Qroznıda Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclası
və MDB Müsəlmanları Məşvərət
Şurasının səyyar toplantısı keçirilmişdir
Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) sədri Şeyxülislam
Allahşükür Paşazadənin rəhbərlik
etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Çeçenistan
Respublikasının paytaxtı Qroznı şəhərində
səfərdədir.
QMİ-nin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
səfər Çeçenistanın mərhum prezidenti
Əhməd Kadırovun anadan
olmasının növbəti ildönümü
münasibətilə keçirilən tədbirlər çərçivəsində
reallaşdırılır.
Avqustun 22-də
Qroznı şəhərində Qafqaz
Müsəlmanları İdarəsinin sədri Şeyxülislam
A.Paşazadənin sədrliyi ilə Qafqaz
Xalqları Ali Dini
Şurasının (QXADŞ) növbəti iclası və MDB
Müsəlmanları Məşvərət
Şurasının səyyar toplantısı keçirilmişdir.
Toplantıda məruzə
ilə çıxış edən Şeyxülislam
Allahşükür Paşazadə Əhməd
Kadırovun çeçen xalqının
tarixində, ümumən Qafqazın mənəvi həyatında
mühüm rol
oynaması ilə bağlı fikirlərini bölüşmüşdür.
Bildirmişdir ki, mən
hər dəfə Rusiya
Federasiyasının Çeçenistan
Respublikasına böyük ruh yüksəkliyi ilə gəlirəm. Lakin avqustun 23-ü xüsusi tarixdir. Həmin gün mən buraya unudulmaz, əziz qardaşım Əhməd
Əbdülhəmid oğlu Kadırovun vəfatının
növbəti ildönümünü qeyd etməyə gəlirəm.
O, şəhid
kimi dünyasını dəyişmiş,
çeçen xalqının rifahı
naminə işıqlı ideyalar uğrunda canından keçmiş,
qısa ömrünü Allaha
xoş gələn bir
missiyaya - öz
xalqını tərəqqi yoluna
çıxarmağa həsr etmişdir.
A.Paşazadə
daha sonra demişdir ki, Qafqazın
görkəmli oğlu Hacı Əhməd
Kadırovun adı daim Çeçenistan
Respublikasının dirçəlişi rəmzi olacaqdır.
İordaniyadan yenicə səfərdən
qayıtdığını bildirən Şeyxülislam
A.Paşazadə Al-əl-Beyt Fikir Müəssisələri
Kral Akademiyasının XVI Əmman
Konfransı, həmin tədbirdə etdiyi
məruzə, habelə konfransın qətnaməsi barədə
Qafqaz Xalqlarının Ali
Dini Şurasının üzvlərini məlumatlandırmışdır.
Toplantıda
MDB Müsəlmanları Məşvərət
Şurasının 2013-cü il aprelin 16-da
Bakıda keçirilmiş II
iclası və "MDB müsəlmanları sülh
və stabil inkişaf
tərəfdarıdırlar" mövzusunda
beynəlxalq konfransın materiallarının əks olunduğu kitabı təqdim edən Şeyxülislam Allahşükür Paşazadə
Şuranın gələcək planları barədə ətraflı
məlumat vermişdir. Bildirmişdir ki, Məsləhət Şurasının daimi fəaliyyətdə olan
işçi qrupu MDB
ölkələrinin və digər dövlətlərin
müsəlmanları ilə qarşılıqlı
münasibətlərin və əməkdaşlığın
inkişaf perspektivlərini öyrənir.
Qurum Məsləhət
Şurasının növbəti konfransları
arasındakı müddətdə birlik
ölkələrində və xarici
dövlətlərdə müxtəlif görüşlər,
elmi simpoziumlar
keçirilməsini planlaşdırır. Diqqətə
çatdırılmışdır ki,
Şuranın ünvanına üzvlüklə bağlı bəzi
ölkələrin müsəlman icmalarından daxil olmuş təkliflər
nəzərdən keçirilir.
Sonra Şeyxülislam
Allahşükür Paşazadə Misirdə,
Suriyada və bəzi başqa
müsəlman ölkələrində təşviş doğuran hadisələrlə əlaqədar dünya ictimaiyyətinə müraciət qəbul
olunmasını təklif etmişdir.
Toplantıda Şeyxülislam A.Paşazadənin təklifi
ilə yekdilliklə dünya ictimaiyyətinə
müraciət qəbul edilmişdir.
Səfər davam edir.
Azərbaycan. - 2013.- 24 avqust.- S. 6.