsəvvür formalaşdırır. Qadınlarımıza xas nəcibliyi, zəngin daxili mədəniyyəti, ziyalılığı, humanizmi, kübarlığı təcəssüm etdirir.

Heydər Əliyev Fondunun Bakıda təşkil etdiyi beynəlxalq tədbirlərin əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. Son illər UNESCO, İSESCO, UNİSEF və digər beynəlxalq qurumlarla birgə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın qlobal sferada sülh, tərəqqi və iqtisadi əməkdaşlıq mərkəzi kimi tanındığını, nüfuzunun yüksəldiyini göstərir. Həmin tədbirlərdə dini-etnik ayrı-seçkiliyin, gender bərabərsizliyinin, savadsızlığın aradan qaldırılması məsələləri, habelə səhiyyə, elm, təhsil, mədəniyyət sahələrində qlobal problemlər ətraflı müzakirə olunur.

2005-ci ildən indiyədək "UNESCO-Azərbaycan: Azərbaycanın təhsil problemləri və perspektivləri", "Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması", UNESCO-nun "Dünyada savadlılığın dəstəklənməsi", "Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları", "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" və digər mövzularda keçirilən konfransların böyük əhəmiyyəti də xüsusi qeyd olunmalıdır: Heydər Əliyev Fondunun prezidenti həmin tədbirlərin iştirakçılarında Azərbaycan haqqında obyektiv təsəvvür formalaşdıra bilmiş, onları ölkə həqiqətləri ilə yaxından tanış etmişdir.

2013-cü il iyulun 18-də Azərbaycanın UNESCO-ya üzv qəbul olmasının 20 illiyi münasibətilə Parisdə - qurumun baş qərargahında keçirilən mərasimdə çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva demişdir: "Azərbaycan UNESCO-nun müxtəlif sahələrdə məqsədlərinin təşviqinə sadiqdir. Son 20 ildə biz ölkəmizdə təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə xüsusi diqqət yetirmişik. Biz dərindən inanırıq ki, yalnız yüksək səviyyəli təhsilə malik olan ölkə uğurlar qazana və xalqı üçün daha yaxşı həyat keyfiyyətini təmin edə bilər. Biz, eyni zamanda, elmin və müasir texnologiyaların inkişafına çoxlu sərmayə yatırırıq. Bu ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azərspace-1"in kosmik fəzaya buraxılması bunun bariz nümunəsidir. Mədəni irsimizin qorunması Azərbaycan hökuməti üçün prioritet istiqamətdir. Biz fəxr edirik ki, Azərbaycan muğamı, aşıq musiqisi, tar ifası, Novruz bayramı UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Eyni zamanda, Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun dünya irsi siyahısına salınıb".

 

Milli-mənəvi iris dünyaya tanıdan fond

 

Heydər Əliyev Fondunun prezidentinin milli mədəniyyətin dünya miqyasında təbliği və qorunması naminə həyata keçirdiyi nəcib missiya son illərlə məhdudlaşmır. Xatırlatmaq lazımdır ki, hələ 1995-ci ildə "Azərbaycan Mədəniyyətinin Dostları" Fondunu yaratmış Mehriban xanım Əliyeva o dövrdən məhz bu missiyanı qarşıya qoymuş, yüksək təşəbbüskarlığı, fitri idarəçilik keyfiyyətləri ilə milli mədəniyyətin inkişafına layiqli töfhələrini vermişdir.

Heydər Əliyev Fondu ötən 9 ildə "Azərbaycan Mədəniyyətinin Dostları" Fondu ilə birgə xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi, intellektual irsin qorunması məqsədinə hesablanan müxtəlif layihələr həyata keçirmişdir. Fondun birbaşa himayəsi ilə son illər Azərbaycanda, xüsusən, də muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülmüşdür. Azərbaycan muğamının, aşıq musiqisinin, Novruz bayramının UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilməsi məhz bu əzmkar fəaliyyətin nəticəsidir. Fondun milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi uğurlu layihələrdən biri də "Qarabağ xanəndələri" albomunun hazırlanması olmuşdur. Albomun təqdimat mərasimində çıxış edən Mehriban xanım Əliyeva Azərbaycanda bir neçə muğam məktəbinin olduğunu, Qarabağ muğam məktəbinin də aparıcı muğam məktəblərindən sayıldığını diqqətə çatdırmışdır: "Balaca muğam ifaçılarını, adətən, Qarabağ bülbülləri adlandırırlar. Bu gün Qarabağın sakinləri olan məcburi köçkünlərin düşərgələrində böyüyən uşaqlar daha muğam oxumurlar, onların arasında belə Qarabağ bülbülləri son dərəcə azdır. Oxumaq üçün onlara Qarabağ dağları, Qarabağ təbiəti, Qarabağ torpağı lazımdır. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyov və Bülbül kimi belə böyük korifeylərinin Şuşada doğulduqlarını demək kifayətdir".

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2005, 2007, 2009, 2011 və 2013-cü illərdə keçirilən, Azərbaycan televiziyası ilə canlı yayımlanan muğam müsabiqələri də xalqımızın milli sərvəti olan muğamın təbliğinə layiqli töhfədir. Hazırda davam edən və Azərbaycan Televiziyası ilə canlı yayımlanan V muğam müsabiqəsi gənclərdə mili sərvətimiz olan muğama marağın gücləndirilməsi, habelə istedadlı gənclərin üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Bakıda - dənizkənarı bulvar ərazisində Beynəlxalq Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi də fondun qlobal mədəniyyət layihələri sırasında mühüm yer tutur. 2005-ci il aqvustun 24-də Azərbaycan Prezidenti İlham Əliyev və UNESCO-nun sabiq baş direktoru Koişirio Matsuuranın iştirakı ilə əsası qoyulan Beynəlxalq Muğam Mərkəzinin 2008-ci ilin dekabr ayında təntənəli açılış mərasimi olmuşdur.

2010-cu ilin oktyabrında Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Birinci Beynəlxalq aşıq festivalının keçirilməsi də milli mədəniyyətə qayğı siyasətini özündə ehtiva edir. Azərbaycanda ilk dəfə təşkil edilmiş bu beynəlxalq festivala 8 ölkədən - Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Dağıstandan sənətkarlar qatılmışlar.

2011-ci ilin may ayında Azərbaycanın gənc ifaçılarının Almaniyada keçirilən "Avrovizion-2011" musiqi yarışmasındakı parlaq qələbəsində fondun fəal dəstəyi, təşkilatçılıq səyləri mühüm rol oynamışdır. Avropada bir nömrəli mötəbər musiqi yarışmasının lideri olan Azərbaycan bu coğrafi məkanda incəsənətini və musiqisini təbliğ etmək imkanı qazanmışdır. Heydər Əliyev Fondunun prezidentinin "Avrovizion-2012"-nin Bakıda keçirilməsi ilə bağlı yaradılmış təşkilat komitəsinin sədri təyin edilməsi də bu mənada, təsadüfi deyildi. Heydər Əliyev Fondunun yaxından iştirakı ilə bu tədbir 2012-ci ildə Azərbaycanda yüksək səviyyədə keçirilmiş, ölkəmizin beynəlxalq nüfuzu artmışdır.

Mədəniyyət sahəsində həyata keçirilmiş mühüm layihələrdən biri də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin inşasıdır. 2008-ci ilin mayında Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və UNESCO-nun sabiq baş direktoru Koişirio Matsuuranın iştirakı ilə təməlqoyma mərasimi keçirilmiş Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və UNESCO-nun dəstəyi ilə inşa olunmuşdur.  2009-cu ilin martında fondun təşəbbüsü ilə Bakıda Müasir İncəsənət Muzeyinin açılması da mədəni sahədəki qlobal layihələr sırasında xüsusi vurğulanmalıdır.

Bir müddət əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş V Qəbələ Beynəlxalq Musiqi Festivalının yaratdığı xoş təəssüratlar isə iştirakçıların və tamaşaçıların yaddaşından hələ də silinmir. Zəngin və rəngarəng proqramlı festivalın başa çatmasından xeyli vaxt keçməsinə baxmayaraq, onun uğurlu yekunları dünya mətbuatında aktuallığını qoruyub saxlayır.

 

Təhsil problemlərinə həssas münasibət

 

Qloballaşan dünyada hər bir dövlətin öncüllüyü, milli inkişaf səviyyəsi və gələcək taleyi təhsilin mövcud durumu ilə şərtlənir. Bu baxımdan Azərbaycanda elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində ictimai təsisat kimi fəaliyyət göstərən Heydər Əliyev Fondunun xidmətləri xüsusi vurğulanmalıdır. Təhsil spesifik sahə olduğu üçün buradakı problemlərin həllini təkcə dövlətdən gözləmək düzgün deyil, bu prosesdə ayrı-ayrı ictimai qurumların da fəal iştirakı vacibdir. Fondun xeyriyyəcilik fəaliyyətinin prioritet istiqamətləri sırasında təhsilin mühüm yer tutması bu mənada təsadüfi deyildir. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu baxımdan cəmiyyətdə ciddi dəstəklə qarşılanmışdır. Layihə çərçivəsində yalnız 2005-ci ildən bu günədək 300-dən çox yeni məktəb binası inşa olunaraq istifadəyə verilmişdir.

Fondun son illərdəki başlıca fəaliyyət istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllində nüfuzlu beynəlxalq təşkilatlardan sayılan UNESCO-nun geniş imkanlarından səmərəli şəkildə faydalanmaqdan ibarət olmuşdur. Bu təşkilatın diqqətinin ölkəmizin təhsil problemlərinin həllinə cəlb olunması, təşkilatla əməkdaşlıq şəraitində keçirilən birgə tədbirlər mövcud əlaqələrin daha da intensivləşməsinə yaxşı imkanlar açmışdır. Azərbaycanla UNESCO arasında bir neçə istiqamətdə əməkdaşlıq münasibətləri qurulmuşdur - bu əlaqələr əsasən, "Təhsil hamı üçün" proqramını, "Assosiativ məktəblər", texniki-peşə təhsili sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə UNESCO kafedralarının yaradılması və digər sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2008-ci ilin yayında Bakıda UNESCO-nun "Dünyada savadlılığın dəstəklənməsi" üzrə regional konfransının keçirilməsi də ümumilikdə Azərbaycanın təhsil sahəsində mühüm beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini əminliklə söyləməyə ciddi əsaslar verir.

Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin həlli də bu gün Heydər Əliyev Fondunun qarşıya qoyduğu əsas vəzifələrdən biridir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" bilavasitə fondun prezidentinin təşəbbüsü ilə hazırlanmış, Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq evlərində, internat məktəblərdə mövcud problemlər öyrənilmiş, onların aradan qaldırılması üçün konkret işlər görülmüşdır. Proqram çərçivəsində 31 uşaq müəssisəsi əsaslı təmir edilmiş, yeni avadanlıqlarla təchiz olunmuşdur. Müəssisələrdə kitabxanalar yaradılmış, onlar müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunmuş, əksər uşaq evləri və internat məktəblərində kompyuter avadanlığı quraşdırılmış, sinif otaqları interaktiv təhsil üçün uyğunlaşdırılmışdır. Təqdirəlayiq haldır ki, Heydər Əliyev Fondu yaşı 18-dən yuxarı olan, uşaq evlərini tərk edən yeniyetmələrin mənzillə təmin olunmasını da diqqət mərkəzində saxlayır.

Ümummilli liderin "Kitabxana millət, xalq, cəmiyyət üçün müqəddəs bir yer, mədəniyyət, bilik mənbəyidir" kəlamını fəaliyyətində əsas götürən Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi çoxsaylı layihələrdən biri də mövcud kitabxanaların yenidən qurulması ilə bağlıdır. Fondun bu sahədəki ardıcıl fəaliyyəti onlarla qəsəbə və kənd kitabxanasının yenidən qurulmasına, müasir avadanlıqlarla təmin olunmasına və zənginləşməsinə imkan yaratmışdır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin fəal deputatı kimi həm də öz seçiciləri qarşısında verdiyi hər bir vədi əməli işi ilə doğruldur. Azərbaycanın birinci xanımı qısa müddətdə deputatı olduğu Xəzər rayonunda böyük layihələrin həyata keçirilməsinə nail olmuşdur. Məhz onun təşəbbüsü və dəstəyi ilə yaradılan "Xəzər rayonunun İnkişaf Fondu" Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək əməli fəaliyyətə başlamışdır. Fondun məqsədi rayonun potensialından səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafı, əhalinin məşğulluğunun artırılması, gənclərin ictimai fəaliyyətə cəlb edilməsi, rayonda investisiya qoyuluşunun sürətləndirilməsi, mövcud turizm resurslarından daha səmərəli istifadə edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində layihələrin həyata keçirilməsidir.

 

Milli həqiqətlərin carçısı

 

 Ölkəyə rəhbərlik etdiyi son 10 ildə milli maraqlara söykənən fəal xarici siyasət yeridərək, "Biz müdafiədə deyil, hücumda olmalıyıq!" - deyən Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılmasını, işğalçının ən müxtəlif səviyyələrdə ifşasını, bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini vətəninə bağlı hər bir azərbaycanlının ümdə vəzifəsi sayır. Son illər Azərbaycanın xaricdəki diasporu, səfirlikləri ilə yanaşı, ayrı-ayrı ictimai qurumların - dərnəklərin, qeyri-hökumət təşkilatlarının, cəmiyyətlərin də bu prosesdə iştirakının intensiv xarakter alması isə sevindiricidir. Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin milli-mənəvi irsinin dünya miqyasında tanıdılması istiqamətindəki ardıcıl və sistemli fəaliyyəti bu baxımdan xüsusi vurğulanmalıdır.

Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edir, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışır. Fond Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər keçirir, Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əyani şəkildə göstərən filmlərin, fotosənədlərin, kitabların, digər kütləvi nəşrlərin çapını və yayılmasını təmin edir. Bu məqsədlə müxtəlif internet saytları yaradılır, xarici kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunur.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Cenevrədə Dünya Səhiyyə Təşkilatının 60-cı sessiyasında demişdir: "Mən beynəlxalq ictimaiyyətin diqqətini bir daha ən böyük problemimizə cəlb etmək istəyirəm. Bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ərazimizin Ermənistan tərəfindən işğal edilməsinin bizim təhsilimiz, mədəniyyətimiz üçün çox ağrılı nəticələri olmuşdur. İşğal olunmuş ərazilərdə məktəblər, tarixi abidələr, muzeylər yerlə-yeksan edilmişdir. Etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır... Biz bu münaqişənin beynəlxalq hüquq əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinə ümid edirik".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, təcavüzkarın ifşası baxımından Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdirdiyi kitablar mühüm əhəmiyyətə malikdir. İngilis, fransız, ərəb, alman, rus dillərində "Qarabağ həqiqətləri" bukletlər toplusunun hazırlanması, Azərbaycanın xaricdəki səfirlikləri, diaspor təşkilatları, habelə yerli qeyri-hökumət təşkilatları vasitəsilə yayılması bu istiqamətdə son dərəcə uğurlu layihələrdən biri olmuşdur. Bukletlər toplusu "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitablarından ibarətdir. Layihənin davamı olaraq Heydər Əliyev Fondu Xarici İşlər Nazirliyi ilə birgə "Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması" kitabını ingilis dilində çapdan buraxmışdır. Kitaba işğal olunmuş Azərbaycan rayonlarının hər birində olan mədəni sərvətlərin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində, işğal altındakı torpaqlarda tarixi-mədəniyyət abidələrinin əvvəlki və hazırkı vəziyyətini əks etdirən videomateriallar əlavə edilmişdir.

Fondun Qarabağ həqiqətlərinin yayılması sahəsində növbəti mühüm addımı isə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun mütəxəssisləri ilə birgə "Pirlər və müharibə" kitabının hazırlanmasıdır. Kitabda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində - Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli və digər rayonlarda düşmən tapdağı altında qalan ziyarətgahlar, dağıdılmış tarixi memarlıq abidələri, pirlər haqqında ətraflı məlumatlar verilmişdir. Fond hərbi vətənpərvərlik ideyalarının təbliği məqsədilə 2006-2008-ci illərdə Azərbaycan tarixi ilə bağlı məlumatların, o cümlədən hərbçilər üçün yararlı olacaq bilgilərin yer aldığı "Hərbçinin qeyd-yaddaş kitabçası"nın, "Hərbi and" qəzetinin nəşrini də həyata keçirmişdir.

 

Ölkə reallıqlarının internet şəbəkə

 

si vasitəsilə dünyaya yayılması və xalqın min illər boyu yaratdığı maddi-mənəvi dəyərlərin dünyaya tanıdılması məqsədilə 2005-ci ildə fond tərəfindən materialların həcminə, zənginliyinə və əhatəliliyinə, habelə istifadə olunmuş texnologiyalara görə ölkədə analoqu olmayan "Azərbaycan" (www.azerbaijan.az) internet portalı yaradılmışdır. İstifadəçilərinin sayı milyonlarla olan portalda Azərbaycanın bu günü, tarixi keçmişi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti ilə bağlı məlumatlar yerləşdirilmişdir. "Azərbaycan" internet portalı zəngin informasiya mənbəyi kimi ölkə həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz rol oynayır.

 

Nəcib ənənənin davamçısı

 

Heydər Əliyev Fondunun beynəlxalq əhəmiyyətli quruma çevrilməsi istiqamətində işlər son illər daha da genişlənmişdir. Rusiyada, Rumınyada, Türkiyədə, Böyük Britaniyada, ABŞ-da filiallarını açan fond fəaliyyətini beynəlxalq müstəvidə davam etdirir. Fondun Moskva filialının fəaliyyəti bu baxımdan daha qabarıq hiss olunur. Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kimi bu missiyanı üzərinə götürmüş Leyla Əliyeva fondun Moskva filialına yüksək səviyyədə rəhbərlik edir. Bu da təsadüfi deyildir ki, Azərbaycan diasporunun formalaşmasındakı xidmətlərinə görə Leyla xanım Əliyeva Azərbaycan Prezidentinin 5 iyul 2011-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Atalarımız "ot kökü üstə bitər" demişlər. Bu gün Leyla xanım Əliyevanın milli ideallar naminə məqsədyönlü fəaliyyəti onun istedadlı və vətənpərvər gənc olduğunu nümayiş etdirməklə yanaşı, həm də irsi-genetik kökdən, sağlam ailə ocağından irəli gəlir. Leyla xanım Əliyeva Azərbaycanın dünya miqyasında tanınmasına, ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına çalışır. O, Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində də bütün zəruri tədbirləri həyata keçirir.

İslam Konfransı Təşkilatının gənclər forumu ilə "Xocalıya ədalət" Beynəlxalq kampaniyasına start verilməsi də fondun Moskva filialının fəaliyyəti ilə bağlıdır. Bu kampaniya İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş kordinatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs əsasında həyata keçirilir. Tunisdə İSESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol "Xocalıya ədalət" Beynəlxalq Məlumat Təşviqat kampaniyasına dəstək verilməsini və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Leyla Əliyeva demişdir ki, bu aksiyanın əsas məqsədi beynəlxalq birliyi Xocalı faciəsi haqda ədalətli məlumatlandırmaqdır. "Bu gün dünyanın bir çox ölkələrində "Xocalıya ədalət" veb-saytının təqdimetmə mərasimi keçirilir, harada ki faciə haqda dolğun məlumat almaq olar" - deyə Leyla Əliyeva vurğulamışdır.

2010-cu il dekabrın 15-də Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumu və "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması" İctimai Birliyi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq təşviqat kampaniyasının "online" fəaliyyətlərinin təqdimatına həsr olunmuş tanıtma tədbiri keçirmişlər. 10 dekabr İnsan Hüquqları Günü həftəsinə həsr olunmuş tədbir çərçivəsində "Xocalıya ədalət" kampaniyasının yeni internet saytı ictimaiyyətə təqdim edilmiş, kampaniyanın "Facebook", "Twitter" və "Youtube" kimi sosial şəbəkələrdəki fəaliyyəti barədə məlumat verilmişdir.

Fondun Moskva nümayəndəliyinin Rusiya ilə Azərbaycan arasında mədəni dialoqunun genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər də bu baxımdan təqdirəlayiqdir. Qısa müddətdə Leyla xanım Rusiyanın mədəni ictimaiyyəti ilə müxtəlif səviyyəli görüşlər keçirmiş, Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində addımlar atmışdır. 2007-ci ilin dekabrında Leyla Əliyevanın baş redaktorluğu ilə nəşrə başlayan "Bakı" jurnalı da Azərbaycanın və onun paytaxtının təbliği baxımından xüsusi əhəmiyyətə malikdir. Rusiya oxucuları bu nəşr vasitəsilə respublikamız barədə daha dolğun məlumatları əldə edə bilirlər.

Xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun Moskva filialının rəhbəri Leyla xanım Əliyeva da təhsil sahəsində həyata keçirilən layihələrə fəal dəstək verir. Məhz Leyla xanım Əliyevanın təşəbbüsü və fəal rəhbərliyi ilə son illərdə Rusiyanın müxtəlif şəhərlərində Azərbaycan dilində bazar günü məktəbləri açılmışdır. Fondun Moskva filialı bu cür məktəblərin açılmasını təşviq edir və onların tədris ədəbiyyatı və kompyuterlərlə təchiz olunmasına kömək göstərir. Fond İvanovo, Tula, Tver və Surqut şəhərlərindəki bazar günü məktəblərinə kömək etmişdir.

Leyla xanım Əliyeva eyni zamanda, Heydər Əliyev Fondunun Azərbaycanda və bir sıra dünya ölkələrində həyata keçirdiyi insanpərvər layihələrin icrasına da layiqli töhfəsini verir. Fondun Moskva filialının rəhbərinin müxtəlif xəstəliklərdən əziyyət çəkən onlarla körpələrə böyük qayğıkeşliklə yardım göstərməsi onun yüksək mənəviyyat sahibi olduğunu göstərir.

Əsl insan üçün ən dəyərli xəzinə məhz çalışmaq və başqalarına yaxşılıq etmək bacarığıdır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun prezidenti Mehriban xanım Əliyeva da dəyərli vaxtını, enerjisini məhz insanların nicatına, rifahına, firavanlığına xidmət edən layihələrə yönəldir. İnsan amilinin yüksəlişinə xidmət edən bu layihələr, ilk növbədə, Heydər Əliyev ideyalarına sədaqətin, Azərbaycan Prezidenti İlham Əliyevin Vətən, xalq naminə yürütdüyü məqsədyönlü siyasətə əməli dəstəyin ifadəsidir.

 

 

Qüdrət KƏRIMOV,

 

Xəzər ASC-nin sədri, iqtisad elmləri doktoru

 

Azərbaycan. - 2013.- 24 avqust.- S. 5.