«ASAN Səyyar xidmət»
Lənkəranda
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına əsasən, "ASAN xidmət"
mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə
xidmətlərin çatdırılması və mərkəzlərə
gəlmədən vətəndaşların xidmətlərdən
yararlanmalarının təmin edilməsi üçün
zəruri müasir texnoloji
avadanlıqla təchiz edilmiş irihəcmli
xüsusi avtobuslar səyyar
formada regionlarda əhaliyə
xidmətlər göstərməklə davam
edir.
Artıq
Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində
Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və
Saatlı, Şamaxı şəhərində Şamaxı, Qobustan
və Ağsu, Salyan rayonunda Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara
rayonunda Astara, Qəbələ
rayonunda Qəbələ, Kürdəmir rayonunda Kürdəmir, Ağcabədi rayonunda
Ağcabədi və Ağdam
rayonlarının sakinlərinə "ASAN Səyyar xidmət"
göstərilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyindən AzərTAc-a
bildirmişlər ki, avqustun
22-dən Lənkəran və Lerik
rayonlarının ümumi sayı 300000-dən
çox olan sakini "ASAN Səyyar xidmət"dən Lənkəran rayonunda yararlanmağa başlamışdır.
Sentyabrın
5-dək davam edəcək səyyar xidmətlər
Azərbaycan Respublikasının Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət
Torpaq və Xəritəçəkmə
Komitəsi, Dövlət Sosial Müdafiə
Fondu və Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə
notariat fəaliyyəti, şəxsiyyət
vəsiqələrinin, ümumvətəndaş
pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin
dəyişdirilməsi, torpaq kadastrı məlumatları
barədə arayışların verilməsi, əmək pensiyalarının
təyin edilməsi,
yaşayış evləri (mənzilləri)
üzərində mülkiyyət hüquqlarının
dövlət qeydiyyatına alınması barədə
çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlakın
təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair dövlət reyestrindən
arayışların verilməsi daxildir.
"ASAN
Səyyar xidmət"in həyata keçirilməsinin əsas
məqsədləri dövlət xidmətlərinin vətəndaşlara
daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar
üçün əlçatanlığın
təmin edilməsi və vətəndaş məmnunluğuna
nail olunmasıdır.
Azərbaycan. - 2013.- 24 avqust.- S. 6.