«Mənim Prezidentim» gənclərin təşəbbüs qrupunun təqdimatı olmuşdur

 

Avqustun 23-də "Four Seasons" otelinin konfrans zalında "Mənim Prezidentim" gənclərin təşəbbüs qrupunun təqdimatı keçirilmişdir.

"İrəli" İctimai Birliyindən AzərTAc-a bildirmişlər ki, Azərbaycanın müxtəlif gənclər təşkilatlarını təmsil edən  iki yüz nümayəndənin və jurnalistlərin iştirak etdikləri mərasimdə "Mənim Prezidentim" kampaniyasının təşəbbüskarları olan "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Seymur Hüseynov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı sədrinin müavini Nərgiz Hüseynova və əməkdar artist Tünzalə Ağayeva kampaniyanın məram və məqsədləri barədə məlumat vermişlər.

Qeyd olunmuşdur ki, "Mənim Prezidentim" gənclərin təşəbbüs qrupunun əsas məqsədi son on ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini geniş ictimaiyyətə, xüsusilə gənclərə çatdırmaqdır.

"Mənim Prezidentim - Vətənini sevən, onu daha yüksəklərdə görmək istəyən, daha parlaq Azərbaycan üçün çalışan dövlət başçısı İlham Əliyevə dəstək olan gənclərin sinerjisidir. "Mənim Prezidentim" sıralarında yüz minləri birləşdirəcək gənclər hərəkatıdır!" - bu fikirləri səsləndirən təşəbbüs qrupunun üzvləri kampaniyanın uğurlu olacağına əminliklərini dilə gətirmişlər.

Bildirilmişdir ki, avqustun 23-dən başlayan kampaniyanın mühüm cəhətlərindən biri fəaliyyət dairəsinin geniş olmasıdır. "Mənim Prezidentim" kampaniyası yalnız Bakı şəhərini deyil, Azərbaycanın bir çox böyük şəhər və rayonlarını əhatə edəcəkdir.

Təşəbbüs qrupunun üzvləri bildirmişlər ki, "Mənim Prezidentim" kampaniyası Azərbaycanda indiyədək görünməmiş layihələrə imza atacaqdır.

"İnnovativlikkreativlik bizim əsas üstünlüyümüzdür" ,-deyən gənclər bildirmişlər ki, "Mənim Prezidentim" kampaniyası artıq internet məkanda fəaliyyətə başlamışdır. Gənclər aşağıdakı sosial şəbəkələrdə kampaniya ilə bağlı məlumat əldə edə bilərlər:

 

Facebook: http://www.facebook.com/mypresident.az

 

Twitter: http://twitter.com/mprezidentim

 

Instagram: http://www.instagram.com/mprezidentim

 

YouTube: http://www.youtube.com/mp2013

 

Təqdimat mərasimində qeyd olunmuşdur ki, "Mənim Prezidentim" kampaniyası bu ideyanı dəstəkləyən hər bir gənc gənclər təşkilatının üzünə açıqdır.

Bildirilmişdir ki, gənclərimiz son 10 ildə Prezident İlham Əliyevin Azərbaycanı hansı zirvəyə yüksəltdiyinin şahidi olmuşlar. "Əgər bu inkişafın davamlı olmasını istəyiriksə, daha güclü Azərbaycan, daha müstəqil Azərbaycan, Qarabağlı Azərbaycan istəyiriksə, bizim dəyişməz seçimimiz İlham Əliyevdir!" - fikrini səsləndirən təşəbbüs qrupunun üzvləri bəyan etmişlər ki, "Mənim Prezidentim" kampaniyası bu gündən etibarən rəsmən fəaliyyətə başlayır ən yaxın vaxtda yeniliklərlə gənclərin qarşısında olacaqdır.

Sonra mərasim konsert proqramı ilə davam etmişdir.

 

Azərbaycan. - 2013.- 24 avqust.- S. 7.