Qafqaz Xalqları Ali Dini Şurasının iclasında dövlət başçılarına və parlament rəhbərlərinə, dini liderlərə, bütün dünya ictimaiyyətinə müraciət qəbul edilmişdir

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində səfərdədir. Səfər Çeçenistanın mərhum prezidenti Əhməd Kadırovun anadan olmasının növbəti ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində, habelə Qafqaz Müsəlmanları Məşvərət Şurasının səyyar toplantısında iştirak etmək məqsədi ilə reallaşdırılır.

Avqustun 22-də Qafqaz Xalqları Ali Dini Şurasının iclasında Allahşükür Paşazadənin təşəbbüsü ilə dövlət başçılarına və parlament rəhbərlərinə, dini liderlərə, bütün dünya ictimaiyyətinə müraciət qəbul edilmişdir.

Müraciətdə, o cümlədən deyilir ki, Misirdə və Suriyada qardaş qırğını nəticəsində insanlar amansızlıqla məhv edilir, həm müsəlmanlar, həm də xristianlar həlak olur, məscidləri və məbədləri murdarlayırlar. Burada mahiyyət etibarilə vətəndaş müharibəsi gedir, bu isə bəşəriyyətin üzləşdiyi ən dəhşətli faciədir.

Qafqazda hörmət qazanmış din xadimləri özlərinin müqəddəs borcunu başa düşür, bütün dini qanunlara zidd olan bu hərəkətlərdən narahat olduqlarını bildirir və onları qəzəblə pisləyirlər, çünki pisliyə, zorakılığa heç bir dində bəraət verilmir. Müraciətdə deyilir: "Biz bütün dövlət başçılarına və parlament rəhbərlərinə, dini liderlərə, bütün dünya ictimaiyyətinə müraciətlə qan tökülməsinə tezliklə son qoyulması üçün öz qüvvə və imkanlarını birləşdirməyə çağırırıq. Ulu Tanrıdan diləyirik ki, bütün xoşməramlı insanlar bizim müraciətimizi eşitsinlər, Misirdə, Suriyada, İraqda və digər qaynar nöqtələrdə çoxdan gözlənilən sülh və əmin-amanlıq axır ki, bərpa olunsun".

Sənədi Qafqaz xalqlarının Ali Dini Şurasının sədri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Qafqaz Xalqları Ali Dini Şurasının sədr müavini, Çeçenistan Respublikasının müftisi Sultan Mirzəyev, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr İşein və başqaları imzalamışlar.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 24 avqust.- S. 6.